Bu gün Lələtəpədə və işğaldan azad edilmiş digər torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
BMT Baş Assambleyası 2000-ci ilin 4 dekabrında evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq məqsədi ilə qəbul etdiyi qətnaməyə əsasən bu tarix Ümumdünya Qaçqınlar Günü kimi anılmağa başlanılıb.
BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığın “Qlobal tendensiyalar: məcburi köçkünlük – 2016” adlı hesabatında bildirilir ki, 2016-cı ilin sonlarında dünyada təqiblər, münaqişələr, zorakılıq və insan haqlarının pozulması nəticəsində 65,6 milyon insan qaçqına və məcburi köçkünə çevrilib. Bu, keçən ildə (2015-ci ildə) qeydə alınandan 300 min nəfər çoxdur və rekord göstərici hesab olunur.
Bunun 15,4 milyondan çoxu qaçqınlıq həyatı yaşayır və onların sayı günü-gündən daha sürətlə artmaqda davam edir.
Beynəlxalq hüquqa görə, qaçqın statusunu itirən hallardan biri digər ölkənin vətəndaşlığını qəbul etməkdir. Hazırkı şəraitdə bir çoxları digər dövlətin vətəndaşlığına keçə bilmişdir, bu şəxslər beynəlxalq aləmdə qaçqın kimi tanınmırlar.
Qaçqın o şəxsdir ki, vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilmir. İrqi əlamətinə, milliyyətinə, müəyyən sosial qrupa mənsubluğuna, siyasi əqidəsinə və dini etiqadına görə, təqiblərə məruz qalır.
* * *
Beynəlxalq Qaçqınlar Günü Azərbaycanda da hər il böyük ürək ağrısı və yanğı ilə qeyd edilir. Bu isə heç də təsadüfi deyil. Belə ki, xalqımız bir əsrdə dörd dəfə erməni qəsbkarları tərəfindən soyqırımına məruz qalmış, tarixi torpaqlarımız təcavüzə uğramış və bunun nəticəsində yüz minlərlə soydaşımız qaçqına çevrilmişdir.
Sonuncu belə hadisə zamanı 250 min etnik azərbaycanlı Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından qovulmuş, Azərbaycana pənah gətirmişdir, 700 minə yaxın soydaşımız isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayonumuzdan didərgin salınaraq ölkənin 67 rayonunun 1600 məntəqəsində məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır.
Bundan başqa, ölkəmizdəki qaçqınların təxminən 50 minə qədərini Fərqanə hadisələri vaxtı Orta Asiyadan gələn Ahıska türkləri və 11 minə yaxınını isə sığınacaq tapmaq məqsədi ilə ölkəmizə gələnlər təşkil edir.
Qaçqın və məcburi köçkün mövzusu Azərbaycan xalqının ən ağrılı problemlərindən biridir. Çünki xalqımız XX əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı faciəsini yaşadı. Bu zaman erməni işğalçıları Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsinə hücum edərək, 7 minədək azərbaycanlının yaşadığı Xocalı şəhərini bir gecədə darmadağın etmişdilər. Beləliklə, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq, respublikanın, demək olar ki, bütün yaşayış məntəqələrində məskunlaşmışdırlar. Hərbi təcavüz nəticəsində 20 mindən çox azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min insan isə müxtəlif dərəcəli xəsarətlər almışdır.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilən insanların üzləşdiyi sosial və digər problemlərin həlli istiqamətində atılan ilk addımlar bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Doğma yurdlarından didərgin salınmış bir milyon nəfərədək soydaşımız ulu öndərin danılmaz fəaliyyəti nəticəsində dövlət qayğısı ilə əhatə olundu, onların üzləşdiyi sosial problemlər tədricən öz həllini tapmağa başlamışdır. Ulu öndər müxtəlif ölkələrin dövlət başçıları, rəsmi şəxsləri ilə keçirilən çoxsaylı görüşlərində, beynəlxalq və yerli qurumlarda etdiyi çıxışlarında mütləq qaçqın və məcburi köçkünlər məsələsinə toxunaraq bunu ölkənin bir nömrəli problemi adlandırmışdır.
Məhz Heydər Əliyevin danılmaz fəaliyyəti sayəsində 1993-2004-cü illərdə ayrı-ayrı dövlətlər, maliyyə qurumları, beynəlxalq humanitar və inkişaf təşkilatları tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə 640 milyon ABŞ dollarından çox həcmdə humanitar yardım göstərilmişdir.
Ulu öndər 1999-cu ildə BMT-nin Ümumdünya Ərzaq Proqramı Təşkilatının Baş Qərargahına müraciət edərək həmin qurumun Azərbaycanda fəaliyyət müddətinin müstəsna hal kimi 2005-ci ilin sonuna qədər uzadılmasına nail oldu.
O, xarici səfərlərində də bu məsələni daim ön plana çıxarır, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində konkret nəticələr əldə edirdi. Ulu öndərin 1997-ci ildə İtaliyaya səfəri zamanı əldə olunmuş razılığa əsasən İtaliyanın ENİ şirkəti tərəfindən "Azərbaycanda yurdlarından didərgin düşmüş şəxslər və məcburi köçkünlər" layihəsi çərçivəsində 2,2 milyon ABŞ dolları həcmində ayrılmış qrant vəsaiti hesabına 1999-cu ilin noyabr ayında Azərbaycan hökuməti, "ACİP Azərbaycan" Ortaq Şirkəti, İtaliyanın ENİ şirkəti və BMT QAK arasında imzalanmış üçtərəfli müqaviləyə əsasən məcburi köçkünlər üçün Xanlar rayonunda 234 ailə üçün 253 ev və sosial obyektlər, Beyləqan rayonunda 110 ailə üçün 124 ev və sosial obyektlər inşa edildi, Ağcabədi rayonu ərazisində Laçın qış yataqlarında (Taxtakörpü) 35 obada məskunlaşmış 5600 nəfər üçün su xətləri çəkildi.
Ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırılmış, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən münaqişənin sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin Ermənistan silahlı qüvvələrindən azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə 4 qətnamə (1993-cü il 30 aprel tarixli 822 nömrəli, 29 iyul tarixli 853 nömrəli, 14 oktyabr tarixli 874 nömrəli, 11 noyabr tarixli 884 nömrəli) qəbul edilmişdir.
Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistan Prezidenti ilə 25, ATƏT rəhbərliyi, Minsk Qrupunun təmsilçiləri ilə 200-dən və 80 ölkənin dövlət başçıları ilə 500-dən çox görüş keçirmişdir.
BMT-nin Baş Assambleyası “Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardım” adlanan 48/114 saylı 20 dekabr 1993-cü il tarixli və “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlanan 60/285 saylı 7 sentyabr 2006-cı il tarixli qətnamələri qəbul etmişdir. Lakin Ermənistan bu qərarların heç birinə məhəl qoymur.
Hüquqi bazanın yaradılması
Azərbaycan hökuməti əhalinin bu həssas təbəqəsinin problemlərini aradan qaldırmaq və yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görmüş və bu gün də bunu davam etdirir. Azərbaycan Respublikası 1992-ci ilin dekabrında BMT-nin 1951-ci il “Qaçqınların statusu haqqında” Konvensiyasına və onun 1967-ci il Protokoluna qoşulmuş, qaçqınlar, məcburi köçkünlər və sığınacaq axtaran şəxslərlə bağlı beynəlxalq normalara əsaslanan bir sıra qanun layihələri işlənib hazırlanmış və hüquqi baza yaradılmışdır.
Ölkədə olan qaçqınların, məcburi köçkünlərin, “qaçqın” statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin sosial problemlərinin operativ həlli və vahid mərkəzdən idarə olunması məqsədi ilə 1998-ci ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturunda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsi təsis edilmişdir
O cümlədən 1998-ci ildə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, 1999-cu ildə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlar qəbul edilmişdir.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 saylı sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramı qəbul edilmişdir.
–1994-cü ilin may ayından vaxtilə büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmayan 14 min nəfərədək məcburi köçkünə orta aylıq əmək haqqının ödənilməsi davam etdirilmişdir.
–1999-cu il dekabrın 6-da ölkə Prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olundu. Bu tədbirlər məcburi köçkünlərin sosial problemlərinin həlli, infrastrukturun yaxşılaşdırılması, yeni iş yerlərinin açılması , həm də həyat şəraitinin yüksəlməsində əhəmiyyətli rol oynadı.
– Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli fərmanı ilə "Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası" təsdiq edilmişdir.
–Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanına uyğun olaraq məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına vaxtlı-vaxtında ödənilir.
–Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli sərəncamına əsasən dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar.
–Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar beynəlxalq normalara uyğun tam hüquqi baza yaradıldı, ölkə Prezidenti tərəfindən 43 fərman və sərəncam imzalandı, Milli Məclis 23 Qanun, Nazirlər Kabineti isə 192 qərar və sərəncam qəbul etdi.
Ümummilli liderin 3 fərmanına əsasən Dövlət Neft Fondundan ayrılmış 71,8 milyon AZN vəsait hesabına 18 şəhər və rayonda bütün zəruri sosial-texniki infrastruktura malik 32 qəsəbə, 400 min kvadratmetr mənzil sahəsi olan 6411 fərdi yaşayış evi, 3174 yerlik 18 məktəb, 6 musiqi məktəbi, 576 yerlik 18 uşaq bağçası, 2 xəstəxana, 10 klub, 11 rabitə evi, 14 inzibati bina, 16 tibb məntəqəsi tikildi, 197 km uzunluğunda asfalt yol, 170 km su xətti, 350 km hava elektrik xətti, 22 artezian quyusu, 133 km irriqasiya sistemi, 73 su anbarı və s. sosial obyektlər istifadəyə verildi.
Nəticədə 1330 qaçqın və 5081 məcburi köçkün ailəsinin (32 min nəfər) mənzil şəraiti yaxşılaşdırıldı və respublikamızda mövcud olan 12 çadır düşərgəsindən Biləsuvar rayonundakı beşi 2003-cü ildə ləğv edildi.
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 1993-2003-cü illər arasında 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidməti xərcləri 120 dəfə artırıldı.
Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqının, həmçinin kommunal və digər xidmətlərin ödənişindən azad edildilər.
Xalqımızın ümummilli lideri əraziləri işğal olunmuş rayonların ictimaiyyət nümayəndələri, qaçqın və məcburi köçkünlərlə 20-dən çox görüş keçirdi.
Şübhəsiz ki, ulu öndərin böyük neft strategiyası olmasaydı, bütün bunların reallaşması qeyri-mümkün idi.
* * *
2003-cü ildən Heydər Əliyev siyasi kursunu davam etdirməyə başlayan, Prezident İlham Əliyev də bu istiqamətdə ardıcıl və məqsədyönlü işlər görmüşdür. Ulu öndərin çadır düşərgələrinin ləğvi ideyası davam etdirilərək, mövcud olan 12 çadır düşərgəsinin 5-i 2003-cü ildə, 7-si isə sonrakı 4 ildə ləğv olunub. 2003-cü il Prezident seçkiləri öncəsi “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacağ”ına söz verən İlham Əliyev bu vədi 4 ildə yerinə yetirib. 24 dekabr 2007-ci il Azərbaycan tarixinə, həm də son çadır düşərgələrinin ləğvi kimi düşüb.
Ötən illərdə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün də böyük imkanlar yaradıb, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən işlərin miqyası daha da artıb. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın və sonradan həmin sənədə 31 oktyabr 2007-ci il, 21 fevral 2011-ci il tarixli sərəncamlarla təsdiq olunmuş əlavələrin icrasında uğurlu işlər görülüb.
Dövlət indiyədək məcburi köçkünlərə, ümumilikdə 4,5 milyard dollarlıq vəsait xərcləyib. Bunun 2,6 milyardı dövlət büdcəsi, 1 milyardı Neft Fondunun vəsaiti, 900 milyonu beynəlxalq humanitar təşkilatların payına düşür. Dövlət Neft Fondunun hesabından ilk köçürmələr də, məhz qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Bu vəsaitlə 67 qəsəbə salınıb, 100 min qaçqın və məcburi köçkün oraya köçürülüb.
126 məktəb, 4 musiqi məktəbi, 40 uşaq bağçası, 45 tibb müəssisəsi, 33 rabitə evi tikilib, 564 kilometr uzunluğunda yol, 672 kilometr uzunluğunda su xətti, 1073 kilometr uzunluğunda elektrik xətti, 149 kilometr uzunluğunda qaz xətti, 37,1 kilometr uzunluğunda kanalizasiya və 4,3 kilometr uzunluğunda istilik xətləri çəkilib, 559 müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb.
2007-ci ildə Sabirabadda, Saatlıda, Biləsuvarda, Ağcabədi rayonu ərazisində, Ağdamda, Dəvəçi rayonunda, Bakının Sabunçu rayonu Ramana qəsəbəsində bütün infrastruktura malik yeni qəsəbələr istifadəyə verilib. 2008-ci ildə Füzuli rayonunda 4 qəsəbədən ibarət Qayıdış, 6 qəsəbədən ibarət Örənqala qəsəbəsi məcburi köçkünlərin ixtiyarına verilib. 2008-ci ildə Füzuli rayonunda 5 qəsəbə, 2104 evdən ibarət Zobucuq qəsəbəsi istifadəyə verilib.
Xocavənddən olan məcburi köçkünlər 2008-ci ilin oktyabrında Beyləqanda salınan 500 ailəlik yeni qəsəbəyə köçürülüb. Dövlət başçısı həmin qəsəbənin açılışında da iştirak edib.
2009-cu ildə də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib. Həmin il noyabrın 17-də Bakıda Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində məcburi köçkünlər üçün yaşayış kompleksi – hər biri 63 mənzilli 9 mərtəbəli 5, 54 mənzilli bir yaşayış binası – istifadəyə verilib. Yeni müasir şəhərciyə 369 ailə köçürülüb.
Üç gün sonra noyabrın 20-də Goranboy rayonu ərazisində Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan 596 ailəlik qəsəbə istifadəyə verilib.
Qəbələ rayonunda məcburi köçkünlər üçün tikilən iki beş mərtəbəli binada isə 155 ailə məskunlaşıb. 2010-cu il fevralın 27-də açılış mərasimi keçirilib.
2010-cu il noyabrın 10-da Yevlax şəhərində 615 məcburi köçkün ailəsi üçün inşa edilmiş yaşayış binaları kompleksinin, 2010-cu il noyabrın 11-də Füzuli rayonunda Horadiz İdman Kompleksinin, Tibb Mərkəzinin, Ağdam rayonunda 689 məcburi köçkün ailəsi üçün salınmış, bütün sosial-texniki infrastruktura malik qəsəbənin və Ağdam Rayon Mərkəzi Xəstəxanasının açılış mərasimləri olub.
* * *
Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu da qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə diqqətlə yanaşır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış “Azərbaycan” portalı bu baxımdan olduqca böyük əhəmiyyətə malikdir. Portalda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından bəhs edən məlumatların yerləşdirilməsi dünya ictimaiyyətinin erməni vəhşilikləri ilə yaxından tanış olmasına şərait yaradır. Heydər Əliyev Fondu bununla yanaşı, hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində soyqırımı qurbanlarının fotoşəkillərini sərgiləyir, beynəlxalq mətbuatda erməni vəhşiliyi haqqında yazılar dərc etdirir, “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgilər keçirir.
Ermənistanın törətdiyi Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da böyük rolu var. 2008-ci il mayın 8-də Şuşanın işğalının ildönümü günündə onun təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət!” kampaniyası hazırda yüzə yaxın ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsidir. Aparılan məqsədyönlü iş nəticəsində dünyanın ondan artıq ölkəsi, ABŞ-ın iyirmidən çox ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva yeni vəzifədə ilk iclası da bu həssas problemə həsr etdi. Daha sonra o, Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirtdi. Birinci vitse-prezident Mehriban Əliyeva həmin müşavirədə çıxış edərək dedi: “Gördüyümüz bu təqdimat bir daha sübut edir ki, qaçqınlara və məcburi köçkünlərə qayğı Azərbaycan dövlətinin fəaliyyətinin ən prioritet istiqamətlərindən biridir. Müstəqilliyimiz bərpa olunandan sonra ən ağır dövrlərdə, ölkəmizin inkişafının bütün mərhələlərində bu sahəyə dövlət tərəfindən böyük qayğı göstərilib. Amma, eyni zamanda, əfsuslar olsun ki, bu sahədə hələ də problemlər var. Ona görə bizim qarşımızda məqsəd durur ki, çox qısa zamanda bu problemləri aradan qaldıraq və yararsız vəziyyətdə olan bütün təhlükəli binalarda yaşayan soydaşlarımızı yeni mənzillərlə təmin edək”.
Böyük Qayıdışın başlanğıcı
Məhz ulu öndərin qətiyyəti və iradəsi sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmiş olsa da, təhlükəsizlik baxımından uzun müddət məskunlaşmanın qeyri-mümkün olduğu bu kənd 2016-cı ildə Prezident İlham Əliyevin tarixi xidmətləri sayəsində ikinci həyatını yaşamağa başladı. Buna ötən ilin aprelində qəhrəman Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində nail olundu. Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı. 2016-cı ilin noyabrında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən işğal altında qalan torpaqlarımıza qayıdacağımıza bir daha əminlik yaratdı. Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı.
Bu məsələdə dövlətimizin başçısının 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” sərəncamı xüsusi əhəmiyyətə malikdir. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri qısa müddətdə 2 milyon 600 min kvadratmetr ərazinin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsini həyata keçirdi, həmin ərazilər yaşayış üçün əlverişli vəziyyətə gətirildi. Bununla da kənddə böyük quruculuq işlərinə başlandı. Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində həyata keçirilən bərpa işlərinin birinci mərhələsi artıq başa çatıb və Cocuq Mərcanlı öz sakinlərini qəbul etməyə hazırdır. Böyük Qayıdışın başlanğıcı olan bu kəndin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunması uğrunda mübarizəni sona qədər davam etdirəcək.
Hadi RƏCƏBLİ,
Milli Məclisin əmək və sosial siyasət
komitəsinin sədri, siyasi elmlər doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.