1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Heydər Əliyev bir daha göstərdi ki, ən ağır, böhranlı vəziyyətdən çıxış yolu var. O da düşünülmüş siyasətdir, cəsarətdir, müstəqil siyasət və addımlardır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bəşər tarixinin inkişafının məntiqi təhlili göstərir ki, dövlətlərin tərəqqiyə nail olaraq, ölkələr sirasında öz layiqli yerini tutması üçün zəruri şərtlərdən biri də xalqın özünə lider seçdiyi şəxsin özünəməxsus keyfiyyətləridir. Belə ki, dövlətlərin ərazi və iqtisadi imkanlarından asılı olmayaraq, onun hərtərəfli inkişafını təmin edən əsas amillərdən biri məhz lider amilidir. Tarixi inkişaf proseslərinin mürəkkəbliyi və ziddiyyətliliyi içərisində qanunauyğunluqları müəyyənləşdirməyi bacaran, bundan xalqının mənafeyi üçün istifadə etməyə, baş verənləri düzgün qiymətləndirməyə qadir olan və praqmatik siyasət həyata keçirə bilən lider hadisələrin gedişatını praqnozlaşdıraraq ölkəsini, xalqını potensial risklərdən qoruyur, onun sosial-iqtisadi inkişafını xeyli dərəcədə sürətləndirməyə nail olur.
XX əsrdə tarixin millətimizə bəxş etdiyi dühalardan ən öndə gedəni yuxarıda qeyd olunan keyfiyyətlərlə yanaşı xalqımızın bütün müsbət keyfiyyətlərini, yaradıcılıq enerjisini, iradəsini və əzmini öz şəxsiyyətində üzvi şəkildə birləşdirən ümummilli lider statusunu qazanmış Heydər Əliyevdir. Dünya miqyaslı mahir siyasətçi və dövlət xadimi olan Heydər Əliyev öz əhəmiyyətinə görə milli hüdudlara sığmayan fəaliyyəti, uzaqgörənliyi, müdrikliyi, hünəri, cəsarəti, mərdliyi və fədakarlığı ilə zamanın fövqünə yüksəlmiş, müstəqil Azərbaycan dövlətinin və onun nailiyyətlərinin həm memarı, həm də ilhamvericisi və təşkilatçısı olmuşdur.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun dediyi kimi, “Azərbaycanın müstəqil milli inkişafı ilə bağlı Heydər Əliyevin siyasi dünyagörüşü və konseptual yanaşması ilk dəfə hələ SSRİ dağılmamışdan qabaq – 1991-ci ilin əvvəllərində Azərbaycan parlamentinin tribunasından dediyi fikirlərdə öz əksini tapmışdır. Onun həmin dövrdə parlament müzakirələrində səsləndirdiyi təklif və mülahizələr müstəqilliyə doğru uzanan yolda irəli sürülən yeganə rasional, praqmatik və uzaqgörən fəaliyyətin parlaq nümunəsi idi”.
Ümummilli lider Heydər Əliyevi XX əsrin ictimai-siyasi fenomeni kimi artıq bütün dünya qəbul edir. Birmənalı demək olar ki, zəmanəmizin ən böyük azərbaycanlısı olan Heydər Əliyev həm millətin, həm də bəşəriyyətin dahilik meyarlarına cavab verən tarixi şəxsiyyətdir. Bəşəriyyət “dahi” dedikdə, fenomenal şəxsi keyfiyyətlərlə, şəxsiyyətin ensiklopedik savadı, təfəkkürünün elmin və təcrübənin bütün istiqamətlərində fəaliyyətə qadir olması ilə yanaşı, onun ictimai maraqları şəxsi maraqlardan üstün tutmasını, yalnız öz xalqı üçün deyil, dünya, bəşəriyyət üçün gördüyü işlərin miqyasını əsas götürür.
XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin siyasi fəaliyyətinin nəticəsi, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıdışının bəhrəsidir. Bu qayıdış təkcə Heydər Əliyev ömrünün deyil, həm də bütün tariximizin xüsusi mərhələsi, əsaslı dönüş nöqtəsidir. Heydər Əliyevin qayıdışı Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə ümidini artırdı. Ümummilli lider “Mən buraya vəzifə üçün gəlməmişəm. Mən böyük yükü ancaq ona görə çiynimə götürmüşəm ki, xalqın həyatının ən çətin dövründə ona xidmət göstərim”, – deyərək ömrünün qalan hissəsini də xalqının xilasına həsr edəcəyini bildirmişdir. Beləliklə, Azərbaycan dövlətçiliyinin müqəddəratı həll edildiyi 1993-cü ilin iyun günlərində dünya miqyaslı siyasi dövlət xadimi Heydər Əliyevi yenidən hakimiyyətə dəvət edən Azərbaycan xalqı parçalanıb dağılmaq və müstəqilliyini itirmək kimi dəhşətli fəlakətdən qurtuldu. Hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqamətləri kimi müəyyənləşdirdi.
Dünya miqyaslı müdrik siyasətçimizin gərgin əməyi nəticəsində artıq 1994-cü ilin sonunda ölkədə iqtisadi-siyasi islahatların uğuru üçün zəruri olan siyasi sabitlik bərqərar edildi. 1994-cü ilin mayında atəşkəs haqqında Bişkek protokolu imzalandı. Həmin ilin sentyabrında Prezident Heydər Əliyev dünyanın nəhəng neft şirkətləri ilə 7,5 milyard dollarlıq ilk neft müqaviləsi imzaladı. “Əsrin müqaviləsi” adlanan bu kontraktdan sonra neft sənayesinin sürətli inkişafı başlanır. Ölkəmiz xarici sərmayəçilərin hesabına neft çıxarılmasının aşağı düşməsinin qarşısını aldı, enerji daşıyıcılarına olan tələbatını ödədi və böhranla müvəffəqiyyətli mübarizə uçün imkan əldə etdi.
Ölkə iqtisadiyyatının transformasiyası üçün xarici investisiyaların cəlb edilməsi ən önəmli məsələlərdən idi. Bu zaman Azərbaycan hökuməti Beynəlxalq Valyuta Fondu ilə birlikdə iqtisadi islahatlar proqramının həyata keçirilməsinə başladı. 1994-1995-ci illərdə Dünya Bankının və BVF-nin dəstəyi ilə manatın kursunun möhkəmləndirilməsinə yönəldilmiş siyasət tədricən öz səmərəsini verməyə başladı. Manatın kursu stabilləşdi və nəticədə infilyasiya 1994-cü ildəki 1663 faizdən 1995-ci ildə 412 faizə, 1996-cı ildə 20, 1997-ci ildə isə 3,7 faizə düşdü. 1996-cı ildə BVF manatın stabilləşməsi üçün kredit xətti açdı. Onun köməyi ilə infilyasiyanı ayda 4-6 faiz səviyyəsinə endirmək mümkün oldu.
“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin onuncu ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 mart 2001-ci il tarixli fərmanında deyilir: “Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini əldə etməsi keçmiş SSRİ-də və bütün dünyada 80-ci illərin ortalarından başlayaraq gedən ictimai-siyasi proseslərin labüd nəticəsi idi. Bu obyektiv tarixi gerçəklik SSRİ-nin dağılmasına, Kommunist Partiyasının tarix səhnəsindən çəkilməsinə və nəticə etibarilə müttəfiq respublikaların hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxardı. Bunun ardınca yeni müstəqil dövlətlərin, eləcə də Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması beynəlxalq hüquq normalarının qanuni təzahürü oldu”.
Ümummilli liderimiz Heydər Əliyev mövcud reallıqları özünəməxsus qlobal yanaşma mövqeyindən qiymətləndirərək yenicə müstəqilliyə qədəm qoymuş ölkəmizin siyasi inkişaf yönümünü uzaqgörənliklə, tərəddüdsüz və birmənalı olaraq aşağıdakı kimi müəyyənləşdirdi: “Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, partiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir”.
Dünyada baş verən prosesləri özünəməxsus məntiqi təhlil süzgəcindən keçirən ulu öndərin yürütdüyü daxili və xarici siyasət ölkəmizin hər bir vətəndaşına azad yaşamaq və öz rifahını yüksəltmək üçün geniş imkanlar verdi. Heydər Əliyev idarəçiliyində iqtisadi inkişafın təmin edilməsi, ölkəmizin dünyaya inteqrasiyası, bazar iqtisadiyyatına keçidin sürətləndirilməsi və bu əsasda vətəndaş cəmiyyətinin formalaşması üçün geniş imkanların yaradılması prioritet istiqamətlərdən idi.
Ulu öndər bu istiqamətlərin reallaşması üçün konkret əməli tədbirlər görür, normativ-hüquqi sənədlərin qəbulunun təşəbbüskarı kimi çıxış edirdi. Bu baxımdan Prezidentin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlıgının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli fərmanı KİV-in müstəqil inkişafına və bununla da, əslində, vətəndaş cəmiyyəti quruculugunun sürətlənməsinə stimul vermiş oldu. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbul edilməsi də məhz ümummilli liderin ölkədə vətəndaş cəmiyyəti quruculuğuna olan qayğısının nəticəsi idi. Vətəndaş cəmiyyəti quruculuğunun digər şərtlərindən biri də, təbii ki, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsidir. Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilmişdir. Amma ümummilli liderin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il fərmanı ilə bu məsələyə diqqəti daha da artırdı.
Ulu öndərin irəli sürdüyü hər bir ideya, mənəvi-ideoloji sahədə daha uzağa istiqamətlənmiş hər bir strateji əməl əsasən azərbaycançılıq məfkurəsi kontekstində köklənmişdir. Milli-mənəvi dəyərlərə dövlətçilik mövqeyindən qiymət verilməsi ölkəmizdə azərbaycançılığın qorunub-saxlanması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Əbu Turxan yazırdı ki, “xalqı millətə çevirən dövlətçilik şüurudur”.
Milli ideyanın – azərbaycançılığın müasir mərhələdə təməlləri də məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli lider xüsusi olaraq vurğulayırdı: “Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur” .
Heydər Əliyev azərbaycançılığın bütün tərkib hissələrini milli ideologiyamızın strukturuna daxil etməklə, mənəviyyat və dövlətçiliyin sintezindən çıxış edirdi. Ulu öndər YAP-ın yaradılmasının 6-cı ildönümü münasibəti ilə təntənəli yığıncaqda demişdi: “Bizim həm xarici siyasətdə, həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə, həm də sosial-iqtisadi sahədə gördüyümüz işlər milli ideologiyanın üzərində qurulur. Bu milli ideologiya nədən ibarətdir? Birincisi, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə, hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır və bizim partiyamız, bütün dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından – hər şeydən üstün tutsun”.
Ümummilli lider dövlətçiliyimizi və milli-mənəvi dəyərlərimizi azərbaycançılığın əsas komponentləri kimi təqdim edirdi. Dövlətçilik ideologiyası insanların bir vətəndaş kımi formalaşdırılmasını, Vətənə sevgi hissini, dövlət mənafeyini üstün tutmaq, şəxsi mənafeyi dövlət mənafeyi prizmasından keçirmək vəzifələrini əhatə edir. Heydər Əliyevə görə, dövlətçilik ənənələri dövlətçilik ideologiyası, dövlətçilik psixologiyası və dövlətçilik praktikasının vəhdətindən yaranır. Dövlətçilik ideologiyası hüquqi və siyasi şüurun yüksəldilməsini, insanın şəxsi həyatının, şəxsi maraqlarının cəmiyyətdə gedən proseslərlə əlaqələndirilməsini, dövlət idarəçiliyində hər bir şəxsin bilavasitə və ya bilvasitə iştirakının təmin olunmasını nəzərdə tutur. Dövlətçilik ideologiyası, habelə, iqtisadi təfəkkür və mədəniyyətin inkişaf etdirilməsini, dövlət tərəfindən qanunvericilik aktları ilə aparılan iqtisadi islahat proseslərinin məqsədyönlü surətdə insanların şəxsi mənafeyi, rifahı və həyat tərzi ilə əlaqələndirilməsini, uyğunlaşdırılmasını əhatə edir. Heydər Əliyev keçid dövründə iqtisadi islahat proqramının reallaşdırılması ilə milli-mənəvi dəyərlərin qorunub saxlanması arasında uyğunsuzluqlar ortaya çıxa biləcəyini də nəzərə alırdı. Dövlətçilik hissi mənəvi həyatın təməl hissəsi olub insanın bütün davranışlarını, dəyər yönümlərini, motivlər sturukturunu müəyyənləşdirir.
Torpağımız ta qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin Vətəni olmuşdur. Azərbaycan dövlətinə, tarixinə və coğrafiyasına onların sadiqliyi bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən irəli gəlır. Azərbaycanın və azərbaycançılığın əzəməti bu müqəddəs diyarı öz Vətəni hesab edən və onun adı ilə adlanmaqdan qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Bu səbəbdən də azərbaycançılığın ortaq dəyər və sərvətlərə söykənərək, doğuracağı potensialın təsir və miqyasını az-çox təsəvvür edəndə, yalnız xoş məram və niyyətlə sevinənlər deyil, narahatlıq duyanlar da həmişə olmuşdur.
Yalnız torpağımızda yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanlara ünvanlanmaqla kifayətlənməyib, coğrafi sərhəd və məkanların ayrıldığı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bizimlə bir ideya-fəlsəfi, mədəni məkanda bütövləşdirən qüvvə də məhz azərbaycançılıq ideologiyasıdır. Azərbaycançılıq məfkurəsi cəmiyyətimizin sosial-mədəni və siyasi nizamlanmasının, insanların mənəvi səfərbərliyi və vəhdətinin başlıca amilidir.
Ümummilli lider siyasi hakimiyyətə qayıdışından sonra, separatçı qüvvələrə qarşı əməli tədbirlər görmüş, millətlərarası münasibətlər siyasətini demokratik prinsiplər əsasında inkişaf etdirmək istiqamətini əsas götürərək, azsaylı xalqların hüquq və azadlıqlarını qorumağı dövlətçilik quruculuğunun ümdə vəzifəsi kimi qarşıya qoymuş, multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmışdı.
Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin hüquqi bazası ümummilli liderin sədri olduğu komissiya tərəfindən hazırlanmış və referendum vasitəsi ilə qəbul olunmuş ali qanunumuza – Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır. Demokratiya prinsiplərini əsas götürən Əsas qanun Azərbaycan Respublikasının bütün vətəndaşlarına qanun və məhkəmə qarşısında bərabərlik hüququ verir. Konstitusiyanın İkinci bölməsinin lll fəslinin 25-ci maddəsinin 3-cü bəndində deyilir:”...İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini,dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”.
Qüdrətli dövlət qurucusu Heydər Əliyevin azərbaycançılığın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Burada ulu öndər üç tərkib hissəni xüsusi qeyd edirdi: dil, din, adət-ənənə və bunların milli şüur və milli psixologiyada oturuşmasından yaranan milli mentalitet.
Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını və inkişaf etdirilməsini ən mühüm vəzifələr sırasına aid edirdi. Çünki dövlətçiliklə milli-mənəvi dəyərlər arasında sıx daxili əlaqə vardır. Milli müəyyənliyi olmayan, millət formalaşmayan xalq milli dövlətçilikdən də uzaqdır. AMEA-nın müxbir üzvi S.Xəlilovun yazdığı kimi, “milli dövlət bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən və daha çox dərəcədə milli-mənəvi dəyərlərin qorunması və nisbi müstəqil inkişafının təmin olunması məqsədi daşıyır. Heç bir dövlət başçısı, heç bir siyasi lider və hətta heç bir millətçi ziyalı dövlət quruculuğu və idarəçiliyi ilə yanaşı, milli ideologiyanın əsas istiqamətlərinin müəyyənləşdirilməsi, bu sahədə yeni mükəmməl elmi konsepsiyasının yaradılması və onun həyata keçirilməsi sahəsində ulu öndər qədər fədakarcasına çalışmamışdır”.
Milli ideologiyamızın ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ən mühüm istiqamətlərindən biri olan azərbaycançılıq bir tərəfdən, Azərbaycanda vahid milli dövlətçilik hissiyyatının formalaşmasını, etnik-milli yetkinləşmə və bütövləşməni nəzərdə tutursa, digər tərəfdən, Azərbaycan dilinin bir dövlət dili olaraq inkişafını və ölkə miqyasında, bütün fəaliyyət sahələrində mövqeyinin möhkəmlənməsini ortaya qoyur.
Bu, bir danılmaz faktdır ki, XX əsrin II yarısında Azərbaycan dilinin dövlət dili kimi rəsmləşdirilməsi, hərtərəfli inkişafı, qorunması, diplomatiya aləminə yol açması, fəaliyyət dairəsinin genişlənməsi kimi tarixi missiyanın yerinə yetirilməsində ümummilli lider Heydər ƏIiyevin müstəsna rolu olmuşdur. Azərbaycan dilinin keşiyində durmaq Heydər ƏIiyevin məqsədyönlü fəaliyyətinə çevrilmişdir. Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra məhz Azərbaycan dili siyasi elitanın dilinə çevrilməyə başladı.
Hər bir xalqın milli – mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Ana dilimiz dövlət rəmzləri olan himn, gerb, bayraq kimi müqəddəşdir.
Hakimiyyətdə olduğu müddət ərzində Heydər Əliyev Azərbaycan dilini milli mənliyin əsas məsələsi kimi daim ön plana çəkirdi. Hələ 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Heydər Əliyevin böyük cəsarəti sayəsində Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. 1995-ci ildə qəbul edilmiş Əsas Qanunumuzda Azərbaycan dili dövlət dili kimi yenidən təsdiqləndi. 2001-ci il iyunun 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Fərmanda dilimizin tarixi inkişafı ərzində əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sayəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları açıqlanmışdır. 2001-ci il iyulun 4-də isə ana dilinin tətbiqi məsələlərinin həyata keçirilməsinin təmin olunması məqsədi ilə Dövlət Dil Komissiyası yaradıldı. 2001-ci il Heydər Əliyev tərəfindən “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” təsis edilib. Fərmana əsasən, artıq neçə ildir ki, Azərbaycanda 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Dövlət dilinin tətbiqi işinin əməli şəkildə həyata keçirilməsini təmin etmək məqsədi ilə 30 sentyabr 2001-ci ildə respublika Prezidentinin təsdiq etdiyi Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir.
Ulu öndər nəinki Azərbaycan dövlət quruculuğunun təməl daşlarını düzmüş, bu sahədə qarşıda duran perspektivləri müəyyənləşdirmiş, həmçinin onları həyata keçirə biləcək layiqli davamcı da yetişdirmişdi. Bu şəxsiyyət Heydər Əliyev məktəbinin məzunu, praqmatik siyasətci, ümummilli liderin ideyalarının həyata keçirilməsinin ən etibarlı qarantı olan möhtərəm Prezidentimiz İlham Əliyevdir. Müasir dünyanın bu mürəkkəb və ziddiyətli zamanı axınında, dünyada ikili standartların, ayrı-seçkiliklərin hökm sürdüyü bir dövrdə ölkəmizdə qorunub saxlanılan stabilliyin, uğurlu inkişafın, nailiyyətlərin sükanını əlində möhkəm saxlayan Prezidentimiz xalqımızı daha yüksək firavanlıq hədəflərinə doğru aparmaqdadır.
21 iyul 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin təmirdən sonrakı açılışında Prezidentimiz İlham Əliyev demişdir: “Çox şadam ki, Azərbaycan cəmiyyətində ümummilli ideya ətrafında bütün cəmiyyət səfərbər olunub, cəmiyyət azərbaycançılıq ideyası uğrunda, dövlətçilik ideyası uğrunda müstəqillik ideyası uğrunda və müstəqil həyat ideyası uğrunda birləşibdir”.
Fikrimi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, AMEA-nın akademiki Ramiz Mehdiyevin “V Bakı Beynəlxalq Humanitar Forumu cəmiyyətin hansı istiqamətdə hərəkət etdiyini anlamağa imkan verən dünya miqyaslı məkandır” adlı məqaləsindəki aşağıdakı fikirləri ilə tamamlamaq istərdim: “Gənc müstəqil ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə keçid dövrünün çətinliklərini inamla dəf edərək ictimai-siyasi inkişafın, iqtisadiyyatın modernləşdirilməsinin, Azərbaycan xalqının milli mənlik şüurunun yüksəlməsinin yeni fazasına qədəm qoyub. Yeniləşməkdə olan cəmiyyətimiz öz dinamizmi ilə xoşbəxt gələcəyə – XXI əsr dünyasına istiqamətlənib”.
Əyyub Kərimov,
Azərbaycan Texniki Universiteti ictimai fənlər kafedrasının dosenti,
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.