“Bir zolaq – bir yol”: yeni dünya nizamı və təhlükəsizlik problemləri kontekstində

Pekində böyük bir forum keçirilib. Çin rəhbərliyi 2013-cü ildə “Bir zolaq – bir yol” adlı maraqlı layihə irəli sürüb. Bunu Prezident Si Szinpin ilk dəfə Qazaxıstana olan səfərində ifadə edib. İdeya sürətlə dünyada geniş yayılıb. Doğurdan da, rəsmi Pekinin təklifində böyük bir geosiyasi məkanı əhatə edən nəhəng əməkdaşlıq potensialı mövcuddur. Eyni zamanda, bu layihə sivilizasiyalar və mədəniyyətlər arasında əlaqələri inkişaf etdirməklə birbaşa bağlıdır. Pekində keçirilən tədbirə 130-dan çox ölkədən nümayəndələrin gəlməsi bu aspektdə təəccüblü deyil. Bundan başqa, Çin rəhbəri forum çərçivəsində Pekinin 30-dan çox ölkə ilə əməkdaşlıq sənədi imzalayacağını bəyan edib. Ekspertlər buna da xüsusi önəm verirlər. Lakin məsələyə daha geniş prizmadan yanaşdıqda meydana bir sıra maraqlı suallar çıxır.

 

Çin dalğası dünyada nələri dəyişə bilər?

 

Dünya siyasətində Çin faktorunun təsirinin getdikcə artdığı hamı tərəfindən etiraf edilir. İndi ekspertlər Pekinin dünya lideri olub-olmayacağı məsələsini müzakirə edirlər. Geosiyasi proseslərin ziddiyyətləri və mürəkkəbliyi fonunda bu məsələ daha da aktuallaşıb. Xüsusilə ABŞ-Rusiya münasibətlərinin yeni bir gərginlik səviyyəsinə yüksəlməsi Çinin bu rəqabətdə hansı mövqe tutacağına marağı çoxaldıb. May ayının 14-15-də Pekində “Bir zolaq – bir yol” forumunun keçirilməsi vurğulanan kontekstdə ekspertlərin diqqətini çox çəkib.

Tədbirin açılışında çıxış edən Çinin dövlət başçısı Si Szinpin, ümumiyyətlə, bu ideyanın əsas qayəsini ifadə edib. Si Szinpinin layihənin konseptual və strateji aspektlərindən bəhs etməsi ciddi əks-səda doğurub. Çin rəhbəri bu layihənin sadəcə ticari-iqtisadi və ya nəqliyyat sahəsində geniş əlaqə şəbəkəsi yaratmaqla məhdudlaşmadığını ayrıca vurğulayıb. Burada başlıca məqam onun bir sivilizasiya hadisəsi olduğunu qəbul etməklə bağlıdır.

Bu kontekstdə Si Szinpin deyib: “Biz müxtəlif ölkələrin parlamentləri, siyasi partiyaları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı gücləndirməliyik... Biz, həmçinin, beynəlxalq antikorrupsiya əməkdaşlığını gücləndirməliyik ki, “Bir zolaq – bir yol” yüksək etik standartları olan layihəyə çevrilsin... Bu layihə müxtəlif sivilizasiyaları birləşdirən yol olmalıdır” (bax: Си Цзиньпин призвал парламенты стран Шелкового пути к сотрудничеству / “РИА Новости”, 14 may 2017).

Bu fikirlərdə, əslində, Çinin xarici siyasətinin strategiyasının əsas elementi ifadə edilib. Si Szinpinin dediklərindən belə çıxır ki, “Yeni İpək Yolu”, əslində, dünyanın geosiyasi nizamının yeniləşməsinin səmərəli mexanizmi kimi qəbul edilməlidir. Çünki burada başlıca hədəf özlüyündə iqtisadi, ticari, yaxud nəqliyyat sferalarında əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdan ibarət deyil.

Bu proseslərin əsasında qlobal geosiyasətin ruhunu yeniləmək, bütün regionlar arasında inteqrasiyanın sağlam təməllər üzərində inkişaf etdirilməsinə nail olmaq, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu həyata keçirmək, ölkələri, xalqları, onların hakimiyyət orqanlarını bir-birinə daha yaxın etmək və təhlükəsizlik sistemini formalaşdırmaq əsas hədəfdir. Bunlar isə bütövlükdə yeni geosiyasi nizam yaratmaq deməkdir.

Belə çıxır ki, Pekində keçirilən forum strateji geosiyasi hədəflərlə sıx bağlı olub. Maraqlıdır ki, Rusiya Çinin bu aparıcı rolu ilə tam razılaşdığını nümayiş etdirib. Tədbirdə ikinci çıxış edən Vladimir Putin Moskvanın “Yeni İpək Yolu” layihəsini aktual hesab etdiyini birmənalı vurğulayıb. Eyni zamanda, Rusiya prezidenti bu geniş layihəni həyata keçirməyin xeyli mürəkkəb olduğunu da qeyd edib. Deməli, Kreml öz marağını gözləməklə Pekinin bu təşəbbüsünə dəstək verəcək.

Burada bir incə məqamı vurğulamaq gərəkdir. Si Szinpin müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və iqtisadi sistemlərin əməkdaşlığından danışıb, V.Putin isə özünün aparıcı olduğu regional inteqrasiya formatlarının inkişaf etdirilməsi zərurətini xüsusi qeyd edib. O cümlədən Avrasiya İqtisadi İttifaqının (Aİİ) digər regional təşkilatlarla əlaqələrinin möhkəmlənməsi lazımlığını vurğulayıb. Bu sırada V.Putin ilk olaraq Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), ASEAN və BRİKS-in adını çəkib.

 

Bir sıra ziddiyyətlər: yeni həll formulu yoxdursa...

 

Məqsəd aydındır. Moskva və Pekin özlərinin nəzarət etdikləri inteqrasiya modellərinin dünyada çəkisini artırmaqla liderliyə nail olmağa çalışırlar. Ümumiyyətlə, tamamilə normal bir istəkdir. Lakin müəyyən cəhətləri unutmaq olmaz. Məsələn, Aİİ-yə üzv olan Ermənistan qonşu Azərbaycanın ərazisinin 20 faizini zəbt edib, uzun illərdir ki, işğal altında saxlayır. Lakin təəssüf ki, Aİİ bu məsələnin siyasi liderlərin tez-tez vurğuladıqları qərəzsiz, ədalətli, haqlı və xoş niyyətlərə əsaslanan həllini reallaşdırmayıb. Əgər Aİİ başlanğıcda bu cür ikili standartlara uyğun hərəkət edirsə, onun başqa regional təşkilatlardan fərqi nədədir? Hansı meyarlara görə Aİİ, ŞƏT, ASEAN və ya BRİKS Qərbin nəzarət etdiyi beynəlxalq təşkilatlardan bu kimi məsələlərə münasibətdə fərqlənirlər? Biz bu fərqi görə bilmirik.

O halda Hindistan Xarici İşlər Nazirliyinin Çində keçirilən forumu niyə boykot etdikləri ilə bağlı bəyanatını xatırladaq. Hindistan XİN-in nümayəndəsi Qopal Baqlay bəyan edib ki, “dünyanın heç bir ölkəsi onun ərazi bütövlüyü və suverenliyinə aid olan ən vacib problemləri inkar edən layihəni qəbul etməz” (bax: Индия отказалась участвовать в форуме “Один пояс – один путь” в Китае / “РБК”, 14 may 2017). Eyni fikri Azərbaycan tərəfi istənilən beynəlxalq təşkilatlarla əlaqələr kontekstində deyə bilər və buna tam haqqı vardır.

Azərbaycan ümumi halda bütün əməkdaşlıq formatlarına açıq ölkədir. Onun “Yeni İpək Yolu”nda aktiv iştirakı da sirr deyil. Lakin indidən bir sıra ölkələrdə “Yeni İpək Yolu” ilə bağlı təhrif olunmuş təsəvvürlər özünü göstərirsə, müəyyən ayrı-seçkilik tendensiyası hiss edilirsə, bu gözəl ideyanın iflası qaçılmaz ola bilər. Bu kontekstdə bir sıra ölkələrin KİV-lərinin xüsusi pafosla ABŞ, Avropanın bəzi ölkələrinin və Yaponiyanın bu layihədən kənarda qala biləcəyini ayrıca tonla vurğulaması, doğrudanmı, ədalətli, ümumbəşəri mövqedir və qlobal miqyasda dünyanın sabitliyə qovuşmasına xidmət edir? Biz inanmırıq, çünki bu kimi mövqedə daha çox dünyaya ağalığın Qərbin əlindən öz əlinə keçirilməsi niyyəti dayanır. Qalan söylənənlər baş aldatmaqdan ibarətdir. Bu səbəbdən Çin rəsmiləri bəri başdan bu ikili yanaşmaları aradan qaldırmasalar, “Yeni İpək Yolu” da “Qədim İpək Yolu” kimi arxivə atılacaq!

Müxtəlif regional inteqrasiya formatlarının arasında əlaqələrin artırılması ideyası yuxarıda vurğulanan özəlliklər fonunda çox maraqlı görünür. Qlobal səviyyədə real əməkdaşlığa yol məhz regionlararası əlaqələrin inkişafından keçir. Ancaq bu məsələ də son nəticədə ciddi bir problemin həlli ilə sıx bağlıdır. Əgər söhbət sivilizasiya hadisəsindən gedirsə, İslam faktoruna münasibət konkretləşdirilməlidir. O cümlədən hazırda Yaxın Şərqdə baş verənlərə obyektiv qiymət verilməli, orada qan tökülməsi dayandırılmalıdır. Əgər Çin təşəbbüs sahibi kimi bunu etmək istəmirsə, onda vahid zolaq, yaxud vahid yol necə yarana bilər?

Reallıq ondan ibarətdir ki, dünyanın geosiyasi nizamı Yaxın Şərqdən başlayaraq dağıla-dağıla gedir. Nizamsızlıq, xaos, terror Yaxın Şərqdən üç istiqamətə – Mərkəzi Asiya-Əfqanıstan, Afrika və Avropaya yayılmaqdadır. Burada Avrasiyanın, ilk növbədə isə Rusiyanın da hədəf olduğu sirr deyil. Hesab edək ki, bu məsələni Qərb həll edə bilmir və ya istəmir. Ancaq proses genişlənir və “Yeni İpək Yolu”nun təşəbbüskarı bu prosesi necə dayandırmaq barədə düşünmür. Onda hansı məkanda, hansı sabit ölkələrlə əməkdaşlıq edəcəksən? Deyək ki, Azərbaycan və ya Türkiyəni qarışdırmaq istəyənlər mövcuddur, terrorun bu ölkələrə vurduğu ziyanı hamı bilir, lakin onlara qarşı obyektiv münasibət yaranmır. Bəlkə İran xəttinə üstünlük verəcəklər? Axı oranı da müəyyən dairələr hədəfə alıblar və sabitliyi pozmaqda qərarlıdırlar.

Deməli, Pekin və ona yaxın olan bir sıra dövlətlər nə qədər alternativlikdən, sivilizasiyalararası dialoqdan, əməkdaşlıqdan danışsalar da, müasir dünyanın ziddiyyətlərini görməzliyə vura bilməzlər. Nə qədər ki, həmin problemlərin həlli ilə bağlı səmərəli və reallaşa bilən yanaşma ortaya qoyulmayıb, ən gözəl əməkdaşlıq ideyası belə yarımçıqdır. Onun reallaşması mümkün görünmür.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında