Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin dünya birliyindəki reytinqini daha da artırır. Artıq beynəlxalq birlik Azərbaycanı demokratik proseslərin inkişafına xüsusi önəm verən müstəqil dövlət kimi qəbul edir. Son illər nüfuzlu beynəlxalq qurumların öz tədbirlərini Azərbaycanda keçirmələri də bundan xəbər verir. Həmin qurumlar öz tədbirlərini o ölkələrdə keçirməyə üstünlük verirlər ki, orada davamlı ictimai-siyasi sabitlik olsun. Təbii ki, bunların hamısı bu gün respublikamızda mövcuddur. Bu həqiqət dünya birliyi tərəfindən də etiraf olunur.
Bu gün Azərbaycan, xüsusən də paytaxt Bakı bir çox önəmli beynəlxalq tədbirlərin, forumların keçirildiyi məkana çevrilib. Dünyanın bir sıra qlobal problemləri məhz Bakıda müzakirə edilir. Belə tədbirlərə ölkəmizin ev sahibliyi etməsi Azərbaycana beynəlxalq təşkilatlar tərəfindən göstərilən yüksək diqqətin, inam və etimadın ifadəsidir. Bütün bunlar üçün əsas səbəblərdən biri də respublikamızın, eləcə də Bakı şəhərinin sürətli inkişafı və zəruri infrastrukturun yaradılmasıdır. Bütövlükdə bu, Azərbaycanın dünya siyasətində rolunun yüksəlməsi ilə bilavasitə əlaqədardır.
Azərbaycanın hərtərəfli inkişafı və hazırda dünyanın qlobal idarəçiliyində öncül yerlərdən birini tutması, təbii ki, ölkə rəhbərliyinin düzgün müəyyənləşdirdiyi siyasi kursun bariz nümunəsi kimi dəyərləndirilir. Bu siyasi kurs son 14 ildə Azərbaycanı dünya dövlətləri sırasında mötəbər yerlərə qədər yüksəltmişdir. Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində respublikamız müxtəlif nüfuzlu təşkilatlarda təmsil olunmaqla yanaşı, həm də qətiyyətli söz sahibinə çevrilmişdir. Bu gün Cənubi Qafqazda hər hansı bir layihənin reallaşdırılmasında mütləq respublikamızın rəyi öyrənilməlidir. Bu, Azərbaycanın regionda lider dövlət olduğunu təsdiqləyən faktdır. Təbii ki, bütün bu uğurlar antiazərbaycan qüvvələri ciddi narahat etməyə bilməz. Axı, qısa müstəqillik tarixində digər MDB dövlətləri ilə müqayisədə Azərbaycanın yüksək reytinq qazanması və mövqeyini getdikcə möhkəmləndirməsi uzun illər müstəqillik tarixinə malik olan bir sıra dövlətləri, Qərbin və ermənipərəst dairələrin təsiri altında yaşayan və onların çirkli pulları hesabına fəaliyyətlərini nizamlayan bir sıra beynəlxalq təşkilatların narahatlığına səbəb olmaya bilməzdi. Azərbaycanın bərabərhüquqlu, digər ölkələrin daxili işlərinə qarışmamaq siyasəti yeritməsi, beynəlxalq birlikdə söz sahibinə çevrilməsi antiazərbaycan qüvvələri hərəkətə gətirib.
Respublikamızın BMT-də, AŞPA-da rəhbərlik statusuna yiyələnməsi, ATƏT, NATO, İKT kimi təşkilatlarda bir sıra problemlərin həlli istiqamətində uğurlu mövqe tutması da bu qısqanclığa rəvac verib.
Son illər bir sıra beynəlxalq təşkilatlar ölkəmiz haqqında qərəzli, böhtan və yalanla dolu qətnamələr qəbul etməkdə bir-biri ilə, sanki, yarışa giriblər. Görünür belə qurumlar ağalarından daha çox qrant almaq üçün daha böyük yalanlar axtarmağa başlayıblar. Belə yalançı və böhtançı, qərəzi özünün əsas peşə fəaliyyəti kimi müəyyənləşdirən qurumlardan biri də Avropa Parlamentidir. Bu qurum son vaxtlar ölkəmiz haqqında qərəzli qətnamələr qəbul etməkdə daha çox canfəşanlıq edir. Avropa Parlamentinin ölkəmiz haqqında belə mövqe tutması birinci hal deyil.
Ümumiyyətlə, bir sıra beynəlxalq qurumların, o cümlədən, Avropa Parlamentinin ölkəmiz haqqında tez-tez qərəzli qətnamələr qəbul etməsi məyusedici hal olsa da, digər tərəfdən qürurvericidir. Bu, Azərbaycanın dünya birliyində inkişafından, söz sahibinə çevrilməsindən və mövqeyinin getdikcə möhkəmlənməsindən xəbər verir. Demək, Qərbin bir sıra dövlətləri və bəzi beynəlxalq təşkilatlar bu inkişafdan təşviş keçirməyə, qorxmağa və ehtiyatlanmağa başlayıblar. Bu məkrli kampaniyada adını müxalifət qoyan, satqın və xəyanətkarlardan – yerli radikal müxalifət nümayəndələrindən də istifadə edirlər. Avropa Parlamentinin sonuncu qərəzli qətnaməsində əks olunan “faktlar” da məhz radikal müxalifətin “məhsuludur”.
Xatırlayırsınızsa, Avropa Parlamenti bir neçə dəfə belə qərəzli qətnamə qəbul edib. Hətta, bir müddət əvvəl Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti ilə görüşdə də sanki belə qərəzli qətnamələrə görə xəcalət hissi keçirdiklərini ört-basdır edə bilməmişdilər. Görüşdə səsləndirilən fikirlər də bunu təsdiqləyirdi. Həmin görüşdə ölkəmizin başçısı Avropa Birliyi ilə münasibətlərə çox böyük maraq göstərdiyini və bu münasibətlərin genişlənməsinin vacib olduğunu bildirməklə yanaşı, Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı bir sıra qeyri-obyektiv addımların atılmasının qəbuledilməz olduğunu diqqətə çatdırmışdı. Respublikamızın rəhbəri kifayət qədər sərt və prinsipial şəkildə Avropa Parlamentinin Azərbaycanla bağlı mütəmadi qarayaxma kampaniyası apardığını, qərəzli qətnamələr qəbul etdiyini xatırlatmışdı. Tutarlı faktlarla bütün bunların əsasının olmadığını bildirmiş və belə uydurmalarda əsas məqsədin Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə qərəzli fikir formalaşdırmaqdan ibarət olduğunu bəyan etmişdi. Həmin görüşdə Avropa Parlamenti nümayəndə heyəti üzvlərinə Azərbaycanın demokratik ölkə olduğunu, insan hüquqlarının qorunduğu, müstəqil mətbuatın, azad sözün, tənqidi fikrin səsləndirilməsi üçün hər cür şəraitin olduğu bildirilmiş və bu barədə konkret faktlar səsləndirilmişdir. Həmçinin ölkə başçısının adından məqsədli şəkildə əsası olmayan məsələlərin hallandırılmasının yolverilməz olduğu, bunun Azərbaycan-Avropa münasibətlərinə mənfi təsir göstərəcəyi də bəyan edilmişdi.
Azərbaycan Prezidenti öz çıxışında bu məsələlərə aydınlıq gətirilməsi barədə açıq mesaj verdi: “Biz Avropadan obyektivlik, düzgünlük, münasibətlərdə tərəflərin mövqelərinə hörmətlə yanaşmağı gözləyirik. Çox istərdik ki, xaricdə Azərbaycanla bağlı obyektiv məlumatlar yayılsın”.
Azərbaycanın 26 illik müstəqillik tarixində ölkədə demokratik təsisatların formalaşadırılmasında həyata keçirdiyi tədbirlər sırasında ölkədə insan haqlarının qorunması, kütləvi informasiya vasitələrinin sərbəstliyi, jurnalistlərin müstəqil fəaliyyəti, azadlığı və vətəndaş ləyaqətinin qorunması Avropanın mötəbər qurumlarının özləri tərəfindən də dəfələrlə etiraf olunub və bu gün də bu proses davam etdirilir. Hətta bu gün bir sıra nüfuzlu avropalı deputatlar da etiraf edirlər ki, Azərbaycanda demokratiyanın formalaşması və inkişafı prosesini öyrənmək və təbliğ etmək baxımından bir sıra Avropa ölkələri səylər göstərməlidirlər. Özləri də təsdiq edirlər ki, Azərbaycan demokratiyasından öyrəniləcək çox şey var. Bu prioritet ölkədə keçirilən bütün ictimai-siyasi proseslərdə özünü açıq şəkildə nümayiş etdirir. Əgər radikal müxalifət nümayəndələri mitinq və digər aksiyalar keçirməyə iştirakçı tapmırsa, bunun günahını iqtidarda axtarmalı deyil. AXCP sədrinin müavini Gözəl Bayramlı, adını jurnalist qoyan Əfqan Muxtarlı sərhədi qanunsuz keçməyə, gömrük baxışından gizlədilən çoxlu məbləğdə pul keçirməyə cəhd göstərirlərsə və ya hüquq–mühafizə orqanlarının əməkdaşlarına tabe olmurlarsa qanuni cəzalarını almalıdırlar. Bunu Avropa Parlamentinin rəhbərliyi də dərk etməlidir. Bu qurumun rəhbərliyi onu da unutmamalıdır ki, Azərbaycanın hər bir vətəndaşı tutduğu mövqeyindən və siyasi məsuliyyətindən asılı olmayaraq, qanunlara riayət etməlidir. Ölkəmizdə qanun hamıya şamil olunur. Əgər kimsə Avropa Birliyinə, ermənipərəst dairələrə və antiazərbaycan qüvvələrə onlara sərf edən şəkildə ölkəmiz haqqında yalan və böhtan xarakterli məlumatlar verməklə “demokrat” olacaqlarsa, bu, həmin qurumların, o cümlədən Avropa Parlamentinin riyakarlığını ortaya qoyacaq.
Avropa Parlamentinin rəhbərliyi hələ də dərk etmir ki, Azərbaycan Avropa Birliyinin üzvü deyil və bu qurum qarşısında heç bir öhdəlik götürməyib. Ona görə də Avropa Parlamentinin Azərbaycanın daxili işinə qarışmağa nə hüquqi, nə də mənəvi haqqı çatır. Öz gözündə tiri qoyub, başqasının gözündə tük axtaran Avropa Parlamenti kimi qurumlara, “Özünə umac ova bilmir, başqalarına əriştə kəsir” el məsəli daha çox yaraşır. Avropa Parlamentinin özünə demokratik dəyərləri dərk etdirmək lazımdır. Çünki bu qurumun Azərbaycanda jurnalistlərin hüquqlarının pozulması barədə qətnamə qəbul etməsi, müdafiəsinə qalxdığı Əfqan Muxtarlı adlı bir şəxsi nəinki Avropada, hətta Azərbaycanda jurnalist kimi tanıyan yoxdur.
Avropa Parlamentinə yalan məlumatlar ötürən və bunun əsasında da ortaya atılan qərəzli qətnamələr Azərbaycanın getdikcə artan nüfuzuna heç bir xələl gətirməyəcək və Azərbaycan-Avropa İttifaqı münasibətlərini korlaya bilməyəcək. Necə deyərlər, sirkə nə qədər tünd olsa, öz qabını çatladar.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.