“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının Ukrayna dilində nəşrinin təqdimatı olub

Mayın 30-da Azərbaycanın Ukrayna Konqresinin ofisində Ukraynanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Milli Məclisin deputatı, yazıçı, Əməkdar jurnalist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının Ukrayna dilində nəşrinin təqdimatı keçirilib. Təqdimat mərasimi Azərbaycanın Respublika Gününə həsr edilmiş tədbirlər çərçivəsində təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Mehman Salmanovun Ukrayna dilinə tərcümə etdiyi bu kitab Kiyevdə “Loqos” nəşriyyatında həmvətənimiz, iş adamı Asif Məmmədovun sponsorluğu ilə nəşr edilib.

Təqdimat mərasimində çıxış edən Azərbaycanın Ukrayna Konqresinin idarə heyətinin sədri Yuri Osadçenko Elmira Axundovanın yazıçı-publisistik, ictimai fəaliyyətindən söz açıb.

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko Ukrayna dilində nəşr edilmiş kitabın təqdimatını ölkəsi üçün mühüm hadisə kimi dəyərləndirib. Qeyd edib ki, kitabın Ukrayna dilinə tərcüməsi onun ölkəsinə və xalqına hörmətin ifadəsidir. İki ölkə arasında əlaqələrdən danışan səfir Azərbaycan xalqının tolerantlığını qeyd edib.

“Ukraynalılar üçün dost ölkənin lideri haqqında birinci mənbədən məlumat öyrənmək vacibdir. Biz Heydər Əliyev haqqında çoxcildliklə tanışıq. Bu kitabda isə Azərbaycanın bugünkü liderindən söhbət açılır”, - deyə Aleksandr Mişşenko qeyd edib. Azərbaycanda uzun müddətdən bəri fəaliyyət göstərdiyini bildirən səfir deyib: “Görüşlərdə Azərbaycan Prezidentinin qarşısında heç vaxt kağızın olmaması məni həmişə heyrətləndirib. O, danışıqlar apararkən bütün rəqəmləri əzbərdən deyir. Bu o deməkdir ki, Prezident İlham Əliyev görüşlərə ciddi hazırlaşır. Təqdimatı keçirilən kitabda onun təhsili, fəaliyyəti, insani keyfiyyətləri haqqında maraqlı faktlar yer alıb”.

Kitabın asan oxunduğunu, eləcə də zəngin məlumat mənbəyi olduğunu diqqətə çatdıran səfir deyib: “Bu kitab Azərbaycan vətəndaşları üçün də faydalıdır. Öz liderin haqqında nə qədər çox məlumata maliksənsə, deməli, onu bir o qədər də çox başa düşürsən. Bu sinergiya - xalqın hakimiyyətə, hakimiyyətin xalqa etimadı sizin başlıca nailiyyətinizdir. Bu kitab həm də Azərbaycan Prezidenti İlham Əliyevin səfərinə hazırlaşan Ukrayna üçün vacibdir”. Kitabın maraqla qarşılandığını qeyd edən səfir bunun müəllifin gərgin zəhmətinin nəticəsi olduğunu vurğulayıb.

Ukrayna səfiri onu da diqqətə çatdırıb ki, gələn il yaradılmasının 100 illiyi qeyd ediləcək Azərbaycan Xalq Cümhuriyyəti ilə Ukrayna arasında əlaqələr 1918-ci  ildə qurulub. Azərbaycan hələ o dövrdə Ukrayna üçün strateji tərəfdaş hesab edilirdi. “Bu gün iki ölkənin dövlət başçıları arasında dost münasibətlər mövcuddur. Lakin biz bununla kifayətlənməməli, xalqlarımızın mənafeyi naminə əlaqələrimizi daha da genişləndirməliyik”, - deyə Aleksandr Mişşenko bildirib.

Milli Məclisin Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev qeyd edib ki, Elmira Axundova təkcə Azərbaycanda deyil, həm də MDB ərazisində tanınmış jurnalist-publisistdir. “Bu kitabın hər sətri, hər səhifəsi müəllifin Azərbaycan Prezidentinə sonsuz ehtiramından xəbər verir. Çox az alim, filoloq, ­jurnalist bu cür yaza bilər, lakin Elmira xanım buna nail olub”, – deyə Rüfət Quliyev bildirib.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov təqdimatı keçirilən kitabla tanış olduğunu deyib: “Tarixi şəxsiyyətlər haqqında yazmaq nə qədər çətindirsə, bu gün fəaliyyət göstərən şəxsiyyətlər haqqında yazmaq ikiqat çətindir. Müasir dövrdə dünyada siyasi bioqrafiyaya olan marağı, bu janrın populyarlığını qeyd edən Fərhad Məmmədov şəxsiyyətə onun fəaliyyət göstərdiyi zaman daxilində yanaşmağın vacibliyini qeyd edib, kitabın böyük zəhmət sayəsində ərsəyə gəldiyini vurğulayıb.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Aris Məmmədov kitabın Ukrayna dilində nəşrinin əhəmiyyətini qeyd edib.

Müəllif Elmira Axundova tədbir iştirakçılarına təşəkkür edib, kitabın nəşrində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin yaxından iştirakını diqqətə çatdırıb. O, nəşrin bir fəslinin Azərbaycan-Ukrayna münasibətlərinə həsr olunduğunu, burada Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun fotolarının yer aldığını bildirib. Əməkdar jurnalist Elmira Axundova deyib: “Şadam ki, bu kitab Ukrayna dilində nəşr edilib. Mənim anam Ukraynada dünyaya gəlib. Ukrayna mənim ana tərəfdən babalarımın vətənidir. Uşaq vaxtı Ukrayna dilində danışa bilirdim. Mən Ukraynada baş verən hər bir hadisəyə həssas yanaşıram. Bu gün Ukrayna, onun paytaxtı Kiyev inkişaf edir. Bu xalqın, ölkənin parlaq gələcəyi var”.

Nəfis tərtib olunmuş kitabda Elmira Axundova postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri İlham Əliyev haqqında faktlar və materiallar əsasında səmimi və inandırıcı şəkildə, sadə və aydın dildə söhbət açır.

Açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən adamlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə olunmuş kitabda toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan Prezidenti haqqında geniş məlumat verir.

Müəllif xalqının gələcəyi naminə öz üzərinə böyük məsuliyyət götürmüş müasir Azərbaycanın liderinin hakimiyyətə gəldiyi şəraiti təhlil edir.

Əsərdə dövlətimizin başçısının portretinin yeni, maraqlı, cəlbedici, qürurverici ştrixlərini aydın görmək olur. Yazıçının istedadı da elə bundadır. Gələcək prezidentin hələ gənc yaşlarından taleyin bir-birinin ardınca vurduğu zərbələrə mətinliklə sinə gərdiyini vurğulayan Elmira Axundova yazır ki, İlham Əliyev hələ gənc yaşlarından zərbələri dəf etməyi öyrənmişdi. Həyat onu heç də həmişə əzizləməyib. Əliyevlər ailəsi XX əsrin 80-ci illərinin ikinci yarısında böyük sarsıntılarla üzləşdi. İlham Əliyev 24 yaşında ən əziz adamını – anasını itirdi. Heydər Əliyevin səhhətində ciddi problemlər yarandı və bunun ardınca da o, vəzifəsindən istefa verməli oldu. İlham Əliyev bu zərbələrə də ləyaqətlə sinə gərib.

Ulu öndər Heydər Əliyevin vəfatından sonra onun rəhbərliyi dövründə artıq sürətli inkişaf kursu götürmüş Azərbaycanın bu yola sadiq qalacaq güclü, ziyalı, uzaqgörən liderə ehtiyacı var idi. Bu lider məhz İlham Əliyev oldu.

Elmira Axundova Azərbaycan dövlətinin başçısının hakimiyyət fenomenini, ölkəmizin sosial modelinin formalaşması prosesini təhlil edərək iqtidarın sosialyönümlü layihələri, vətəndaş birliyinin və sabitliyin əsaslarından olan multikulturalizm ənənələrinin qorunması və inkişafı, idman sahəsində əldə olunan nailiyyətləri mühüm amil kimi önə çəkir. Prezidentin daxili və xarici, hərbi, sənaye, mədəniyyət, idman, multikulturalizm və informasiya sahələrində siyasətinin ən müxtəlif aspektlərini təhlil edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında