Heydər Əliyev Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğunun banisidir

Hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün tarixi şans, milli iradə və güclü liderə malik olması mühüm rol oynayır. Xalqımızın xoşbəxtliyi ondadır ki, Tanrı ona Heydər Əliyev kimi nurlu şəxsiyyət, dərin zəka sahibi olan ictimai-siyasi xadim bəxş etmişdir. Ümummilli lider respublikamıza rəhbərlik etdiyi hər iki tarixi dönəmdə qəbul etdiyi müdrik qərarlar sayəsində xalqını uca məqamlara yüksəldə bilmişdir. Belə ki, ötən əsrin ortalarında Azərbaycanı geridə qalmış aqrar respublikadan sürətlə inkişaf edən bir məmləkətə çevirən Heydər Əliyev əsrin sonlarında müstəqilliyə qovuşan ölkəmizin  sarsılmazlığını, əbədiliyini, dönməzliyini təmin etmişdir.

Azərbaycan dövlətçiliyinin müasir tarixinə adını əbədi həkk etmiş bu nadir şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Heydər Əliyevin ən böyük xidməti xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda, dövlət müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Ümummilli lider 1993-cü ildə xalqın təkidli çağırışına cavab verərək ,hakimiyyət sükanına keçdikdən sonra ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərpa etmiş, eyni zamanda, insan hüquq və azadlıqlarının təminatına xidmət edən hüquqi islahatların müəllifi olmuşdur.

Ulu öndərin böyük uzaqgörənliyinin və siyasi iradəsinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verməklə, Azərbaycanda hüquqi islahatların yeni mərhələdə aparılmasına da geniş imkanlar açmışdır. Böyük strateqin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır.

    Konstitusiyada əksini tapmış müddəaların üçdə ikisinin sırf insan hüquqları ilə bağlı olması da ulu öndərimizin insan hüquqlarına necə böyük həssaslıqla yanaşmasının bariz nümunəsidir. Əsas Qanunumuzda əksini tapmış insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası da ulu öndər Heydər Əliyevin necə böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü təsdiqləyir. Bu humanizmin nəticəsidir ki, respublikamızda əfv fərmanlarının imzalanması, məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və insan kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də onun yeritdiyi siyasətin yüksək humanizm və insanpərvərlik prinsiplərinə əsaslanması olmuşdur. 1995-2003-cü illər ərzində Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3091 məhkuma şamil edilmişdir. Ulu öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə 8 amnistiya haqqında qanun imzalamış, 31 mindən artıq məhkum azadlığa buraxılmış və yaxud cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır. Bu addımlar ciddi tərbiyəvi əhəmiyyət daşımaqla, cəmiyyətdə рак mənəvi dəyərlər, humanizm hissi aşılamış, ölkədə cinayətkarlığın dinamikasının azalmasını təmin etmişdir

Heydər Əliyevin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa əsaslanmaqla humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsi idi.  Təsadüfi deyil ki, ulu öndər 3 fevral 1998-ci il tarixli müraciətində deyirdi: “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolunda olduğunu bir daha sübut etdi. Müqayisə üçün bildirək ki, o vaxt hətta Avropa Şurasının üzvü olan bir sıra dövlətlər analoji addımı hələ atmamışdılar. Yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir. 1998-ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilmişdir.

Ümummilli lider Heydər Əliyevin ölkədə demokratiyanın inkişafı baxımından ən böyük xidmətlərindən biri də məhkəmə orqanlarının müstəqilliyinin təmin edilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsidir. Böyük öndərin 1998-ci il 1 dekabr tarixdə imzaladığı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsi barədə fərmanı respublikamızda yeni məhkəmə sisteminin formalaşmasına mühüm töhfə olmuşdur. Qanun ədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərinin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından olduqca mühüm əhəmiyyət daşımışdır. Məhkəmə fəaliyyətinin hüquqi əsaslarını və ədalət mühakiməsinin daha səmərəli təşkili qaydalarını özündə ehtiva edən qanunda hakim vəzifəsinə seçkilərlə bağlı bir sıra zəruri tələblər də əksini tapmışdır. İnamla demək olar ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlət başçısı səlahiyyətlərinin icrasına başladığı ilk gündən demokratikləşməyə və insan hüquq və azadlıqlarının təminatına xidmət edən islahatların davam etdiriləcəyini vurğulamış, bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirmişdir. Ötən müddətdə ölkəmizin məhkəmə- hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər görülmüşdür.

Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan ədliyyəsinin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yarandığı gün təsis edilmiş Ədliyyə Nazirliyinin dövlət strukturu kimi təşəkkül tapması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilərək ədliyyə işinin təkmilləşdirilməsi, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılması ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş və Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmışdır. 1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilmiş, ədliyyə sisteminin yeniləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edilmiş, ən əsası isə ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaranmışdır.

Ədliyyə Nazirliyinin Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonrakı inkişafı da məhz görkəmli dövlət xadimi və ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai münasibətlərin xarakterinin dəyişməsi, hüquqi dövlət quruculuğu һəуаtımızın bütün sahələrində olduğu kimi, hüquqi sahədə də demokratik islahatların həyata keçirilməsini zəruri etmişdir. Yeri gəlmişkən, demokratik prinsiplərin, humanist dəyərlərin və insan hüquqlarının ön plana çəkildiyi müasir zamanda һəг bir ölkənin dövlət və ictimai həyatında ədliyyə orqanları mühüm yer tutur. İslahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər görülmüş, Ədliyyə Nazirliyinin üzərinə yeni vəzifələr qoyulmuş, nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir. Görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun olan inkişaf yoluna qədəm qoymuş, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi üçün bir çox normativ sənədlər qəbul edilmişdir. Ümummilli liderimiz Heydər Əliyev yenidən Azərbaycana hakimiyyətə qayıtdıqdan sonra dövlətin cəza siyasətində də islahatlara başlanıldı və ilk olaraq cəzaçəkmə müəssisələri Ədliyyə Nazirliyinin tabeliyinə verildi. Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur.

Ulu öndərin ədliyyə sistemində fəaliyyətin mövcud tələblər səviyyəsində qurulması üçün məqsədyönlü xidmətləri hazırda öz bəhrələrini verməkdədir. Ölkədə həyata keçirilən effektiv hüquqi islahatlar kursunu uğurla davam etdirərək müasir dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən  möhtərəm Prezidentimiz cənab İlham Əliyev qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş və həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur.

Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdən ibarətdir. Bu gün xalqımız ümummilli lider Heydər Əliyevin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə başa çatdıracaq, ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirəcəkdir.

Cəmaləddin RÜSTƏMOV,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Sumqayıt Şəhər 4 saylı Notariat Kontorunun notariusu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında