“Paris Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinə sadiq qalacaqdır”

Fransanın yeni seçilmiş Prezidenti Emmanuel Makron bu qənaətdədir

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursu  ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi çoxvektorlu, balanslı və tarazlaşdırılmış strategiyanın uğurlu davamından xəbər verir. Ölkəmizin dünya birliyində getdikcə yüksələn reytinqi də təsdiqləyir ki,  xarici siyasətimizin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. Bu siyasi kurs– respublikamızın ikitərəfli formatda ayrı-ayrı dövlətlərlə yüksək səviyyədə qarşılıqlı münasibətləri beynəlxalq birlikdəki mövqelərimizi gücləndirir. Milli bayramımız – Respublika Günü münasibətilə dövlətimizin başçısına ünvanlanan təbrik məktubları da ölkəmizin dünya birliyində nüfuzunun  getdikcə artmasını, əlaqələrin genişləndiyini  bir daha təsdiqləyir.

Dünyanın inkişaf etmiş dövlət başçılarının ölkəmizin rəhbərinə ünvanladıqları təbrik məktublarında da Azərbaycanın iqtisadi, sosial, elmi-texniki və digər sahələrdə qazandığı uğurlar etiraf olunur, dünya arenasında nüfuz qazandığı vurğulanır, həmçinin respublikamızın beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynadığı diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycanın inkişaf etmiş dövlətlərlə münasibətləri strateji tərəfdaşlıq ruhunda dinamik inkişaf edir. Bütün səviyyələrdə məzmunlu siyasi dialoq, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq tənzimlənib. Dövlət başçıları əminliklə ifadə edirlər ki,  birgə səylərlə ikitərəfli əməkdaşlıq əlaqələri kompleksini bundan sonra da inkişaf etdirəcəklər. Bu, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məcrasında ölkələrimizin dost xalqlarının köklü mənafelərinə uyğun olaraq cərəyan edir.

ABŞ, Rusiya Federasiyası və Fransa prezidentlərinin imzası ilə daxil olan təbrik məktubları diqqəti daha çox cəlb edir. Həmin məktublarda əks olunan fikirlər təkcə Azərbaycan ictimaiyyətində yox, beynəlxalq aləmdə də böyük maraq doğurub. Çünki hər üç dövlət ATƏT-in Minsk qrupunun həmsədridir.

Beynəlxalq birliyə, həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinə də bəllidir ki, Azərbaycan tərəfi münaqişənin sülh, danışıqlar yolu ilə həlli tərəfdarıdır. Təəssüf ki, işğalçı Ermənistan dövləti beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edərək, 25 ildir ki, Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam edir, müxtəlif vasitələrlə danışıqlardan yayınır və mövcud status-kvonu saxlamağa çalışır. Ümumiyyətlə, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilir. Lakin indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib. Baxmayaraq ki, Minsk qrupunun həmsədrləri tərəfindən də dəfələrlə bəyan edilib ki, mövcud status – kvo qəbuledilməzdir. Bunun əsas səbəbi, bir tərəfdən Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən beynəlxalq təşkilatların, qarşılıqlı güzəşt prinsipini bəhanə edərək, ikili standartlardan əl çəkə bilməməsidir. Bundan istifadə edən Ermənistan ərazi ələ keçirmək məqsədilə başladığı təcavüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır.

Rusiya Federasiyası və ABŞ prezidentlərindən sonra Fransanın yeni seçilmiş Prezidenti Emmanuel Makron da Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda dövlətimizin başçısına, eləcə də xalqımıza milli bayram münasibətilə səmimiyyətlə ən xoş sülh, rifah və tərəqqi arzularını çatdırmış, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına da münasibət bildirmişdir. Məktubda daha sonra qeyd edilir: “Sizin münasibətlərimizlə bağlı şəxsi mövqeyiniz mənə məlumdur və arzu edirəm ki, biz gələcəkdə bu münasibətlərin bütün sahələrdə böyük inkişaf potensialından birlikdə bəhrələnə bilək. Eyni zamanda, Sizi əmin edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinin, nəhayət, tapılmasında Fransa Minsk qrupunun həmsədri kimi öz öhdəliyinə sadiq qalacaqdır”.

Göründüyü kimi, Fransanın yeni Prezidenti iki ölkə arasında səmimi münasibətlərin olmasından məmnundur və bunun gələcəkdə də davam etdirilməsində maraqlı olduğunu bildirir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz öhdəliklərinə sadiq qalacağını bəyan edən Fransa Prezidentinin məktubunda bir əminlik vardır.

Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi mövcud status-kvonun qəbuledilməzliyini bildirsə də, bu ölkənin diplomatları hələ xeyli əvvəl həmin fikrin tərəfdarı olduqlarını bildirmişlər. Fransanın Ermənistandakı səfiri Jan Fransua Şarpantye “Armenpress”ə verdiyi  müsahibəsində mövcud  status-kvonun  qəbuledilməzliyini bildirmişdir.

Ümumiyyətlə, son illər Azərbaycan-Fransa əlaqələri daha da inkişaf etmiş, ikitərəfli münasibətlərdə qarşılıqlı inam və etimad güclənmişdir. Fransa Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu müsbət qiymətləndirərək, energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bəyan etmişdir.

Azərbaycan Prezidentinin bu ilin martında Fransaya rəsmi səfəri zamanı da bunun şahidi olduq. Bu səfər beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində idi. İlk növbədə ona görə ki,  Fransa bizim üçün Avropanın yüksək reytinqli iki dövlətindən biri kimi olduqca böyük əhəmiyyətlidir. Eyni zamanda, Fransa Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini üzərinə götürən  ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Bütün bunlar Fransanı ölkəmiz üçün önəmli edən amillərdəndir. Bunlarla yanaşı, bu, ikitərəfli əlaqələrin, diplomatik münasibətlərin qurulmasına həsr olunan rəsmi  səfər idi. Bu bir faktdır ki, Fransa Avropa və dünya siyasətində xüsusi çəkisi olan dövlətlərdəndir.

Dövlətimizin başçısının Fransaya səfəri ölkənin siyasi rəhbərliyi, biznes dairələri tərəfindən yüksək qiymətləndirilmişdir. Bu, Azərbaycan Prezidentinin Fransanın aparıcı şirkət rəhbərləri ilə görüşləri zamanı da özünü büruzə vermişdir. Qeyd edək ki, hazırda Azərbaycanda 50-dən artıq fransız şirkəti fəaliyyət göstərir. Bununla yanaşı, əslində, Prezident İlham Əliyevin Fransa səfərinə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Fransanın rolunun artırılması kontekstində qiymət vermək daha düzgün olardı. Çünki Avropanın Fransa kimi güclü bir dövlətinin münaqişənin nizamlanmasında iştirak etməsi müəyyən taktiki yeniliklər üçün şərait yarada bilər.

Onu da qeyd edək ki, hazırkı gərgin və mürəkkəb dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri olan Fransanın Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara dinamik inteqrasiyasına marağı daha da artıb. Bundan başqa, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm geosiyasi əhəmiyyət kəsb edən proses olaraq Fransa üçün də mühüm rol oynayıb. Prezident İlham Əliyev də iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib: “Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan ilə Fransa arasında siyasi əlaqələr yüksək səviyyədədir. Qarşılıqlı səfərlərimiz artıq ənənəyə çevrilmişdir. Mən Azərbaycan Respublikasının Prezidenti kimi Fransada dəfələrlə səfərdə olmuşam... Qarşılıqlı səfərlər onu göstərir ki, Fransa-Azərbaycan əlaqələri yüksək səviyyədədir”.

Fransanın  rəsmiləri də etiraf edirlər ki, Azərbaycan Fransa üçün vacib tərəfdaşdır. Bu fikirləri səsləndirən ölkənin maliyyə naziri Mişel Sapen Azərbaycanla əməkdaşlığı davam etdirməyin əhəmiyyətli olduğunu vurğulamış, ölkəsinin daim Azərbaycanı dəstəklədiyini bildirmişdir.

Bir faktı da xatırlatmaq yerinə düşərdi. Fransanın Nöyyi şəhər merinin müavini, eyni zamanda, Media Ratings İnternet portalının baş redaktoru Filip Karsenti ölkəmizə səfər etdikdən sonra Dreuz.İnfo saytında  öz təəssüratlarını yazmışdır: “Azərbaycanın cazibədar bir ölkə olduğunu söyləmək üçün səbəb çoxdur : onun mədəniyyəti, coğrafi mövqeyi, xarici aləmlə saxladığı əlaqələr, çiçəklənən iqtisadiyyatı, eləcə də bizim Qərb ölkələrinin həsəd aparacağı qədər çoxmillətli və çoxdinli birgəyaşayış tərzi, İslam dininin bu ölkədəki mövqeyi diqqətəlayiq özəlliklərdir. Cəmi 25 illik müstəqillik ərzində Azərbaycan öz təbii və insan resursları ilə dünya xəritəsində özünə layiqli yer tuta bilib”.

Müəllif yazır ki, Azərbaycan şiələrin çoxluq təşkil etdiyi müsəlman ölkəsi olsa da, dünyəvi bir ölkədir və burada hər kəs sərbəst şəkildə öz dininə qulluq edə bilir. Misirdə kilsələrin partladıldığını, Qərbin böyük şəhərlərində yük maşınlarının kütlələrin üzərinə yeridiyini görəndə kontrast çox aydın gözə çarpır. Azərbaycanda xristianlar kilsəyə rahatca gedirlər. Yəhudilər isə istər kippa ilə, istərsə də kippasız küçələrdə gəzirlər və heç bir xoşagəlməz münasibət hiss etmirlər. Bakıda gəzərkən təmiz, tarixi hissələri qorunub saxlanan və eyni zamanda, tanınmış dünya arxitektorlarının təxəyyülünün məhsulu olan və par-par yanan  təzə binaların olduğu bir şəhərlə üzləşirsən.

Fransa rəsmisinin yazdıqlarında  Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi də diqqətdən yayınmır: ”Tabloda tək qara kölgə Azərbaycanın Dağlıq Qarabağının işğalıdır. Ölkənin aparıcı mətbuatında “işğal olunmuş ərazilər” anlayışına tez-tez rast gəlinir. Bununla belə, BMT-nin çoxsaylı qətnamələri ilə və eləcə də beynəlxalq ictimaiyyət tərəfindən tanınmış bu işğala məruz qalmış Azərbaycan qətiyyən müharibə anlayışı ilə assosiasiya olunmur. Azərbaycanın Ordusu zəngin təchizatı olan güclü bir ordu olsa da, bu ölkədə müharibə variantına üstünlük verilmir: Azərbaycan hakimiyyəti gücün hüququna deyil, hüququn gücünə önəm verir”.

Bu sətirlərin müəllifi həm Fransanın dövlət rəsmisi, həm də böyük bir informasiya vasitəsinin baş redaktorudur. Belə faktlar bir daha təsdiqləyir ki, Fransa ictimaiyyəti və dövlət rəsmiləri Azərbaycanı öz ölkələri üçün zəruri tərəfdaş hesab edirlər.

Artıq dünya birliyinə də bəllidir ki, xarici siyasətimizin prioritetini Ermənistan –  Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli təşkil edir. Azərbaycanın Fransadan ATƏT-in Minsk qrupunun həmsədri kimi gözləntiləri də hüququn aliliyinə əsaslanır. Dövlətimizin başçısının bütün ölkələrə, o cümlədən Fransaya səfərlərində əsas müzakirə obyekti, heç şübhəsiz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir. Fransanın yeni Prezidenti Emmanuel Makronun da Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda Fransanın bu sahədə rolunun daha da gücləndiriləcəyi özünü açıq şəkildə büruzə verir. Bu məktub Azərbaycan və Fransa arasında əməkdaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoymasına əminlik ifadə edir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında