Dövlət qulluqçularının üzərinə düşən vəzifə şərəfli və məsuliyyətlidir

23 iyun dövlət qulluqçularının peşə bayramıdır. Dövlət qulluqçularının peşə bayramı cənab Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis edilmişdir və hər il yüksək səviyyədə qeyd olunmaqdadır.

Respublikamızda dövlət qulluğunun inkişafı tarixinə nəzər salsaq, kadrların sistemli şəkildə hazırlanması və dövlət qulluğuna cəlb olunmasına ilk cəhd Azərbaycan Xalq Cümhuriyyəti dönəminə təsadüf edir. Bu dövrdə dövlət idarəçiliyinə kadrların qəbulu zamanı onların dünyagörüşü, təhsili və dövlət qulluğunda çalışmağa əsas verən digər şəxsi keyfiyyətləri əsas götürülmüşdür. Dövlət qulluğunun inkişafında və kadrların yetişdirilməsində sovet hakimiyyəti illərində mövcud olmuş Azərbaycan SSR-in rolu da qeyd edilməlidir. Bu dövr Azərbaycanın dövlət qulluğu tarixinə inkişaf və tərəqqi səhifəsi kimi daxil olmuşdur. Həmin mərhələ ümummilli lider Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi seçilməsi ilə başlamışdır.

Sovet hakimiyyəti dönəmində dövlət idarəetmə sisteminin milliləşdirilməsi və milli kadr potensialının sistemli şəkildə hazırlanması ulu öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə baş vermişdir. İxtisaslı, peşəkar, dövlətinə sadiq mütəxəssislərin yetişdirilməsi üçün Heydər Əliyevin göstərişi ilə azərbaycanlıların SSRİ-nin qabaqcıl universitetlərində təhsil alması üçün lazımi şərait yaradılmışdır. Müstəqillik əldə etdikdən sonrakı iki il ərzində ölkədə mövcud olan qarışıq vəziyyət bir çox sahələrdə olduğu kimi, dövlət idarəçiliyi sahəsinə də təsir etmişdir. Artıq bütün şərtlər yeni model dövlət idarəçiliyinin yaradılmasını labüd edirdi. Bunun üçün köklü islahatların aparılması, ümumbəşəri prinsiplərə əsaslanan, elmi cəhətdən əsaslandırılmış, milli dövlətçilik ənənələrini özündə cəmləşdirən dövlət idarəçiliyinin yaradılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması labüd idi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, digər sahələrə olduğu kimi dövlət idarəçiliyinin inkişafına da xüsusi diqqət ayırmış və mühüm addımlar atılmağa başlanmışdır. Ulu öndərin rəhbərliyi altında həyata keçirilən idarəçilik fəaliyyəti vətəndaşların dövlət hakimiyyəti və idarəetmə orqanlarının işinə inamını artırmışdır.

Müstəqillik bərpa edildikdən sonra “dövlət qulluğu” anlayışı ilk dəfə olaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyada öz əksini tapmışdır. Bundan sonra ümummilli liderin müvafiq aktları ilə 1996-cı ildə Hüquq İslahatları Komissiyası, 1998-ci ildə isə Dövlət İdarəçiliyi Sistemində İslahatların Aparılması üzrə Dövlət Komissiyası yaradılmışdır. Hər iki komissiyanın gördüyü işlər qanunların beynəlxalq standartlara uyğunlaşdırılmasına, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə və inkişafına, dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparılması məqsədinə xidmət edirdi.

Dövlət qulluğu sahəsində vahid qanunvericiliyin olmaması bu istiqamətdə siyasətin formalaşdırılmasında müəyyən çətinliklər yaradırdı. Bu məqsədlə 2000-ci il iyulun 21-də  “Dövlət qulluğu haqqında” Qanun qəbul olunmuşdur. Bu qanunun qəbul edilməsi ilə ölkəmizdə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin əsası qoyulmuşdur. Qanunun əsas məqsədi dövlətlə dövlət qulluqçuları arasında münasibətlərin tənzimlənməsindən və dövlət qulluqçularının hüquqi statusunun müəyyənləşdirilməsindən ibarət olmuşdur. Qanun, həmçinin təcrübəli və peşəkar işçi korpusunun formalaşdırılması və inkişafını stimullaşdırır. Bu dövrdə dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması məqsədilə Heydər Əliyevin müvafiq qərarı ilə Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılmışdır. Şuranın əsas funksiyaları vahid dövlət kadr siyasətinin formalaşdırılmasında iştirak etmək, dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ-hüquqi aktların və metodik göstərişlərin layihələrini hazırlamaq, hakimiyyət orqanlarında dövlət qulluğunun vəziyyətini və səmərəliliyini təhlil etmək və təkmilləşdirmək yollarını araşdırmaqdan ibarət olmuşdur.

Şura tərəfindən dövlət qulluğunun təkmilləşdirilməsi və həyata keçirilməsi ilə bağlı zəruri normativ-hüquqi aktların və metodik göstərişlərin layihələri hazırlanmış və hazırda mövcud olan dövlət qulluğu modeli formalaşdırılmışdır. Dövlət orqanlarında dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinin təmin edilməsində Dövlət Qulluğunu İdarəetmə Şurasının rolu böyükdür.

Ümummilli lider Heydər Əliyevin başladığı dövlət qulluğu siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu siyasətin əsas qayəsini ölkəmizdə məsuliyyətli və demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi, vətəndaşların ehtiyaclarının daha dolğun təmin edilməsi, habelə dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması təşkil edir.

Məhz cənab Prezidentin ilk dəfə 2003-cü ildə Cenevrə şəhərində “İnformasiya cəmiyyəti” mövzusunda keçirilən beynəlxalq sammitdə səsləndirdiyi “neft kapitalını insan kapitalına çevirmək” devizinə uyğun olaraq, aparılan siyasət bu gün dövlət qulluğunda da tətbiq edilir və bu siyasət öz effektini göstərir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış yüzlərlə gəncimiz dövlət qulluğuna müsabiqədənkənar qəbul edilmiş, onların bilik və bacarıqlarından dövlət qulluğunda istifadə edilmişdir. Bu, bir daha neft kapitalının insan kapitalına çevrilməsi siyasətinin əyani göstəricisidir.

Dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması, dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılması, dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinin təmin olunması üçün Prezidentin 2005-ci il 19 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında  Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. Komissiyanın əsas məqsədləri dövlət qulluğu sahəsində qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə və şəffaflıq əsasında seçilməsi, dövlət qulluğunda etik davranış qaydalarına əməl edilməsinə nəzarət, dövlət qulluqçularının əlavə peşə təhsilinin əsaslarının müəyyən edilməsi, dövlət qulluqçuları üçün təlim ehtiyaclarının müəyyənləşdirilməsi və təlim strategiyasının hazırlanmasından ibarət olmuşdur. Komissiya öz fəaliyyəti müddətində Azərbaycanda dövlət qulluğuna qəbulun şəffaf formada həyata keçirilməsini təmin edə bilmiş, ölkədə kadr siyasətinin keyfiyyətinin artırılmasına nail olmuşdur.

Son illərdə ölkə rəhbərliyi tərəfindən aparılan köklü islahatlar dövlət idarəçiliyi sahəsinə də sirayət etmişdir. İslahatların əsas tərkib hissəsindən biri də ölkəmiz üçün yeni anlayış olan publik hüquqi şəxslərin yaradılması olmuşdur. Publik hüquqi şəxslərin yaradılmasında məqsəd dövlət idarəçiliyinin optimallaşdırılması, çevikliyin, operativliyin, səmərəliliyin artırılması, vətəndaşlara göstərilən xidmət keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir, özünü maliyyələşdirə bilər və zərurət olduqda dövlət büdcəsindən maliyyələşə bilər. Bu sahədə biz xarici təcrübəyə nəzər yetirsək, Avropanın ən inkişaf etmiş ölkələrində belə dövlətin funksiyalarını həyata keçirən və publik hüquqi şəxs statusuna malik olan kifayət qədər qurum görə bilərik. Hazırda Azərbaycanda dövlət funksiyalarını həyata keçirən 10-dan artıq publik hüquqi şəxs fəaliyyət göstərməkdədir.

Publik hüquqi şəxslər vətəndaş cəmiyyətinin üzvləri ilə daha sıx əməkdaşlıq səviyyəsində fəaliyyət göstərir və dövlət əhəmiyyətli funksiyaların publik hüquqi şəxslərə verilməsi ilə, vətəndaş cəmiyyəti üzvlərinin dövlətin idarə edilməsində iştirak imkanları genişlənir. Vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə publik hüquqi şəxs tərəfindən dövlət funksiyalarını həyata keçirən dövlət orqanlarına kadrların seçilməsi, bir daha vətəndaş cəmiyyəti üzvlərinin idarəetmə ilə bağlı verilən qərarlarda bilavasitə iştirakının göstəricisidir.

Cənab Prezidentin 2016-cı il 11 aprel tarixli fərmanı ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilərək, bu iki orqanın bazasında Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs yaradılmış, hər iki qurumun bütün funksiyaları mərkəzə həvalə olunmuşdur. Mərkəz dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir. Eyni zamanda, dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin şəffaflığını təmin edir, dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənir və bu barədə hesabat hazırlayır, dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər verir, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir, dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat hazırlayır və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir. Artıq dövlət qulluğu sahəsində dövlət siyasəti mərkəz tərəfindən həyata keçirilməkdədir və mərkəzin nizamnaməsinə nəzər yetirsək, dövlət qulluğu sahəsində siyasətin həyata keçirilməsi üzrə vəzifələri müəyyən qədər genişləndirilmişdir. Bir məsələni də qeyd edim ki, artıq dövlət qulluğuna qəbul, əvvəllər olduğu kimi, inzibati vəzifələrin 5-7-ci təsnifatları üzrə yox, 1-7-ci təsnifatları üzrə aparılacaq. Göründüyü kimi, artıq yüksək dövlət qulluğu vəzifələrinə kadrların seçilməsi mərkəz tərəfindən aparılacaq. Həmçinin, dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı baş vermiş pozuntuları aradan qaldırmaq üçün dövlət orqanlarına təqdimat göndərmək və bu pozuntular barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, habelə dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətinin mütəmadi öyrənilməsi və bu barədə cənab Prezidentə müvafiq hesabatın təqdim edilməsi də mərkəzin əsas vəzifələrindən biri olaraq müəyyən edilmişdir.

2016-cı ildə dövlət qulluğuna qəbulda edilən digər mühüm dəyişiklik sertifikasiya sisteminin tətbiqi olmuşdur. Belə ki, müsabiqənin test mərhələsindən uğurla keçən namizədə müvafiq sertifikat təqdim olunacaq. Bu sənəd namizədə 5 il müddətində vakant vəzifələr üzrə elan edilən müsahibələrdə iştirak etməyə imkan verəcək. Bütün bu dəyişikliklər ölkədə kadr siyasətinin keyfiyyətlə həyata keçirilməsinə, rotasiyanın səmərəli tətbiqinə və rəqabətlilik əsasında vəzifələrin tutulmasının təmin olunmasına xidmət edəcəkdir.

Rəsmi statistikaya əsasən, dövlət qulluqçularının sayı 30123 nəfərdir və həmin dövlət qulluğu vəzifələrindən 22713-ü inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrdir. Keçən dövr ərzində 6125 şəxs müsabiqədən keçərək dövlət qulluğu vəzifəsinə təyin edilmişdir ki, bu da qeyd edilən təsnifatlara uyğun olaraq müəyyən edilmiş ümumi saya nisbətdə təqribən 27 faiz təşkil edir. Müsabiqə əsasında vəzifəyə təyin edilən şəxslərin 80 faizi gənclərdir. Bu isə dövlətin gənclərə olan münasibətinin göstəricisi və gənclər siyasətinın dövlət qulluğunda effektiv tətbiqinin nümunəsidir.

Dövlət qulluğunda inzibati vəzifələrin ali – 3-cü təsnifatına uyğun olan 1200 vəzifə mövcuddur ki, bu da ümumi dövlət qulluğu vəzifələrinin 4 faizini təşkil edir.

Xatırladım ki, dövlət qulluqçuları haqqında məlumatların daxil edilməsi, təzələnməsi və təhlil edilməsi, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə edilməsi, müvafiq hallarda normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin edilməsi məqsədilə “Dövlət Reyestri” elektron məlumat sistemi yaradılmışdır. Dövlət Qulluqçuları Reyestri Prezident Administrasiyası və mərkəz tərəfindən aparılır. Reyestr dövlət qulluqçuları haqqında informasiya resursu olmaqla mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, reyestr statistik məlumatların əldə edilməsi və müxtəlif təhlillərin aparılması üçün mühüm əhəmiyyətlidir. Dövlət qulluqçularına verilən güzəştli mənzillər məhz reyestr əsasında verilən arayışlar əsasında həyata keçirilir.

Mərkəz dövlət qulluğu sahəsində beynəlxalq əməkdaşlığa da xüsusi önəm verir. Hazırda Avropa İttifaqının Tvinninq yardım aləti çərçivəsində “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” layihəsi icra edilməkdədir. Bu layihə Azərbaycanda peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etməsinə dəstək verəcək. Layihənin əsas məqsədi dövlət qulluğu vəzifələrinin qruplaşdırılması sisteminin qurulması, bu sistemin dövlət qulluğuna qəbul, fəaliyyətin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsi, habelə bu sahədə DİM-in malik olduğu alətlərin, potensialın və səmərəliliyin artırılmasıdır.

Bundan başqa, Dövlət İmtahan Mərkəzinin Nizamnaməsinə uyğun olaraq, dövlət qulluğu məsələləri üzrə beynəlxalq əməkdaşlığı həyata keçirmək və mütərəqqi təcrübəni ölkəmizdə tətbiq etmək  mərkəzin əsas vəzifələrindəndir. Bu yaxınlarda nümayəndə heyətimiz Belçika və Niderlandda xidməti səfərdə olmuş və müəyyən etmişdir ki, Avropanın müasir dövlət qulluğu sistemi bir sıra trendlərlə xarakterizə olunur: Bir çox ölkələrdə, o cümlədən Belçika və Niderlandda yüksək vəzifəli dövlət qulluqçularının seçilməsi artıq uzun illərdir ki rəqabətə əsaslanan müsabiqələr vasitəsilə həyata keçirilir. Bildiyiniz kimi 2016-cı ilin avqust ayında “Dövlət qulluğu haqqında” Qanuna edilmiş dəyişikliklərdən sonra Azərbaycan Respublikasında ali kateqoriya dövlət orqanlarında olan inzibati vəzifələr istisna olmaqla bütün vəzifələrə seçim DİM tərəfindən keçirilən müsabiqələr vasitəsilə həyata keçiriləcək. Son illər ərzində Belçika və Niderlandda, eləcə də bir çox başqa dövlətlərdə dövlət qulluğu vəzifələrinin funksiyalarının məzmununa görə qruplaşdırılması prosesi geniş vüsət almışdır. Azərbaycan da bu baxımdan istisna deyil. “Azərbaycanda dövlət qulluğu islahatlarının davam etdirilməsinə dəstək layihəsi”nin əsas məqsədlərindən biri də belə qruplaşdırma sisteminin yaradılmasıdır; Növbəti trend dövlət qulluğu vəzifələrinə seçim zamanı “qiymətləndirmə mərkəzi” adlanan alətdən istifadə edilməsidir. 100 ilə yaxındır ki, yaradılmış bu alətdən bütün dünyada geniş istifadə edilməkdədir. Qiymətləndirmə mərkəzi test və müsahibələrlə yanaşı, müxtəlif səriştələrin qiymətləndirilməsi üçün praktiki tapşırıqları, qrup tapşırıqlarını, işgüzar oyunları, təqdimatları və digər seçim alətlərini özündə ehtiva edə bilir. Bizdə də dövlət qulluğuna kadrların seçilməsi sahəsində islahatlar aparılır və qiymətləndirmə mərkəzinin elementlərinin bu prosesdə tətbiq edilməsi istisna edilmir.

Dövlət qulluqçularının sosial müdafiəsi məsələsi ilə bağlı qeyd edim ki, dövlət qulluqçularının sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması daim dövlət rəhbərliyinin diqqətində olan məsələlərdəndir. Hazırda dövlət orqanlarında çalışanların əmək haqqı sistemi Azərbaycanda mövcud əmək bazarında rəqabətqabiliyyətlilik baxımından digər sahələrdən heç də geri qalmır. Bununla yanaşı, dövlət qulluqçularının mənzil şəraitinin yaxşılaşdırılması üçün onlara güzəştli ipoteka əldə etmək hüququ verilmişdir. Həmçinin, bu sahədə atılan ən mühim addım hazırda dövlət qulluqçuları üçün tikintisi davam edən sosial mənzilləri əldə etmək imkanının da yaradılması olmuşdur.

Sonda bir daha öz adımdan və rəhbərlik etdiyim kollektiv adından bayram münasibəti ilə bütün dövlət qulluqçularını ürəkdən təbrik edir, onların hər birinə gördükləri şərəfli və məsuliyyətli işdə, Azərbaycanımızın tərəqqisi yolunda həyata keçirdikləri fəaliyyətdə uğurlar arzu edirəm.

Məleykə ABBASZADƏ,
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında