Gələn il biz “Bakı prosesi”nin 10-cu ildönümünü qeyd edəcəyik. Azərbaycan hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən mədəniyyətlərarası dialoq sahəsində liderlik xidmətlərinə görə “Bakı Prosesi Mükafatı”nın təsis edilməsi təşəbbüsü irəli sürülüb ki, həmin mükafat mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqində olduqca fəal rol oynamış şəxslərə təqdim ediləcəkdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti,
Bakı, 5 may 2017-ci il
Fikrimizcə, Dağlıq Qarabağ münaqişəsi kimi həlli düyünə düşmüş problemi olan bir ölkənin istənilən vətəndaşı bu xəbəri eşidəndə məmnunluq hissi keçirmiş, xarici siyasətimizin təməl prinsiplərini hazırlamış ulu öndərimizə rəhmət oxumuşdur. Çünki adıçəkilən münaqişənin kökündə düşmənlərimizin Azərbaycan xalqı haqqında uydurduğu cəfəng və böhtanlar dayanırdı. Onlar bütün dünyanı inandırmağa çalışırdılar ki, azərbaycanlılarla bir yerdə yaşamaq mümkün deyil. “Bakı prosesi” isə sübut etdi ki, nəinki azərbaycanlılarla bir məkanda yaşamaq olar, hətta bu xalqın milli, dini dözümlülüyünü bütün dünya üçün nümunə də göstərmək olar. Doğrudur, ermənilərin himayədarları da çoxdur, dünyada ikili standartlardan öz marağı üçün istifadə edənlər də. Azərbaycanın isə işi haqq, mübarizəsi ədalətli, tutduğu yol həqiqət yoludur. “Bakı prosesi” bu haqqın, ədalətin və həqiqətin təsdiqi kimi dünyanın hər yerində müsbət qarşılandı.
Bəs “Bakı prosesi” nədir? Məlum olduğu kimi, bu ideya Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.
Prezident İlham Əliyevin 2008-ci ilin noyabrında imzaladığı sərəncama uyğun olaraq, həmin il dekabrın 2-3 də Bakıda Avropa Şurası üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilmiş və bununla da “Bakı prosesi”nin əsası qoyulmuşdu. Bu təşəbbüs sonrakı illərdə özünün çoxsaylı təəssübkeşini tapmış və qlobal prosesə çevrilmişdir. “Bakı prosesi” dünyanı narahat edən qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrilib. Burada dünyanın bir çox ölkələrindən məşhur siyasətçilər, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, nüfuzlu ictimai-siyasi xadimlər bir araya gəlir və dünyanı narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparır, yaranmış problemlərin həlli yollarını axtarırlar.
Ötən ayın əvvəlində Azərbaycan paytaxtında keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun sessiyalarında dünyanı ən çox narahat edən qlobal problemlər, bəşəriyyətin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən məsələlər, insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi və digər məsələlər müzakirə olunub. Həmin forum göstərib ki, “Bakı prosesi” getdikcə daha geniş məsələləri əhatə edir, beynəlxalq aləmdə nüfuz sahibi olan iştirakçıların sayı artır. Bu, onu göstərir ki, dünyanı narahat edən problemlərin dinc yolla, danışıqlar vasitəsilə həllini tapmaq mümkündür. Forum iştirakçıları dönə-dönə deyirdilər ki, dünyada bu dəyərlərə inanan qüvvələr daha çoxdur. Azərbaycanın bir dövlət olaraq bu proseslərin fəal iştirakçısı, təşkilatçısı kimi beynəlxalq aləmdə nüfuzu getdikcə daha da artır.
“Bakı prosesi” çərçivəsində keçirilən forumların gündəliyindəki məsələləri xatırlatdıq. İndi götürüb BMT başda olmaqla istənilən mütərəqqi beynəlxalq təşkilatın nizamnamə və ya əsasnaməsinə nəzər salsaq, görərik ki, həmin məsələlərin hamısı beynəlxalq təşkilatların da daim diqqət mərkəzindədir. Bu isə o deməkdir ki, Azərbaycan dövləti özünün xarici siyasətini sırf öz maraqları üçün deyil, bilavasitə bəşəri dəyərlərin qorunub saxlanılması, mədəniyyətlərin inkişaf etdirilməsi, birgəyaşayış imkanlarının genişləndirilməsi prinsipləri əsasında qurub.
Bu məqamda xüsusilə vurğulanmalı faktlardan biri də odur ki, “Bakı prosesi”nə start verildiyi tarixdən bu günə qədər həmin təşəbbüsün tərəfdarları gündən-günə artmaqdadır. Bunu paytaxtımızda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında geniş nitq söyləyən Prezident İlham Əliyev daha aydın şəkildə ifadə etmişdir: “Biz fəxr edirik ki, forumun tərəfdaşlarının, həm də təşkilatçı qurumların sayı artmaqdadır. Azərbaycan hökuməti bu forumu UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, ISESCO, Avropa Şurası, Dünya Turizm Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birlikdə təşkil etmişdir. Əminəm ki, forum çərçivəsində aparılacaq müzakirələr və fikir mübadiləsi mədəniyyətlərarası dialoqun təşviqinə töhfə verəcəkdir”.
Bu, bir faktdır ki, ölkəmizin xarici siyasətində bu qəbildən olan tədbirlərə xüsusi önəm verilir. Məsələn, Azərbaycan artıq 5 dəfə Beynəlxalq Humanitar Forum təşkil edib, bir neçə il əvvəl Dünya Dini Liderlərinin Zirvə görüşü Bakıda keçirilib. Ötən il Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna uğurla ev sahibliyi edib. Nəhayət, bu ilin mayında 4-cü dəfə mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunub.
Xatırladaq ki, ölkəmizin sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşməsi Azərbaycan dövlətinin üzərinə xüsusi öhdəliklər qoyur və dövlətimiz həmin vəzifələrin öhdəsindən kifayət qədər ustalıqla gəlir. Məsələn, Azərbaycan rəsmiləri 2008-ci ildə Bakıda Avropa Şurası ölkələrinin nazirlərinin toplantısını təşkil edərkən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müvafiq nazirlərini də dəvət etmişdilər. Yəni, ilk dəfə idi ki, belə böyük tədbir təşkil edilmiş və 100-dən artıq dövlətin nümayəndələri mədəniyyətlərarası münasibətlər mövzusunu müzakirə etmək üçün bir araya gəlmişdilər.
Ölkəmiz 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi nazirlər səviyyəsində toplantıya ev sahibliyi edərkən isə Avropa Şurasına üzv dövlətlərin nazirlərini Bakıya dəvət etmişdi. Sonradan “Bakı prosesi” adlandırılan bu bu format Azərbaycana böyük üzağlığı gətirmişdir.
Rəsmi Bakının xarici siyasətinin tərkib hissələri olan bu səylər və çağırışlar nədən qaynaqlanır? Təbii ki, müasir dünyada gedən ictimai-siyasi proseslərə adekvat cavab vermək zərurətindən. Xüsusən, beynəlxalq aləmdə tüğyan edən terrorçuluq, təxribatçılıq və seperatçılıq kimi mənfi təzahürlərə qarşı hamılıqla, birgə mübarizə aparmaq istəyindən. Bu məsələyə Azərbaycan Prezidentinin münasibəti olduqca maraqlıdır: “Təəssüf ki, terrorçuluqdan ən çox əziyyət çəkən məhz elə müsəlman dövlətləridir. Azərbaycan İslam dəyərlərinin təbliği baxımından çox vacib rol oynayır. Biz Avropa paytaxtlarında müxtəlif beynəlxalq tədbirlər – təqdimat və sərgilər təşkil edərək qədim İslam mədəniyyətini təbliğ edirik. Azərbaycan islamofobiya və İslamı terrorçuluqla əlaqələndirmə əleyhinə ən fəal mübarizə aparan ölkələrdəndir. Yəni, regionumuzu daha təhlükəsiz etmək üçün bizim müsəlman dünyasında birliyə ehtiyacımız var. Eyni zamanda, gərginliyin azaldılması üçün bizim İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təsisatlar arasında əlaqələndirməyə ehtiyacımız var”.
Fikrimizcə, məhz elə dövlət rəhbərliyimizin bu səylərinin, təşəbbüs və təkliflərinin, eləcə də ölkə daxilində aparılan dərin islahatların nəticəsi idi ki, bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycana səs verərək onu BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçmişdi.
Sözsüz ki, xarici siyasətimizin uğurları nə qədər çox olsa da, qarşıda duran vəzifələr ondan da çoxdur. Dövlət başçımız İlham Əliyev həmin məqamı 28 May Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində daha aydın ifadə edib: “Azərbaycanda daxili risk mənbələri mövcud deyil. Mümkün olan risklər xaricdə formalaşır. Belə olan halda biz ölkəmizi bundan sonra da xarici risklərdən qorumalıyıq, həm fiziki nöqteyi-nəzərdən, eyni zamanda, düzgün siyasət aparmaqla”.
Bəli, düzgün siyasət aparılmasının nəticəsidir ki, 1993-cü ilin yayından etibarən inkişafda olan, yeni əsrin ilk illərindən sonra isə daha böyük uğurlara imza atan Azərbaycan Respublikası artıq regionun lider ölkəsinə, dünyanın isə sözü eşidilən, səsi hamıya çatan, BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq qurumun iclaslarına sədrlik edən dövlətlərindən birinə çevrilib.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.