Ərdoğan – Tramp görüşü: suallar cavabını gözləyir

ABŞ-ın yeni administrasiyasının, bütövlükdə, fərqli siyasət yeridəcəyini öncədən proqnozlaşdırırdılar. Prezident Donald Trampın bir sıra dövlətlərin başçıları ilə söhbətləri, müəyyən beynəlxalq məsələlərlə bağlı verdiyi bəyanatlar, ölkə daxilində atmaq istədiyi addımlar bu cür proqnozların əsaslı olduğunu ortaya qoyurdu. Bu proseslərin fonunda ABŞ-ın dövlət başçısının Rusiya XİN rəhbərindən sonra Türkiyə Prezidenti ilə aparacağı müzakirələrin məzmunu böyük maraq doğururdu.

Vaşinqtona Çindən gedən Rəcəb Tayyib Ərdoğan D.Trampla görüşdən narazı qalmasa da, razı da görünmədi. Tərəflər açıq, konkret danışıblar. Türkiyə Prezidenti Trampın kifayət qədər konkret fikir bildirən, onu açıq deyən bir siyasətçi olmasını ayrıca qeyd edib. Lakin prinsipial mövqe nümayişinə gəldikdə isə, məsələn, ekspertlər belə bir məqama diqqət yetiriblər ki, tərcüməçi Ərdoğanın “terror təşkilatı YPG” sözünü sadəcə “YPG” kimi ingiliscəyə çevirib. Bu, o deməkdir ki, Vaşinqtonla Ankara arasında Suriyadakı qruplarla bağlı fikir ayrılığı qalmaqdadır. Qlobal geosiyasi məsələlərdə də tərəflərin mövqelərində fərqlər mövcuddur. İlk olaraq Yaxın Şərqlə əlaqədar onlar arasında ziddiyyətlərin kəskinləşməsi gözləniləndir. Bütün bu kimi məqamlar iki prezidentin apardığı müzakirələrin analizini əhəmiyyətli edir.

 

Vaşinqton müzakirəsi: müttəfiqlikdə yeni müəmmalı çalarlar

 

Türkiyə Prezidentinin ABŞ-a rəsmi səfəri ərəfəsi ekspertlər bir sıra proqnozlar verirdilər. Onlar iki müttəfiq ölkə arasında münasibətlərin yaxşıya doğru sürətlə dəyişə biləcəyindən bəhs edirdilər. Bu qənaətə Donald Trampla Rəcəb Tayyib Ərdoğanın telefonla 3 dəfə danışması və ABŞ Prezidentinin öz türkiyəli həmkarı barədə xoş sözlər ifadə etməsi əsasında gəlinirdi. Ancaq real siyasət səhnəsində baş verənlər bir qədər ehtiyatlı davranmağın daha doğru olmasını diktə edirdi.

Nəhayət, Rəcəb Tayyib Ərdoğan ilə Donald Tramp may ayının 17-də Vaşinqtonda görüşüblər. Təkbətək müzakirədən sonra tam heyətlə bir araya gəliblər. Toplam görüş vaxtı 2 saat 45 dəqiqə olub. Prezidentlər keçirdikləri brifinqdə danışıqların məzmunu barədə fikirlərini bəyan ediblər. Ekspertlər bununla bağlı analizlər aparırlar. Yayılan informasiyalar əsasında bir sıra nəticələr çıxarmaq mümkündür.

Hər şeydən əvvəl, belə təəssürat yaranır ki, artıq ABŞ-Türkiyə münasibətləri fərqli çalarlar kəsb etməyə başlayır. Ənənəvi müttəfiqlik və dostluq anlayışları bir sıra yeniləşmələrə məruz qalır. D.Tramp Türkiyə faktoruna öz sələfləri qədər əhəmiyyət verməyən Prezident təsiri bağışlayır. Daha doğrusu, o, ABŞ-ın doğru hesab etdiyi maraqlarına o dərəcədə aludədir ki, tərəfdaşın problemlərinə lazımi reaksiya vermir. D.Trampın Prezident kimi ilk səfərini Səudiyyə Ərəbistanı, Vatikan və İsrailə etməyi planlaşdırması da müəyyən tendensiyalardan xəbər verir. Xatırladaq ki, Barak Obama ilk səfərini Türkiyəyə etmişdi.

Avropada Vatikan, Yaxın Şərqdə isə Səudiyyə Ərəbistanı və İsrail... Bu, düşündürücü seçimdir. Məsələnin Vatikan tərəfi aydındır. D.Trampın Yaxın Şərqdə Ər-Riyadla Təl-Əvivə ilk olaraq baş çəkməsi konkret siyasi istiqaməti ifadə edir –Vaşinqton anti-İran xəttini inkişaf etdirməkdə qərarlıdır. Tehrana qarşı hansısa cəbhənin yaradılacağını demək çətindir. Ancaq İsrailin İranla bağlı mövqeyi və ABŞ-ın Səudiyyə Ərəbistanına 300 milyard dollarlıq silah satmaq qərarı nələrdənsə xəbər verir.

Buradan Türkiyə üçün də əhəmiyyəti olan bir sıra qənaətlər əldə etmək olar. Görünür, yeni administrasiya Yaxın Şərqdə silahlı toqquşmaların davam etdirilməsinə çalışacaq. Bunun üçün o, bir sıra terror qruplarını gücləndirib, İran və Türkiyə istiqamətində onların fəallaşmasını təmin etməyə cəhdlər göstərəcək. Əsas hədəf İrandır, Türkiyənin isə Tehrana lazımi dəstək verə bilməməsi üçün öz daxili problemləri ilə başının qatılmasına çalışılacaq. Bunun üçün sınanmış üsul var – PKK, PYD, İŞİD, FETÖ!

Bu halda Suriyada hərbi ixtilafların səngiməyəcəyini gözləmək elə də əsaslı deyil. ABŞ Rakkaya da hücum edə bilər, oranı İŞİD-dən təmizləyə də bilər. Lakin bu, terrorun azalmasına səbəb olmayacaq. İŞİD, yaxud başqa təşkilat vasitəsilə proseslər Afrika, Türkiyə, İran, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Çin istiqamətlərində genişlənə bilər. Vaşinqtonun Suriyada konkret qruplara silah verməsinin arxasında duran məqamlardan birinin bundan ibarət olduğunu düşünürük.

 

Geosiyasi risklərə doğru: ABŞ-ın  seçimi və reallıq

 

Hesab edirik ki, Ərdoğan-Tramp görüşməsində Rakka ilə bağlı razılığın əldə olunmaması arxasında dayanan əsas səbəb bununla bağlıdır. Vaşinqton açıq bildirir ki, Yaxın Şərqdə İsraildən başqa heç bir dövlətlə dərin qatlarda əməkdaşlıq etmək fikrində deyil, onların heç birinə güvənmir və yerlərdə özünün, müttəfiqlərinin yaratdıqları silahlı qruplarla işi davam etdirmək niyyətindədir. Donald Tramp və komandası Türkiyəyə nə qədər söz versə ki, YPG Ankaraya qarşı hərəkət etməyəcək, bunlar boş vədlərdir. Çünki YPG-nin əsas məqsədi Suriya, Türkiyə, İraq ərazilərini əhatə edən müstəqil dövlət yaratmaqdır. Həmin səbəbdən Rəcəb Tayyib Ərdoğan da D.Trampla görüşdə qəti bildirib ki, “əgər YPG Türkiyəyə qarşı nəsə etsə, mütləq heç kimdən icazə almadan vurulacaq”.

Bu, iki strateji müttəfiqin Suriyada bir-biri ilə müharibəyə girişə bilməsinin ilk siqnalıdır. Özü də məsələnin yalnız YPG ilə məhdudlaşmadığını düşünürük. Rəsmi Vaşinqton Sincar, Mosul, Kərkük, Telafir istiqamətlərində də terror qruplarına dəstək verməkdədir. Bunlara paralel olaraq “peşmərgə”dən ordu düzəltmək kimi bir prosesə start veriblər. Deməli, cəm halında Yaxın Şərqdə vəziyyətin böyük dövlətlər arasında uzun sürən müharibə yaratmaq məqsədindən danışmaq olar.

Bunlar o anlama gəlir ki, ABŞ-Türkiyə münasibətlərinin taleyi hələlik aydın deyil. Tərəflər öz maraqlarını gözləməkdə qərarlıdırlar. Rəsmi Ankara terror qrupları kimi tanıdığı silahlı təşkilatlarla mübarizəsini bütün gücü ilə davam etmək məcburiyyətindədir. Bu məsələdə Amerika səmimiyyətlə onun yanında deyil. Çox güman ki, iqtisadi-ticari sahələrdə əməkdaşlığı inkişaf etdirməklə bağlı söylənən fikirlər daha çox görüntü xarakteri daşıyır. Çünki həm D.Trampın yeritdiyi xarici siyasət kursu, həm də konkret olaraq Yaxın Şərq məsələsi əməkdaşlığın asan olmayacağını göstərir. R.T.Ərdoğan da bu kontekstdə dəqiq fikir bildirməyib və hələ bir çox şeylərin aydın olmadığını deyib. Yaxın Şərqdə proseslərin necə inkişaf edəcəyini və nələrin baş verəcəyini gözləmək lazım gəlir. O cümlədən Münbic və təhlükəsizlik zonalarının yaradılması məsələlərində bir dəqiqlik yoxdur.

Maraqlıdır ki, R.T.Ərdoğan terror qrupları məsələsində ABŞ-la yanaşı, Rusiyanın mövqeyində, bir qeyri-müəyyənliyin olduğunu vurğulayıb. O deyib ki, biz onların qarşısına satdıqları raketlərin fotolarını qoyuruq, ancaq boyunlarına almırlar. Yəni əməkdaşlıq etdiklərini deyirlər, silah satdıqlarını qəbul etmirlər. Masada konkret faktların olmasına rəğmən, bunu inkar edirlər. Deməli, bu məsələlərdə səmimiyyət yoxdur.

Türkiyə Prezidenti bu kimi məqamları vurğulamaqla yanaşı, iki maraqlı mesaj da verib. Birincisi, Amerika və başqalarının əvvəl-axır regionda terrorla mübarizə üçün Türkiyənin qapısını döyəcəyini R.T.Ərdoğan açıq deyib. İkincisi, Türkiyənin özü müstəqil hərəkət edəcək. Bu isə o deməkdir ki, Suriya səhnəsində yalnız ABŞ və onun bir sıra müttəfiqi, Rusiya və İran deyil, Türkiyə də olacaq. Bunların hər biri öz marağına uyğun addım atacaq. Nəticədə, regionda ciddi ixtilaflar meydana gələ bilər.

Bunun olmaması üçün Amerikanın Türkiyəyə müraciət edə biləcəyini Prezident Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda ifadə edib. Görünür, ABŞ Əfqanıstan, İraq və Suriya proseslərindən özünün doğru saydığı nəticələr çıxarıb. Bu əhval-ruhiyyə, bütövlükdə, dünyanı yeni risklərə atmağa təkan verə bilər. Belə bir vəziyyətdə Rusiyanın tutacağı mövqe çox əhəmiyyətli olacaq. Tramp-Lavrov görüşündən sonra yaranmış ab-hava onu deməyə əsas verir ki, Suriyada Türkiyəyə yönəlik işlərdə Moskva ilə Vaşinqton arasında müəyyən razılıq vardır. Bunun nə dərəcədə doğru olduğunu həyat göstərəcək.

Bütün bunlardan belə nəticə çıxır ki, Ərdoğan-Tramp görüşündə prinsipial məsələlərdə razılıq əldə olunmayıb. Amerikanın yeni administrasiyası dünya ağalığı iddiasını yeni səviyyədə davam etdirməkdə qərarlıdır. Bunun nə dərəcədə səmərəli olduğunu zaman təsdiq edəcək, lakin bəri başdan demək gərəkdir ki, rəsmi Vaşinqton Yaxın Şərqdə gərginliyi daha da yüksəltmək riskinə gedir. Bu prosesin onun regiondakı ən yaxın müttəfiqlərinin də başında çatlayacağına şübhə etməməlidirlər. Eyni zamanda, regiondakı digər böyük oyunçuların da planlarının mövcudluğunu nəzərə almaq lazımdır. Bu səbəblərdən, ABŞ-ın Yaxın Şərqdə vəziyyəti daha da mürəkkəbləşdirmək niyyətində olduğu daha aydın görünməkdədir.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında