Azərbaycan Ordusu dünyanın ən güclü silahlı qüvvələri sırasındadır

 

 

 

 

 

 

 

 

 


Bizim ordumuz güclü ordular sırasındadır. Son illər ərzində ordumuzun maddi-texniki təminatı böyük dərəcədə inkişaf edib. Bu gün təminat-təchizat baxımından yüksək səviyyəyə malik olan Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Biz son illər ərzində bir çox ölkələrdən ən müasir texnika, silah-sursat almışıq ki, bu texnika və silahlar bu gün bizim ordu potensialımızı gücləndirir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı


Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi  strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın dünya birliyindəki mövqeyini getdikcə möhkəmləndirir. Respublikamızda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olunub. Dünyanı  maliyyə və iqtisadi böhranın bürüməsinə baxmayaraq, həyata keçirilən layihələr regionda təhlükəsizlik və əməkdaşlığın inkişafına mühüm töhfələr verir. Ölkənin hərbi sənaye kompleksində irimiqyaslı layihələrin reallaşdırılması ordu quruculuğunda  əsaslı dönüş yaratmışdır. Hazırda 1200-dən çox adda hərbi təyinatlı məhsulun istehsalı qaydaya salınıb. Buraya  müxtəlif hərbi təyinatlı silah-sursat, o cümlədən, döyüş texnikası daxildir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev iyulun 24-də Şirvan şəhərində revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodunun açılışındakı nitqi zamanı son illər ordu quruculuğunda həyata keçirilən tədbirlər, bu istiqamətdə görülən işlər, hərbiçilərə göstərilən diqqət və qayğı, həmçinin ordumuzun getdikcə güclənməsi, düşmənə ağır zərbələr vurması və 20 ildən artıq müddətdə erməni silahlı qüvvələrinin nəzarətində olan ərazilərimizin müəyyən hissəsinin  dörd gün ərzində azad edilməsi barədə ətraflı məlumat vermişdir.

Azərbaycanda ordu quruculuğu istiqamətində ardıcıl surətdə mühüm əhəmiyyətli tədbirlər  dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. 2003-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün Silahlı Qüvvələrimizin dünyanın ən qüdrətliləri sırasına daxil olmasına imkan yaradıb.

Tez-tez sərhəd bölgələrinə səfərlər edən, cəbhədə əsgər və zabitlərlə görüşən, onların döyüş hazırlıqları ilə yaxından tanış olan Ali Baş Komandan İlham Əliyevin qənaətinə görə, hazırda ölkəmizin hərbi potensialı yüksək səviyyədədir. Dövlətimizin başçısı qeyd etmişdir ki, ordu quruculuğu prosesi uğurla gedir. Bu reallıq artıq dünya ictimaiyyəti tərəfindən də təsdiq olunur. Son vaxtlar dünyanın bir sıra  aparıcı kütləvi informasiya vasitələrində Azərbaycan haqqında reallıqları əks etdirən, xüsusilə ordumuzun getdikcə güclənməsindən, bu sahəyə diqqətin artırılmasından bəhs edən məqalələrin  dərc olunması respublikamızın dinamik inkişafından, beynəlxalq aləmdə reytinqinin artmasından xəbər verir. ABŞ-da nəşr olunan “U.S. News and World Report”da ölkəmiz haqqındakı məqalə bu baxımdan diqqəti cəlb edir. Həmin məqalədə orduların reytinq cədvəli də əksini tapıb. Bildirilir ki, Azərbaycan Ordusu ən güclülərdəndir. Bununla yanaşı, qeyd edilir ki, Azərbaycan Macarıstan, Rumıniya, Çexiya, Malayziya kimi ölkələri geridə qoyub. Reytinq cədvəli “BAV Consulting” və Pensilvaniya Universitetinin əməkdaşlığı ilə birlikdə hazırlanmış və 36 ölkədə sosial sorğu aparılmışdır. Rəyi soruşulan minlərlə insan əsasən, sadə və biznes, elit təbəqənin nümayəndələri olublar. Aparıcı reytinq agentlikləri də təsdiqləyirlər ki, bu gün Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır.

Bu gün ordumuzun balansında dünyanın ən müasir silah-sursatı və hərbi texnikası var. Son illərdə dövlətimizin başçısı, Ali Baş Komandanın diqqəti sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açıb. Təsadüfi deyil ki, indi  yerli istehsal olan silah-sursatlar bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur. Bu hərbi texnika ilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmrinə əsasən istənilən an düşmənə sarsıdıcı zərbə vuraraq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır.

Ölkəmizdə keçirilən hərbi  paradlarda nümayiş etdirilən silah-sursat işğalçı Ermənistanı ciddi təşvişə salıb. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan “Gürzə” patrul maşını, “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri böyük maraqla qarşılanır. Bundan başqa, hərbi keçiddə nümayiş etdirilən ­“Kobra”, “Land Rover Defender”, ZRT, “Storm Sufa” tipli zirehli və zirehsiz hərbi maşınlar, “Orbiter-2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatları, nəqliyyat vasitələri üzərində Azərbaycan müəssisələrində istehsal edilmiş 82 mm çaplı minaatan da diqqəti cəlb etmişdir. Bundan başqa,  “Toçka-U” operativ taktiki raketləri, müxtəlif çaplı yedəkdə daşınan haubitsalar, İsrail istehsalı olan 120 mm çaplı  “Cardom”  avtomatik minaatanı, 120 mm çaplı TR-122 “Sakarya”, 300 mm çaplı 9K58 “Smerç”, İsrail istehsalı olan 120 və 160 mm çaplı reaktiv atəş sistemləri, “Qvozdika”, “Pion”, “Msta-S” özüyeriyən haubitsaları, TOS-1A “Solntsepyok” reaktiv alovsaçanı, modernləşdirilmiş T-72 “Aslan”, silahlanmaya yeni daxil olmuş “T-90 C” tankları, “BMP-2” və “BMP-3” tipli piyadaların döyüş maşınları erməniləri ciddi qorxuya salıb.

Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarına məxsus modernləşdirilmiş S-125 “Peçora”, “Strela-10”, S-200, S-300 “Favorit” zenit raket kompleksləri ilə yanaşı, silahlanmaya yeni daxil olmuş “Buk-MB” zenit-raket kompleksi, həmçinin MiQ-29, Su-25, L-39 döyüş və təlim təyyarələri, Mi-24 və Mi-8/17 helikopterləri, DSX-nın Mi-35M, FHN-in Ka-32 və Mi-8 helikopterləri də ordu quruculuğunun inkişafından və mövqelərimizin daha da möhkəmləndirilməsindən xəbər verir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həm əsgər və zabitlərlə, həm də ictimaiyyətin nümayəndələri ilə keçirdiyi görüşlərdə ordu quruculuğu prosesinin Azərbaycanda dövlət siyasəti olduğunu bildirmiş və bu sahənin daim diqqət mərkəzində saxlanılacağını diqqətə çatdırmışdır: “Bizim ordumuz güclü ordular sırasındadır. Son illər ərzində ordumuzun maddi-texniki təminatı böyük dərəcədə inkişaf edib. Bu gün təminat-təchizat baxımından yüksək səviyyəyə malik olan Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Biz son illər ərzində bir çox ölkələrdən ən müasir texnika, silah-sursat almışıq ki, bu texnika və silahlar bu gün bizim ordu potensialımızı gücləndirir. Bir neçə ölkədən alınmış onlarla döyüş təyyarəsi, 100-dən çox hərbi və hərbi nəqliyyat vertolyotu, hava hücumuna qarşı müxtəlif müasir sistemlər bizim müdafiə gücümüzü artırır”.

Dövlətimizin başçısı bu günlərdə Şirvan şəhərində revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodunun açılışındakı nitqində də bu məsələyə münasibət bildirərkən demişdir ki, ordumuzun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu yüksək səviyyədədir: “Bunu təmas xəttindəki vəziyyət əyani şəkildə təsdiqləyir. Bu gün biz təmas xəttində tam üstünlüyə malikik. Bu üstünlüyü biz əldə etmişik və bunu artırırıq. Bizim döyüş qabiliyyətimizi əks etdirən bir çox hadisələr olub. Onların içərisində keçənilki aprel döyüşləri xüsusi qeyd edilməlidir. Bu döyüşlər nəticəsində Ermənistanın  hərbi təcavüzünün qarşısını alarkən bizim hərbçilərimiz  böyük qəhrəmanlıq  göstərərək işğalçılardan üç rayonun bir hissəsini azad etmişlər. O yerlərdə, o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır”.

Respublikamızın rəhbəri bildirmişdir ki, həm yerli istehsal, həm də xaricdən gətirilən hərbi texnika  hesabına biz bu gün təminat baxımından ən yüksək səviyyədəyik: “Ən müasir silahlar, texnika, döyüş aparatları, təyyarələr, vertolyotlar, pilotsuz döyüş aparatları, artilleriya qurğuları, zirehli maşınlar, tanklar, toplar, hava hücumuna qarşı ən müasir qurğular, yəni, bütün bunlar bizim hərbi gücümüzü böyük dərəcədə artırmışdır”. 

Son bir neçə il ərzində respublikamızda  iyirmidən çox hərbi şəhərcik tikilmiş və əsaslı təmir edilmişdir. Bu gün hərbi hissələrimizin əksəriyyəti, demək olar ki, yüksək səviyyədədir. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, eləcə də, hərbi qulluqçuların və onların ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili, təhsil və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsində hərbi şəhərciklərin rolu böyükdür. Hərbçilərin məişət problemləri də artıq öz həllini tapıb. İyirmi il qüsursuz xidmət göstərən hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilməsi hərbi xidmətçilərə göstərilən diqqət və qayğının təzahürüdür. Bu proses artıq geniş vüsət alıb.

Hər cür təminatı olan yüksək səviyyəli hərbi şəhərciklərin inşası və hərbçilərin məişət qayğılarının diqqət mərkəzində saxlanılması bir daha sübut edir ki, ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Bütün bunlar isə Azərbaycan Ordusunun qüdrətini artırır, hərbi sahənin maddi-texniki bazasını möhkəmləndirir. Ötən ilin aprel döyüşlərində də bunun şahidi olduq. Dörgünlük müharibədə Azərbaycan Ordusu 20 ildən artıq müddətdə düşmən işğalında olan ərazilərimizin 2 min hektarını azad etdi və erməni silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirdi. Düşmən tərəfi öz silah-sursatını ataraq canlarını qurtarmağa çalışırdılar. Məhz bu uğurlu döyüşün nəticəsi olaraq, artıq  işğal ərazisinə böyük qayıdışın əsası qoyulub. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri öz dədə-baba torpaqlarında hər cür infrastruktura malik evlərdə təhlükəsiz  yaşayırlar.

Artıq düşmən tərəfi tam əmindir ki, Azərbaycan bütün sahələrdə, o cümlədən hərbi sferada Ermənistanı dəfələrlə qabaqlayır. Azərbaycanın hərbi sahədə üstünlüyünün getdikcə açıq-aşkar artması Ermənistanı qorxuya salıb. Bunu möhtərəm Prezidentimiz də bəyan edib:  “Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü təmin edib və düşmənə sarsıdıcı zərbələr endirib. Bu gün artıq Ermənistan rəhbərliyi etiraf edir ki, xarici yardım olmadan Azərbaycanın qabağını almaq mümkün olmayacaq. Biz isə həmişə deyirik ki, siz əgər ölmək istəmirsinizsə, Dağlıq Qarabağdan, işğal edilmiş torpaqlardan çəkilin. Əks-təqdirdə, Ermənistan bundan sonra da daim qorxu, təşviş, isterika, vahimə içində yaşayacaq və gün gələcək ki, artıq Azərbaycan Ordusu öz sözünü deməli olacaqdır”.

Ali Baş Komandan bir daha bəyan etmişdir ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Son hadisələr və ölkəmizin güclənməsi bu məsələyə nail olmaq üçün bizim imkanlarımızı artırır.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında