Bakı – Vaşinqton yaxınlaşması Qafqazda sülhün bərqərar olmasına zəmin yaradır

Dünyanın aparıcı dövlətlərindən olan Amerika Birləşmiş Ştatlarının yeni Prezidenti  Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə bir həftə ərzində  iki dəfə məktub göndərməsi və Ağ ev Administrasiyasının rəsmi Bakı ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirməsi  xalqımızın bütün zümrələri tərəfindən böyük maraqla qarşılanmışdır. Təkcə siyasətçi və diplomatlar deyil, eləcə də yaradıcı ziyalılar, elm, incəsənət xadimləri  və sadə vətəndaşlar bu münasibətlərin genişləndirilməsini təqdir edir və alqışlayırlar.

Elmi Tədqiqat Travmotologiya və Ortepediya İnstitutunun şöbə müdiri, tibb elmləri namizədi Əli DAVUDOVA   zəng edərək  bu məsələyə münasibət bildirməsini xahiş etdik. O dedi:

– Cənab Donald Trampın həm 28 May – Respublika Günü, həm də Bakıda 24-cü dəfə təşkil olunan “Xəzər Neft və Qaz –2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  göndərdiyi təbrik məktublarındakı məqamlar sübut edir ki, bizim bu ölkə ilə əməkdaşlığımızın tamamilə yeni mərhələsi başlanır. Bu məktubların  fonunda Azərbaycan Prezidentinin “ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk...” deməsi də heç kəsin nəzərindən yayınmadı.

Bu dəstək nədən ibarətdir? Birinci, Prezident  Tramp Respublika Günü münasibətilə göndərdiyi məktubda qeyd edirdi ki, ABŞ rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün öz səylərini əsirgəməyəcək. Üstəlik, əlavə edirdi ki, biz Azərbaycan xalqının yanındayıq. Bu iki cümlə bir azərbaycanlı kimi məni olduqca məmnun etmişdir. Çünki Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsindən başqa bütün problemlərini təkbaşına həll edib. Özü də yüksək səviyyədə.  ABŞ kimi güclü dövlətin Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həllini diqqət mərkəzində saxlayacağını, problemin ədalətli şəkildə həllinə dəstək veriləcəyini  deməsi, artıq kifayət qədər təqdiredici faktdır.

Bundan başqa, cənab Trampın Azərbaycanın təşəbbüsü və ya iştirakı ilə reallaşdırılan beynəlxalq iqtisadi layihələri dəstəkləməsi də gənc müstəqil dövlətimizin bədxahlarına ağır zərbə, tutarlı ismarıcdır. Bakıda  keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin  açılış mərasimində çıxış edən Prezident İlham Əliyev həmin iqtisadi layihələr haqqında danışarkən deyib : “Cənub” qaz dəhlizinə 40 milyard dollar vəsait qoyulması nəzərdə tutulub, bu işlərin böyük əksəriyyəti həyata keçirilib. ”Şahdəniz -2" layihəsinin icra səviyyəsi 93 faiz səviyyəsindədir. TANAP-ın icrası 70 faizdən yuxarı, TAP-da icra səviyyəsi 42 faiz səviyyəsindədir. Bu il “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda növbəti iclası keçirilib. Azərbaycan bu layihədə lider ölkədir. Bizim tərəfdaş ölkələr -- Balkan ölkələri, ABŞ, Böyük Britaniya və Avropa Komissiyasının yüksək çinli rəsmiləri Məşvərət Şurasının iclasında iştirak ediblər. Qəbul edilən qətnamədə Azərbaycanın lider rolu vurğulanıb.”

ABŞ Prezidenti  məhz bu miqyaslı layihələrin icrasının yüksək səviyyədə dəstəklənəcəyini dilə gətirib. Bu isə o deməkdir ki, Azərbaycan - ABŞ münasibətlərinin daha da yaxşılaşması Qafqazda tərəqqiyə, inkişafa və sülhün bərqərar edilməsinə zəmin yaradır.

Qələmə aldı:
İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında