Müstəqilliyimizin ilk illərini çox yaxşı xatırlayırıq. O vaxt ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyndəki naşılığı respublikamızı məhv olmaq həddinə çatdırmışdı. Ölkədə xaos, anarxiya, hərc-mərclik baş alıb gedirdi. Vəzifə hərislərinin hakimiyyət uğrunda mübarizəsi respublikanı iflic vəziyyətinə salmışdı. Siyasi və iqtisadi böhranın xalqımızın həyat şəraitinə ağır zərbə vurması ilə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi də sabit deyildi, torpaqlarımız işğala məruz qalmışdı.
Təbii ki, vəziyyət dözülməz idi və belə bir şəraitdə müstəqilliymizin gələcəyindən söhbət gedə bilməzdi. Ona görə də, cəmiyyətin sağlam təbəqələrinin nümayəndələri vəziyyətdən çıxış yolunu böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlməsində gördülər. Çoxsaylı və israrlı çağırışlardan sonra ulu öndər ömrünün qalan hissəsini xalqa, Vətənə, millətə həsr etməyə razılıq verdi...
Müasir tariximizin bir qərinədən artıq mərhələsi müdrik dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etdirmiş bu nadir şəxsiyyətin, siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikası hesab olunur. Bu gün respublikamızın dünya birliyində söz sahibinə çevrilməsinin əsasını da ulu öndər Heydər Əliyev qoymuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin qurduğu müstəqil Aərbaycan dövləti bu gün dünya miqyasında böyük nüfuza malikdir. Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasi xətti Azərbaycanın beynəlxalq aləmdəki əlaqələrini getdikcə möhkəmləndirir, ölkəmizi firavan gələcəyə aparır. Müstəqil dövlətimiz bu gün dünya birliyində çox etibarlı tərəfdaş kimi tanınır.
Azərbaycanın bu gün dünyanın sürətlə inkişaf edən dövlətlərindən biri olması beynəlxalq birlik tərəfindən də etiraf olunur. Artıq ölkəmiz dünyaya yeni simada təqdim olunur. Müstəqil Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevrilməsi və ölkəmizin razılığı olmadan regionda heç bir beynəlxalq layihənin reallaşa bilməməsi hər bir azərbaycanlıda qürur hissi yaradıb.
Cəmi 25 il müstəqillik tarixi olan Azərbaycan 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu quruma qeyri-daimi üzv seçilmiş və müxtəlif vaxtlarda həmin təşkilata iki dəfə sədrlik etməklə dünyada söz sahibi olan dövlətlərin sırasına qoşulmuşdur. Hər birimiz üçün böyük iftixar mənbəyi olan Azərbaycanın üçrəngli bayrağı bu gün BMT, Avropa Şurası, ATƏT və digər mötəbər beynəlxalq qurumların iqamətgahları önündə dalğalanır.
2013-cü il fevralın 8-i Azərbaycanın müstəqillik tarixinin ən önəmli hadisələrindən biri kimi yaddaşlara əbədi həkk olunub. Həmin gün Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki – “Azərspace-1" uğurla orbitə buraxılmışdır. Bu nailiyyət Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına böyük diqqət göstərilməsinin məntiqi nəticəsi kimi dəyərləndirilir. Qısa müstəqillik tarixi ərzində Azərbaycanın kosmik və müdafiə sənayesinə malik ölkəyə çevrilməsi qürurverici haldır. Ölkəmizin “kosmik ailə”nin üzvünə çevrilməsi isə xüsusi qeyd olunmalıdır. Çünki Sovetlər Birliyinin süqutundan sonra Azərbaycan MDB ölkələri arasında və postsovet məkanında Rusiya, Qazaxıstan və Ukraynadan sonra “kosmik ailə”nin üzvü olan dördüncü ölkədir. Bu uğurlara yalnız iqtisadi cəhətdən qüdrətli olan və heç bir ölkədən asılı olmayan dövlətlər imza ata bilərlər.
Azərbaycan Prezidenti İlham Əliyev “Azərspace-1” telekommunikasiya peykinin orbitə buraxılmasını yüksək dəyərləndirmişdir: “Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük”.
Ermənistan – Azərbaycan –Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, həmçinin işğal altında olan ərazilərimizin azad edilməsi, dədə-baba yurdlarından didərgin salınmış soydaşlarımızın öz torpaqlarına qaytarılması Prezident İlham Əliyevin siyasi fəaliyyətinin prioritetini təşkil edir. Dövlət başçısının münaqişənin sülh yolu ilə həlli variantına üstünlük verməsi ölkəmizin sülhsevər dövlət olmasından xəbər verir. Ermənistan isə münaqişənin sülh yolu ilə həllinə yönəlik bütün cəhdləri açıq şəkildə pozur. İşğalçı dövlət BMT Təhlükəsizlik Şurasının, habelə digər nüfuzlu qurumların qətnamələrinin tələblərinə məhəl qoymur, beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə hörmətsizlik edir. Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaqdan hələ də imtina edir, qanlı etnik təmizləmə nəticəsində məcburi köçkünə çevrilmiş yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarına geri qayıtmasının qarşısını alır.
ATƏT-in Minsk qrupunun həmsədr dövlət başçıları səviyyəsində dəfələrlə status-kvonun qəbuledilməz və qeyri-davamlı olması barədə bəyanatlarla çıxış etmələri də təsdiqləyir ki, münaqişənin nizamlanması prosesində Azərbaycan Prezidentinin mövqeyi beynəlxalq səviyyədə dəstəklənir. Ermənistan tərəfi cəbhəboyu istiqamətlərdə atəşkəsi mütəmadi pozmaqla və təxribatlar törətməklə, guya bütün bunların Azərbaycan tərəfindən törədilməsi barədə rəy formalaşdırmaq istəyirdi. Nəhayət, işğalçı dövlət ötən ilin aprelində bütün bu təxribatların layiqli cavabını aldı. Silahlı Qüvvələrimiz dörd gün içərisində Ermənistan ordusunu darmadağın etdi və işğal altında olan ərazilərimizin 2 min hektarını düşmən tapdağından təmizlədi. Aprel döyüşləri Azərbaycan Ordusunun qüdrətini, müasir silahlardan istifadə bacarığını ortaya qoydu. Ordumuz və ona böyük dəstək verən xalqımız böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirdi. Azərbaycan Ordusu öz vəzifə borcunu həyata keçirməyə hər an hazır olduğunu ortaya qoydu. Xalqımızın bu mövqeyi dünya ictimaiyyətinə də aydın oldu.
Aprel döyüşləri Ermənistanın güclü ordusu olması və Azərbaycanın zaman keçdikcə torpaqlarını itirməsi ilə razılaşacağı barədə deyilənləri puça çıxartdı. Bu döyüşlərdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Silahlı Qüvvələrimizin tam nəzarətinə keçdi. İnsanların böyük həvəslə tezliklə doğma kəndlərinə qayıtmaq arzusunu ortaya qoyması, dövlət başçısının Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı müvafiq sərəncamı da xüsusi qeyd etmək lazımdır. Bu gün insanların hamısı öz kəndlərinə qayıtmaq, həyatlarını məhz bu kənddə davam etdirmək istəyir. Artıq kənddə yaşayış evləri tikilir, müvafiq infrastruktur yaradılır. Bu göstərdi ki, digər torpaqlarımız da işğaldan azad edilən zaman insanlar məhz öz torpaqlarına qayıdacaqlar.
Aprel döyüşlərindən sonra münaqişənin həlli ilə bağlı prosesdə bir intensivlik, canlanma müşahidə olunmağa başladı. Sanki Ermənistan tərəfi Azərbaycan Ordusundan belə bir təpki gözləyirmiş. Bundan sonra Serj Sarkisyan danışıqlar masasına oturmaq məcburiyyətində qaldı.Vyana və Sankt-Peterburq görüşləri bunun birbaşa təsdiqi idi.
Artıq dünyanın tanınmış ekspertləri də Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsinə çağırışlar edirlər. Beynəlxalq münasibətlər üzrə tanınmış amerikalı ekspert Peter Tasenin səsləndirdiyi fikirlər də bunu təsdiqləyir: “Ermənistan Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağ bölgəsindən və yeddi ətraf rayonundan işğalçı ordusunu çıxarmalı və beynəlxalq hüququn prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir. Yerevan mövcud status-kvonu saxlamaqdan əl çəkməli və Bakı ilə danışıqlara başlamalıdır”. Ekspertin fikrincə, Sarkisyan hökuməti ölkəsindəki korrupsiya və bir sıra cinayətləri ört-basdır etmək üçün Dağlıq Qarabağ münaqişəsindən vasitə kimi istifadə edir. Belə faktlar istənilən qədərdir və bunlar Azərbaycan diplomatiyasının uğurlarıdır.
Son vaxtlar Ermənistan tərəfi, necə deyərlər, yenidən ipə-sapa yatmaq istəmir. İşğalçı dövlətin rəhbərliyi cidd-cəhdlə çalışır ki, vəziyyət dəyişməsin, status-kvo qorunub-saxlanılsın. Çünki görür ki, onun cinayətkar əməlinə beynəlxalq birlik lazımi, adekvat reaksiya vermir, Ermənistan cəzalandırılmır. Cinayətkar cəzasız qaldıqca daha da quduzlaşar.
Ötən ilin aprel döyüşləri dünyaya, Minsk qrupunun həmsədrlərinə ciddi bir mesaj oldu. Həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət şahidi oldu ki, bizim hər birimiz, torpaqlarımızın azadlığı uğrunda canımızdan keçməyə hazırıq. Bu, xalqın dövlət başçısına olan inamının, “Prezident-xalq” vəhdətinin sarsılmazlığının bariz nümunəsidir.
Dünyada baş verən qlobal dəyişikliklərin və maliyyə böhranının, münaqişələrin, qarşıdurmaların Azərbaycanın iqtisadi inkişafına, ictimai-siyasi sabitliyin qorunmasına, nəzərdə tutulan iri layihələrin reallaşdırılmasına bir o qədər də təsir etməməsi həyata keçirilən strategiyanın məntiqi nəticəsidir. Azərbaycan gələcəyini özü müəyyən edən, tam şəkildə müstəqil siyasət yürüdən nadir ölkələrdəndir.
Kamil SEYİDOV,
siyasi elmlər üzrə
fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.