1993-cü il iyunun 13-də Heydər Əliyevin Gəncəyə səfəri məkrli niyyətləri iflasa uğratdı

SSRİ-nin süqutundan sonra  dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanda ilk vaxtlar  yaranmış özbaşınalıq və anarxiyadan istifadə edən bəzi vəzifəli şəxslər ətrafına topladıqları qeyri-qanuni silahlı qruplaşmalar vasitəsilə süni qarşıdurmalar yaradır,  hakimiyyəti ələ almaq üçün müxtəlif vasitələrə əl atırdılar. Həmin vaxt ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı vəziyyəti getdikcə gərginləşdirirdi. AXC-Müsavat cütlüyü hakimiyyəti ələ aldıqdan sonra  baş verən proseslər və silahlı qarşıdurmalar  Azərbaycanı ikinci dəfə qazandığı müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qoydu. Bir-birinin ardınca buraxılan  kobud səhvlər və respublikada birincilik davası  sosial-iqtisadi vəziyyəti gərginləşdirir, qarşıdurmanı daha da gücləndirir və müstəqilliyimizi məhvə yaxınlaşdırırdı. Təəssüf doğuran hallardan biri də bu səriştəsizliyin cəbhə bölgəsində də özünü açıq şəkildə büruzə verməsi idi.

1993-cü il iyun ayının əvvəllərində hadisələr artıq  kulminasiya nöqtəsinə çatdı.  Həmin günlər müstəqillik  tariximizin ən ağır səhifələrindən biri kimi yadda qaldı. Çünki  mərd, qorxmaz və vətənpərvər oğul və qızlarımızın qanı bahasına qazandığımız müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Demək olar ki, hər gün cəbhə bölgəsindən gələn bədbin xəbərlər eşidilməzliyə vurulur,  ölkədə baş verən silahlı qarşıdurma, qardaş qırğını getdikcə geniş vüsət alırdı.

Hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində 1993-cü il iyun ayının əvvəllərində hadisələr kulminasiya nöqtəsinə çatdı, silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı və siyasi böhran ölkəni bürüdü. Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin vaxt Gəncədə baş qaldırmış silahlı qarşıdurma vəziyyəti getdikcə ağırlaşdırırdı. Bu problem1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat-istintaq komissiyasının hazırladığı qərarda da öz əksini tapmışdı. Komissiyanın arayışında qeyd olunurdu ki, 1993-cü il iyunun 4-də Gəncədə baş vermiş faciə əvvəlcədən hazırlanmış, cinayətkar hərbi əməliyyatların ağır nəticəsidir. Deputat-istintaq komissiyasının materiallarından və rəydən, Milli Məclisin iclaslarındakı  çıxışlardan və ümumiyyətlə, müzakirələrdən aydın olmuşdur ki, Gəncə hadisələri Azərbaycanın o vaxtkı  Prezidentinin və onun ətrafındakıların səriştəsizliyinin nəticəsi idi.

Azərbaycan tarixində mənəvi tənəzzül və xəyanət mərhələsi kimi yadda qalan 1988-1993-cü illərdə ölkəmizin iqtisadiyyatı dağıdılır, mənəvi sərvətləri məhv edilir, ­torpaqlar düşmənə satılırdı. Gəncədə və ətraf rayonlarda ictimai-siyasi şərait daha gərgin idi. İnsanlarda qorxu, inamsızlıq hissləri yaranmışdı. Bunun əsas səbəblərindən biri  belə bir vaxtda  respublikada prezidentliyə daha bir iddialının peyda olması idi. Bu, AXC-nin yetirməsi, Prezident Əbülfəz Elçibəyin fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş və Prezidentin Dağlıq Qarabağda səlahiyyətli nümayəndəsi təyin edilmiş Surət Hüseynov idi. O,  AXC-Müsavat iqtidarının istefasını tələb edən ultimatum vermişdi. Ordunun bir qismi onun nəzarətində idi. O, həmin qüvvələrlə sərhədlərimizi qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək əvəzinə, Bakını ələ keçirmək, hakimiyyətə yiyələnmək barədə düşünürdü. Hərbi-siyasi məsələlərdən başı çıxmayan  o vaxtkı bacarıqsız hökumət rəhbərliyinin Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissəsinin tərksilah edilməsi ilə bağlı həyata keçirdiyi əməliyyatın uğursuzluqla nəticələnməsi, iqtidarın onsuz da sarsılan mövqelərini heçə endirdi.

Bütün bunlar Gəncədə baş verən hadisələrlə – qanlı toqquşmalarla, insan tələfatı ilə nəticələndi. Hər iki tərəf itki vermiş,  Azərbaycanda qardaş qanı axıdılmış, ölkəmiz vətəndaş müharibəsi həddinə çatmışdı. Surət Hüseynov isə  xarici havadarlarının diktəsi ilə silahlı mübarizəsini davam etdirir,  respublikada hakimiyyəti ələ keçirmək  niyyətindən əl çəkmək istəmirdi.

Təəccüblüsü o idi  ki, 1993-cü ilin  iyununda Gəncə şəhərində qardaş qırğını baş verdiyi halda, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy, Ali Sovetin sədri İsa Qəmbər, baş nazir Pənah Hüseynov, dövlət katibi Əli Kərimov və respublikanın digər rəhbər vəzifəli şəxsləri qorxularından hadisə yerinə getməmişdilər.

Ölkədə yaranmış silahlı qarşıdurma hamının narahatlığına səbəb olmuşdu. Belə bir şəraitdə çıxılmaz vəziyyətə düşmüş AXC – Müsavat  iqtidarının nümayəndələri nə edəcəklərini bilmirdilər. Xalq isə yaranmış vəziyyətdən xilas yolunu ulu öndər Heydər Əliyevə müraciət etməkdə görürdü. Bundan əvvəl də Heydər Əliyevə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri müraciət etmişdilər, xalqı arxasınca apara biləcək Yeni Azərbaycan Partiyası yaradılmışdı. Bu partiyanın sədri müdrik şəxsiyyət Heydər Əliyev olduğundan insanlar böyük həvəslə təşkilata üzv olur, bununla da Heydər Əliyevə olan inam və etimadlarını nümayiş etdirirdilər. Hamıda bir ümid yaranmışdı: ölkəni xaos və anarxiyadan, qardaş qırğınından yalnız Heydər Əliyev xilas edə bilər.

Vəziyyətin getdikcə ağırlaşdığını görən AXC - Müsavat iqtidarı ölkəni yaranmış böhrandan və silahlı qarşıdurmadan xilas etmək üçün ulu öndər Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı. Əslində, onlar Surət Hüseynovdan canlarını qurtarmaq istəyirdilər. Həmin vaxt Gəncənin bütün əhalisi də gözünü yalnız Naxçıvana dikmişdi və hakimiyyətdə təmsil olunan qaragüruhçuların törətdikləri “ölüm, ya olum” vəziyyətindən qurtuluş üçün yalnız Heydər Əliyevin siyasi hakimiyyətə gətirilməsini tələb edirdilər.

Gəncə şəhərində Surət Hüseynovun başçılığı ilə hakimiyyətə qarşı baş qaldıran silahlı münaqişə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsini artıq reallaşdırmışdı. Xalqın Heydər Əliyevin hakimiyyətə gətirilməsi istəyi ilə ayağa qalxması sözün həqiqi mənasında milli hərəkata çevrildi. AXC – Müsavat iqtidarı ulu öndəri rəsmən Bakıya dəvət etməyə məcbur oldu.

Azərbaycanın hər guşəsini, hər qarış torpağını özünə daim əziz və doğma bilən ulu öndər Heydər Əliyev belə çətin məqamda Bakıya gəldi.

1993-cü il iyunun 13-də Milli Məclisdə Gəncə hadisələri ilə bağlı gərgin müzakirələr başlandı. Gəncədəki ağır vəziyyətə görə məsuliyyət daşıyan AXC-Müsavat iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verdi. Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri vəzifəsini Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də,  ulu öndər mövcud vəziyyəti yerində öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirdi. Əlbəttə, bu, çox riskli və qorxulu bir səfər idi. Çünki həmin vaxt Surət Hüseynovun rəhbərlik etdiyi silahlı dəstə ulu öndərə qarşı hər an sui-qəsd təşkil edə bilərdi. Sonradan  məlum oldu ki, bu səfər zamanı Heydər Əliyevin fiziki məhvi barədə cəhdlərin olması barədə düşünülübmüş.

Ulu öndərin 30 jurnalistin iştirakı ilə Gəncəyə baş tutan səfəri tədricən ölkədə yaradılmış daxili sabitliyin təməlinə çevrildi. Heydər Əliyev Gəncədə 709 saylı hərbi hissənin döyüş meydanına çevrilmiş ərazisinə baş çəkdi, şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi, yaranmış vəziyyəti gəncəlilərlə birlikdə təhlil etdi. Yerli sakinlər öz xilaskarını gül-çiçəklə, böyük hörmət və ehtiramla qarşıladılar. Əhali küçələrə çıxır, ulu öndərə inamını  nümayiş etdirir, onunla görüşür, səfərin gəncəlilərə  hədsiz sevinc bəxş etdiyini səmimiyyətləri ilə büruzə verirdilər.

Bu səfər ölkəmizi ağır faciələrdən xilas etdi. Topsuz, tüfəngsiz, cangüdənsız, mühafizəsiz, həm də olduqca çətin dövrdə, respublika rəhbərlərinin heç birinin Gəncəyə gəlmək və yaranmış vəziyyətə aydınlıq gətirmək iqtidarında olmadığı gündə, heç bir dövlət vəzifəsi olmayan, amma xalqın məhəbbətinin zirvəsində duran Heydər Əliyev öz həyatını təhlükəyə ataraq bu şərəfli və son dərəcə ağır missiyanı – qurtuluş missiyasını yerinə yetirdi. Bu riskli və təhlükəli səfər belə bir hikməti xatırladırdı: “Əsl rəhbər xalqın şad günündə də, dar günündə də onunla birlikdə olmalıdır”.

Ulu öndər, həmişə olduğu kimi, Gəncəyə və gəncəlilərə olan hörmət-ehtiramını özünəməxsus səmimiliklə ifadə etdi: “Gəncə Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən diyardır, gözəl bir şəhərdir. Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini, ədəbiyyatını, şeirini Şərq aləmində, bütün dünyada Nizami Gəncəvi ilə tanıyırlar. Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər”.

Heydər Əliyev o ağır günlərdə Gəncəyə səfər etməsi barədə jurnalistlərin sonradan ona ünvanladıqları sualları cavablandırarkən demişdir: “Əvvəla, mən Surət Hüseynovu tanımırdım, heç vaxt onun, hətta üzünü də görməmişdim. Yeri gəlmişkən, baxmayaraq ki, mənə indi məlum olduğu kimi, Surət Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır, respublika Baş nazirinin müavini, Azərbaycan Prezidentinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi idi. O, mən bilən, televiziya ilə demək olar, heç vaxt çıxış etməmişdi. Mən Naxçıvanda yaşayırdım və həmin dövr ərzində onu, hətta televiziya ekranında bir dəfə də olsun görməmişdim... Mən onu yenə də tanımırdım. Sonra – iyunun 13-də Gəncəyə gəldim və onunla ilk dəfə olaraq görüşdüm. Deməli, aramızda hansısa bir sazişin və ya hansısa dostluq münasibətlərinin olmasından söhbət gedə bilməz. Bütün gecə mən onunla danışıqlar apardım və iyunun 14-də Bakıya qayıtdım. Bundan sonra isə o, Bakıya gələnə qədər onunla telefon əlaqəsi saxladım. Aramızda heç bir saziş, heç bir dostluq əlaqəsi olmamışdır”.

Heydər Əliyevin Gəncəyə  səfəri Azərbaycanı parçalamaq, bəlalara düçar etmək, dünya xəritəsindən silmək  istəyən xəyanətkarların, antiazərbaycan qüvvələrin ümidlərini puç etdi, arzularını  ürəklərində qoydu.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi xalqın ümummilli liderin xilaskarlıq missiyasına olan ümid və inamının göstəricisi idi.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında