ABŞ-ın Azərbaycanla əməkdaşlığı təkcə ölkəmizin strateji-coğrafi mövqeyi və zəngin karbohidrogen ehtiyatları ilə deyil, eyni zamanda, etibarlı siyasi sabitliyə və beynəlxalq birliklə fəal dialoqa istiqamətlənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. İki dövlətin əməkdaşlığı, bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Xüsusilə də 2001-ci il 11 Sentyabr terror aktından sonra Azərbaycanın terrorizmlə mübarizəyə qoşulması və eyni zamanda, azərbaycanlı hərbçilərin Əfqanıstanda sülhməramlı əməliyyatlarda yaxından iştirak etməsi, habelə rəsmi Bakının Qərbin enerji təminatında etibarlı tərəfdaş olduğunu təsdiqləməsi hər iki ölkə arasında münasibətlərin müsbət axarına güclü təkan verir. ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciətlərdə əks olunmuş fikirlər ölkələr arasında ikitərəfli münasibətlərin yeni dönəminin başlandığına işarədir.
Milli maraqların təmin edilməsində müəyyənləşdirilən hədəflərə çatmaq üçün xarici siyasətin düzgün seçilməsi hər bir dövlət üçün strateji əhəmiyyət kəsb edir. Qərb ilə Şərqin kəsişməsində yerləşən Azərbaycan regionda maraqları olan bütün dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini qoruyub saxlamağa və inkişaf etdirməyə imkan vermiş xarici siyasət yürütməyə nail olmuşdur. Azərbaycan son illər iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də uğurlara nail olmaq məqsədilə fəal siyasət həyata keçirir. Yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq arenada böyük nüfuz qazanan dövlətimiz qlobal proseslərdə və dünya siyasətinin axarını müəyyənləşdirməkdə söz sahibi olan ABŞ ilə münasibətlərə də böyük əhəmiyyət verir, bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinin inkişafını dəstəkləyir.
Bu gün ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyev XXIV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının iştirakçılarına ünvanladığı müraciətində bu məqama xüsusi toxunaraq bildirmişdir ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməklə yanaşı, xarici sərmayədarlar üçün də əlverişli şərait yaratmışdır. Azərbaycanın dünyanın ən iri şirkətləri ilə imzaladığı sazişlərlə başlayan dinamik yüksəliş yolunun ölkəmizin Avrasiyanın enerji təhlükəsizliyi üzrə layiqli tərəfdaş olduğunu sübuta yetirdiyini vurğulayan dövlət başçısı əlavə etmişdir ki, ötən dövr ərzində ölkəmiz neft siyasətində davamlı artan xətt üzrə inkişaf tempi nümayiş etdirərək, həm qlobal transmilli layihələrin təşəbbüskarı, həm də onların əsas icraçısı olmuşdur. Prezident İlham Əliyev konfrans iştirakçılarının diqqətinə çatdırmışdır ki, “Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, həmçinin TANAP və TAP layihələri respublikamızın mövqeyini və qlobal tərəfdaşlığı daha da möhkəmləndirən uğurlu addımlardır.
ABŞ Prezidenti Donald Trampın mayın 31-də Bakıda keçirilən 24-cü Beynəlxalq "Xəzər Neft və Qaz - 2017" sərgi və konfransının, həmçinin 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin iştirakçılarına ünvanladığı məktubu da Azərbaycan və ABŞ arasında tərəfdaşlığa verilən yüksək qiymətlə yanaşı, ölkəmizin neft sənayesinə və ümumən enerji sahəsinə böyük marağın göstəricisi kimi qiymətləndirmək olar. Cənab Trampın ABŞ və Azərbaycanın son 25 il ərzində qurduğu tərəfdaşlığı qiymətləndirdiyini və bu tərəfdaşlığın gələcəkdə inkişaf edəcəyini gözlədiyini vurğulaması rəsmi Vaşinqtonun ölkəmizlə münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləmişdir. Ağ ev sahibinin ABŞ-ın əvvəlki kimi “Cənub” qaz dəhlizini dəstəklədiyini və bu layihənin icrası üzrə Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının səylərini alqışladığını bildirməsi və eyni zamanda, qlobal enerji təhlükəsizliyində, eləcə də Xəzər regionunun enerji resurslarının inkişaf etdirilməsi və ixrac edilməsində Azərbaycanın mühüm rolunu yüksək qiymətləndirməsi rəsmi Vaşinqtonun Prezident İlham Əliyevin Avrasiya regionunda strateji enerji mənbələrinin yaradılmasına yönəlmiş xarici siyasətinə güclü dəstək kimi də dəyərləndirmək olar.
Bundan başqa, Prezident Tramp Azərbaycan hökumətinin son illər ərzində qeyri-neft sektorunun inkişafına istiqamətlənmiş islahatlarına da dəstəyini bildirmişdir. İqtisadiyyatın diversifikasiyası üzrə Azərbaycanın səylərini dəstəklədiyini və alqışladığını vurğulayan ABŞ Prezidenti rəsmi Bakının qeyri-neft sektonunda həyata keçirdiyi siyasətin yeni sahələr formalaşdırdığını və bu sahələrdə də ikitərəfli əməkdaşlığın inkişafını nəzərdə tutduğunu qeyd etmişdir. Cənab Tramp məktubunda Azərbaycan Prezidentinə güclü dəstəyini də ifadə etmişdir: “Siz iqtisadi və hökumət islahatlarını davam etdirdiyiniz müddətdə ABŞ Sizinlə işləməyə hazırdır”.
ABŞ lideri, həmçinin qeyd etmişdir ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində həlli məsələsinə sadiqdir və bu münaqişənin həlli regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək. Amerikalıların Azərbaycanda inkişafın və sabitliyin daha da artacağına ümid etdiyini vurğulayan Donald Tramp əlavə etmişdir ki, 24-cü Beynəlxalq "Xəzər Neft və Qaz - 2017" sərgi və konfransı , eləcə də "Cənub” qaz dəhlizi bu məqsədlərə nail olmaq üçün çox vacibdir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 28 May – Respublika Günündə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda da rəsmi Bakıya dəstək və inamını bildirmişdi. Azərbaycanın ABŞ-ın dəyərli tərəfdaşı olduğunu vurğulayan Ağ ev sahibi qeyd etmişdi ki, Birləşmiş Ştatlar rəsmi Bakı ilə birlikdə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışır. ABŞ-ın Azərbaycan xalqının yanında olduğunu xüsusi olaraq qeyd edən cənab Tramp təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə hər iki dövlət arasındakı münasibətlərin möhkəmləndirilməsinə sadiq olduqlarını da diqqətə çatdırmışdır. Okeanın o tayından Bakıya göndərilən dəstək məktubunda ABŞ Prezidentinin Azərbaycanın Avropa üçün yeni enerji mənbəyi olduğunu vurğulamasını və Birləşmiş Ştatların bu sahədə uzunmüddətli və uğurlu əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etməsini son vaxtlar "Cənub” qaz dəhlizi layihəsinin reallaşdırılmasına mane olmağa çalışan qüvvələrin qarşısının alınmasına yönəlmiş fəaliyyətə verilən ciddi dəstək kimi də qiymətləndirmək olar.
Qeyd etmək yerinə düşər ki, Respublika Gününə həsr olunmuş mərasimdəki çıxışında Prezident İlham Əliyev TAP layihəsinin gerçəkləşməsinə qarşı Avropada süni maneələrin yaradıldığını demişdi. Bununla da dövlət başçısı, əslində, "Cənub” qaz dəhlizi layihəsinin reallaşmasına qarşı bəzi geosiyasi mərkəzlərin əngəllər yaratdığına açıq işarə vurmuşdu. Ancaq mütəxəssislərin fikrincə, bu kimi maneələrin gələcəyi yoxdur. Çünki Avropa Birliyi ölkələri ilə yanaşı, ABŞ da bu layihənin reallaşmasında maraqlıdır. Birləşmiş Ştatların timsalında güclü zəmanətçinin olması layihənin uğurla başa çatacağına inamı gücləndirir. Belə zəmanət də cənab Trampın Bakıda açılmış Neft və Qaz sərgisi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda bir daha öz əksini tapmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan ilə görüşündə rəsmi Vaşinqtonun Azərbaycanın həyata keçirdiyi qlobal layihələri dəstəkləməkdə davam etməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır. Bu sahədə hər iki ölkə arasında münasibətlərin yaxşı tarixə malik olduğunu bildirən dövlət başçısı vurğulamışdır ki, Bakı-Tbilisi-Ceyhan layihəsini və ondan sonra icra olunan layihələri, o cümlədən “Cənub” qaz dəhlizi layihəsini ABŞ hökuməti həmişə güclü şəkildə dəstəkləmişdir. ABŞ Prezidentinin ünvanladığı məktubda ifadə olunan fikirlərdə bir daha göstərir ki, Birləşmiş Ştatların yeni administrasiyası bu layihəyə sadiqdir. Rəsmi Vaşinqtonun belə dəstəyini yüksək qiymətləndirdiyini vurğulayan Azərbaycan lideri hesab etdiyini açıqlamışdır ki, cənab Trampın ünvanladığı məktubda səslənən fikirlər Azərbaycana verilən dəstəyin və dostluq münasibətlərimizin daha bir göstəricisidir.
Son illərin gedişatı göstərir ki, ABŞ-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf edir. İndiyədək iki ölkə arasında mühüm əhəmiyyətə malik 80-ə yaxın dövlətlərarası sazişin imzalanması da deyilənləri təsdiq edir.
Dünyanın supergüc dövləti hesab olunan ABŞ-ın Azərbaycanla əlaqələrinin dinamikası Donald Tramp prezident seçilməsindən sonra xüsusi impuls almışdır. Mütəxəssislər də bildirirlər ki, Ağ evin yeni sahibinin müəyyənləşməsindən sonra iki ölkə arasında yeni dönəm başlanmışdır. Bu yeni mərhələ özündə iki əsas məqamı ehtiva edir. Birinci məqam bundan ibarətdir ki, cənab Trampın bəyan etdiyi kimi, ABŞ əvvəlki dövrlərdə olduğu şəkildə öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq və digər ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyi qarşısına məqsəd qoymuşdur. İkinci məqam isə budur ki, bu siyasət ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın dövründə ABŞ-Azərbaycan əlaqələrində müşahidə olunan neqativ hallar və soyuqluğun aradan qaldırılmasını, iki ölkə arasında faydalı və bərabərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini nəzərdə tutur.
Bir sözlə, Azərbaycanın beynəlxalq ictimaiyyət üçün strateji əhəmiyyət kəsb edən məsələlərdə etibarlı tərəfdaş olması, daxili və xarici siyasətini qlobal çağırışların tələblərinə uyğun formalaşdırması, eyni zamanda, Cənubi Qafqazın aparıcı dövləti kimi regionu qarşıdurma deyil, əməkdaşlıq məkanına çevirməsi istiqamətində mühüm diplomatik-siyasi səylərini əsirgəməməsi dünyanın qabaqcıl dövlətlərinin, xüsusilə ABŞ-ın diqqətindən yayınmır. Cənab Trampın Azərbaycan rəhbərliyinə ünvanladığı məktublarda bu reallığın ifadə olunması və əməkdaşlığın inkişafına bundan sonra da dəstək veriləcəyinin vurğulanması ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin açılmasına şərait yaratmaqla yanaşı, qlobal və lokal müstəvidə tərəqqiyə ünvanlanmış strateji layihələrin reallaşdırılması prosesinə yeni güclü təkan olacağı şübhə doğurmur.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.