1993-cü ilin iyun hadisələrini çoxumuz yaxşı xatırlayırıq. Həmin dövrdə ölkədə özbaşınalıq, xaos hökm sürürdü, siyasi hakimiyyətsizlik geniş miqyas almışdı, qanunsuz silahlı dəstələr tərəfindən ölkədaxili vəziyyətə nəzarət ələ keçirilmişdi. Belə şərait isə təbii ki, cəmiyyətin ümumi təhlükəsizliyini və dövlətin gələcəyini sual altında qoymuşdu.
Onu da deyək ki, iyun hadisələri birdən-birə başlamamışdı. Respublikada hakimiyyət böhranının kökü, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi hələ neçə il əvvələ gedib çıxırdı. Belə ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra ictimai-siyasi sabitliyin bərqərar edilməsi, davamlı inkişaf prosesinin stimullaşdırılması, demokratikləşmənin həyata keçirilməsi və dövlət quruculuğu istiqamətində heç bir konkret addım atılmamışdı. Bu isə nəticə etibarilə idarəetmə sisteminin iflic vəziyyətə düşməsinə, cəmiyyətdə ideoloji parçalanmalara, siyasi qütbləşmələrin dərinləşməsinə, iqtisadiyyatın tənəzzülünə, sosial şəraitin həddindən artıq ağırlaşmasına səbəb olmuşdu. 1992-ci ildə hakimiyyətə gələn AXC-Müsavat cütlüyü isə bu çətinliklərin aradan qaldırılması istiqamətində səmərəli heç bir tədbir reallaşdırmamışdı, idarəetmə sahəsində ciddi səhvlərə yol vermişdi.
Bütün bunlarla yanaşı, o zaman xaricdən olan təzyiqlər də Azərbaycanın dövlət müstəqilliyinə çox ciddi problem yaratmışdı. AXC - Müsavat hakimiyyəti bu təhlükənin qarşısını almaq, lazımi tədbirləri görmək iqtidarında deyildi. Həmin dövrdə hakimiyyət tərəfindən qonşu Rusiya və İranla münasibətlərin inkişafına laqeydlik göstərilməsi də buraxılmış kobud səhvlərdən idi.
Yeri gəlmişkən, burada ağrılı bir məqamı da xatırlatmaq istərdik. 1992-ci ilin oktyabrında ABŞ Konqresinin “Azadlığı müdafiə aktı”na etdiyi 907 saylı düzəlişi Azərbaycan Respublikasına ABŞ-ın dövlət səviyyəsində yardımını qadağan etmiş və beləliklə, AXC - Müsavat hakimiyyətinin beynəlxalq imicinə böyük zərbə vurmuşdu.
Bir sözlə, cərəyan edən hadisələri düzgün qiymətləndirmək qabiliyyətində olmayan o vaxtkı iqtidar baş verən proseslərdən düzgün nəticə çıxara bilməmiş, əhali arasında öz nüfuzunu tamamilə itirmişdi. Torpaqlarımızın ermənilər tərəfindən hissə - hissə işğal olunması və ayrı - ayrı şəxslərə xidmət edən qeyri - qanuni silahlı birləşmələrin özbaşınalığı da insanların səbr kasasını doldurmruşdu. Xalqın hakimiyyətə olan qəzəbi 1993- cü ilin iyun ayında pik həddə çatmışdı. Bu şərait AXC-Müsavat hakimiyyətində birincilik uğrunda gedən mübarizəni daha da kəskinləşdirmişdi. Həmin iqtidarın “qəhrəman” elan etdiyi Surət Hüseynovla aralarında yaranan ziddiyyət isə Azərbaycanı vətəndaş müharibəsinə sürükləmişdi. Bu, AXC-Müsavat cütlüyünün sonunu gətirməklə yanaşı, gənc müstəqil dövlətimizi böyük təhlükələrlə üz-üzə qoymuşdu.
Bu barədə bir qədər ətraflı danışmaq istərdik. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi əslində mövcud olan narazılıqların bariz ifadəsi idi. Bu, yuxarıda qeyd etdiyimiz kimi, AXC-Müsavat hakimiyyətinin apardığı siyasətin milli maraqlara uyğun gəlməməsindən qaynaqlanırdı.
O zaman əlində çoxlu silah-sursat toplayan və əsgəri birləşmələrə nəzarət edən Surət Hüseynov özünü Gəncənin və ətraf rayonların necə deyərlər, sahibi elan etmişdi. Digər tərəfdən də Əlikram Hümbətovun addımları ölkənin parçalanmasını sürətləndirmişdi. Baş nazir Pənah Hüseynovun rəhbərliyi ilə Surət Hüseynovu tərksilah etmək üçün düşünülən “Tufan” əməliyyatı isə nəinki vəziyyəti yaxşılaşdırmış, əksinə, odun üstünə yağ tökmüş və beləliklə, vətəndaş müharibəsinin ilk qanları axıdılmışdı.
Yeri gəlmişkən, burada diqqəti 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş verən hadisələri təhqiq edən deputat-istintaq komissiyasının işinin yekunu barədə arayışa yönəltmək istərdik. Tərkibi Azərbaycanın siyasi həyatının bütün qütblərini təmsil edən deputat-istintaq komissiyasının arayışından məlum olur ki, 1993-cü il iyunun 4-də Gəncədə baş verən faciə əvvəlcədən hazırlanan, cinayətlərə səbəb olan hərbi əməliyyatların ağır nəticəsidir. Sənəddə deyilir: “Milli Məclisə təqdim olunmuş deputat-istintaq komissiyasının materiallarından və rəydən, Milli Məclisin iclasındakı əksər çıxışlardan və ümumiyyətlə, müzakirələrdən aydın oldu ki, Gəncə hadisələri Azərbaycan Respublikası Prezidentinin, onun ətrafındakıların səbatsız siyasətinin nəticələridir və axırıncı bir il iqtidarda olan şəxslərin fəaliyyətinin məntiqi yekunudur”.
Deputat-istintaq komissiyasının hazırladığı arayışda daha sonra diqqətə çatdırılır ki, həmin günlər respublikada son dərəcə mürəkkəb ictimai-siyasi şərait mövcud idi. Siyasi ehtiraslar səngimək bilmirdi, hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talanması, sosial, siyasi və mədəni həyatda qarmaqarışıqlıq, özbaşınalıq, hərc-mərclik xalqın səbrini son həddə çatdırmış axırıncı bir ilin xarakterik əlamətləridir.
Arayışda, eyni zamanda, qeyd olunur ki, respublikada vəziyyətin ağırlaşdırıcı amillərindən biri də mövcud iqtidarın kadr siyasəti idi. Bu siyasət ancaq Azərbaycan Xalq Cəbhəsinin potensialına söykənmişdi, rəhbərlik, bir qayda olaraq, ancaq Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrini irəli çəkirdi. İqtidar kadrları əsasən şəxsi sədaqət, dostbazlıq, qohumbazlıq prinsiplərinə görə seçirdi. Kadr sahəsində yeganə meyar olan qabiliyyət, səriştə və səviyyə məsələləri arxa plana keçirilir, Azərbaycanın intellektual potensialına məhəl qoyulmurdu...
... Beləliklə, o zaman heç kimə tabe olmaq istəməyən polkovnik Surət Hüseynov əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. Bu hadisələr ölkə daxilində olan ziddiyyətlərin və total böhranın kulminasiya nöqtəsinə çatmasından xəbər verirdi. Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissənin Müdafiə Nazirliyinə tabe olmaması, şimalda və cənubda separatçı qüvvələrin fəallaşması hakimiyyət böhranını daha da dərinləşdirirdi. Gəncədə yerləşən 709 saylı hərbi hissə isə hakimiyyətə meydan oxuyurdu. Hökumət Gəncəyə canlı qüvvə və hərbi texnika göndərdi. Qarşıdurmada həlak olanlar və yaralananlar var idi.
Surət Hüseynovun dəstəsinin Bakıya doğru irəliləməsi hakimiyyət böhranını son həddə çatdırdı.Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilirdi. Ölkədə vətəndaş qarşıdurması başlanmışdı. Siyasi ehtiraslar səngimək bilmirdi. Sosial, siyasi və mədəni həyatda özbaşınalıq, hərcmərclik xalqın səbrini son həddə çatdırmışdı.
Ölkədə yaranmış silahlı qarşıdurma hamının narahatlığına səbəb olmuşdu. Belə bir şəraitdə çıxılmaz vəziyyətə düşən AXC - Müsavat hakimiyətinin nümayəndələri nə edəcəklərini bilmirdilər. Xalq isə yaranmış şəraitdən xilas yolunu ulu öndər Heydər Əliyevə müraciət etməkdə görürdü. Bundan əvvəl də Heydər Əliyevə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri müraciət etmişdilər, xalqı arxasınca apara biləcək Yeni Azərbaycan Partiyası yaradılmışdı. Bu partiyanın sədri müdrik şəxsiyyət Heydər Əliyev olduğundan insanlar böyük həvəslə təşkilata üzv olur, bununla da Heydər Əliyevə olan inam və etimadlarını nümayiş etdirirdilər.
Xalqımız yaxşı bilirdi ki, Azərbaycanı bu cür ağır və mürəkkəb şəraitdən ancaq ümummilli lider Heydər Əliyev çıxara bilər. Ona görə də qəti qərara gəlinərək ulu öndər təkidlə hakimiyyətə dəvət edildi.
Qüdrətli şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə əmin - amanlıq, sabitlik yarandı, mövcud olan ziddiyyətlərin, silahlı qarşıdurmanın aradan qaldırılması istiqamətində ciddi və əhəmiyyətli tədbirlər görüldü. Qeyri - qanuni silahlı qruplaşmalar tədricən ləğv edildi. İnsanların gələcəyə olan inamı artdı.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.