Azərbaycan dünya dövlətləri içərisində öz layiqli yerini daha da möhkəmləndirir

 

 

 

 

 

 

 

 

 

 

 


Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


“Bu gün Azərbaycan xalqı vahid amal ətrafında birləşib – ölkəmizi daha da gücləndirməliyik, müstəqilliyimizi daha da möhkəmləndirməliyik, ordumuzun gücünü daha da artırmalıyıq ki, öz ərazi bütövlüyümüzü bərpa edək. Mən əminəm ki, biz buna nail olacağıq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşayıb, yaradıb, qurub, tikib... Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik”– Prezident İlham Əliyevin bu il martın 31-də  Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə keçirdiyi görüşdə səsləndirdiyi bu fikirlər hər bir azərbaycanlının sabaha olan inamını daha da artırmış, doğma  dədə-baba ocaqlarından  didərgin salınmış soydaşlarımızın yurd həsrətinə son qoyulacağına əminlik yaratmışdır.

Azərbaycan Respublikasının  dövlət müstəqilliyinin bərpasının 26-cı ilini yaşayırıq. Söz yox ki,  respublikamız bu illər ərzində məşəqqətli günlər yaşamış, dünya birliyində ədalətsizliklərlə, təhdidlərlə, təzyiqlərlə üzləşmişdir. Ancaq düzgün müəyyənləşdirilmiş strategiya, milli mənafelərə köklənmiş siyasi xətt, bərabərhüquqlu, digər dövlətlərin daxili işlərinə qarışmadan həyata keçirilən xarici siyasət Azərbaycanın dünya birliyindəki reytinqini getdikcə artırmışdır. Müsəlman Şərqində ilk demokratik respublika qurmuş Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da hər bir xalqın milli varlığının mahiyyətini təşkil edən amilləri-- ana dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini, adət-ənənələrini göz bəbəyi kimi qoruyub saxlamaqla yanaşı, dünya mədəniyyəti xəzinəsinə də misilsiz töhfələr vermişdir. Bu da  müstəqil dövlətimizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək, beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, qüdrətli, nizami ordu qurmaq imkanı yaratmışdır. Bu uğurlar, nəhayət ki, işğal altında olan ərazilərimizə böyük qayıdışın əsasını qoymuş, öz ordumuzun gücü ilə erməni silahlı qüvvələrinin ərazilərimizdən qovulmasına zəmin yaratmışdır.

Müstəqilliyimizdən ötən  25 illik tarixə nəzər yetirdikdə, dövlət quruculuğu prosesində, dünyada azərbaycançılıq ideyasının təbliğində  ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə və qürur hissi keçirə bilərik. Prezident İlham Əliyev ötən illərdə qazanılan uğurları yüksək qiymətləndirmiş və ölkəmizin bu siyasi xəttini davam etdirəcəyini bildirmişdir: “Azərbaycan xalqı bu 25 il ərzində açıq-aydın görür ki, bizim siyasətimiz ən düzgün siyasətdir. Biz öz taleyimizin sahibiyik. Biz siyasətimizi özümüz müəyyən edirik. Biz hər hansı bir kənar təsirə davam gətirə bilirik və yaxın tarix bunu göstəribdir. Eyni zamanda, yaxın tarix onu da göstərib ki, biz əgər hansısa kənar qüvvənin istəyi, diktəsi ilə hərəkət etsəydik, böyük problemlərlə üzləşə bilərdik”.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın 28 May – Respublika Günü, eləcə də XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubları ölkəmizin dünya birliyində getdikcə yüksələn reytinqinin göstəricisidir. Həmin məktublarda ABŞ-ın Azərbaycanla əlqələrinin möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə önəm verdiyi açıq şəkildə öz əksini tapıb. ABŞ Prezidenti Azərbaycanı Amerika Birləşmiş Ştatlarının dəyərli  tərəfdaşı hesab edir və son 25 ildə qurulmuş ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin daha da gücləndirilməsini arzu edir. Dönald Tramp Azərbaycan və Amerika xalqlarının rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını səmimiyyətlə arzulayıb. Məktubda qeyd edilir ki, ABŞ Azərbaycan xalqının yanındadır və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərin daha da möhkəmləndirilməsinə sadiqdir.

Göründüyü kimi, Donald Tramp prezident seçildikdən sonra ABŞ – Azərbaycan münasibətləri artıq yeni mərhələyə qədəm qoyub və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması prioritet hesab olunub. Bütün bunlar gələcəyə nikbinliklə baxmaq üçün əsas verir, eyni zamanda, ölkəmizin qazandığı uğurlar dünya miqyasında qiymətləndirilir. Bu nailiyyətlərdə iqtidar-xalq birliyi, həmçinin  daxili vəziyyətimizin davamlı sabitliyinin təmin edilməsi də əsas səbəblərdəndir. Dövlətimizin başçısı da bu məqamı xüsusi vurğulmışdır: “Bu sabitliyin qarantı, təminatçısı Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir. Bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və sabitliyin əsas amili də məhz budur”.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi dövlətçilik ənənələrimizi daha da möhkəmləndirmiş, iqtisadiyyatımızı inkişaf etdirmiş, mədəniyyətimizi zənginləşdirmiş və respublikamızı dünyanın inkişaf etmiş demokratik dövlətləri sırasına qoşmuşdur. Bu uğurları gözü götürməyən antiazərbaycan qüvvələrin  ölkəmizə qarşı təhdidləri və təzyiqləri artırmasına baxmayaraq, xüsusilə Qərbin əlində alətə çevrilmiş bir sıra qərəzli beynəlxalq təşkilatların böhtan və yalanla  dolu hesabatları ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy formalaşdıra bilməmişdir. Əksinə, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları öz tədbirlərini yenə də Azərbaycanda keçirməyə üstünlük vermişlər. Bu günlərdə böyük mütəşəkkilliklə başa çatmış, açılış və bağlanış mərasimləri, habelə yarışların təşkili hələ də dillərdən düşməyən IV İslam Həmrəyliyi Oyunlarını xüsusi qeyd etmək yerinə düşər. Dünyanın 54 müsəlman ölkəsindən gəlmiş 3 mindən çox idmançının və minlərlə turistin Bakıda özlərini tam təhlükəsiz hiss etmələri, vaxt tapan kimi şəhərimizin görməli yerlərini gəzmələri, ləziz mətbəximizdən ürəkdolusu danışmaları, isanların səmimiyyətindən, mehribançılığından razılıq etmələri, milli-mənəvi dəyərlərimizlə yaxından tanışlıqları Azərbaycan haqqında çox xoş ovqat yaratmışdır.  Bunun əsas səbəblərindən biri ölkədə “Prezident-xalq” vəhdətinin sarsılmazlığı və ictimai-siyasi sabitliyin davamlı olmasıdır. Bu amillər dost ölkələrin sayını daha da artırmış, Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlərin sırasını xeyli genişləndirmişdir.

Münaqişələrlə, qarşıdurmalarla, miqrant axını, terror aktları, maliyyə və iqtisadi böhran tüğyan etsə də,  ölkəmiz daxili və xarici siyasət sahəsində, qarşıya qoyulan layihələrin reallaşdırılması istiqamətində uğurlar qazanmaqda davam edir. Regionun lider dövlətinə çevrilmiş Azərbaycan yenə də dünyada söz sahiblərindən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim dostlarımızın sayı artıb, bizi istəməyən qüvvələr, bizə qarşı vaxtaşırı kampaniyalar aparan qüvvələr isə siyasi səhnədən gedirlər: “Azərbaycan beynəlxalq təşkilatlarda böyük uğurlar qazana bilmişdir. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox vacib sənədlər qəbul edilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin əsas prioritetidir. Deyə bilərəm ki, bizim siyasi və diplomatik mövqelərimiz il ərzində daha da möhkəmlənmişdir. Qondarma “Dağlıq Qarabağ” qurumunu heç bir ölkə tanımır və tanımayacaq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvonun qəbuledilməzliyi haqqında artıq həm bu məsələ ilə bağlı fəaliyyət göstərən həmsədr ölkələrin prezidentləri, eyni zamanda, ATƏT və digər qurumların rəhbərləri dəfələrlə bəyanatlar vermişdir”.

Bütün çətinliklərə və münaqişələrin getdikcə alovlanmasına baxmayaraq, Azərbaycanın ikitərəfli əlaqələrinin inkişafı diqqət mərkəzində saxlanılıb. Beynəlxalq tədbirlərdə Azərbaycanın fəal iştirakı və ikitərəfli qarşılıqlı səfərlər ölkəmizin regionda və dünyada aparıcı dövlət olmasından xəbər verir və respublikamız üçün yeni imkanlar açır.

Azərbaycan Prezidentinin xarici siyasət sahəsində düşünülmüş və yorulmaz fəaliyyəti bu ilin əvvəlindən də özünü göstərdi. Möhtərəm ­Prezidentimizin yanvar ayının ortalarından bugünə qədər  xarici səfərlərinin coğrafiyasına nəzər salsaq, bir daha Azərbaycanın çoxşaxəli və uğurlu xarici siyasət apardığının şahidi olarıq. Son iki ay ərzində dövlətimizin başçısı 10-a yaxın ölkəyə səfər etmişdir. Azərbaycan dünyanın aparıcı, ən mötəbər Davos Forumunda və Münxen Konfransında ləyaqətlə təmsil olunmuşdur. Bu, dünyanın həm biznes, həm də siyasi elitasında ölkəmizə olan hörmətin bariz nümunəsidir. Avropa Komissiyası ilə Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlara start verilib. Təbii ki, bu da nadir hadisədir. Bu danışıqların aparılması üçün layihəni Azərbaycan təqdim etmiş və bu layihə qəbul edilmişdir.

Prezident İlham Əliyevin Qətərə, Pakistana, İran İslam Respublikasına rəsmi səfərləri müsəlman ölkələri ilə əlaqələrimizi daha da  möhkəmləndirmişdir. Artıq müsəlman aləminə də bəllidir ki, Azərbaycan İslam həmrəyliyi üçün çox böyük işlər görür və böyük töhfələr verir. İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri dəfələrlə bizim siyasi xəttə  ən yüksək qiymət vermişlər. Dövlət başçımızın ötən ay  Səudiyyə Ərəbistanına səfəri və Ər-Riyadda ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə baş tutan “Ərəb – İslam – Amerika” Sammitində iştirakı özlüyündə çox mühüm addımdır. Əslində, İslam və xristian aləmi arasında münasibətlərin yaxşılaşdırılması, etimadın bərpası Azərbaycan Prezidentinin prioritetləri sırasındadır. Azərbaycan bütün dünyaya göstərir ki, müstəqil siyasət yürüdür və heç bir ölkənin diktəsi ilə oturub-durmur.

Həmişə olduğu kimi, bu gün də ölkəmizdə ordu quruculuğunun əsasını təşkil edən prinsip və normalar Azərbaycanın həm müdafiə potensialını, həm də dost və tərəfdaş dövlətlərlə əlaqələrini gücləndirmişdir. Müdafiə sənayesinin inkişafı Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə zəmin yaratmış və ordunun döyüş qabiliyyətini artırmışdır. Artıq dünya birliyinə də  məlum olmuşdur ki, Azərbaycan güclü, qüdrətli orduya malikdir. Bu ordu istənilən vaxt işğal altında olan ərazilərimizi azad etməyə qadirdir. Ermənistanın təxribatçı fəaliyyəti səbəbindən 2016-cı ilin aprel ayında cəbhədə baş verən hadisələr də bunu təsdiqlədi. Cəmi dörd gün davam edən müharibədə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi və 20 il müddətinə işğal altında saxladıqları ərazilərin 2 min hektarından düşməni qovub çıxartdı. Əslində, 2016-cı il bizim üçün şanlı hərbi qələbə ili kimi tarixdə qalacaqdır. Son 22 ildə  ilk dəfə idi ki, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı işğalçılardan azad edilmişdir. Artıq yaxın günlərdə Cocuq Mərcanlıda həyat qaynayacaq, sakinlər onlar üçün tikilmiş hər cür infrastruktura malik mənzillərdə tam təhlükəsiz yaşayacaqlar. 22 il sakinsiz qalmış Cocuq Mərcanlıda yaşayış üçün hər cür şərait yaradılıb.

Ötən ilin aprel hadisələri zamanı Azərbaycan  hərbi-diplomatik üstünlüyünü ortaya qoydu. Eyni zamanda, beynəlxalq ictimaiyyət respublikamızın  informasiya müharibəsində bu vaxta kimi apardığı davamlı fəaliyyətin nəticəsinin şahidi oldu. Dövlətimizin başçısının vurğuladığı kimi Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa etdi: “Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Halbuki onlar o dəstəyə çox arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif ölkələri ittiham etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin məğlubiyyətini etiraf etdilər. Gah deyirdilər ki, onlar torpaqları itirməyiblər. Gah deyirdilər ki, o, əhəmiyyətsiz torpaqlardır. Gah da deyirdilər ki, onlar o torpaqları geri qaytaracaqlar. Bütün bunlar hamısı yalandır. Ermənistan rəhbərliyi özünü o qədər biabırçı vəziyyətə saldı ki, onun acı nəticələrini Ermənistan bu gün də hiss edir”.

Dünya birliyi bir daha şahidi oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində gərginliyin saxlanılmasının əsas səbəbi  status-kvonun qalması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərini hələ də  tərk etməmələridir. Bütün bunlar münaqişənin siyasi həllinə başlıca maneə olaraq hələ də qalmaqdadır.

Dövlətimizin başçısının həyata keçirdiyi düşünülmüş strategiyanın nəticələri ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin başçıları səviyyəsində dəfələrlə status-kvonun qəbuledilməz və qeyri-davamlı olması barədə bəyanatlarla çıxış etmələrində də özünü büruzə vermişdir. Məlum olduğu kimi, Azərbaycan hazırkı status-kvonun dəyişməsində ən maraqlı tərəfdir. Ötən il Vyana və Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin keçirdikləri görüşlərdə də bunun şahidi olduq.

Möhtərəm Prezidentimiz həm xarici ölkələrə səfərlərində, həm də beynəlxalq tədbirlərdə dəfələrlə bildirib ki, biz öz səylərimizi bundan sonra da davam etdirəcəyik: “Dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Bölgədə vəziyyət bizim xeyrimizə işləyir. İqtisadi, hərbi potensial da aydındır ki, bizim tərəfimizdədir. Keçən ilin aprel hadisələri bunu bir daha göstərdi. Ona görə biz daha da güclü olmalıyıq, daha da güclənməliyik və bunu edirik”.

Əliqismət BƏDƏLOV,
”Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında