Müstəqil, qüdrətli Azərbaycanın memarı

Bəşəriyyətin çoxəsrlik tarixi təcrübəsi sübut edir ki, dərin zəka sahibi, mahir idarəçilik qabiliyyətinə malik lideri olan dövlətlər və millətlər yüksək inkişaf yolu keçməyə, tarixi uğurlar əldə etməyə müvəffəq olurlar. Belə liderlər xalqımızın tarixində də yetişmiş və onlar Azərbaycanımızın inkişafında, dövlətçiliyimizin yaranıb möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında əhəmiyyətli rol oynamışlar. Onların arasında öz işıqlı   əməlləri ilə xalqı müstəqilliyə qovuşdurmuş, dövlətçiliyimizin daha da möhkəmlənməsində mühüm xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin adı xüsusi qürur hissi ilə çəkilir. Azərbaycanın tarixi şəxsiyyətlərinin fövqündə yer alan bu dahi insanın xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir.

Otuz  ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və Vətənini canından artıq sevən ən böyük azərbaycanlı, şərəfli adı bizim üçün əziz və unudulmaz olan Heydər Əliyevlə bağlı olmuşdur. Bu illər xalqımızın milli mənlik şüurunun oyanışı, azadlıq və müstəqillik hissinin güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının vüsətli dirçəlişi ilə əlamətdar olmuşdur. Bütün həyatını,  siyasi fəaliyyətini xalqının və Vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaraq misilsiz irəliləyişə nail olmuşdur.

1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikamızın tarixində, xalqımızın taleyində ciddi dönüşün  əsası qoyuldu. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş İttifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ ötən əsrin 70–80-ci illərində təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır. Bir sözlə, Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq artıq əbədiyaşarlıq qazanmışdır. Müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesində ölkədə əvvəllər yaradılmış iqtisadi, elmi-texniki potensialın müstəsna əhəmiyyəti Heydər Əliyev tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir. O, haqlı olaraq bidirirdi ki, Azərbaycanda müstəqilliyə qədərki dövrdə əldə edilən iqtisadi potensial, infrastruktur, elm və təhsilin inkişafı, müxtəlif sahələrdə çalışan yüksək ixtisaslı kadrlar olmasaydı, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı.

Ötən əsrin sonlarında Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra respublikamızda cərəyan edən siyasi proseslər gələcək üçün yaxşı heç nə vəd etmirdi. Belə ki, müstəqilliyinin ilk illərində hakimiyyətdə xalqın etimad göstərdiyi, ümid bəslədiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində ciddi problemlər yaratmışdır. Belə bir böhranlı və ağır şəraitdə Azərbaycanı fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə qüvvə məhz xalqın inam və etimad bəslədiyi ulu öndər Heydər Əliyev idi.

Həmin çətin günlərdə xalqın təkidli xahişini nəzərə alan ümummilli liderimiz xilaskarlıq missiyası ilə paytaxta gəlməyə razılıq verdi. Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində milli dövlətçiliyimizin itirilməsi təhlükəsi qısa müddətdə aradan qaldırıldı, cəbhədə atəşkəsə nail olundu, daxili sabitlik bərqərar edilərək ölkəni bürümüş hərtərəfli tənəzzülün qarşısı alındı. Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin titanik siyasi fəaliyyətinin nəticəsi, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıdışının bəhrəsidir. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.

Ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılması oldu. Belə ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə yazıldı. Böyük öndərimiz əmin idi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda  Əsas Qanunun rolu qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı.

Heydər Əliyevin ölkə iqtisadiyyatında köklü dəyişikliyə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə məhz atəşkəsdən sonra başlanıldı. 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan ilk neft sazişi imzalandı. Lakin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın bünövrəsinin qoyulması Azərbaycanı yenidən anarxiya və başıpozuqluq girdabına salmağa çalışan bəzi daxili və xarici qüvvələrin ciddi müqaviməti ilə üzləşdi. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlər göstərilməsi müstəqil dövlətçiliyimiz üçün növbəti sınaqlar oldu. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini qızğın şəkildə dəstəkləməsi nəticəsində bu təhlükəli cəhdlərin də qarşısı alındı, ölkədə hakimiyyəti zor və silah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyuldu.

Yeri gəlmişkən, Azərbaycan üçün əsl sınaq dövrü kimi xarakterizə olunan həmin dövrdə xalqın daha mütərəqqi hissəsini, qabaqcıl ziyalılarını və siyasətçilərini birləşdirən Yeni Azərbaycan Partiyası artıq formalaşmağa və xalqın böyük əksəriyyətini bilavasitə Heydər Əliyev kimi görkəmli siyasi xadimin ətrafına toplamağa nail olmuşdu. 1992-ci ilin noyabrında Naxçıvanda yaradılmış Yeni Azərbaycan Partiyasının məqsəd və vəzifələri hər bir Azərbaycan vətəndaşının arzu və istəklərini özündə əks etdirirdi. Bu gün biz Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə ulu öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Heydər Əliyevin qurmaq istədiyi, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıyıq.

Azərbaycanın böyük tarixi şəxsiyyəti, ümummilli lider Heydər Əliyevin ideyaları XXI əsrdə onun layiqli varisi cənab İlham Əliyev və ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə həyata keçirilən səmərəli iqtisadi islahatlar kursunu uğurla davam etdirərək, dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev hələ son prezident seçkiləri ərəfəsində verdiyi bütün vədləri böyük səylə, ardıcıl və sistemli surətdə yerinə yetirmişdir. Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, ölkənin milli mənafelərini əks etdirməsi ölkəmizin hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan cənab İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır.

Hazırda dünyanın ən sabit və dinamik inkişaf edən dövlətləri ilə bir sırada yer alan Azərbaycanın qazandığı heyranedici nailiyyətlərdə tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası da müstəsna rol oynamışdır. Milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını  ifadə edən  vahid və  avanqard siyasi qüvvə kimi formalaşan YAP siyasi sistemin mütəmadi inkişafına özünəməxsus töhfələr vermişdir. Həyat çoxdan sübuta yetirib ki, ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır.  Ötən müddətdə yüksək nüfuz qazanmış Yeni Azərbaycan Partiyası siyasi mübarizələrlə dolu şərəfli bir yol keçmişdir. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini vermiş və bundan sonra da verəcəkdir.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə genişlənir. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına cəmiyyətdə olan dərin inamdan və ehtiramdan irəli gəlir. Artıq monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilata çevrilən, öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirir.

Yeri gəlmişkən, ulu öndər Heydər Əliyev hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi  Komitəsinin birinci katibi işləyərkən 1979-cu ilin fevral ayında Bakının Əzizbəyov rayonuna səfəri zamanı Artyom–indiki Pirallahı qəsəbəsinə də gəlmiş, buradakı sənaye müəssisələrinin fəaliyyəti ilə tanış olmuş, "Artyomneft"in (indiki "Abşeronneft" NQÇİ) hasilat sexlərində neftçilərlə görüşmüşdür. Azərbaycan neftinin ən çox neft hasil edildiyi Pirallahı, Neft Daşları və Çilov qəsəbələrinə diqqət və qayğı Azərbaycanın müstəqilliyi dövründə də davam etmişdir. Elə 2012-ci il dekabr ayının 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən, Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması da məhz bu diqqət və qayğının nəticəsidir. Yarandığı gündən etibarən rayon ərazisində, xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində sürətli abadlıq-quruculuq işlərinə başlanmış, bir sıra nazirlik, dövlət komitəsi və ictimai birliklərin rayon şöbələri təsis olunmuşdur.

Yarandığı gündən etibarən rayonda sosial infrastrukturun inkişafı,  əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin artırılması istiqamətində mühüm işlər görülüb, qaz və işıq xətləri yenilənib, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına diqqət xeyli artırılıb. Pirallahıya çəkilən yeni su xəttinin istifadəyə verilməsi nəticəsində  rayon əhalisi fasiləsiz içməli su ilə təmin olunub. İqtisadi inkişafın bariz göstəricisi olan yol infrastrukturu sahəsində görülən işlər də rayon sakinlərinin hədsiz sevincinə səbəb olub. Məlum olduğu kimi, rayon mərkəzini Bakı şəhəri ilə birləşdirən Qala-Pirallahı magistralının son mərhələsi olan  8,5  kilometrlik yol və adanı Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisi sakinlərin Bakı şəhərinin mərkəzinə və ətraf qəsəbələrə rahat çıxışına şərait yaradıb.

     Rayonun sənaye potensialının artırılması istiqamətində də mühüm işlər həyata keçirilir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 14 sentyabr tarixli sərəncamı ilə Pirallahı Sənaye Parkı yaradılıb. Bundan da məqsəd ölkədə qeyri-neft sənaye sahələrinin davamlı inkişafını təmin etmək, sənaye sahəsində sahibkarlığı dəstəkləmək, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasını təşkil etməkdir. Hər cür zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan Pirallahı Sənaye Parkı müasir texnologiyaların tətbiqi yolu ilə sənaye, o cümlədən əczaçılıq sənayesi üzrə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi, habelə emal müəssisələrinin yaradılmasına mühüm töhfələr verəcək.      

Pirallahı rayonunda infrastrukturun yaxşılaşdırılması, sənaye potensialının yaradılması ilə yanaşı, abadlıq-quruculuq  sahəsində də mühüm işlər görülüb. Ötən müddətdə yeni istirahət parkları salınıb,  burada sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahət səviyyəsinin artırılması üçün hərtərəfli şərait  yaradılıb. Bundan əlavə, gənclərin fiziki hazırlığının artırılması və sağlamlığının möhkəmləndirilməsi məqsədilə mini-futbol meydançaları və idman guşələri salınıb. Rayonda yaşıllaşdırma sahəsində görülən işlər də zövq oxşayır. Yaşıllıq zonalarının salınması, yüz minlərlə küknar, zeytun və meyvə ağaclarının əkilməsi ekoloji sistemin yaxşılaşdırlması ilə yanaşı, rayon mərkəzi olan Pirallahı və Gürgən qəsəbələrinə xüsusi yaraşıq verir.

Əhalisinin sayı cəmi 20,2 min nəfər təşkil edən rayonda aparılan abadlıq quruculuq işlərində, mədəni-kütləvi tədbirlərin keçirilməsində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı da fəallığı ilə seçilir. 2013-cü il iyulun 15-də təsis olunmuş Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı qısa zaman ərzində üzvlərinin sayını 2 mindən 5 minə çatdırmışdır ki, onların da əksəriyyətini  gənclər təşkil edir.

Hikmət ŞİKAROV, 
YAP Pirallahı rayon təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında