Ağ evin Qafqaz siyasətində yeni üfüqlər görünməkdədir

SSRİ-nin süqutundan sonra dövlət müstəqilliyini bərpa edən Azərbaycan bir müddət anarxiya, xaos və özbaşınalıq girdabında boğuldu və tədricən beynəlxalq aləmdən təcrid olundu. Dövlət idarəçiliyindəki naşılıq qonşu dövlətlərlə münasibətlərdə də soyuqluq yaradırdı. Yalnız 1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmə inteqrasiyası başlandı. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurlu davamı bu gün özünü açıq şəkildə büruzə verir. Hazırda Azərbaycan dünya birliyinin layiqli üzvlərindən birinə çevrilib. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz dünyada söz sahibi olan dövlətlərdəndir.

Ağ evin son vaxtlar Cənubi Qafqaz siyasətindəki yeni üfüqləri, ABŞ Prezidenti Donald Trampın bir həftə ərzində Azərbaycan Prezidenti İlham Əliyevə iki təbrik məktubu ünvanlaması və həmin məktublarda  ölkəmizlə əməkdaşlığın möhkəmləndirilməsinə önəm verilməsinin açıq şəkildə əks olunması  respublikamızın dünya birliyindəki mövqelərinin möhkəmləndiyinin bariz nümunəsidir. Dünyanın fövqəldövlətinin başçısı Donald Trampın fikirlərindən açıq – aydın hiss olunur ki, ABŞ – Azərbaycan münasibətlərində yeni anlaşmaların əsası qoyulur. Bu məktubların məğzinə keçməzdən əvvəl qeyd etmək istərdik ki, ABŞ-ın  bir sıra  nüfuzli ictimai-siyasi xadimləri də Azərbaycanla əlaqələrə daim böyük üstünlük vermiş, iki ölkə arasında tarixi əməkdaşlığı gücləndirməyi və siyasi, iqtisadi, ticarət, mədəniyyət sahələrində əlaqələrin inkişafını zəruri hesab etmişlər. Hətta bu ölkənin tanınmış siyasi xadimləri  Ermənistanı işğalçı dövlət adlandırır, ordusunun Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və yeddi ətraf rayonundan  çıxarılmasını tələb edirlər.

Məsələn, beynəlxalq münasibətlər üzrə tanınmış amerikalı ekspert Peter Tase bu yaxınlarda “Eurasia Diary”yə məxsusi müsahibəsində Dağlıq Qarabağ münaqişəsi, ABŞ-ın yeni Prezidenti Donald Trampın Cənubi Qafqaz siyasəti və digər maraqlı məsələlər barədə sualları cavablandırarkən deyib: “Ermənistan Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağ bölgəsindən və yeddi ətraf rayonundan işğalçı ordusunu çıxarmalı və beynəlxalq hüququn prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir. Yerevan mövcud status-kvonu saxlamaqdan əl çəkməli və Bakı ilə danışıqlara başlamalıdır”.

Amerikalı ekspertin fikrincə, respublikaçı Prezidentin hakimiyyəti dövründə Ağ evdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün geniş imkanlar olacaq. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyünə, Cənubi Qafqazda sabitliyin və sülhün təmin edilməsinə uyğun həll olunmalıdır. Ekspertin qənaətinə görə, Donald Trampın prezidentliyi dövründə Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin səmərəli həllinə diqqət ayıracaq: “Ümid edirəm ki, Prezident Tramp Dövlət Departamentində uzunmüddətli münaqişənin ədalətli həll olunması üçün Azərbaycan xalqının maraqlarına, Qafqaz regionunda sülhün və sabitliyin gücləndirilməsinə xidmət edən ekspertlər qrupu yaradacaq”.

Amerikalı ictimai-siyasi xadimlərin ölkəmiz haqqında yüksək fikirdə olmaları təkcə bununla bitmir.Vaşinqton şəhərinin meri Müryel Bouzerin imzaladığı bəyanatla ABŞ-ın paytaxtında “Azərbaycan Milli Günü”nün elan edilməsi də ölkəmizə olan marağın təzahürüdür. Bəyanatda bildirilir ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində  ilk dünyəvi demokratik respublika olub və bütün vətəndaşlarına bərabər hüquq, o cümlədən qadınlara seçkilərdə iştirak etmək hüququ verib. Sənəddə, həmçinin vurğulanır ki, dünya azərbaycanlıları 99 ildir 28 May tarixini milli bayram – Respublika Günü  kimi qeyd edirlər. Vaşinqton meri bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin tamam olduğunu  xatırladıb. Bununla yanaşı, Azərbaycanın ABŞ-ın önəmli strateji tərəfdaşı olduğu da vurğulayıb.

ABŞ paytaxtında 28 May tarixinin “Azərbaycan Milli Günü” elan edilməsi böyük siyasi hadisədir. ABŞ-ın digər ştatlarında və ayrı-ayrı şəhərlərində də 28 May “Azərbaycan Milli Günü” elan edilməsi və bununla əlaqədar tədbirlərin keçirilməsi ölkəmizə olan marağın təzahürüdür.

Bir faktı da qeyd etmək yerinə düşərdi. Bir neçə gün əvvəl Bakıda keçirilən beynəlxalq elmi konfransda iştirak edən amerikalı professor Vilyam Fyerman jurnalistlərə müsahibəsində ölkəmizin inkişafını yüksək qiymətləndirmişdir. O, Bakıda keçirilən konfransda iştirak etdiyindən çox məmnun qaldığını bildirmiş və demişdir ki, konfransın mövzusu çox böyük əhəmiyyət kəsb edir. Amerikalı professor digər ölkələrin nümayəndələri ilə təcrübə mübadiləsi apardığını bildirmiş və Azərbaycanın daim inkişaf etdiyinin, gücünün, qüdrətinin gündən-günə artdığının şahidi olduğunu da diqqətə çatdırmışdır. O, bu inkişafın düzgün qurulduğunu və inkişaf etdirildiyini Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi ilə əlaqələndirmişdir.

ABŞ – Azərbaycan münasibətlərinin yeni dövrə qədəm qoymasından və fövqəldövlətdə ölkəmizlə əməkdaşlığa önəm verilməsindən söhbət düşmüşkən, Amerikanın aparıcı qəzetlərindən biri olan “The Washington Times” qəzetində ötən ay dərc olunmuş “Caspian Group Holdings” şirkətlər qrupunun direktoru Rob Sobhaninin “Azərbaycan Amerikanın etibarlı tərəfdaşıdır” sərlövhəli məqaləsindən də yan keçmək olmaz . Çünki həmin məqalədə  Azərbaycanın yerləşdiyi mürəkkəb regionda Amerikanın ən etibarlı müttəfiqi olmasından bəhs edilir. Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi siyasi kursu yüksək dəyərləndirir. Qeyd edilir ki, Azərbaycan Yaxın Şərq regionunda Qərbin ən etibarlı tərəfdaşına və onun enerji təhlükəsizliyinin qarantına çevrilib. Müəllif enerji layihələrinin Qərb üçün vacibliyini qeyd edərək yazır ki, Vaşinqton Transanadolu qaz kəməri layihəsinin həyata keçirilməsində Azərbaycanı dərhal və tamamilə dəstəkləməlidir. Azərbaycan 2020-ci ilə qədər Avropaya hər il 355 milyard kubfut təbii qaz nəql edəcək.

Məqalədə, həmçinin qeyd edilir ki, 2001-ci il sentyabrın 11-də baş vermiş terror hücumlarından sonra Prezident Heydər Əliyev Amerika hərbi hava qüvvələrinin Əfqanıstandakı Amerika döyüşçüləri üçün zəruri materiallar və mallar daşımaq üçün Azərbaycanın hava məkanından istifadə etməsinə icazə vermişdi. Bəli, Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə göstərdiyi səylər bütün dünyanın, o cümlədən ABŞ-ın  diqqət mərkəzindədir. Göründüyü kimi, 16 il əvvəl ABŞ-da baş vermiş dəhşətli terror aktı zamanı Azərbaycanın bu terrora qarşı ilk dəstək verən ölkə kimi səsini qaldırması hələ də unudulmayıb. ABŞ Prezidenti  Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubunda da bu məqam öz əksini tapıb: “Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır. Biz birgə səylərimizlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırıq. Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik”.

ABŞ Prezidentinə də çox yaxşı məlumdur ki, Azərbaycan ən çox terrora məruz qalan ölkələrdəndir. 25 ildir ki, Ermənistan silahlı qüvvələri tərəfindən  respublikamızın ərazisinin 20 faizinin işğal altında qalması və nəticədə bir milyondan artıq soydaşımızın qaçqın və didərgin vəziyyətinə düşməsi, on minlərlə dinc əhalinin erməni terror təşkilatlarının qurbanına çevrilməsi və ya ömürlük şikəst qalmaları, şəhərlərin, qəsəbələrin, kəndlərin, tarixi-mədəni abidələrin    yerlə-yeksan edilməsi artıq dünya birliyinə də bəllidir. Ona görə də ABŞ Prezidentinin “Biz birgə səylərimizlə terrorizmə qarşı mübarizə apararaq, qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırıq” – fikri təsadüfi deyil. Bu, bir daha təsdiqləyir ki, Donald Trampın rəhbərliyi ilə ABŞ-da yeni administrasiyanın hakimiyyətə gəlişindən sonra  rəsmi Vaşinqtonun region və bilavasitə Azərbaycanla bağlı siyasətində yeni üfüqlər görünməkdədir.

Məlumdur ki, bu gün Qərbdə müsəlman aləminə qarşı qərəzli mübarizə geniş müstəvidə yayılıb və belə bir fikir formalaşıb ki, guya müsəlman ölkələri terrorizmi daha çox himayə edirlər. Görünür, elə buna görə də Barak Obama Administrasiyasının müsəlman dünyasına qarşı yeritdiyi siyasət bu qərəzin girovuna çevrilmişdi. Ötən səkkiz ildə müsəlman ölkələrində “nüvə silahı” axtarışı adı ilə yaranmış qarşıdurmalar, “ərəb baharı” və digər amillər bu qərəzin və qeyri-obyektiv yanaşmanın acı təzahürləridir. Hətta Barak Obama da hakimiyyətini başa vurduqdan sonra bir sıra müsəlman ölkələrindəki müdaxilələri, xüsusilə Liviya hadisələrini özünün ən böyük səhvi adlandırmışdır. Ancaq keçən-keçdi, faciələr baş verdi. Bundan isə ən çox ziyan çəkən dinc əhali oldu. Sonradan səhvləri etiraf etmək heç nəyi dəyişmir və geri qaytarmır. Sanki, region beynəlxalq siyasətin bir əyalətinə çevrilmişdi. Bu nöqteyi-nəzərdən
geostrateji əhəmiyyətli regionla bağlı Barak Obama Administrasiyasının yeritdiyi siyasət, təbii ki, bir çox məqamlarına görə anlaşılmaz, qərəzli və ölkələrin daxili işlərinə müdaxilə kimi yadda qaldı. Bu da ABŞ-Azərbaycan münasibətlərinin inkişafı imkanlarına və mənafeyinə xidmət göstərmirdi. İndi isə,  Azərbaycanın bir müsəlman ölkəsi olaraq, beynəlxalq terrorizmə qarşı mübarizədə fəallıq nümayiş etdirməsini və böyük töhfələr verməsi reallığının ABŞ Prezidentinin təbrik məktubunda öz əksini tapmasını təbii ki, ABŞ-ın yeni Administrasiyasının Azərbaycanla bağlı siyasətində çox ciddi dəyişikliklərin baş verməsinin əlaməti kimi dəyərləndirmək mümkündür.

Xüsusilə də ABŞ Prezidenti Donald Trampın digər ölkələrin daxili işlərinə qarışmamaq siyasətini Səudiyyə Ərəbistanının paytaxtında keçirilən Ərəb-İslam-Amerika Sammitində bəyan etməsi çox müsbət dəyərləndirilən hadisədir. Azərbaycan Prezidenti İlham Əliyev 28 May – Respublika Günü münasibətilə  keçirilən mərasimdə çıxışı zamanı da bu məqama diqqət yetirmişdir. Dövlətimizin başçısı qeyd etmişdir ki, ABŞ -ın yeni Administrasiyasının bu siyasəti təqdir olunan hadisədir və çox mühüm əhəmiyyət kəsb edir: “Bu ildən başlayaraq, Amerika rəhbərliyində dəyişikliklər oldu və görürük ki, artıq bu müdaxilələrin təzahürləri yavaş-yavaş aradan götürülür. Biz bunu alqışlayırıq və ümid edirik ki, bu, davam etdiriləcək. Çünki yeganə düzgün siyasət də məhz budur. Mən əvvəllər də demişəm, bu gün də demək istəyirəm ki, əgər ölkələr bir-birinin işinə qarışmasalar, onda nə müharibə, nə münaqişə olacaq, ancaq sülh olacaq, əməkdaşlıq olacaq”.

Dövlətimizin başçısı diqqətə çatdırmışdır ki,  “Azərbaycan xarici müdaxilə nəticəsində ən çox atəş altında olan ölkələrdən biridir. Azərbaycan heç bir ölkənin işinə heç vaxt qarışmayıb və heç vaxt qoymayıb və qoymayacaq ki, kimsə gəlib bizim işimizə qarışsın, bizə dərs desin və bizə yuxarıdan aşağı baxsın. Azərbaycan ləyaqətli dövlətdir. Öz qürurumuzu qorumuşuq və qoruyacağıq”.

ABŞ-ın yeni Prezidenti məktubunda, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri diqqətdə saxladığını ifadə edib. Nəzərə alsaq ki, ABŞ ATƏT-in Minsk qrupu həmsədrlərindən biridir, bu baxımdan, Donald Trampın münaqişənin həllini diqqət mərkəzində saxladığını bəyan etməsi böyük əhəmiyyət kəsb edir.

ABŞ Prezidentinin Bakıda keçirilən  Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı göndərdiyi təbrik  məktubu da beynəlxalq birliyin diqqət mərkəzində olmuşdur. Donald Tramp ilk növbədə Azərbaycanın çox zəngin enerji ehtiyatlarına malik olduğunu diqqətə çatdırıb və rəsmi Vaşinqtonun Azərbaycanın enerji siyasətini dəstəklədiyini bəyan edib. Xatırlatmaq yerinə düşərdi ki, ABŞ  Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin reallaşmasında  öz dəstəyini heç zaman əsirgəməyib. İndi isə “Cənub” qaz dəhlizinin həyata keçirilməsində bu dəstəyini nümayiş etdirir. Donald Tramp Administrasiyası  Azərbaycanın təşəbbüskarı olduğu çox dəyərli və bahalı olan Avropanın ən böyük layihəsini dəstəklədiyini açıq şəkildə bəyan edib. Bu baxımdan ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə Respublika Günü ilə bağlı göndərdiyi təbrik məktubu, eyni zamanda, Bakıda keçirlən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı məktubu bir sıra məntiqli nəticələrə gəlməyə əsas verir.  Donald Trampın məktubları Azərbaycana verilən dəstəyin göstəricisidir.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanı qəbul edərkən də bu məqamı diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki, ABŞ hökumətinin Azərbaycanın həyata keçirdiyi qlobal layihələri dəstəkləməkdə davam etməsi böyük əhəmiyyət daşıyır. Bu sahədə iki ölkə arasında əməkdaşlığın yaxşı tarixə malik olduğunu bildirən  respublikamızın rəhbəri vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan layihəsini və ondan sonra icra olunan layihələri, o cümlədən “Cənub” qaz dəhlizi layihəsini ABŞ hökuməti həmişə güclü şəkildə dəstəkləyib və Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı məktubda ifadə olunan fikirlər bir daha göstərir ki, Birləşmiş Ştatların yeni Administrasiyası da bu layihəyə sadiqdir.

 Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında