Milli dövlətçilik tariximizin sivil özünütəsdiq səhifəsi

Hər ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması hadisəsinin ölkəmizdə Respublika Günü kimi qeyd olunmasına tam mənəvi haqqımız və böyük sayğımız vardır. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 85 illiyi münasibətilə Azərbaycan xalqına müraciətində millətimizin suveren və demokratik respublika quruculuğundakı bu ilk tarixi təşəbbüsünə və uğuruna çox yüksək qiymət vermişdir. Ulu öndərin AXC-nin fəaliyyətinə verdiyi önəm həm də bizim bu böyük milli-siyasi nailiyyətə müstəqil dövlətin vətəndaşı kimi münasibətimizi formalaşdıran bir örnəkdir.

Heydər Əliyevin həmin müraciəti Cümhuriyyət təməli üzərində qurulan müstəqil Azərbaycan Respublikasının öz tarixi dövlətçilik ənənələrinə nə qədər ehtiramla yanaşdığını bir daha göstərir: “Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi”.

Azərbaycan xalqının müstəqillik əzmini nümayiş etdirən Azərbaycan Xalq Cümhuriyyəti XX əsr dünya siyasi mədəniyyətinin ən qabaqcıl demokratik formalarını öz dövlət təsisatlarında milli zəmində tətbiq etməyin ilk təcrübəsi idi və bu təcrübə zamanın sınağından keçməklə dövlətçilik ənənəsinin əsasını yaratdı. Əgər Rusiya imperiyasının dağıldığı və özünü, nəyin bahasına və hansı formada olursa-olsun, bərpa etməyə çalışdığı bir zamanda, 4 böyük dövlətin – Almaniya, Rusiya, Avstriya-Macarıstan və Osmanlı İmperiyasının məğlubiyyəti ilə nəticələnən Birinci Dünya müharibəsinin sonlarına doğru qalib və məğlub imperialist dövlətlərin Qafqaz regionunda maraqlarının kəskin şəkildə toqquşduğu dramatik tarixi zamanda Azərbaycan Xalq Cümhuriyyəti yaranmasaydı, sonradan ölkəmizin müttəfiq respublika kimi Sovet İttifaqının tərkibinə daxil olması və bu birlik də dağılarkən bir suveren dövlət kimi öz müstəqilliyini bərpa etməsi də mümkün olmayacaqdı.

Azərbaycan Xalq Cümhuriyyəti yeni dünya tarixinin yetərincə mürəkkəb çağında – imperiya, müstəmləkə və istibdad rejimlərinin çökməsinə və milli müstəqillik hərəkatlarının zəfər çalmasına zərurət və şərait yarandığı bir dönəmdə ərsəyə gəlmişdi. 1918-ci ilin əvvəllərində – Birinci Dünya müharibəsinin başa çatmasına bir neçə ay qalmış Zaqafqaziya Seyminin azərbaycanlı, gürcü və erməni deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Federativ Demokratik Respublikasının yarandığını elan etmişdilər. Seymdə azərbaycanlı deputatların 44 nəfərlik fraksiyasına Azərbaycanın görkəmli siyasi xadimi Məmməd Əmin Rəsulzadə rəhbərlik edirdi. Lakin bu federativ qurumun perspektivsizliyini görən Gürcüstan 26 aprel 1918-ci ildə öz müstəqilliyini bəyan etdi. Zaqafqaziya Seyminin Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadənin başçılığı ilə F.Köçərli, F.Xoyski, N.Yusifbəyli, S.M.Qənizadə, Ş.Rüstəmbəyov, X.Xasməmmədov, M.Hacınski və 44 deputat mayın 28-də Tiflisdə Qafqaz canişininin sarayında, yaratdıqları Milli Şuranın tarixi iclasında Azərbaycanın istiqlaliyyətini elan etdilər.

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası olduqca çətin bir vaxtda hakimiyyətə gəlmişdi. Bədnam kommunarların əlində olan Bakı Soveti hakimiyyətdən çəkilmək istəmir, daşnak ordusu ilə birlikdə kütləvi soyqırım xarakterli qırğınlar törədirdilər. Millətin ölüm-dirim savaşı qarşısında qaldığını görən Milli Şura Gəncə şəhərində təcili toplantısını keçirdi. Fətəli xan Xoyskinin başçılığı ilə müvəqqəti hökumət yaradıldı. Qəbul olunmuş bəyannaməyə əsasən, Milli Şura ali qanunverici, müvəqqəti hökumət isə ali idarəedici orqan sayılırdı. Dövləti möhkəmlətmək, onu xarici təcavüzdən və daxili parçalanmadan qorumaq məqsədilə Türkiyə hökumətindən yardım istəmək qərara alındı. Azərbaycan və Türkiyənin hələ o zamandan vahid geosiyasi maraqlardan çıxış etməsi onu göstərir ki, qardaş xalqlar bu tandemin onların hər ikisi üçün həyati əhəmiyyətə malik olduğuna əmin idilər.

 Həmin ilin 15 sentyabrında Azərbaycanın milli ordusu türkiyəli komandan Nuru paşanın əsgərləri ilə birlikdə qondarma “Mərkəzi Xəzər diktaturası” və eser-daşnak qüvvələrini darmadağın edərək Bakıya girdi və həmin gün də Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrildi. Amma sürətlə dəyişən sonrakı hərbi-siyasi proseslər nəticəsində Türkiyə qoşunu ölkəni tərk etməli oldu. Antanta dövlətlərinin məqsədi Türkiyəni Azərbaycandan uzaqlaşdırıb, Bakını birdəfəlik Britaniya imperiyasının nəzarəti altına salmaq idi. İngilislərin Bakıya daxil olmasını antiazərbaycan və antitürkiyə meyilli bütün qüvvələr, xüsusilə ermənilər sevinclə qarşıladılar. Ermənilərin və rusların təhriki ilə qızışdırılan milli-siyasi qarşıdurmaların ən qaynar çağında – dekabrın 7-də Bakıda Azərbaycan Parlamenti öz işinə başladı. Yenə də həmin qüvvələrin milli parlamentin ilk toplantısını pozmaq cəhdləri baş tutmadı.

Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsi yolunda tarixi işlər görmüş dövlətimizin ilk parlamenti koalisiya hökumətini təsis etdi. Fətəli xan Xoyski yenidən Nazirlər Şurasının sədri seçildi. Britaniya hərbi qüvvələrinin komandanı general Tomson da rəsmi olaraq bu hökuməti tanıdı, rus milli şurasına da onu tanımağı tövsiyə etdi. Azərbaycanı yenidən Rusiya imperiyasının əsarəti altına verməyə çalışan qondarma “Qafqaz-Xəzər hökuməti” Azərbaycan Xalq Cümhuriyyətinin siyasi mövcudluğu ilə barışmadığına görə, qanundankənar elan edildi və onun rəhbərləri 48 saata Azərbaycandan çıxarıldı. Milli hökumət tədricən ölkəyə nəzarəti tam olaraq öz əlinə alırdı. Avqusta qədər Britaniya hərbi qüvvələri də Bakıdan çıxarıldı. Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin gözlənilməz dəyişikliklərlə müşayiət olunan qısa zaman kəsiyində yürütdüyü düzgün siyasətin və çevik diplomatiyanın bəhrəsi idi.

Azərbaycan hökuməti Birinci Dünya müharibəsində qalib gəlmiş ölkələrin 1919-cu ildə Fransada keçirilən Versal Beynəlxalq Sülh Konfransına öz nümayəndəsini göndərdi. Təbii ki, konfrans Antanta üzvü olan Rusiyadan qopmuş yeni milli dövlətlərin təzədən ona birləşdirilməsinə çalışırdı. Azərbaycan diplomatları o dövrün dünya siyasətində ən demokratik fikirli dövlət başçılarından sayılan V.Vilsonla görüşmək və ümumən, Qafqazdakı problemlərlə onu tanış etmək imkanı qazandılar. V.Vilson Azərbaycanın müstəqilliyini yalnız Qafqaz konfederasiyasında tanıyacağını bildirdi. Erməni nümayəndələri hətta bu təşəbbüsü də Rusiyanın xeyrinə pozdular.

Bütün bunlara baxmayaraq, müstəqilliyini qorumaq uğrunda qətiyyətlə mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyəti özünün bir sıra Avropa dövlətləri tərəfindən tanınmasına, ölkə daxilində quruculuq işlərinin davam etdirilməsinə nail olurdu. Azərbaycan nümayəndə heyətinin 1920-ci ildə Parisə yeni səfəri də öz bəhrəsini verdi. Konfransın Ali Şurası Azərbaycanın suverenliyini tanıdı. Lakin Qafqazda müstəqil dövlətlərin yaranması faktı ilə heç cür barışmaq istəməyən çar imperiyası varisi sovet Rusiyası buradakı vəziyyəti öz xeyrinə dəyişə bildi. 18 martda erməni daşnak ordusunun Qarabağa qoşun yeritməsi və 28 apreldə Qızıl ordunun Azərbaycana daxil olması, demək olar ki, eyni zamanda, baş verdi. Azərbaycan Xalq Cümhuriyyəti silahlı erməni qüvvələrini darmadağın etsə də, artıq ölkədə də özünə siyasi-ideoloji dayaqlar yaratmış sovet dövlətinin qarşısında tab gətirməyərək, idarəçiliyi bolşeviklərə təhvil verməyə məcbur oldu.

Cümhuriyyətçilər hakimiyyətə inqilab etmədən, qan tökmədən gəldikləri kimi, qansız-qadasız da getdilər. Bu dövrdə Nəriman Nərimanovun şəxsində Azərbaycanın varlığını Rusiya ilə bir yerdə görən alternativ siyasi cərəyan da vardı. Təsadüfi deyil ki, Cümhuriyyət qurulanda Nəriman Nərimanov Həştərxana getmişdi. Gələcəkdə Azərbaycanın rəhbəri, bir qədər sonra isə Sovet dövlətinin rəhbərlərindən biri olacaq N.Nərimanov hələ 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubda cümhuriyyətçiləri hakimiyyəti bolşeviklərə təhvil verməyə çağırırdı. Beləliklə, iyirminci əsrin təlatümlü ilk iki onilliyində Azərbaycanın milli müqəddəratına yanaşmada iki xətt var idi: Məmməd Əmin Rəsulzadənın başçılıq etdiyi cərəyanda dövlətin tam müstəqilliyi; Nəriman Nərimanovun başçılıq etdiyi cərəyanda isə onun sovet Rusiyasından ayrılmazlığı xətti götürülmüşdü.

1920-ci ilin aprelində Məmməd Əmin Rəsulzadə milli parlamentdə Azərbaycan bolşeviklərinə müraciətlə tarixi sözlər demişdi: “Əgər siz məni əmin etsəniz ki, ümumi-idarə əlinizə keçdiyi təqdirdə Azərbaycan türk hökuməti təşkil edəcəksiniz, əgər mən bilsəm ki, Azərbaycan hökuməti adı ilə Rusiya sovetinin bir şöbəsini burada açmayacaqsınız, o vaxt sizinlə danışa bilərdik… Fəqət siz həqiqi bir istiqlaliyyətçi deyil, digər bir üsyan hazırlayan sui-qəsdçisiniz” .

1900–1920-ci illərdə imperiya müstəmləkəçiliyinə qarşı Qafqaz ölkələrində müstəqillik ideologiyası kifayət qədər qüvvətli olsa da, onu axıradək davam etdirmək real tarixi şəraitə görə mümkün olmadı. Çünki bu inqilabi müxalifətin öz arasında çox çətin həll edilə bilən barışmazlıq var idi. Bu barışmazlıqdan imperiyanın parçalanmasına qətiyyən yol verməyən qırmızı bolşeviklər  – özləri nə qədər çətin vəziyyətdə olsalar da, devrilmiş çar hakimiyyətinin qüvvələri ilə vətəndaş müharibəsi aparsalar da – dərhal istifadə etdilər. Beləliklə, Azərbaycan kommunistlərinin Ümumbakı konfransında irəli sürdükləri və sonra da Leninin təntənə ilə alqışladığı ən mühüm ideya – müstəqil Sovet Azərbaycanı ancaq şüar olaraq qaldı.

Lakin tarixin və milli iradənin də öz məntiqi var. Azərbaycan Sovet Sosialist Respublikası SSRİ-nin tərkibində olduğu müddətdə öz milli varlığını və mədəniyyətini imkan daxilində qorumağa və yaşatmağa çalışırdı. Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə isə Azərbaycanın gələcək müstəqilliyinə əsaslı zəmin yaradılmağa başlandı. Bu gün biz tam əsasla deyə bilərik ki, Azərbaycanın suverenliyi üç fundamental təməl üzərində qərar tutur: klassik Azərbaycan dövlətçiliyi ənənələri, Azərbaycan Xalq Cümhuriyyəti; Heydər Əliyev epoxasında milli ideologiyanın məqsədyönlü şəkildə inkişaf etdirildiyi Azərbaycan Sovet Sosialist Respublikası.

Bu gün suveren və demokratik respublikamız özünü varisi sandığı Azərbaycan Xalq Cümhuriyyətini quran böyük siyasi xadimlərə, onun siyasi-ideoloji irsinə dərin ehtiram bəsləyir. Cümhuriyyət yaradıcılarının irsi öyrənilir, fəaliyyətlərinə gerçək tarixi qiymət verilir. Heç şübhəsiz istiqlal carçılarının ən böyük xidməti – müstəqil dünya dövlətləri sırasında Azərbaycanın da öz haqqı və yeri olduğuna həm xalqımızı, həm də beynəlxalq aləmi inandırmaqdan və ən başlıcası isə milli dövlətimizin mövcudluğu faktının beynəlxalq miqyasda təsdiqindən ibarətdir. “Azərbaycan” sözü də ilk dəfə olaraq təkcə coğrafi ərazi kimi deyil, həm də dövlət adı statusunda məhz Cümhuriyyət dövründə rəsmiləşdi. Respublika quruluşlu bu demokratik dövlət öz zamanını xeyli qabaqlamışdı. O vaxtlar nəinki Şərq, hətta inkişaf etmiş Avropa ölkələrinin çoxunda demokratik parlament və digər dövlət təsisatları tam təşəkkül tapmamışdı. Halbuki Azərbaycan parlamenti çoxpartiyalı sistem üzrə formalaşmışdı.

Azərbaycan Xalq Cümhuriyyətini ərsəyə gətirən fədakar insanlar mükəmməl təhsil almış, öz dövrünün sivil dəyərlərinə yiyələnmişdilər. Onlar ictimai fikrin yüksəlişinə ciddi şəkildə təsir göstərməyi bacaran, həm də dövlət quruculuğunun ilk çətin mərhələsində atdıqları addımların məsuliyyətini dərk edən, bununla belə taleyüklü məsələlərdə qətiyyətli qərarlar qəbul etməkdən çəkinməyən sağlam və mübariz fikir sahibləri idilər. AXC rəhbərlərinin bir çoxu nəinki Azərbaycanda, ümumən türk dünyasında və İslam Şərqində milli düşüncə və dövlətçilik hərəkatının inkişafına təkan vermiş ideoloqlar idilər.

Milli dövlətimizin üçrəngli bayrağını ilk dəfə qaldıran bu istiqlal mücahidləri üç aparıcı istiqamətdə – siyasət, mədəniyyət və cəmiyyət quruculuğu sahəsində sonrakı bütün inkişafımıza əhəmiyyətli təsir göstərən və nəhayət, Sovet İttifaqının dağıldığı ərəfədə milli müstəqillik hərəkatına ruh və ideya daşıyan əməlin təməlini qoymuşdular. Onların fədakar təşəbbüsləri nəticəsində suveren dövlətçilik atributlarımızın yaradılması, Azərbaycan türkcəsinin dövlət dili statusunda qəbul edilməsi, milli-mənəvi dəyərlərimizin, ədəbiyyat və mədəniyyətimizin, maarif və məktəb işinin, milli ideologiyamızın inkişafı istiqamətində böyük uğurlar qazanılmışdı.

Cümhuriyyət hərəkatı, sözün əsl mənasında, milli fikir intibahına yol açdı. Çarizmin devrilməsindən sonra Azərbaycanda yaranmağa başlayan müxtəlif siyasi partiya və təşkilatların azad fəaliyyətinə meydan verildi. Milli demokratiyanın müstəqil mətbuatı təşəkkül tapdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə iki dəfə hökumət başçısı seçilmiş Nəsib bəy Yusifbəylinin rəhbərliyi və təşəbbüsü ilə 1919-cu il 15 oktyabrda mətbuat haqqında qanun qəbul edilmişdi. Həmin illərdə Azərbaycanda səksəndən çox qəzet və jurnal çıxırdı.

Azərbaycan kapitalı milli iqtisadiyyatın inkişafında necə böyük rol oynayırdısa, eyni dərəcədə, maddi və mənəvi sərvətlərimizin yaradılmasında diqqətəlayiq işlərə, böyük xeyriyyəçilik məqsədlərinə də sərf olunurdu. Bakıda estetik mədəniyyətin ən yüksək tələblərinə cavab verən memarlıq layihələri həyata keçirilir, incə zövqün nümunəsi olan tikinti işləri aparılırdı. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev və başqa sərvət sahibləri öz varından millətin tərəqqisi naminə maarifçilik, quruculuq məqsədlərinə əhəmiyyətli yardımlar ayırırdılar.

Dövlət müstəqilliyinin necə böyük nemət olduğunu görən Azərbaycan ziyalılarının yaradıcılıq potensialı artıq özünün nəyə qadir olduğunu göstərirdi. Millətin bütün enerjisi Azərbaycan dövlətinin, onun siyasi təsisatlarının, təhsil sisteminin, hərbi qüvvələrinin, inzibati ərazi vahidlərinin yaradılmasına yönəldilmişdi. Cümhuriyyət dövründə Dövlət Bankı, 40 min nəfərlik nizami ordu, Azərbaycan Teleqraf Agentliyi yaradıldı, pul-poçt markaları buraxıldı. Yelizavetpol yenə də Gəncə, Qaryakin isə Cəbrayıl adlandırıldı. Orden, medal, gerb, himn, üçrəngli, səkkizguşəli bayraq qəbul olundu. Azərbaycanın Rusiya imperiyasına birləşdirildiyi, təqribən, bir əsrlik dövrdə çarizm burada davamlı ruslaşdırma siyasəti aparmış, ölkəni akkulturasiyaya məruz qoymuşdu. Yerli mədəniyyət gəlmə dəyərlərin təsiri altına salınmışdı. Bu prosesi dayandırmaq və milli mədəniyyət, dil quruculuğu sahəsində köklü islahatlar aparmaq, dövlət idarəçiliyini azərbaycanlaşdırmaq kimi mühüm tarixi vəzifə də istiqlalçıların çiyninə düşmüşdü. Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin apardığı məqsədəyönlü siyasət nəticəsində dövlət idarələri tədricən milli dil praktikasına yiyələnməyə başlamışdı. Məhz həmin dövrdə milli kadrların məsul vəzifələrə gətirilməsi ənənəsi yaranmışdı.

Milli kadrların formalaşmasına, ümumən, xalqın savadlanmasına böyük ehtiyacın olduğunu dərk edən Azərbaycan hökumətinin başlıca vəzifələrindən biri də xalq maarifinin inkişafı, xüsusilə ali təhsil müəssisələrinin yaradılması idi. Ona görə də 1919-cu ildə Bakıda Dövlət Universiteti, müəllim kadrları hazırlayan Darülmüəllim açıldı. Firudin bəy Köçərlinin rəhbərliyi ilə Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsi Gürcüstanın Qori şəhərindən Qazaxa köçürüldü. Yüz nəfər tələbə ali təhsil almaq məqsədilə xarici ölkələrə göndərildi. Məktəblərin milliləşdirilməsinə, latın əlifbasına keçmək üçün hazırlıq işlərinə başlanıldı. 1919-cu ildə artıq Azərbaycanda 700-ə qədər məktəb vardı. Uğurlu təhsil siyasəti nəticəsində hələ köhnə düşüncənin hökm sürdüyü bir şəraitdə qızların məktəbə cəlb olunmasına nail olundu. 50 minə yaxın şagird kontingentinin 2 mini qızlardan ibarət idi.

Azərbaycan yenə də elm, maarif və mədəniyyətin, siyasi, ictimai və ədəbi fikrin aparıcı istiqamətlərində Yaxın Şərq məkanında irəlidə gedirdi. Təsadüfi deyil ki, Məmməd Əmin Rəsulzadə bu öncüllükdən iftixar duyğusu ilə söz açırdı: “Şərq ölkələri arasında ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanlı, məzhəb uzlaşmazlığını ilk ortadan qaldıran yenə azərbaycanlı, əlifba islahatını ilk düşünən azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə cümhuriyyət elan edən də azərbaycanlıdır”.

Cümhuriyyət düşüncəsi milli özünütəsdiq iradəsinə sahib olduğu qədər də ümumbəşəri səciyyə daşıyırdı. Azərbaycan ideologiyası hələ əsrin əvvəllərindən bu istiqamətə tuşlanmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə 7 dekabr 1918-ci ildə dövlətimizin ilk parlamentinin toplantısında bildirmişdi: “Bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra digər millətlərlə ürəyi istədiyi kimi əqd-ittifaq etməlidir. Bütün dünya millətlərinin bir “cəmiyyəti-əqvam” vücudə gətirməsi bizim ən əziz fikirlərimizdəndir. Bu “federasyon” cəbrlərlə deyil, təbii bir meyil və arzu ilə hasil olmalıdır”. Bu sözlərlə M.Ə.Rəsulzadə, əslində, Azərbaycan – dünya münasibətlərinin mahiyyətini və istiqamətini açıqlamış, beynəlxalq siyasətdə bu gün də aktual olan suveren dövlətlərin hüquq bərabərliyi ideyasını ortaya qoymuşdu.

AXC qurucularının bir çoxu, həqiqətən, universal şəxsiyyətlər idi. Onlar ölkənin ictimai, siyasi, mədəni həyatında fəal iştirak edir, dövri mətbuatda fəal çıxış edir, cəmiyyətdə fikir mübadiləsinə geniş meydan açırdılar. Məmməd Əmin Rəsulzadə siyasətdən klassik ədəbiyyat problemlərinədək geniş bir mövzuda əsərlər yazırdı. Əlimərdan bəy Topçubaşov görkəmli jurnalist, publisist və siyasi xadim kimi tanınırdı. Üzeyir bəy Hacıbəyov milli mədəniyyət və musiqi tariximizdə bir çox yeni sahələrin əsasını qoymuş dahi sənətçi olmaqla yanaşı, həmin dövrdə bir müddət dövlətin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin baş redaktoru kimi şərəfli bir vəzifəni də aparırdı. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi böyük türk dünyasının məfkurəsini yaradan mütəfəkkirlər milli ideologiya, humanitar elmlər və ədəbiyyat çevrəsində də vicdanla çalışır, ictimai şüurun inkişafına təkan verirdilər.

Təsadüfi deyil ki, o dövrdə dünya mədəniyyətinin bir sıra dahi sənətkarlarının – Firdovsi, Sədi, Rumi, Xəyyam, Şekspir, Molyer, Bayron, Hüqo, Puşkin, Krılov, Tolstoy və başqalarının əsərləri (əksəriyyəti orijinaldan olmaqla) Azərbaycan dilinə tərcümə edilir, oxunur və yayılırdı. Milli mədəniyyət quruculuğu sahəsində görülən işlər incəsənət dünyasını da hərəkətə gətirmişdi. Yaradıcılığın qaynar mühitində dövlət teatrı, İstiqlal muzeyi, sənətkarlıq emalatxanaları fəaliyyətə başladı. 1919-cu ilin dekabrında açılmış İstiqlal muzeyində milli dekorativ sənət nümunələri, xalça və tikmələr, silahlar, əlyazmaları, kitablar, “Qurani-Kərim”in nadir nüsxələri toplanmışdı.

“Molla Nəsrəddin”, “Zənbur” jurnalları ictimai satiranın klassik nümunələrini yaradırdılar. Satirik qrafikanın banisi Əzim Əzimzadənin bir karikaturasında ciblərində Denikini, Kolçakı və Andraniki gəzdirən ingilis qəsbkarı təsvir olunmuşdu. Bu, Azərbaycan sənətkarının öz dövründə cərəyan edən hadisələrə çox kəskin reaksiyasını sərgiləyirdi. Milli rəssamlıq, teatr və musiqi sənətinin inkişafı onları yaradan ilk azərbaycanlı peşəkarların coşqun fəaliyyəti ilə bağlı idi.

“Leyli və Məcnun” kimi zərif klassik operanın yaradıcısı Üzeyir bəy Hacıbəyov həm də Dövlət himninin, inqilabi marşların müəllifi idi. Dahi bəstəkar Üzeyir bəy Hacıbəyov və həmin himnin sözlərinin müəllifi Əhməd Cavad, artistlərdən Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski teatr və musiqimizin inkişafı sahəsində qızğın fəaliyyət göstərirdilər. Əzim Əzimzadə “Otello”, “Aşıq Qərib”, “Dəmirçi Gavə” tamaşalarının bədii tərtibatını hazırlamışdı. Bəhruz Kəngərli Naxçıvan teatrında “Hacı Qara” tamaşasına tərtibat vermişdi. Beləliklə, milli mədəniyyətin bütün sahələrini inkişaf etdirməyin yaradıcı pafosu, təbii ki, istiqlal ideallarını geniş xalq kütlələrinə çatdırmaqda məqsədəyönlü fəaliyyətlərin birləşmiş enerjisindən doğurdu.

Cəmi 23 ay içərisində bu qədər geniş və hərtərəfli fəaliyyətin təmin olunması xalqın ziyalı və ləyaqətli övladlarının Azadlıq və İstiqlal ideallarına sədaqətinin, öz həyat yollarını bütöv bir millətin mübarizə yoluna çevirə bilməyin və bu müqəddəs yolda hər cür fədakarlığa hazır olmağın ən parlaq təcəssümü idi.

Azərbaycan Xalq Cümhuriyyəti təkcə suveren respublika qurmaq, milli siyasət və mədəniyyət təsisatlarını ərsəyə gətirmək təcrübəsini yaratmadı, həm də ən çətin tarixi zamanda yenilməz mənəviyyatın gücünü göstərmək, dövlətçilik əxlaqının müqəddəs dəyərlərini qorumaq ənənəsini yaratdı. Ümummilli lider Heydər Əliyev məhz bu keyfiyyətlərinə görə Cümhuriyyət tariximizə istiqlaliyyətimizin sübh çağı kimi yüksək dəyər vermişdir. İftixarla qeyd etməliyik ki, Cümhuriyyətlə təməli qoyulan suveren və demokratik respublika quruculuğu ənənəsi Heydər Əliyevin həm sovet dövründəki rəhbərliyi illərində, həm müstəqil dövlətimizin başçısı olduğu ən yaxın tariximizdə, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən bəri yeritdiyi yüksəliş və yeniləşmə siyasətinin uğur qazanan hər mərhələsində davam etdirilmişdir.

 2007-ci ilin mayında Bakı şəhərinin İstiqlaliyyət küçəsində "İstiqlal Bəyannaməsi"nin həkk olunduğu Cümhuriyyət abidəsinin açılışında Prezident İlham Əliyev nitq söyləmiş, milli dövlətçilik tariximizdə AXC-nin önəmli yerini vurğulamışdır. 2008-ci il may ayının 28-də dövlət başçısının sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd olunmuş, bu yaxınlarda isə AXC-nin 100 illiyinə hazırlıq görülməsi ilə bağlı Prezident sərəncamı imzalanmışdır. “Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir”  söyləyən, “istiqlal mücahidlərinin qurduğu dövlətin cəmi 23 ay yaşamasına baxmayaraq, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərdiyini” vurğulayan Prezident İlham Əliyev hər il Respublika Günü münasibətilə Cümhuriyyət abidəsini ziyarət edir, yüksək səviyyədə rəsmi qəbul keçirir. 

Bir dəfə yüksələn və heç zaman enməyəcək bayrağımız indi paytaxtımızın “Bayraq meydanı”nda dünyanın ən möhtəşəm bayrağı kimi dalğalanır, Azərbaycanın hər bölgəsindəki, sərhəd və səngərlərindəki Vətən bayraqları, sanki, bir ordu səfində irəliyə doğru yol göstərir. Qürurla yüksələn İstiqlal bayrağımız dalğalandıqca ulu öndərin “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!”  deyimində ifadə olunan həqiqəti Vətən torpağına və bütün dünyaya bəyan edir.

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında