416-cı milli diviziyanın qəhrəman əsgəri

Yetmiş altı il öncə başlayan və beş il sonra Qələbə ilə başa çatan, tarixə və taleyimizə “Böyük Vətən müharibəsi” adı ilə yazılan bu savaş Azərbaycana, onun qəhrəman oğul-qızlarına da ağır başa gəlib. İqtisadiyyatımız geriləyib, insanlarımız qurban gedib, şikəst olub... Müharibə başa çatdıqdan sonra veteranlardan ibarət böyük bir ordu yarandı. Əlini, qolunu, gözünü... itirən, bədənində qəlpə gəzdirən, qoltuqağaclarını özlərinə dayaq bilən, bununla belə, canlarını verdikləri Vətənin dirçəlməsi üçün bu vəziyyətlərində belə çalışan, vuruşan insanlar ömürlərinin sonuna qədər bu adı şərəflə daşıdılar.

Qəhrəmanımız Əjdər Yusifov müharibədən əvvəl atası Abas Hacıağa oğlu ilə birlikdə Fin müharibəsinin iştirakçısı olub. 1937-ci ildə Əjdər Bakı şəhəri Yasamal (keçmiş Oktyabr rayonu) Rayon Hərbi Komissarlığı tərəfindən əsgəri xidmətə çağrılanda ailəli idi, oğlu Arif iki yaşına yenicə qədəm qoymuşdu. Əjdər əsgəri borcunu Gürcüstanda yerinə yetirirdi. Bu zaman o, SSRİ Müdafiə Nazirliyinin əmrinə əsasən Fin müharibəsinə səfərbər edilir. Bundan xəbər tutan atası Abas kişi Gürcüstana gedir, təkidlə könüllü olaraq “...Mən də oğlumla müharibəyə gedəcəyəm, onu tək buraxa bilmərəm” – deyib cəbhəyə yollanır. Ata və oğul 1938-1939-cu illərdə bir səngərdə finlərə qarşı vuruşurlar. Hətta könüllü Abas Hacıağa oğlu döyüşlərdə göstərdiyi cəsurluğa görə dəfələrlə komandanlığın təşəkkür və fəxri fərmanlarına layiq görülür.

Böyük Vətən Müharibəsi başlananda ata ilə oğulun yolları ayrılır. Yaşlı olduğu üçün Abas Hacıağa oğlu ordudan tərxis olunaraq, Azərbaycana, ailəsinin yanına qayıdır. Oğlu Əjdər Yusifov isə sovet sərhədlərini pozaraq qəfildən SSRİ-yə hücum edən Hitler ordusuna qarşı döyüşə yollanır.

1942-ci ilin əvvəllərində Ukrayna, Belarus, Moldaviya və Pribaltika respublikaları faşistlər tərəfindən zəbt edildikdən sonra düşmən Bakını, “qara qızıl” mənbəyi olan doğma şəhərimizi tutmağa çalışırdı. Həmin ərəfədə yaradılmış 416-cı atıcı milli diviziya Qafqazdan Berlinədək şərəfli bir döyüş yolu keçib. Əjdər Yusifov da bu xilaskar döyüş qrupunun üzvlərindən biri idi. O, xatirələrində yazırdı: “Azərbaycanda müəyyən hazırlıq keçdikdən sonra diviziya cəbhəyə göndərildi. İlk döyüş tapşırığını 1942-ci ilin noyabrında aldıq. Mozdok ətrafında Kopustino kəndində ilk sınaqdan çıxdıq. Ağır döyüşlərdən sonra 1943-cü il yanvarın 30-da Mozdok, onun ardınca Nalqin azad edildi. Həmin ilin yanvar-fevral aylarında Stavropol, Lvov, Rostov əhalisini əsarətdən azad etdik, Taqanroq şəhərinə doğru istiqamət götürdük. 1943-cü ilin avqustunda böyük rus yazıçısı A.P.Çexovun vətəni – Taqanroq alman faşistlərindən azad olundu...” Burada göstərdiyi misilsiz hünərə görə milli diviziyamız 416-cı Taqanrok diviziyası adlandırıldı.

Həmyerlimiz Əjdər Yusifov 1941-1945-ci illər müharibəsində milli diviziyanın tərkibində bütün döyüşlərdə qəhrəmancasına vuruşur, ona tapşırılan işin öhdəsindən bacarıqla gəlirdi. Faşistlər tərəfindən işğal olunmuş torpaqlar bir-birinin ardınca azad edilirdi. Qarşıda çətin bir döyüş – Berlin əməliyyatı gözlənilirdi. Elə bu dəhşətli müharibənin taleyini də həmin əməliyyat müəyyənləşdirməli idi.

Əjdər Yusifovun pulemyotçular dəstəsi bu əməliyyatda Belarusiya cəbhəsinin 32-ci atıcı korpusunun tərkibində hərəkət edirdi. Əməliyyat qısa müddətdə – cəmi 17 günə başa çatdı. Berlin 1945-ci il may ayının 2-də təslim oldu. Berlinin Branderburq darvazalarına qırmızı bayrağı asmaq 416-cı diviziyanın əsgərlərinə nəsib oldu.

Berlin əməliyyatında rota komandiri Əjdər Yusifovun pulemyotçular dəstəsinə məsul bir tapşırıq verilmişdi. Nəyin bahasına olursa-olsun Kustrin ətrafında yerləşən hərbi düşərgədəki əsirlərin azad olunmasına kömək etmək!

Öncə piyadaların düşərgəyə maneəsiz hərəkətini təmin etmək lazım idi. Azərbaycanlı döyüşçü Əjdər özünə əlverişli mövqe seçib almanların əks-hücumunu soyuqqanlıqla dəf edir, işğalçılar geri çəkilmək məcburiyyətində qalır və əsirlər azad edilir. Lakin düşmən Kustrini əldən vermək istəmirdi. Demək olar ki, hər küçə, hətta hər ev uğrunda şiddətli mübarizə gedirdi. Sovet ordusunun hücumu qarşısında tab gətirə bilməyən almanlar geri çəkilir, əsgərlərimizin tikdikləri panton körpülərini dağıdıb məhv edirdilər.

Çayda üzən maşınlardan istifadə etmək lazım gəldi. Diviziyanın çayın o biri sahilinə keçməsi üçün Əjdər minomyotçular və topçularla birlikdə rəhbərlik etdiyi pulemyotçular dəstəsini çayın kənarındakı dağın ətrafında yerləşdirir və onların çayı təhlükəsiz keçməsini təmin edir. Beləliklə, faşist yuvasına doğru gedən yoldakı əsas maneələrdən biri çətinliklə də olsa, aradan qaldırılır. Buna görə Ali Baş Komandanın 12 mart 1945-ci il tarixli əmri ilə Əjdər Yusifovun pulemyotçular dəstəsinə təşəkkür elan edilir, komandirə isə 1-ci dərəcəli “Vətən müharibəsi” ordeni verilir.

Əsl qəhrəmanlıq göstərmiş, Ə.Yusifovun Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilmişdi. Sinəsini müxtəlif orden və medallar, o cümlədən 1-ci və 2-ci dərəcəli “Vətən müharibəsi”, “Qırmızı ulduz”, “Qırmızı Bayraq”, “Varşavanın azad edilməsinə görə” ordenləri “Berlinin azad edilməsinə görə” medalları və s. bəzəyidi.

1946-cı ilin payızında müharibədən qəhrəman kimi geri dönən Əjdər Abas oğlu Yusifov həm də gözəl ailə başçısı olmuşdur. Altı uşaq böyüdüb boya-başa çatdırmışdır. Onların içərisində ali təhsil alanı da var, texnikum bitirəni də.

Bu tarixi gün ərəfəsində iki cəbhənin qəhrəman döyüşçüsü Əjdər Yusifovun qızı Nəzakət xanımla Respublika Veteranlar Təşkilatında görüşdük. İqtisadçıdır, əmək fəaliyyətinə fəhləlikdən başlayıb, işləyə-işləyə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) kənd təsərrüfatının planlaşdırılması fakültəsini bitirib. İstehsalatda çalışdığı 58 il ərzində dəfələrlə təşəkkür və fəxri fərmanla mükafatlandırılıb. Atası kimi vətənpərvər, zəhmətkeş və ictimai işlərdə fəaldır. Prezident İlham Əliyevin 2015-ci il 21 oktyabr tarixli sərəncamı ilə Azərbaycanda həmkarlar ittifaqları təşkilatındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb. Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının 20 illik yubiley medalı ilə təltif olunub və s.

Qısamüddətli söhbətimizdən məlum oldu ki, Nəzakət xanım atasının döyüş yolundan bəhs edən sənədləri, orden və medalları, fəxri fərman və təşəkkürnamələri, haqqında yazılanları, müharibədən sonrakı illərdə cəbhə yoldaşlarından aldığı məktubları və köhnə şəkilləri ən əziz xatirə kimi qoruyub saxlaya bilmişdir. O dedi:

– Atam 416-cı diviziyanın tərkibində Şimali Qafqazdan başlayaraq Berlinə qədər döyüş yolu keçib. Onda hərbçi nizam-intizamı formalaşmışdı. Nə qədər ailəcanlı, mehriban idisə, bir o qədər ciddi və tələbkar idi. Arxivini səliqə ilə qoruyub saxlayıram. Bu işlərdə mənə Respublika Veteranlar Təşkilatı yaxından dəstək olub. Atam evdə – ailədə ümummilli lider Heydər Əliyevin müharibə iştirakçılarına, veteranlara qayğısından, dövlət rəhbərinin iştirakı ilə keçirilən görüşlərdən ürəkdolusu danışardı. Heydər Əliyev həqiqətən veteranların dostu və qayğıkeşi olmuşdu, ikinci dəfə hakimiyyətə gələndən sonra onun təşəbbüsü ilə veteranların cəmiyyətdə zəifləmiş mövqeyi, nüfuzu bərpa olundu. Ulu öndər Azərbaycanda ilk dəfə olaraq 1994-cü il iyun ayının 28-də “Veteranlar haqqında” Qanunu imzalamışdır. Həmin sənəddə veteranların hüquqlarının qorunması, cəmiyyətdə onların rolu, bu insanlara göstərilən qayğı və s. məsələlər geniş əksini tapmışdır.

Veteranlara qayğı bu gün Prezident İlham Əliyev tərəfindən də böyük uğurla davam etdirilir. Ölkə başçısının cari ilin aprel ayının 24-də imzaladığı “1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi haqqında” sərəncamı ailəmizdə böyük sevinc hissi ilə qarşılandı. Hazırda respublikamızda bir milyon iki yüz səksən mindən çox müharibə, əmək, Silahlı Qüvvələr veteranı və təqaüdçü var. Bu, böyük bir ictimai qüvvədir. Veteranların, o cümlədən bizim ailənin də bütün problemləri dövlət orqanları tərəfindən həll olunur. Veteran ailəsi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həyata keçirdiyi daxili və xarici siyasəti həmişə dəstəkləyirik. Ötən ilin Aprel döyüşlərində Milli Ordumuzun cəbhənin təmas xəttində göstərdiyi şücaət hər an qəlbimizi qürur hissi ilə doldurur. Böyük əminliklə deyə bilərəm ki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuz məqamında bundan da böyük qələbələrə, uğurlara nail olacaqdır.

Əjdər Yusifov müharibədən sonra əmək cəbhəsindəki xidmətlərinə görə də çoxlarına nümunə olmuşdur. Uzun illər Bakı Dəmir Yolu vağzalının rəis müavini, xidmət rəisi, Bakı Tramvay-Trolleybus Parkının direktoru, 1964-cü ildən ömrünün son günlərinədək Bakı 4 nömrəli Dəmir-Beton Məmulatları Zavodunda şöbə rəisi vəzifəsində işləmişdir. İki cəbhənin döyüşçüsü üçüncü cəbhədə – əmək cəbhəsində də ona göstərilən etimadı yüksək səviyyədə doğrultmuşdur. Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq, vətəndaşlıq və vəzifə borcunu layiqincə yerinə yetirmişdir. O, 416-cı Azərbaycan diviziyasının və əmək cəbhəsinin qəhrəmanı kimi şərəfli ad qazanmışdır. Əjdər Yusifov 1992-ci il iyunun17-də dünyasını dəyişmişdir.

İllər ötəcək, zaman dəyişəcək, lakin tarixdə izi olan insanlar - elə Əjdər Yusifov kimi müharibə iştirakçıları həmişə yaddaşlarda yaşayacaq və hörmətlə xatırlanacaqlar.

Rəhman HƏSƏNOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında