Dövlət müstəqilliyimizin əbədiləşdirilməsi üçün atılmış vacib addımlardan biri

Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi məhz bu amala xidmət edirdi

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikası adından bəyan edirəm ki, Azərbaycan dövlətinin daxili və xarici siyasətində heç bir dəyişiklik baş verməyəcəkdir. Bildirirəm ki, Azərbaycan demokratiya, siyasi plüralizm və azad iqtisadiyyat yoluna davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər Əliyevin 2 iyul 1993-cü il tarixli bəyanatından


İctimai-siyasi proseslər və diplomatik münasibətlər haqqında söhbət gedərkən, obrazlı ifadələrdən istifadə edilməsi həmişə maraqla qarşılanıb. Özü də dünyanın hər yerində. Bu baxımdan, görkəmli ziyalımız, mərhum akademik Budaq Budaqovun Azərbaycanın XX əsrdə ikinci dəfə nail olduğu dövlət müstəqilliyi, onun itirilməsi təhlükəsi, xalqın öndə gedən insanlarının milli dövlətçiliyimizi qorumaq üçün atdığı addımlar barədə söylədiyi obrazlı fikirlər heç zaman yaddan çıxmır. Budaq müəllim demişdi ki, 1991-ci ilin oktyabrında bərpa etdiyimiz müstəqilliyimiz körpə, hər cürə qayğıya ehtiyacı olan cocuq kimi idi. Onun ayaq üstdə durması və irəliləməsi üçün kəsərli addımlar atılmalı idi.

Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi, məlum 9 iyun qayıdışı, Ali Sovetin sədri seçilməsi, Əbülfəz Elçibəyin paytaxtdan əyalətə qaçmasından sonra prezidentin səlahiyyətlərinin Ali Sovet sədrinə verilməsi və nəhayət, ulu öndərin Prezident seçilməsi körpə və zəif uşaq görkəmində olan dövlət müstəqilliyimizin bütün problemlərdən xilas edilməsi istiqamətində atılmış addımlar idi. Akademik əlavə edirdi ki, xalqın iradəsi və Heydər Əliyevin müdrikliyi nəticəsində dövlət müstəqilliyimiz nəinki ayaq üstdə durmağı və yeriməyi, hətta regionun lider dövlətinə çevrilməyi də bacardı.

Həmin günləri xatırlayarkən yadımıza düşən ictimai-siyasi mənzərə indi də adamın canına üşütmə salır. Gənc müstəqil respublikanın zəifliyindən istifadə edən Ermənistan dövləti beynəlxalq aləmdəki erməni diasporunun dəstəyi və bəzi maraqlı qüvvələrin himayəsi ilə Azərbaycana olan ərazi iddialarını etnik münaqişəyə və açıq müharibəyə çevirmişdi. Nəticədə bir-birinin ardınca işğal edilən kənd və rayonlarımız dağıdılmışdı. Müstəqilliyin ilk illərində ölkəyə heç bir idarəçilik təcrübəsi olmayan siyasət diletantları “rəhbərlik edirdilər”. Məhz onların səriştəsizliyi ucbatından respublikada siyasi müxalifətlə yanaşı, hərbi müxalifət də formalaşmış, ölkə vətəndaş mübaribəsinin bir addımlığına gətirilmişdi.

1993-cü ilin yayına qədər ölkənin iki rəhbəri – Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov öz canlarını qorumaq üçün vəzifə kürsüsünü qoyaraq, xəlvəti şəkildə qaçmışdılar. Bu tendensiyanın üçüncü dəfə təkrar edilməyəcəyinə heç kəs zəmanət verə bilməzdi və gözlənilənlər baş verdi. İradə etibarilə əvvəlki ölkə rəhbərlərindən heç də fərqlənməyən Əbülfəz Elçibəy də belə addım atdı və Azərbaycan dövlətçilik tarixinə növbəti bir qınaq səhifəsi yazıldı. Bütün bu bəlaların öhdəsindən gəlmək üçün xalq özündə qətiyyət və iradə tapmalıydı və tapdı.

Bizim yaşıdlarımız və o proseslərin şahidi olanlar həmin faktlar haqqında danışarkən və ya nə isə yazmaq istəyərkən hansısa kitaba, jurnala, arxiv materiallarına baxmaq ehtyacı hiss etmirlər. Çünki elə ağır, xüsusən, milli dövlətçiliyimizin növbəti dəfə itirilməsi təhlükəsi yaxında olduğuna görə “dəhşətli” adlandırdığımız o günlərin təəssüratları heç cür yaddaşlardan silinməz. Məsələn, xalqın çoxsaylı təkid və tələbləri ilə Naxçıvandan Bakıya gələn ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 13-də Gəncəyə səfər etməsi respublikada vətəndaş müharibəsinin qarşısının alınması üçün atılmış ən uğurlu addım olmuşdu. Həmin səfər xalqda belə bir inam yaratmışdı ki, ölkədə hər şey müsbətə doğru dəyişilə bilər. Ümummilli liderin iyunun 15-də Ali Sovet sədri vəzifəsinə seçilməsi isə təkcə ölkəmizdə deyil, eləcə də dünyanın istənilən qütbündə yaşayan soydaşlarımızda belə bir qənaət formalaşdırmışdı ki, Azərbaycan artıq həqiqi qurtuluş yoluna çıxıb.

Həmin günlər xalqın ürəyində yaranan inam və ümidlərdən biri də bu idi ki, Xalq Cəbhəsi və Müsavat rəhbərləri Heydər Əliyevin təcrübəsindən bəhrələnərək, daha qətiyyətlə fəaliyyət göstərəcəklər. Ancaq gözə görünməyən qüvvələr bu proqnozların reallaşdırılmasına imkan vermədilər. Bədxahlar Heydər Əliyevin siyasət səhnəsində – üstəlik yüzlərlə problemin əhatəsində tək qalmasına, nəticədə hakimiyyətə qayıdışından peşman olmasına nail olmaq üçün çox iyrənc bir variant seçdilər. Onlar iyunun 17-də gecədən xeyli keçmiş prezident Əbülfəz Elçibəyin paytaxtdan qaçmasını təşkil etdilər.

Bu qaçış planında bir neçə məqam var idi. Əvvəla, Elçibəy Bakıdan qaçarkən tutduğu vəzifədən istefa verməmişdi. Bir neçə gündən sonra bəyan etmişdi ki, mən ölkəni Kələkidən idarə edəcəyəm. İkinci, o, sonralar hansı bəhanəni gətirməsindən asılı olmayaraq, polkovnik Surət Hüseynovun hədələrindən canını qurtarmaq üçün qaçmışdı. Üçüncü, öz himayədarlarının köməyi ilə Azərbaycana qarşı işğalçılıq siyasətini gündən-günə genişləndirən Ermənistanın həyasızlaşdığı bir dövrdə Azərbaycanın dövlət başçısının paytaxtdan kəndə qaçması düşməni daha da quduzlaşdırırdı. Dördüncü, övladına çörək pulu tapa bilməyən sadə azərbaycanlıya prezidentin bu qaçışı necə təsir edəcəkdi?

Bütün bunlar barədə Elçibəy və ətrafındakılar qətiyyən düşünə bilməzdilər. Ona görə də ölkə ziyalıları, siyasətçilər və xüsusən, parlament üzvləri bu yanlış addımın tezliklə aradan qaldırılması üçün çoxsaylı yollar aradılar. Bir həftə Elçibəylə danışıqlar aparan parlamentarilər qaçqın dövlət başçısının paytaxta qayıtmaq istəyinin olmadığını görəndə yenə də xalq üçün, dövlət üçün gərəkli olan bir addım atdılar. 1993-cü il iyunun 24-də Milli Məclis prezidentin səlahiyyətlərinin icra edilməsi hüququnu Ali Sovetin sədri Heydər Əliyevə verdi. Bu addım təkcə xalqımız və ölkəmizin dostları tərəfindən deyil, eləcə də dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi.

Ulu öndər Heydər Əliyev sonralar “Ostankino” telekanalına müsahibə verərkən həmin günləri ən incə məqamlarına qədər xarakterizə etmişdi: “Prezident Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə keçən gecə xəlvəti, heç kəsə, o cümlədən də mənə xəbər vermədən təyyarə ilə Bakıdan çıxıb getmişdir. Halbuki, təyyarə Bakıdan uçmazdan bir saat əvvəl biz bir yerdə idik. Yalnız səhər bizə məlum oldu ki, onun təyyarəsi Naxçıvana enmişdir, buradan Xalq Cəbhəsinin üzvləri ­prezidenti dağ kəndi Kələkiyə aparmışlar. O, indiyədək oradadır. Mən iyunun 18-dən 24-dək Əbülfəz Elçibəylə telefonla daim danışıqlar aparmışam, Azərbaycan Elmlər Akademiyasının prezidenti başda olmaqla ziyalıların nümayəndələrinin böyük bir qrupu – akademiklər, professorlar, yazıçılar, ağsaqqallar mənim təşəbbüsümlə oraya getmişlər. Onlar prezidentlə görüşmüş, onlar da dilə tutmuşlar ki, o, Bakıya qayıtsın. Mən onu israrla dəvət edirdim. O, dəvətimizi qəbul etmədi .... və indiyədək Kələki kəndində qalır”.

... Bütün bunlar milli tariximizin 1990-cı illər səhifəsinin məlum faktları, unudulmaz sətirləridir. Bu gün həmin faktlardan birinin 1993-cü il iyunun 24-də Milli Məclisin qərarı ilə ölkə prezidentinin səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsinin ildönümüdür. Nə yaxşı ki, milli tariximizin belə səhifələri var. Bugünkü qüdrətli Azərbaycan Respublikasının uğurlarının miqyasına nəzər salarkən, həmin günlər xalqın nə qədər ədalətli qərar verdiyinin və doğru seçim etdiyinin şahidinə çevrilirik.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında