Respublikamızın son illər dünyanın ən mötəbər qurumlarının tədbirlərinin keçirildiyi məkana çevrilməsi artıq ənənə halını alıb. Bunun əsas səbəblərindən biri ölkədə ictimai-siyasi sabitliyin davamlılığı və “Prezident-xalq” vəhdətinin sarsılmaz olmasıdır. Bu yaxınlarda 54 İslam ölkəsinin iştirakı ilə keçirilən və böyük mütəşəkkilliklə başa çatmış IV İslam Həmrəyliyi Oyunları, ardınca Bakıda təşkil olunan beynəlxalq elmi konfrans, ECO-ya üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin 3-cü iclası, ikinci dəfə keçiriləcək “Formula-1” yarışmasına hazırlıq işləri və digərləri Azərbaycanın dünya birliyində getdikcə artan reytinqinin göstəricisidr.
Bugünlərdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın 28 May – Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubları və həmin məktublarda Ağ ev rəhbərinin ifadə etdiyi bir sıra fikirlər ölkəmizin dünya birliyindəki mövqeyinin möhkəmlənməsini təsdiqləyən daha bir sübutdur. Siyasi ekspertlərin fikrincə, bu, dövlət başçısının təbrik məktubundan daha çox strateji tərəfdaşlığa çağırış edən mühüm faktordur. Dünyanın fövqəldövlətinin təbrik məktubları bir tərəfdən ABŞ-Azərbaycan münasibətlərində daha səmərəli əməkdaşlığın təməli kimi dəyərləndirilirsə, digər tərəfdən iki ölkə arasındakı tərəfdaşlığın yeni müstəviyə qədəm qoymasından xəbər verir. Ağ ev rəhbərinin beynəlxalq terrorizmə qarşı birgə mübarizə, ABŞ-Azərbaycan əməkdaşlığını bütün sahələr üzrə genişləndirmək təklifi, təbii ki, ABŞ-ın ölkəmizi güclü və arzu olunan bir müttəfiq kimi görmək istəyindən xəbər verir. Donald Trampın Azərbaycanda aparılan islahatlardan məmnunluq ifadə etməsi və “Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik” – fikri ölkəmizə göstərilən yüksək etimadın nəticəsidir.
Bu gün dünyanın fövəldövlətinin başçısının Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməsi təsadüfi deyil. Bu, son 24 ildə həyata keçirilən uğurlu xarici siyasətin, demokratik prinsiplərə sadiqliyin, insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir. Artıq dünya birliyinə də bəllidir ki, ölkəmizdə humanizm prinsipləri yüksək dəyərləndirilir, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində əhəmiyyətli qərarlar qəbul edilir və qətiyyətli addımlar atılır.
Bakıda keçirilən ECO-ya üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin 3-cü iclasının iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ünvanlanmış müraciətdə də bu məqam öz əksini tapıb. Dövlət başçısı müraciətində qeyd edib ki, Azərbaycan dünyada tolerantlıq mühitinin inkişafına, mədəniyyətlərarası dialoqun qurulmasına mühüm əhəmiyyət verir: “Bu ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi, İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın bu istiqamətdə mühüm töhfəsidir. İqtisadi Əməkdaşlıq Təşkilatının bu görüşünün Bakıda keçirilməsi də mühüm hadisədir. Azərbaycan dayanıqlı inkişafa nail olan müasir ölkədir. Ölkəmizdə şəffaf münasibətlər sistemi formalaşdırılıb, insan hüquq və azadlıqları təmin edilib. Dövlət xidmətlərində tətbiq etdiyimiz model korrupsiyanın qarşısının alınması üçün beynəlxalq təcrübədə ən yaxşı model kimi təqdim edilir. İqtisadi Əməkdaşlıq Təşkilatının bu tədbiri əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək”.
Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin əsası məhkum olunmuş şəxslərin əfv edilməsi və bağışlanılması ilə əlaqədar ulu öndər Heydər Əliyev tərəfindən 1995-ci ildə qoyulmuşdur. Həmin vaxtdan başlayaraq, dövlətimizin öz vətəndaşlarını törətdiyi cinayət əməlinə görə bağışlaması humanizm siyasətinin formalarından biri kimi təşəkkül tapmışdır. Respublikamızda əfvetmə institutunun əsası qoyulduqdan sonra əhalinin dövlətə, onun rəhbərinə ümid və etimadı artmışdır. Bundan sonra məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqinə, qanunvericiliyin daha da təkmilləşdirilməsinə nail olunmuşdur. 1996-2003-cü illərdə əfv sərəncamları ilə yanaşı, 7 dəfə amnistiya elan edilmişdir. Amnistiya aktları törətdiyi cinayət əməlindən peşmanlıq hissi keçirən 77 mindən çox insana şamil edilmiş, 21 min 325 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur.
Azərbaycan Respublikasında 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu və insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün əsaslı zəmin yaratmışdır. 2002-ci və 2009-cu illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasına, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına yönəlmişdir.
1995-ci ildən sonra imzalanan 61 əfv fərman və sərəncamları ilə 9576 nəfər əfv edilmişdir. 10-cu amnistiya aktının icrasından sonra isə ötən müddətdə amnistiyaya düşmüş şəxslərin sayı 116 min nəfəri ötmüşdür. 62-ci əfv sərəncamı ilə azadlığa qovuşanların sırasına daha 423-ü qoşulmuşdur. Siyasi ekspertlər də təsdiqləyirlər ki, Azərbaycan məhkumların əfv olunması istiqamətində həyata keçirdiyi tədbirlərə görə dünyada nümunəvi ölkələrdəndir.
Dövlət başçımızın insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətindəki fəaliyyəti yalnız əfv sərəncamları ilə kifayətlənmir. Ölkə başçısının Azərbaycanda seçkilərin daha demokratik və ədalətli keçirilməsi, fəaliyyətindən asılı olmayaraq, bütün siyasi partiyaların, bitərəf insanların seçkilərdə iştirakının təmin edilməsi üçün beynəlxalq aləmdə də yüksək dəyərləndirilən mühüm əhəmiyyətli sənədlər imzalaması xüsusilə qeyd olunmalıdır. Bu sənədlər beynəlxalq ekspertlər tərəfindən də demokratik adlandırılmışdır. Azərbaycan Respublikası Prezidenti 2005-ci il mayın 11-də “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” və həmin il oktyabrın 25-də "Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" fərmanlar imzalamaqla azad və ədalətli seçki keçirilməsinə geniş imkanlar yaratmış və öz siyasi iradəsini ortaya qoymuşdur. Ölkədə demokratik prinsiplərin həyata keçirilməsi insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərin əsas meyarlarından biridir. Hətta Konstitusiya prinsiplərinin reallaşması da məhz seçki qanunvericiliyindən asılıdır. Ona görə də Azərbaycan dövləti onun demokratik prinsiplər əsasında daha da təkmilləşməsinə xüsusi diqqət yetirib.
Vətəndaş cəmiyyəti quruculuğunda siyasi plüralizmin, çoxpartiyalı sistemin inkişafı xüsusi rol oynayır. Çünki vətəndaş cəmiyyətinin əsas atributlarından biri məhz siyasi partiyalardır. Demokratik cəmiyyətin yaranmasında, formalaşmasında və inkişafında siyasi partiyalar böyük rol oynayır. Azərbaycanda siyasi partiyaların yaranma tarixi o qədər də uzaqda deyil. Keçən əsrin 90-cı illərində ilk siyasi partiyalar meydana gəldi və bu gün ölkəmizdə müəyyən təcrübə qazanmış partiyalar 25 illik fəaliyyət tarixinə malikdir. Azərbaycanda siyasi partiyaların fəaliyyəti qanunla tənzimlənir və bu təşkilatların normal fəaliyyəti üçün dövlət büdcəsindən vəsait ayrılır.
Bütün bunlar Azərbaycanda artıq vətəndaş cəmiyyətinin formalaşdırılmasından xəbər verir. Bununla yanaşı, insan hüquq və azadlığının yüksək səviyyədə qorunması, amnistiya aktlarının, əfv fərmanlarının imzalanması, insanların öz fikirlərini müstəqil ifadə etmələri üçün yaradılan şərait, mətbuatın sərbəst fəaliyyəti istiqamətində həyata keçirilən tədbirlər, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun qəbul edilməsi, mitinq, küçə yürüşləri və digər aksiyaların keçirilməsi üçün müvafiq yerlərin ayrılması, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin verilməsi də vətəndaş cəmiyyətinin formalaşdırılmasında müstəsna əhəmiyyətə malikdir.
Demokratik, hüquqi dövlətin qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu istiqamətdə növbəti addımlardan biri də ölkə Prezidenti tərəfindən 27 dekabr 2011-ci il tarixdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın qəbul olunmasıdır. Bu sənəd insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.
Bu faktlar da təsdiqləyir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin əsasını təşkil edir. Ölkəmiz insan hüquq və əsas azadlıqlarının qorunmasına təminat kimi demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi seçmişdir. Ölkə başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamı ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin daim dövlətin diqqət mərkəzində olduğunu göstərir.
Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması beynəlxalq aləmdə də etiraf olunur. Avropa Qonşuluğunun İnformasiya Mərkəzindən verilən məlumata görə, Avropa İttifaqı, habelə ABŞ Dövlət Departamenti, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Şurası Parlament Assambleyasının prezidenti, ATƏT Parlament Assambleyasının prezidenti, ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri və digər diplomatlar öz bəyanatlarında bir daha bəyan etmişlər ki, Prezident İlham Əliyevin böyük qrup insanların azad edilməsinə dair qərarlarını alqışlayır, bunu insan hüquq və azadlıqlarının müdafiəsində Azərbaycanın uğuru kimi dəyərləndirirlər.
Bu gün də ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsasını təşkil edir. Təəssüf ki, adını azərbaycanlı qoyan bir qrup radikal müxalifət nümayəndəsi ölkəmizin adına xələl gətirmək üçün min oyundan çıxır, hətta qanunları bilərəkdən pozur və qanuni cəza aldıqdan sonra beynəlxalq təşkilatlar qarşısında şüvən salaraq, guya Azərbaycanda insanların haqlarının tapdalandığını söyləyir və onların hüquqlarının pozulması, siyasi partiyaların normal fəaliyyətinə süni əngəllər yaradılması barədə rəy formalaşdırmağa çalışırlar. Erməni lobbisinə və antiazərbaycan qüvvələrə belə “faktlar”ın verilməsində AXCP-nin “fəaliyyəti” xüsusi qeyd olunmalıdır. Bu günlərdə AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanılması da, görünür, bu partiya rəhbərliyi tərəfindən qabaqcadan planlaşdırılmış xəyanətkar oyunun nəticəsidir. Xəbər verildiyi kimi həmin şəxs 2017-ci il mayın 25-də Dövlət Sərhəd Xidmətinin Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarəti məntəqəsini keçməklə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən 12 min ABŞ dolları məbləğində nağd pul vəsaitini bəyan etməyərək, əl yükünün içərisində gizlədilmiş halda keçirdikdən sonra Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə təbdiri nəticəsində saxlanılıb.
Məhkəmə qərarları əsasında G.Bayramlının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki və Nərimanov rayonu, Təbriz küçəsindəki mənzillərində axtarış aparılmış və mənzillərdən 1000 avro məbləğində nağd pul, onun adına Gürcüstan banklarının birindən 17 aprel 2015-ci il tarixli qəbzlə 100 min rus rublu, həmin tarixli digər qəbzlə isə 2 min ABŞ dolları məbləğində nağd pul almasına dair bank çıxarışları, ayrı-ayrı şəxslərin adlarına 8 aprel 2015-ci il tarixdə 270 min rus rublu və 4 min 700 ABŞ dolları məbləğində vəsaitlərin müvafiq olaraq 5.076 və 4.982 manata dəyişdirilərək qəbul edilməsinə dair bank çıxarışları və digər sənədlər aşkar edilərək götürülmüşdür. İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən edilb ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib, lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib.
Belə hüquqpozmalar AXCP sədrinin köməkçisi və digər funksionerləri tərəfindən də törədilmişdir. Görünür belə üzdəniraq azərbaycanlılara himayədarlıq edən ermənipərəst dairələrə kimlərinsə Azərbaycanın qanunlarını pozmaq və buna görə cəzalandırılmaq maraqlı deyil. Antiazərbaycan dairələrə ölkəmizdə insan hüquq və azadlıqlarının pozulması barədə rəy formalaşdırmaq daha çox sərf edir. Bu sahədə isə onlara AXCP yaxından kömək edir. Ancaq belə ünsürlərin xəyanətkar əməlləri heç bir fayda verməyəcək. Çünki Azərbaycan artıq dünya birliyində demokratik proseslərə, xüsusilə də insan hüquq və azadlıqlarının müdafiəsinə böyük önəm verən ölkə kimi tanınır.
Əliqismət BƏDƏLOV,
”Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.