Milli Qurtuluş Günü haqqında tarixi qərarın qəbulunun 20 ili tamam olur

Heydər Əliyevin başladığı böyük işin nəticəsi qüdrətli Azərbaycan Respublikası oldu

 

 

 

 

 

 

 

 

 

 


Özlərini demokrat adlandıran və xalq adından danışmaq səlahiyyətinin yalnız onlara məxsus olduğunu iddia edən bir qrup siyasətbazın hakimiyyəti dövründə ölkədə iqtisadi böhran dərinləşdi, xalqın həyat səviyyəsi xeyli pisləşdi. Hakimiyyətin bütün pillələrindəki fərsizlik, təcrübəsizlik və naşılıq, kadr siyasətində neobolşevizm meyilləri və kobud səhvlər yalançı “demokratik” iqtidarın bütün mahiyyətini, onun xalqdan uzaqlığını, sosial dayaqlardan məhrum olduğunu aşkara çıxardı. Beş ildən artıq davam edən böhran 1993-cü ilin əvvəllərindən başlayaraq daha kəskin xarakter aldı. Daxildəki pozucu qüvvələrin və xaricdəki təhrikçilərin fəal əməkdaşlığı sayəsində Azərbaycanın parçalanmasının əsası qoyulur, etnik qarşıdurmalar və vətəndaş müharibəsi üçün zəmin hazırlanırdı. Artıq Azərbaycanda hökumət böhranı deyil, dövlət böhranı yaranmışdı. AXC – Müsavat rejimi bu qorxulu prosesin qarşısını almaqda aciz idi.

İyunun 15-nin Azərbaycan xalqının
 Milli Qurtuluş Günü elan edilməsi haqqında
 Milli Məclisin 27 iyun 1997-ci il tarixli qərarından


İyirmi il qabaq, iyunun son  günlərində Azərbaycan parlamentinin qəbul etdiyi bu tarixi qərara növbəti dəfə müraciət etməyimizin səbəbi, yəqin ki, bütün oxuculara məlumdur. Belə ki, uzun onilliklərdən sonra bərpa etdiyimiz müstəqilliyimizə, əldən getməkdə olan milli dövlətçiliyimizə qurtuluş gətirilməsinin təməli ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmağı ilə qoyulsa da, həmin qurtuluşun qanunvericilik orqanı səviyyəsində rəsmiləşdirilməsi məhz 1997-ci ilin iyun ayının bəxtinə düşmüşdü. Ölkə əhalisinin müxtəlif zümrələri tərəfindən irəli sürülən həmin təklifin əhatəli şəkildə müzakirəsindən və ətraflı qiymətləndirilməsindən sonra qəbul edilmiş bu qərara əsasən,  artıq 20 ildir ki, iyunun 15-ni rəsmi bayram kimi qeyd edirik.

Parlamentin həmin məsələ ilə bağlı aparılan müzakirələrində qeyd edilirdi ki, XX əsr Azərbaycan xalqının tarixində xüsusi bir mərhələ təşkil edir. Bu əsrdə Azərbaycan xalqı iki dəfə -- 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də imperiya əsarətinə qarşı mübarizə nəticəsində milli azadlığına, dövlət müstəqilliyinə nail olub.

Lakin Azərbaycanın ilk dövlət müstəqilliyini bir sıra tarixi, ictimai-siyasi səbəblər üzündən, o cümlədən dünyanın yenidən bölüşdürülməsi ilə bağlı imperialist dairələrin yürütdüyü siyasətin və bolşevik işğalının nəticəsində qoruyub saxlamaq mümkün olmamışdır. Milli dövlətçilik ənənələrinin formalaşmaması və digər amillər də öz rolunu oynamış, nəticədə bütün müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan xarici və daxili düşmənlərə qarşı mübarizələrlə dolu 23 aylıq mövcudluqdan sonra öz dövlət müstəqilliyini itirmişdir.

Qeyd edilirdi ki, ilk  suveren  dövlətimizin ömrü qısa olsa da, müstəqillik arzusu daim xalqın ürəyində yaşamış və yüksək milli təəssübkeşliyə malik ziyalılar və siyasətçilər bu arzunun reallaşdırılması üçün daim mübarizə aparmışlar.  Xüsusilə 1960-1980-ci illərdə bu proseslər daha geniş vüsət almış, ölkə iqtisadiyyatının möhkəmləndirilməsi, dövlət quruculuğu, mədəni və mənəvi yüksəliş sahəsində mühüm işlər görülmüşdür.

Ulu öndər Heydər Əliyevin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi illərdə  milli gəlir 2,5 dəfə artmış, eyni zamanda, sənaye istehsalı 2,7 dəfə artaraq əvvəlki 30 ildə istehsal olunan məhsulun həcmindən təqribən 2 dəfə çox olmuşdur. Kənd təsərrüfatında ümumi məhsul 2,7 dəfə çoxalmışdır. İqtisadiyyatın inkişaf etdirilməsinə əvvəlki 50 ildə olduğundan 1,4 dəfə çox əsaslı vəsait qoyulmuş, 250 iri zavod və fabrik tikilib işə salınmışdır. Minlərlə azərbaycanlı gənc keçmiş Sovet İttifaqının aparıcı elm və tədris ocaqlarına göndərilmiş və yeni istehsal sahələri ilə bağlı ixtisaslara yiyələnmişdir. Milli kadr korpusu yaradılmış, dövlət idarəçiliyi təsisatları möhkəmləndirilmiş, elm, səhiyyə, təhsil, mədəniyyət və incəsənət sahələrində ciddi uğurlar qazanılmışdır. Azərbaycanın paytaxtı Bakı həmin dövrdə dünya miqyasında tanınan mədəniyyət mərkəzinə çevrilmiş, azərbaycanlılar özünəməxsus tarixi, mədəniyyəti, ənənələri olan bir millət kimi tanınmışlar.

Ümummilli liderimizin azərbaycanlıları bir millət kimi dünyada tanıtmaq istiqamətində atdığı addımların sırasında 20 Yanvar faciəsindən sonra Moskvada Mixail Qorbaçovun və Kreml siyasətçilərinin ünvanına kəskin bəyanat səsləndirməsi  və Moskvadan Vətənə qayıdaraq Ermənistanın mühasirədə saxladığı Naxçıvan Muxtar Respublikasına nicat gətirməsi də var idi. Ümummilli lider bu iki  addımla dünya ictimaiyyətinə sübut etmişdi ki, azərbaycanlılar istənilən şəraitdə mübarizədən qalib çıxmaq əzmini itirmirlər.

Ancaq iş elə gətirdi ki, 1991-ci ilin payızında – dövlət  müstəqilliyimizin bərpasından sonra ölkəyə rəhbərlik edənlərin hamısı azərbaycanlıların istənilən şəraitdə mübarizədən qalib çıxmaq əzmini itirmədiyi barədə deyilənlərin əksini ortaya qoydular. Əldən-ələ keçən ölkə rəhbərliyi postunun sahibləri gah gecə ikən qaçdılar, gah xalqın arzu-istəklərinin əleyhinə gedərək ölkəni rüsvayçı vəziyyətə gətirdilər.  Xalq hərəkatı dalğasında siyasi səhnəyə gələn naşı, səriştəsiz AXC liderləri ilə Mütəllibov güruhu arasında hakimiyyət davası ölkədə xaos, özbaşınalıq  yaratmışdı. Ayrı-ayrı şəxslərə, siyasi qruplara mənsub qanunsuz silahlı dəstələrin yaradılması Azərbaycanı vətəndaş müharibəsinə sürükləyirdi.

Əsrin əvvəlində olduğu kimi, bu dəfə də marıqda yatıb məqam gözləyən bədxahlarımızın dəstəyi  ilə  Azərbaycan torpaqlarının işğalını genişləndirən Ermənistan rəhbərliyinə də elə ölkəmizdəki xaos və özbaşınalıq lazım idi.  Belə bir şəraitdə Azərbaycan xalqı sınanmış lideri Heydər Əliyevin hakimiyyətə qayıdışını daha böyük təkid və qətiyyətlə tələb etməyə başladı. Xalqın və dövlətin taleyi üçün deyil, məhz özlərinin yaranmış vəziyyətdən xilas olmasını arzulayan AXC-Müsavat iqtidarının rəsmiləri də ulu öndərdən xahiş edirdilər ki, Naxçıvandan Bakıya gəlsin və xalqın problemlərinin həllinə çarə tapılmasında iştirak etsin. Əslində isə xalqın bir problemi vardı – lidersizlik problemi.

Məhz həmin lidersizliyin fəsadı idi ki, Qarabağ problemini həll etmək və ölkədə demokratik dəyişikliklər aparmaq vədi ilə hakimiyyəti ələ keçirən qüvvələr nəinki öz vədlərinə əməl etmədilər, hətta qısa müddət ərzində ölkəni fəlakət girdabına, vətəndaş müharibəsi və parçalanma həddinə gətirib çıxardılar. Onların birillik hakimiyyəti dövründə Azərbaycanın strateji cəhətdən əhəmiyyətli əraziləri itirildi, yeni ərazi itkiləri üçün real təhlükə yarandı. Ordu quruculuğu sahəsində konkret heç bir iş görülmədi. Dövlət quruculuğu kimi son dərəcə mühüm sahə başlı-başına buraxıldı, xalqın mənafeyi unudularaq, ayrı-ayrı şəxslərin istək və iddialarına meydan açıldı. Xarici siyasət xəttinin müəyyənləşdirilməsində yol verilən kobud səhvlər və ifrat subyektivizm halları Azərbaycanın dünya miqyasında təklənməsinə, bir sıra region dövlətləri ilə qarşılıqlı münasibətlərinin gərginləşməsinə gətirib çıxardı. Ölkədə dövlətə deyil, ayrı-ayrı şəxslərə xidmət edən silahlı dəstələr yarandı. Bu isə həmin şəxslərin Konstitusiyaya zidd yolla hakimiyyətə gəlmələri, qeyri-sabitlik və hərc-mərclik üçün zəmin yaratdı, Azərbaycanın bir müstəqil dövlət kimi varlığını təhlükə altına aldı.

Ancaq AXC – Müsavat iqtidarı bizim üçün  milli dövlətçiliyi itirmək təhlükəsindən də ağır olan daha  bir bəla da yaratmışdı. Bu bəla vətəndaş müharibəsi, qardaş qırğını idi ki, artıq Gəncədə həmin dəhşətli qarşıdurmalara start verilmişdi. Heydər Əliyev məhz belə bir dəhşətli ictimai-siyasi mənzərə fonunda Naxçıvandan Bakıya dəvət edilirdi. O, iyunun 9-da  Bakıya gəldi və  vətəndaş müharibəsi alovunu söndürmək üçün Gəncəyə getdi. Ulu öndərin həmin səfəri  böyük çətinliklər və fədakarlıq bahasına böhranın səngiməsinə  səbəb  oldu. İyunun 15-də isə müstəqil Azərbaycanın siyasi tarixinin ən məsul və şanlı günlərindən biri yaşandı. Azərbaycan Respublikası Milli Məclisinin iclasında Heydər Əlirza oğlu Əliyev Ali Sovetin sədri seçildi.

Milli Məclisin adıçəkilən qərarında qeyd edilir ki, Heydər Əliyev siyasi hakimiyyətə qayıtdığı ilk gündən  elə bir dövlət qurmağa başladı ki, bu dövlət həm özünü, həm də vətəndaşlarını qorumağa tam qadir olduğunu dönə-dönə sübut etmişdir. Elə buna görə də Azərbaycan dövlətçiliyinə qarşı Surət Hüseynovun başçılığı ilə 1994-cü ilin oktyabrında, onun məkrli niyyətinin davamçıları olan Cavadov qardaşlarının başçılığı ilə 1995-ci ilin mart ayında  atılan addımlar  Prezidentin və xalqın yekdil iradəsi ilə dərhal yatırıldı.

1993-cü ilin sonu – 1994-cü ilin əvvəllərində Azərbaycan Ordusunun cəbhədəki uğurları, 1994-cü ilin mayında atəşkəs haqqında razılığın əldə edilməsi, həmin ilin sentyabrında Bakıda dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin bağlanması, dövlət aparatının təkmilləşdirilməsi və Milli Ordunun qurulması, ölkədaxili vəziyyətin sabitləşməsi, dünya miqyasında Azərbaycana marağın artması və dünyanın iri dövlətlərinin xalqımızın haqq işini dəstəkləməyə başlaması, mahir siyasətçinin Lissabon sammitində siyasi qələbəsi, Azərbaycan Prezidentinin uğurlu xarici səfərləri bu inamı daha da qüvvətləndirir.

Son dərəcə mürəkkəb və qarışıq bir şəraitdə siyasi hakimiyyət sükanı arxasına keçən Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı öz vətəndaşları üçün sakitliyin, vətəndaş həmrəyliyinin, əmin-amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı bir ölkəyə, xarici sərmayəçilər üçün isə əlverişli imkanlar açan, hərtərəfli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirdi. Fəlakət qarşısında qalan Azərbaycan güclü ümummilli liderin əzmi və iradəsi ilə düşdüyü ağır vəziyyətdən qurtardı, qısa müddət ərzində beynəlxalq birliyin tamhüquqlu üzvlərindən birinə çevrildi. Dünya siyasətçiləri arasında öz yeri olan Azərbaycan Prezidenti böyük nüfuzu və siyasi iradəsi sayəsində rəhbəri və qurucusu olduğu dövlətə də belə bir nüfuz qazandırmağa nail oldu. Bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan xalqı yalnız Heydər Əliyev dühasına arxalanaraq öz dövlətini qorudu, qurdu və möhkəmləndirdi. Xalq öz böyük, sınanmış liderinin sayəsində milli qurtuluşa nail oldu.

Adıçəkilən tarixi qərarda qeyd edilir ki, Heydər Əliyev dövlət quruculuğu sahəsində başladığı böyük işi məntiqi şəkildə davam etdirərək müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasına rəhbərlik etdi. Azərbaycanın siyasi tarixində yeni bir mərhələ  açan və onun dövlət müstəqilliyinin, cəmiyyətdə insan azadlığının və demokratik dəyərlərin əsas qarantına çevrilən bu Konstitusiya 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildi. İlk dəfə olaraq demokratik şəraitdə çoxpartiyalılıq əsasında Azərbaycan parlamenti – Milli Məclisi seçildi. Azərbaycan Respublikası dünyanın azad, suveren, müstəqil dövlətləri arasında özünə layiq yerini tutdu.

Məhz həmin tarixi faktların və əməli fəaliyyətlərin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında regionun lider dövlətinə çevrilib. Dünya miqyasındakı uğurlarımızın gündən-günə artması bir daha sübut edir ki, ulu öndər bizim üçün ən mükəmməl, ən sərfəli siyasi kurs və dövlət idarəçiliyi prinsipləri yaratmışdır.

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında