Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin mühüm tərkib hissəsidir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Biz nümunə və yol göstəririk ki, dövlət-din münasibətləri necə qurulmalıdır. Bu sahədə əldə edilmiş nailiyyətlərə görə Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər. Azərbaycanda dövlət dini məsələlərə qarışmır, əksinə, çalışır ki, kömək göstərsin. Dövlət xətti ilə təmir edilmiş və tikilmiş tarixi məscidlərimiz, dini abidələrimiz, eyni zamanda, kilsələr, sinaqoqlar artıq bunun bariz sübutudur. Din də dövlət işinə, siyasi işlərə qarışmır. Hesab edirəm ki, bu da nümunəvi bir yanaşmadır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı siyasi kursun uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan Respublikası cəmiyyət həyatının bütün sahələrində mükəmməl uğurlara imza atır. Bu uğurlar haqqında söz açan mütəxəssislərin fikrincə, Azərbaycanın BMT  Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, kosmosa rabitə peyki çıxarması, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi, “Böyük İyirmiliy”in iclaslarına dəvət alması və digər bu kimi nailiyyətlər gənc müstəqil dövlət üçün nə qədər əhəmiyyətlidirsə, milli-mənəvi dəyərlərin qorunması və tolerant cəmiyyət yaradılması da bir o qədər əhəmiyyət kəsb edir. Doğrudan da,  beynəlxalq aləmdə bizim yuxarıda  qeyd etdiyimiz uğurlarımıza nisbətən tolerantlığımız və milli-mənəvi dəyərlərə, insan hüquqlarına yüksək önəm verməyimiz daha çox yada salınır və əksər hallarda nümunə kimi göstərilir.

Hətta əcnəbi həmkarlarımız, ekspert və politoloqlar da bilirlər ki, gənc müstəqil dövlətimiz özünün ən ağır illərini yaşadığı dövrdə – 1994-cü ildə  ulu öndər Heydər Əliyev  Bibiheybət məscidinin bərpası və yenidən qurulması məqsədilə xüsusi dövlət sənədi imzalamışdı və maliyyə vəsaiti ayırmışdı.  Həmin yer bu gün təkcə Azərbaycanın və ya Qafqazın deyil, bütövlükdə, müsəlman  ölkələri sakinlərinin böyük ehtiramla üz tutduğu ziyarət ünvanına çevrilib.

Bundan başqa,  Bakıdakı Təzəpir, Gəncədəki İmamzadə, Şamaxıdakı İslam dünyasının ən qədim ibadət yerlərindən olan Cümə  məscidinin, Nardaran pirinin,  həmçinin  Mirmövsüm ağa ziyarətgahı  da daxil olmaqla,  önlarca müqəddəs məkanın abadlaşdırılması, yenidən qurulması prosesləri Azərbaycan möminlərini çox  sevindirib. Çünki bərpa edilən, yenidən qurulan və ya yeni tikilən ibadət yerləri və ziyarətgahlarımız nəinki Azərbaycan və Şərq memarlıq məktəbinin, eləcə də,  dünya memarlığının dəyərli nümunələri kimi qəbul edilir.

Bu qəbildən olan  faktlar iyunun 20-də  Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin  açdığı iftar süfrəsində  çıxış edən natiqlər tərəfindən dilə gətirildi . Şeyxülislam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi məclisdə ölkəmizdəki dövlət-din münasibətlərinin yüksək səviyyəsini yada salaraq deyib: “Zati-aliləri, ötən ili “Multikulturalizm ili”, bu ili isə “İslam Həmrəyliyi ili” elan etmək kimi müdrik, beynəlxalq əhəmiyyətli qərarlarınız islami və bəşəri dəyərlərə ali xidmətinizdir. Bu, qlobal əhəmiyyətli addımdır. Hər dövlət başçısı bu addımı atmaq imkanında deyil. Bunun davamı olaraq, “İslam Həmrəyliyi ili” çərçivəsində mötəbər idman bayramı -- İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi, 54 müsəlman ölkəsini, hətta münaqişə vəziyyətində olan dövlətləri belə bir araya gətirən həmrəylik bayramı, Azərbaycan idmançılarının zəfəri Sizin misilsiz səylərinizin bəhrəsidir”.

Tədbirdə geniş nitq  söyləyən Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin təkcə islami dəyərlərə deyil, ümumiyyətlə, bütün bəşəri dəyərlərə böyük hörmət və ehtiramla yanaşdığından, o böyük dövlət xadiminin dövlət-din münasibətlərinin tənzimlənməsi işindəki rolundan danışmış, bu gün həmin ənənələrin böyük müvəffəqiyyətlə davam etdirildiyini vurğulamışdır. Dövlət və din bir yerdədir, - deyən Prezident xatırlatmışdır: ”Biz istəyirik ki, ölkəmiz daha da möhkəmlənsin, daha da güclənsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın və dinamik inkişafımız uzunmüddətli və dayanıqlı olsun. Ona görə din-dövlət münasibətlərinin sağlam zəmində formalaşması bizim böyük sərvətimizdir. Yenə də deyirəm, bizim bu nümunəmiz hesab edirəm ki, bir sıra ölkələr üçün çox cəlbedicidir. Təsadüfi deyil ki, Azərbaycana gələn xarici qonaqlar, o cümlədən dini liderlər bizim təcrübəmizi öyrənirlər, maraqlanırlar və Azərbaycan reallıqları ilə tanış olarkən, əlbəttə, daim öz hörmətlərini ifadə edirlər”.

Azərbaycan Prezidenti bütün çıxış və nitqlərində olduğu kimi, iyunun 20-dəki nitqində də təkcə milli-mənəvi, xüsusən İslami dəyərlərdən deyil, eləcə də ənənəvi multikultural dünya görüşümüzə sadiq qalaraq  başqa məqamlardan da söz açdı. Prezident yada saldı ki, ötənilki  Ramazan ayından sonra  Azərbaycanda dinamik inkişaf davam etdirilmişdir, bir çox önəmli hadisələr baş vermişdir: “Onların arasında Roma Papasının Azərbaycana səfərini xüsusi qeyd etmək istərdim. Roma Papasının səfəri Müqəddəs Taxt-Tacın Azərbaycana olan münasibətinin təzahürüdür. Onu da qeyd etməliyəm ki, Azərbaycan ilk müsəlman ölkələrindən biridir ki, Roma Papası bu ölkəyə səfər edibdir. Səfər zamanı onun bəyanatları Azərbaycanda dinlərarası münasibətlərə verilən yüksək qiymətdir. Əlbəttə, biz -- Azərbaycanda yaşayan və bu siyasəti aparan insanlar bilirik ki, bu, bizim böyük sərvətimizdir, ancaq, eyni zamanda, bunu artıq dünya da bilir və dünyanın nüfuzlu şəxsiyyətləri bunu qeyd edirlər”.

Qeyd edək ki, Roma Papası Bakı səfəri zamanı paytaxtımızdakı Heydər məscidində Azərbaycanda mövcud olan bütün ənənəvi dini icmaların rəhbərləri ilə də görüşmüşdü. Prezident xatırlatdı ki, həmin görüşün də çox böyük rəmzi mənası var: “Çünki Roma Papası ilə həmin görüşdə bax, bu gün masa arxasında əyləşən və digər dini icmaların rəhbərləri də iştirak etmişlər. Bu, yenə də dünyaya göndərilən növbəti bir mesaj idi ki, dinlərarası münasibətlər necə həll olunmalıdır. Azərbaycan ictimaiyyəti onu da yaxşı bilir ki, dini bayramlarda, mərasimlərdə bütün dini icmalar fəal iştirak edirlər. Yeni tikilmiş məscidlərdə və əsaslı təmir olunan tarixi məscidlərimizdə bütün konfessiyaların nümayəndələri nəinki iştirak edir, hətta çıxış edirlər. Hesab edirəm ki, bu da dünya miqyasında nadir bir təcrübədir və bu təcrübənin müəllifi Azərbaycandır”.

Yeri gəlmişkən, adıçəkilən tədbirdə çıxış etmiş Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri ALEKSANDR uca Tanrıya şükür edərək dedi:  “Qeyd etməliyəm ki, cənab Prezident, Siz insanların bu dini hisslərinə xüsusi diqqət yetirirsiniz. Nümunə kimi, çox gözəl abadlaşdırılmış Pravoslav Dini-Mədəni Mərkəzini, şəhərimizdəki möhtəşəm katolik məbədini və Gəncədə bərpa edilmiş heyranlıq doğuran İmamzadə kompleksini, Bakıdakı möhtəşəm Heydər məscidini göstərə bilərəm. Deməliyəm ki, mən ölkəmizin digər görməli yerləri ilə yanaşı, qonaqlarımıza hökmən Heydər məscidini də, İmamzadə kompleksini də göstərirəm. Onlar mənim qonaqlarımı heyran edir”.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri daha bir mühüm məqamı yada salmaq məqsədilə  Azərbaycan paytaxtında əvvəllər keçirilmiş tədbirləri də xatırlatdı: “Cənab Prezident, deməliyəm ki, Siz IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ölkənin dini həyatının daha bir aspektinə -- dinlərarası dialoqun inkişafına və möhkəmlənməsinə diqqət yetirdiniz. Bunun əsası bizim Bakıda Dini Liderlərin Ümumdünya Sammitində qoyuldu. Sonra isə Siz bu hərəkata yeni təkan verdiniz. Bugünkü iftar da bu dinlərarası dialoqa sübutdur. Burada Azərbaycanda mövcud olan müxtəlif konfessiyaların nümayəndələri toplaşıblar. Dini icmalara Sizin tərəfinizdən, ictimai xadimlər tərəfindən göstərilən dəstək də və əlbəttə, dindar insanlar arasında qarşılıqlı münasibətlər də buna sübutdur”.

İftar məclisində söylənilən fikirlərin hamısı təqdirəlayiq, birmənalı şəkildə alqışlanmalı idi. Ancaq  dövlət başçımızın  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma ata-baba yurdundan didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizin möhtəşəm sevincinə səbəb olan bir faktı  yada salması məclisdə daha böyük bayram əhval - ruhiyyəsi yaratdı. Prezident dedi: “ Bu yaxınlarda xalqımızın, dövlətimizin tarixində çox əlamətdar hadisə baş vermişdir. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı olmuşdur. Bu iki ay ərzində tikilmiş 50 ev, məktəb, yol və bütün infrastruktur həm bizim gücümüzü, həm də siyasətimizi göstərir. Onu göstərir ki, biz işğaldan azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik. O ərazilərə də həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır”.

“Cocuq Mərcanlı erməni faşizminin canlı şahididir” – deyən Prezident xatırlatdı ki, o kənddə bir dənə də salamat bina qalmamışdır. Erməni vəhşiləri bütün binaları dağıdıblar: “Ancaq biz bu kəndi iki ay ərzində bərpa etdik və əlavə yüz evin tikintisi də yaxın zamanlarda öz həllini tapacaq. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu da böyük tarixi məna daşıyır. Cocuq Mərcanlı və digər torpaqlar bizim əzəli torpaqlarımızdır. Biz bu torpaqlarda yeni həyat yaradırıq. Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz. Biz Bakıda erməni kilsəsini bərpa etdik və onu qoruyuruq. Ermənilər isə işğal edilmiş torpaqlarda bizim məscidlərimizi dağıdıblar. Bənzəri Cocuq Mərcanlıda tikilən həmin o Gövhərağa məscidi dağılmış vəziyyətdədir. O binanı dağıtmaq olar, amma düşmən bilməlidir ki, dağıdıllmış məscidlər bizim qəlbimizdə yaşayır”.

Fikrimizcə, milli-mənəvi dəyərlərə, İslami dəyərlərə sədaqətin, hörmət və ehtiramın nümunəsi bax budur: “Düşmən bilməlidir ki, dağıdılmış məscidlər bizim qəlbimizdə yaşayır”.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında