1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər.
Heydər ƏLİYEV
Ümummilli lider
Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Görkəmli siyasətçilərin, dövlət xadimlərinin və tarix yaradan şəxsiyyətlərin nə zamansa söylədikləri müdrik fikirlərin hamısı həyatda öz əksini tapmışdır. Bu barədə çox yazıblar və çox oxumuşuq. Ancaq biz “Müstəqilliyi qorumaq onu qazanmaqdan qat-qat çətindir” ifadəsinin real həyatda öz əksini tapdığını haradansa oxumadıq, sadəcə, onun şahidi olduq. Özü də bilavasitə öz ölkəmizdə, müasir tariximizdə. Müstəqilliyi qazanmaq üçün çoxsaylı qurbanlar, şəhidlər versək də, bu arzumuz gerçəkləşdi, tarixi həqiqətə çevrildi.
Ancaq həmin müstəqilliyi qorumaq bizim üçün, sözün həqiqi mənasında, həlli müşkülə çevrilən bir problem idi. Çünki Azərbaycanın dövlət müstəqilliyini gözü götürməyən dairələr ölkəmizdə sayı-hesabı bilinməyən ssenarilər qurur, planlar həyata keçirirdilər ki, suverenliyimiz bu dəfə də əsrin əvvəlindəki gənc demokratik respublikamızın taleyini yaşasın. Üstəlik, SSRİ-nin çökməsindən sonra beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərdən daha çox faydalanmaq istəyən Ermənistan Azərbaycana olan torpaq iddialarını işğalçılıq siyasəti ilə davam etdirir və ölkəmizin ərazilərini kənd-kənd, rayon-rayon ələ keçirirdi.
Bir tərəfdən də ölkəyə rəhbərlik edən Ayaz Mütəllibov xaricdəki siyasi dairələrin diktəsini yerinə yetirir, onu silahlı üsyanla devirib hakimiyyətə gələn AXC-Müsavat iqtidarı isə siyasi naşılıq üzündən heç nəyə nail ola bilmirdi. Daha doğrusu, gənc müstəqil Azərbaycan dövlətinin bədxahları o qədər fəndgir, kəmfürsət və güclü idilər ki, AXC – Müsavat iqtidarının rəhbərləri gecə-gündüz çalışsalar belə, həmin qüvvələrin qarşısında heç nə edə bilməzdilər. Yəni həm xalqın, həm də müstəqilliyimizin taleyi, demək olar ki, ipdən asılı idi. Bədxahlarımız həmin ipin qırılacağı günü gözləmir, onu qırmağa çalışırdılar.
Amma, fələk onların saydığı kimi saymadı. Fələk hələ on illər öncə Azərbaycan xalqı üçün xilaskarlıq missiyasını yerinə yetirə biləcək bir lider yetişdirmişdi. O, vaxtilə respublikamıza uzun müddət rəhbərlik etmiş, müstəqilliyimizin bərpasının ilk illərində isə Naxçıvan Muxtar Respublikasını ayaq üstündə saxlayan Heydər Əliyev idi. Heydər Əliyevi həm bütövlükdə xalqımız çağırırdı ki, ölkəni xaos və anarxiyadan qurtarsın, həm də ölkədə siyasi hakimiyyəti zəbt edənlər düşdükləri vəziyyətin nə dərəcədə qorxulu olduğunu bilərək, acizanə şəkildə xahiş edirdilər ki, gəl, ölkənin pozulmuş nizamını bərpa et. Həmişə xalqın səsinə səs vermiş ulu öndər insanların bu arzusuna da biganə qala bilməzdi və qalmadı. Möhtəşəm qayıdış 1993-cü il iyunun 9-da baş tutdu.
Ulu öndərin Naxçıvandan Bakıya gəldiyi günlərdə ölkəmizin hansı vəziyyətdə olduğunu hamı yaxşı bilir. Çünki o qədər də uzaq tarix deyil. Ancaq buna baxmayaraq bəzi detalların yada salınmasını məqsədəuyğun sayırıq. Məsələn, AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni elə bərbad vəziyyətə salmışdı ki, artıq müstəqilliyimizi ancaq möcüzə xilas edə bilərdi. O vaxt Azərbaycan, demək olar ki, dağılırdı, ölkədə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Respublikada qanunsuz silahlı quldur dəstələri meydan sulayırdı. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, parçalanırdı. Əhalinin ərzaq, xüsusilə çörək qıtlığı ilə üz-üzə qalması, daxili sabitliyin pozulması, həqiqəti söyləyən alimlərin, ziyalıların təqib edilməsi, “sadvalçıların” “əlikramçılarla” separat sövdələşmələri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin fəaliyyətinin iflic vəziyyətinə düşməsi, kənd təsərrüfatının, sənayenin tənəzzülü, ölkəyə ərzaq taxılı əvəzinə qarışıq heyvan yemi gətirilməsi və bir çox dəhşətli faktlar həmin illərin reallığı idi.
Mövcud faktlardan biri də bu idi ki, ölkə əhalisi artıq iqtidardakıların hansı qabiliyyətin sahibi olduğunu yaxşı bilirdi. Ona görə də AXC-Müsavat cütlüyü 1993-cü ilin yayında baş verən hadisələr zamanı ictimai dəstəkdən tamamilə məhrum olmuşdu. Elə xalqın dəstəyini itirdiklərinə görə də hakimiyyətdən getməli oldular. Çünki xalq yaxşı bilirdi ki, iqtidarda olanlar Azərbaycanın parçalanmasına, dağılmasına, torpaqlarımızın düşmən işğalına məruz qalmasına göz yumaraq, var-dövlət yığmaqla, ölkəni talamaqla məşğuldurlar. Bu səbəbdən hər kəsin qəlbində həmin dövrdəki hakimiyyətə qarşı dərin nifrət kök salmışdı. Bu nifrət o dərəcədə güclü idi ki, xalq indiyədək keçirilən bütün seçkilərdə həmin düşərgəyə birmənalı olaraq “yox” deyir.
Ümummilli liderin paytaxta qayıtmasını zəruri edən əsas amillərdən biri də iyunun 4-də Gəncədə başlanan qanlı hadisələr idi. Çünki diletant ölkə rəhbərlərinin psevdoqəhrəmanlara qarşı həyata keçirdiyi hərbi əməliyyat faktiki olaraq vətəndaş müharibəsinə start vermişdi. Həmin hərbi əməliyyat Azərbaycan xalqını milli istiqlaldan məhrum olmağın bircə addımlığınadək gətirmişdi. AXC-Müsavat iqtidarı bu addımın qarşısını almaq üçün heç bir iş görmək gücündə deyildi.
Bizim düşmənlərimizdən biri də ölkədə şəxsi maraqların ictimai maraqlardan üstün tutulması, xəyanətə yol verilməsi, dövlətçiliyimizi təhlükə qarşısında qoyan addımların atılması idi və bu təzahürlər mütləq mənfi nəticələrini göstərəcəkdi. Odur ki, Gəncədə baş verən hadisələrdən sonra onlar ulu öndər Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qalmışdılar. Yeganə nicat yolunu dahi şəxsiyyətin Naxçıvandan Bakıya gəlməsində görənlər artıq minlərlə deyil, on minlərlə, yüz minlərlə idi.
Qayıdışın reallaşdığı gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Məhz milli tariximizin həmin unudulmaz günü xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə paytaxtına qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edildi.
Ulu öndərin Naxçıvandan paytaxta gəlməsindən cəmi bir həftə sonra -- 1993-cü il iyunun 15-də Ali Sovetin sessiyasında xalqın iradəsini ifadə edən deputatlar böyük səs çoxluğu ilə Heydər Əliyevi Ali Sovetin sədri seçdilər. Ümummilli liderin həmin sessiyadakı nitqinin hər cümləsi milli mücadiləmizin dəyərli sətirləri kimi, uzun illər boyu heç kəsin yadından çıxmayacaq. Biz isə bu yazının sonunda həmin nitqdən bir cümləni sitat kimi hörmətli oxuculara təqdim etməklə fikirlərimizi tamamlamaq istəyirik. Çünki biz 1993-cü ilin yayından 2003-cü ilin payızınadək ulu öndərin siyasi fəaliyyətində məhz həmin cümlənin təsdiqini hər gün, hər saat gördük: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır.”
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.