Türkiyənin münaqişələrin sülh yolu ilə həlli və vasitəçilik məsələlərinə verdiyi əhəmiyyət çərçivəsində iyunun 30-da İstanbulda “Güclü diplomatiya, effektli vasitəçilik” mövzusunda IV İstanbul Vasitəçilik Konfransı keçiriləcək. Konfrans münaqişələrin qarşısının alınması və həllində əhatəli, kompleks yanaşmaya ehtiyac duyulduğu və vasitəçilik metodundan bu məqsədlə daha geniş şəkildə istifadə edilə biləcəyi düşüncəsi ilə təşkil edilir.
AZƏRTAC Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun konfrans barədə “Güclü diplomatiya, effektli vasitəçilik” sərlövhəli məqaləsini təqdim edir.
* * *
“Güclü diplomatiya, effektli vasitəçilik” mövzusunda IV İstanbul Konfransı 2017-ci il iyunun 30-da keçiriləcək. Dünyanın hər tərəfindən mütəxəssislər, diplomatlar, praktiklər və alimlər qabaqcıl metod kimi münaqişələrin qarşısının alınmasında və həllində vasitəçiliyin inkişaf etdirilməsi yollarını araşdıracaqlar.
Vasitəçilik mövzusu Türkiyə və Finlandiyanın Birləşmiş Millətlər Təşkilatında “Sülh Naminə Vasitəçilik” təşəbbüsünə rəhbərlik etdiyi gündən indiyədək qlobal miqyasda yüksələn xətlə inkişaf etməkdədir. Həmin təşəbbüsün nəticəsi kimi yaradılan Vasitəçilik Üzrə Dostlar Qrupunun bu gün 48 ölkə və 5 beynəlxalq təşkilat olmaqla ümumilikdə 53 üzvü var. Bununla yanaşı, BMT, regional, subregional təşkilatlar və vətəndaş cəmiyyəti müstəvisində də qabaqlayıcı diplomatiya və vasitəçilik sahəsində beynəlxalq güc məsələsində əhəmiyyətli irəliləyiş əldə edilib. Qrup vasitəçiliyin inkişaf etdirilməsi sahəsində BMT-də qabaqcıl platformaya çevrilib, vasitəçiliyin normativ və konseptual çərçivəsinin genişləndirilməsinə zəmin hazırlayan BMT-nin Baş Məclisinin dörd qərarının qəbul edilməsinin təşəbbüskarı olub. Qrup, eyni zamanda, dünya miqyasında alimlərdən praktiklərə qədər vasitəçilik sahəsində fəaliyyət göstərən hər kəs üçün fundamental sənəd xarakteri daşıyan 2012-ci il tarixli “Birləşmiş Millətlər Təşkilatının Effektiv Vasitəçilik Üzrə Məlumat-Sorğu Kitabı”nın hazırlanmasına da mühüm töhfə verib.
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş BMT-nin vasitəçilik dəstəyi imkanlarının daha da genişləndirilməsində maraqlı olduğunu ifadə edib. Baş katibin bu səyləri təqdirlə qarşılanır. Biz də Türkiyə olaraq BMT-nin bütün üzvlərinə bugünkü münaqişələrin qarşısını almaq və onları həll etmək məqsədilə baş katib Quterreşin geniş əhatəli baxış və səylərini dəstəkləmək çağırışı ilə çıxış edirik. Türkiyə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Belə ki, Türkiyə kəskin və dondurulmuş münaqişələrin mövcud olduğu bölgənin qonşuluğunda yerləşən bir ölkədir. Buna görə də münaqişələrin qarşısının alınması və sülh yolu ilə həlli anlayışı Türkiyənin təşəbbüskar və humanitar xarici siyasətinin əsas xüsusiyyətləri sırasında özünü göstərir. Türkiyə Afrikadan Orta Şərqə, buradan Balkan ölkələrinə və Qafqaza qədər geniş coğrafiyada çoxçeşidli vasitəçilik cəhdləri göstərib, sülhün bərqərar olmasını humanitar yardım-inkişaf kontekstində nəzərdən keçirən yanaşmanı qəbul edib. Türkiyə bu il də adambaşına humanitar yardım baxımından dünyanın ən səxavətli ölkəsi imicini qoruyub saxlaya bilib.
Türkiyə 2012-ci ildən başlayaraq, İstanbul vasitəçilik konfranslarına evsahibliyi edir. Bu konfranslar münaqişələrin qarşısının alınması və vasitəçilik fəaliyyəti sahəsində çox sayda praktik və alimin bir araya gətirilməsi qayəsi ilə təşkil olunur. Konfransların məqsədi nəzəriyyə və praktika arasında sinerjini təşviq etmək və beynəlxalq ictimaiyyətin vasitəçilik cəhdlərinin əhatə dairəsini, hədəfə çatma imkanlarını və effektivliyini artırmağa kömək etməkdir. Fürsətdən istifadə edərək dünya miqyasında hər gün müxtəlif münaqişələrin həllində fəal rol oynayan vasitəçilərin cəhdləri qarşısında minnətdarlığımı ifadə etmək istəyirəm.
Konfrans bu il vasitəçilik metodu və praktikasının müasir dövrün tələblərini əsas götürmək məsələsinə hansı yolla daha effektiv şəkildə hərəkət edilə biləcəyini araşdırmağı hədəf kimi seçib. Bu kontekstdə xüsusilə iki suala cavab axtarılacaq. Bunlardan birincisi münaqişə tsiklinin bütün mərhələlərində, başqa sözlə, münaqişələrin qarşısının alınmasından həllinə və bundan əldə edilən razılaşmadan sonra sülh müqaviləsinin tətbiqinə qədər keçən bütün prosesdə vasitəçiliyin potensialının praktikada istifadə yollarının nələrdən ibarət olmasının araşdırılmasıdır. Cavab axtaracağınız ikinci vacib sual siyasi, etnik və dini baxımdan qərəzli fikirlərin səbəb olduğu düşmənçilik mühitində vasitəçilikdən qabaqlayıcı mexanizm kimi daha çox istifadə üçün hansi modellərin tətbiq edilə biləcəyi məsələsi olacaq.
Bu suallardan ikincisi təəssüf ki, müxtəlif siyasi, sosial və dini amillərə söykənən düşmənçiliklərdən irəli gələn ekstremist xarakterli tendensiyalara şahidlik etdiyimiz müasir dövrdə xüsusi diqqət yetirilməli olan problemə çevrilib. Avropada müsəlmanlara və qaçqınlara qarşı təcavüzlərin sayının artması bu vəziyyətin tipik nümunəsidir. Bu kontekstdə “qarşısını almaq” məsələsi əsas amil kimi qarşımıza çıxır. Digər tərəfdən, bu qəbildən olan münaqişələrin qarşısının alınması yalnız cəmiyyətlərin bir-birindən fərqli olmalarını dərk etməsi, bu müxtəlifliyə hörmətlə yanaşmağı qəbul etməsi və həqiqi dialoq və qarşılıqlı təsir yolunu seçmələri ilə mümkün ola bilər. Bu sahədə konkret münaqişə vəziyyəti ilə bağlı mədəni davranış qaydaları məsələsində yüksək hazırlıqlı vasitəçilərin diqqətəlayiq uğur qazana biləcəklərinə inanıram. Bunun üçün isə gənclərin vasitəçilik missiyası istiqamətində hazırlığı tendensiyasının gücləndirilməsi, qadınların vasitəçi kimi fəaliyyətinin təşviq edilməsi və bu qrupların düzgün istiqamətdə hazırlanması qarşıdakı həll yolları ola biləcək.
Sülhü hakim qlobal reallığa çevirmək yolunda bizi böyük sınaqların gözlədiyi bir həqiqətdir. Lakin bu sınağın özündə ehtiva etdiyi imkanları görə bilmək də bizim vəzifələrimizə daxildir. Buna görə də beynəlxalq ictimaiyyətin vasitəçilik də daxil olmaqla münaqişələrin sülh yolu ilə həlli sahəsindəki imkanlarının artırılması istiqamətindəki istək və iradəsi prioritet məsələyə çevrilməlidir.
Bu fikirlərlə IV İstanbul Vasitəçilik Konfransının iştirakçılarına “Türkiyəyə xoş gəldiniz” deyir, beynəlxalq ictimaiyyəti vasitəçilik sahəsində əməli işə keçməyə dəvət edirəm.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.