Heydər əliyev yoluna sədaqət

Qədim Naxçıvanımızın 5 min illik tarixində  20 illik zaman məsafəsi o qədər də böyük rəqəm deyil. Amma ötən 20 il müddətində görülən işlərin həcmi çox böyükdür. Bir anlığa 20 il əvvələ qayıdaq, ötən əsrin  90-cı illərinin əvvəllərini xatırlayaq...

Həmin vaxtlar blokada şəraitində olan Naxçıvanımız özünün ağır günlərini yaşayırdı. Bir tərəfdən məkrli ermənilərin torpaqlarımıza olan hücumları, digər tərəfdən də əhalinin üzləşdiyi çətinlik və problemlər həyat səviyyəsinə təsir edir, narahat günlər yaşanırdı. Qaz, elektrik enerjisi, ərzaq, çörək sarıdan xeyli çətinliklər vardı. Məhz əhalinin belə bir çətin günündə dahi şəxsiyyət Heydər Əliyev Moskvadan doğma Vətəninə qayıtdı. Onun 1990-1993-cü illərdə Naxçıvanda yaşaması, 2 ilə yaxın bir müddətdə Ali Məclisin sədri kimi səmərəli fəaliyyəti qədim diyarı ağır günlərdən, çətinliklərdən qurtardı. Həmin dövrdə ulu öndər tərəfindən mühüm qərar və sənədlər imzalandı, taleyüklü məsələlər həll edildi, qonşu İran və Türkiyə ilə dostluq əlaqələri möhkəmləndirildi.

1995-ci ildən isə doğma diyarımızda yeni bir mərhələ başlandı. Həmin vaxtdan hələ də problem və çətinliklərdən yaxa qurtara bilməyən Naxçıvanımız inkişafa, dirçəlişə doğru istiqamətləndi. O illəri insanlar yaxşı xatırlayırlar. Ümummilli lider Heydər Əliyev də həmin dövrdən başlanan inkişaf və tərəqqini yüksək dəyərləndirərək demişdir:  “Blokada şəraitinə baxmayaraq son dövrdə, yəni təxminən 1994-1995-ci illərdən sonra Naxçıvanda sosial-iqtisadi inkişaf vardır. Muxtar respublika, onun iqtisadiyyatı inkişaf edir, quruculuq işləri gedir, Naxçıvan şəhəri abadlaşıb, onun siması çox dəyişibdir”. 

Ötən əsrin 90-cı illərinin əvvəllərində daha çox ağrı-acı görmüş, torpağı səksəkəli olan, mənfur ermənilərin hücumuna məruz qalan bölgəmizdən biri də Sədərək rayonu idi. Həmin dövrdə ümummilli lider, böyük şəxsiyyət Heydər Əliyev Naxçıvanda yaşayırdı, əhali ilə birlikdə idi. Məhz torpağına, Vətəninə qəlbən bağlı olan ulu öndərin apardığı qətiyyətli mübarizə, ən çətin məqamlarda belə xalqla birlikdə olması, onların üzləşdikləri problem və çətinliklərin aradan qaldırılması muxtar respublika əhalisinin sabaha olan ümidlərini artırdı. Həmin narahat günlərdə dahi şəxsiyyət bir neçə dəfə Sədərəyə gəldi, onun yerli əhalinin əhatəsində olması insanları ruhlandırdı. Cəbhədə baş verən hadisələrə, şəhidlər verilməsinə baxmayaraq, insanlar sabaha  olan inamlarını itirmədilər.

Ulu öndər bu bölgə üçün nə lazımdırsa edir, onun müdafiəsi, qorunub saxlanılmasına çalışırdı. Bu baxımdan uzaqgörən siyasətçinin təşəbbüsü ilə düşmənin iki addımlığında salınan qəsəbənin böyük əhəmiyyəti vardı. Ulu öndər özü də bunu yüksək qiymətləndirərək deyirdi: “Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm. Çünki sizin yəqin ki, xatirinizdədir, vaxtilə, 1977-1978-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, “bu bizimdir, o bizimdir” – deyirdilər... Ona görə mən burada o vaxtlar bu qəsəbəni salmaq barədə göstəriş verdim. Layihələr hazırlandı, qəsəbə tikildi və sədərəklilərin bəziləri də buraya köçüb yaşamağa başladılar”.

Bəli, bir vaxtlar ulu öndərimizin təşəbbüsü sayəsində salınan qəsəbə indi abad, gözəl bir yaşayış məntəqəsinə çevrilib. Günü-gündən gözəlləşən, müasirləşən, yeniləşən rayon mərkəzi şəhər görkəmi alır. Son illər inşa olunmuş yeni fərdi mənzillər bu yerin simasını daha da gözəlləşdirir. Yaşıllıqlar, gülzarlıqlar, abad guşələr az deyil. Milli Ordumuzun əsgərləri tərəfindən ayıq-sayıq qorunan sərhəd bölgəsinin torpaqlarından isə barıt qoxusu deyil, gül-çiçək, ruzi-bərəkət ətri gəlir. Düşmənin iki addımlığında yerləşən, ümumi ərazisi 840 hektar və 2 min 174 nəfər əhalisi olan Heydərabad qəsəbəsi isə özünün xoş, firavan günlərini yaşayır.   

Sərhəd bölgəsi sakinlərinin firavan yaşayışı üçün məqsədyönlü tədbirlər bu gün də uğurla həyata keçirilir, Heydərabad qəsəbəsindəki park və bağlar, yaşıllıqlar, gülzarlıqlar, yeni, binalar, sosial obyektlər, həmçinin Sədərək və Qaraağac kəndlərinin müasir siması ürəkaçandır.

Qəlbaçan görüntülərdən biri də geniş bir ərazidə pay torpaqlarından səmərəli şəkildə istifadə olunması, daha çox taxıl əkilməsidir. Bir vaxtlar səksəkəli olan, barıt qoxuyan bu torpaqlar indi bolluqdan, bərəkətdən, insanların xoş güzəranından xəbər verir. Sədərəyin zəhmətə bağlı insanları torpaqların qayğısına qalır, ona ruzi, bərəkət mənbəyi kimi baxır, taxılın, çörəyin, digər kənd təsərrüfatı məhsullarının bolluğu naminə yaradılan şəraitdən, imkanlardan səmərəli istifadə edirlər. Göstərilən dövlət qayğısı sayəsində torpağa möhkəm tellərlə bağlanan sədərəklilər bu yerləri laləzarlığa çeviriblər.

Sərhəd bölgəsində daha çox taxıl əkilib becərilməsi isə təbiidir. Torpaq mülkiyyətçiləri və sahibkarlar çörəyə olan tələbatını yerli istehsal hesabına ödəməyə çalışırlar. Təbii ki, iki addımlıqda yerləşən məkrli düşmənə, iqtisadi məngənədə boğulan nankor ermənilərə bütün bunlar göz dağıdır. Bu yerdə bir təzad hökm sürür. Mil təpə, Ucubiz dağı və digər yüksəkliklərin arxa tərəfində, düşmən ərazilərində yerləşən torpaqların, eləcə də yaşayış məntəqələrinin miskin görünüşünü, çılpaqlığını aydın seyr etmək olar. Günçıxar tərəfdə isə laləzarlıq, inkişaf və tərəqqi var. Sərhəd postlarımızda, yüksəkliklərdəki əsgərlərimiz çiçəklənən diyarımızı gördükcə ruhlanır, səngərdə ayıq-sayıq dayanır, Vətəni göz bəbəyi kimi qoruyurlar. Qorunan torpaq isə əkilib becərilir, quruculuq tədbirləri həyata keçirilir, bir-birindən əhəmiyyətli sosialyönümlü obyektlər tikilib istifadəyə verilir.

Yaşı 80-ə yaxın olan, ötən əsrin 90-cı illərinin əvvəllərində qanlı-qadalı günlərdə sərhəddə öndə dayanan Teymur Rzayev deyir ki, bizdə Vətənə sevgi, torpağa, doğma ocağa məhəbbət hissləri güclüdür. Bu duyğular indi də hər bir gəncə, yeniyetməyə aşılanır. Odur ki, hər bir kəsdə Vətənə, torpağa məhəbbət var. Ulu öndər Heydər Əliyevin ideyalarının dönmədən həyata keçirilməsi sərhəd bölgəsinin insanları üçün bir amaldır, əsas məqsəddir. Xüsusən də 1995-ci ildən başlayaraq bu hisslər daha da güclənib. Həmin vaxtlardan Sədərək torpaqlarında canlanma başlandı. Mərhələ-mərhələ barıt qoxulu, ağrı-acılar görmüş torpaqlara su çıxarıldı. Araz çayından suyun gətirilməsi üçün beş pilləli nasos stansiyası tikilib istifadəyə verildi, ayrı-ayrı yerlərdə subartezian quyuları qazıldı. Bir vaxtlar şəhid qanları axıdılan torpaqlar gülüstana döndü, yaşıllığa qərq oldu. Quruculuq tədbirlərinə başlanıldı.

Heydərabad qəsəbəsində müharibədən zərər çəkmiş binalar təmir olundu, eyni zamanda, yeniləri tikildi.  Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun 15 mart  2000-ci il tarixdə imzaladığı “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” sərəncam sərhəd bölgəsində həyata keçirilən işlərə təkan verdi.

İlk növbədə Heydərabad qəsəbəsindəki 75 ev yenidən bərpa olundu. Rayonda 35 kilovoltluq yarımstansiya quraşdırıldı, qonşu Türkiyədən alınan elektrik enerjisinin fasiləsiz verilməsi üçün bütün tədbirlər görüldü. Qarağac kəndində 120 şagird yerlik məktəb binası tikildi. Ayrı-ayrı yaşayış məntəqələrinə gedən yollar abadlaşdırıldı, Sədərək kəndindəki Şəhidlər xiyabanı yenidən quruldu, bulaq-abidə kompleksi yaradıldı, evlərə içməli su xətləri çəkildi, torpaqların suvarma suyu ilə təminatı yaxşılaşdırıldı. 1500 hektardan çox istifadə olunmayan torpaq sahəsi əkin dövriyyəsinə daxil edildi.

1996-cı ildən başlayaraq Ali Məclis sədrinin bu bölgəyə gəlişi, insanlarla görüşü, həlli vacib məsələlərin diqqətdə saxlanılması, göstərilən qayğı bəhrəsini verdi. Sərhəd bölgəsi yeni günlərinə, xoşbəxtliyinə qovuşdu. Bütün bunlar hamısı ümummilli lider Heydər Əliyevin arzuları idi. Heydər Əliyev yoluna sədaqət, Vətən, yurdsevər insanlar isə bu arzuları reallığa çevirdi.

Təsadüfi deyil ki, 2010-cu ilin oktyabr ayında muxtar respublikaya etdiyi tarixi səfəri zamanı ölkə başçımız İlham Əliyev sərhəd bölgəsində də olub, yenidən qurulan Heydərabad qəsəbəsinin açılış mərasimində iştirak edib. Prezident burada görülən işləri yüksək qiymətləndirərək deyib: “Gözəl evlər, binalar tikilib. Qəsəbə yeni dövrə qədəm qoyur. Bütün işlər ən yüksək səviyyədə qurulubdur. Çox şadam ki, muxtar respublikanın rəhbərliyi bütün bu işləri çox qısa müddət ərzində, çox böyük keyfiyyətlə gördü. Bu, doğrudan da böyük hadisədir”.

Bu gün Heydərabad qəsəbəsi ulu öndərimizin adına layiq bir yaşayış məntəqəsi, rayon mərkəzidir. Günü-gündən genişlənən, abadlaşan bu qəsəbə səliqə-səhmanı, yaşıllığı, gözəlliyi, yaraşıqlı binaları ilə diqqəti çəkir.

Alınmaz və qeyrət qalamız olan Sədərəkdəki uğurlar, qazanılan nailiyyətlər həm də YAP-ın rayondakı ərazi ilk təşkilatlarının, onun fəal üzvlərinin sayəsində qazanılır. Partiyanın Sədərək rayonunda 21 ilk ərazi təşkilatı fəaliyyət göstərir. 1471 üzvü öz ətrafında birləşdirən yerli təşkilatların səmərəli fəaliyyəti üçün lazımi şərait də yaradılıb. Partiya üzvlərinin 400 nəfərə yaxınını gənclər təşkil edir. 2016-cı ildə 44 nəfər YAP sıralarına qəbul olunub. Ölkəni daha parlaq gələcəyə aparan partiyaya maraq göstərənlərin sayı isə getdikcə     artır. Çünki bu partiya Azərbaycanın qüdrətlənməsi, işıqlı sabahları naminə daha səmərəli fəaliyyət göstərir. Odur ki, Heydər Əliyev yoluna sədaqətli insanlar bu partiyaya üzv yazılırlar. Partiya üzvləri ayrı-ayrı sahələrdə çalışır, bölgənin sosial-iqtisadi inkişafında fərqlənirlər. Heydər Əliyev ideyalarına sədaqət isə sərhəd rayonunu daha da möhkəmləndirir, intibaha qovuşdurur.

Bu gün Sədərək rayonu quruculuq tədbirləri ilə yanaşı, aqrar sahədə qazandığı nailiyyətlərlə də seçilir. 2016-cı ildə rayonun torpaq mülkiyyətçiləri 1982 hektar dənli və dənli-paxlalı bitkilər əkini sahəsindən  6 min 407 ton məhsul əldə etmişlər. Hektardan məhsuldarlıq 32,3 sentner olmuşdur. Bu isə əvvəlki illərlə müqayisədə çoxdur. Sərhəd bölgəsində taxıl emalı müəssisəsinin tikilib istifadəyə verilməsi, çörəkbişirmə sexlərinin fəaliyyəti əhalinin taxıla, çörəyə olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Torpaq mülkiyyətçiləri bu ilin bol məhsulu üçün də əsaslı zəmin yaradıblar. Taxılların qışdan çıxma vəziyyəti yaxşıdır. Təbiət bu yerdə sanki yaşıl bir xonça tutub, bərəkət xonçası.

Torpaq mülkiyyətçiləri söyləyirlər ki, artıq o qanlı-qadalı günlər arxada qalıb. İndi gənclər də əkin-biçin işlərinə həvəslə girişir, taxılçılıqla yanaşı, meyvəçilik, tərəvəzçilik, üzümçülüklə məşğul olur, mal-qara bəsləyirlər.  Sərhəd bölgəsində üzüm və meyvə yetişdirən bağbanlar şirin-şəkər məhsul toplayırlar. Qazanılan uğurlar xoş güzəran üçün təminat verir, bazara, həm də Naxçıvan şəhərindəki kənd təsərrüfatı məhsullarının satış yarmarkasına çeşid-çeşid məhsullar çıxarılır. Bütün bunlar hamısı Heydər Əliyev yoluna, ideyalarına sadiqliyin, sədaqətin nəticəsidir.

Elə məhz aparılan məqsədyönlü siyasətin, həmçinin  Sədərəyin, bütövlükdə muxtar respublikanın qeyrətli oğul və qızlarının mərdliyi, şücaəti sayəsində bu torpaq qorundu, yağı düşmən əlinə keçmədi.

Həmin vaxtlardan bizi o qədər də məsafə ayırmır. Cəmi 20-25 illik vaxt keçib. Amma bu qısa zaman məsafəsində çox şeylər dəyişilib, sürətli sosial-iqtisadi inkişaf baş verib, sərhəd bölgəmiz çiçəklənən diyara çevrilib. İnsanlar isə sərhəd bölgəsində, bütövlükdə muxtar respublikamızdakı sosial-iqtisadi inkişafı Heydər Əliyev yoluna sədaqətin nəticəsi kimi dəyərləndirirlər.

Yazımızın əvvəlində alınmaz qalamız olan Sədərək rayonundan, bölgənin sosial-iqtisadi inkişafından söhbət açmağımız təsadüfi deyil. Ötən əsrin əvvəllərində bu bölgə daha çox ağrı-acı görmüş, şəhidlər vermiş, çətinliklərlə üzləşmişdi. Bu gün isə tək o torpaq, o rayon deyil, bütün bölgələrimiz inkişaf və tərəqqi yolundadır. Elə götürək dağ rayonu Şahbuzu. Son 20 il ərzində dağlıq bölgənin sürətli inkişafı, çiçəklənməsi göz qabağındadır. Rayonun ən ucqar kəndlərində  də əmin-amanlıqdır, insanlar rahat yaşayıb işləyir, firavan həyatlarını təmin edirlər. Rayon mərkəzi gözəlləşib, yaraşıqlı olub. Müstəqillik illərində Şahbuz qəsəbəsi şəhər statusu alıb. Dağların qoynuna sığınmış bu yaşayış məntəqəsi muxtar respublikamızın ən gənc şəhəridir. Təmizliyi, yaşıllığı, yeni, möhtəşəm binaları ilə diqqəti çəkir. Turizm baxımından da əlverişli məkandır. Təmiz ab-havası, sərin bulaqları ilə seçilir. Bu yerdə insanları nikbin, firavanlıq içərisində görürsən.

Çingiz Haqverdiyev Şahbuz şəhərinin yaşlı sakinlərindəndir. 90-dan artıq yaşı var. Sinninin bu vədəsində el ağsaqqalında yaşayıb-yaratmaq, fəaliyyət göstərmək arzusu yüksəkdir. Uzun illər çalışdığı rayon mədəniyyət və turizm şöbəsində onu fəal ictimaiyyətçi, təcrübəli mədəniyyət işçisi kimi tanıyırlar. El ağsaqqalı deyir ki, dağ rayonunda olan inkişaf və tərəqqi Heydər Əliyev yoluna sədaqətin nəticəsidir. Qədim diyarımızda bu sədaqətliliyin bariz nümunəsini hər addımda, hər bir işdə hiss edirsən. Muxtar respublikamızın hər yerində olduğu kimi, dağ rayonunda da Ali Məclis sədrinə böyük hörmət və ehtiram hissləri var. Onun işi, əməli, səmərəli fəaliyyəti muxtar respublikamızın inkişafına, əhalisinin xoşbəxtliyinə, firavan həyatına yönəlib. Mən və mənim kimi minlərlə şahbuzlu bunu yaxından görür və   belə qiymətləndirir.

Şahbuzun 20-25 il bundan əvvəlki vəziyyətini yaxşı xatırlayırıq. Palçıqlı küçələr,  miskin görünüşlü evlər, zülmətə bürünmüş kəndlər adamın qəlbini sıxırdı. Üstəlik, ərzaq sarıdan xeyli çətinliklər vardı. Bir parça çörək əldə etmək müşkül məsələyə çevrilmişdi, uşaqlar soyuqdan səhərə kimi yata bilmirdilər, başımıza mərmi, güllə yağırdı. Ötən əsrin 90-cı illərinin əvvəllərində biz bu tarixi yaşamışıq. İndiki gənclərimiz gərək bunları yaddan çıxartmasınlar. Əksinə doğma ocağa daha möhkəm bağlansınlar. Xoşbəxtlik də, firavan həyat da doğma ocaqdadır. Şahbuz şəhərinin mərkəzində yerləşən evimdən hər səhər küçəyə çıxanda qarşımda gözəl bir mənzərə canlanır. Rahat yollar, nümunəvi park və istirahət yerləri, yaşıllıqlar sevincimizi birə beş artırır. Nəvə-nəticələrimin əhatəsində özümü xoşbəxtlərin xoşbəxti sanıram. Yaşamaq, bu gözəl günlərin içində olmaq istəyirəm.

Məhəlləmizdə çörəkbişirmə sexi də fəaliyyət göstərir. Yerli taxılın unundan bişrilmiş çörəklərin ətrini hər gün duyuram. Qürurlanıram ki, taxılımiz, çörəyimiz boldur. İndiki gənclik əvvəlki çətin günləri görməyib. Odur ki, xoşbəxt, firavan günlərimizin qədrini bilməliyik. Bu gün Şahbuz şəhərində hansı tərəfə gedirsənsə bir yeniliyin, müasirliyin, quruculuğun şahidi olursan. Bütün bunlar hamısı isə biz insanlar, gənc nəslin xoşbəxtliyi, firavanlığı üçündür. Heydər Əliyevin nurlu ideyaları bizi ağ günlərə çıxarıb.

Şahbuz şəhərindən ucqar dağ və sərhəd yaşayış məntəqələrinə gedən yollar öz rahatlığı, müasirliyi ilə seçilir. Rayon mərkəzindən ən ucqar yaşayış məntəqəsinə belə 25-30 dəqiqəyə çatırsan. Hamar yollarla irəlilədikcə göz önündə gözəl təbiət, mənzərəli, füsunkar yerlər canlanır. Günü-gündən müasirləşən kəndlər dağların əhatəsində, cazibədar yerlərdə qərar tutub. Kəndlərdə mühüm infrastruktur layihələri həyata keçirilir. Aparılan quruculuq tədbirləri dağ kəndlərinə şəhər mədəniyyəti gətirir. İstifadəyə verilən kənd və xidmət mərkəzləri, müasir tipli məktəblər, mədəniyyət və səhiyyə ocaqları xidmətin səviyyəsini yüksəldir.

Rayonun müasirliyə qovuşan yaşayış məntəqələrindən biri də Aşağı Qışlaq kəndidir. Bu gün kənddə rahat, firavan yaşayış üçün hər bir şərait var. Üstəlik də, təmiz dağ havası, barlı-bəhrəli meyvə bağları insanları gümrah, uzunömürlü edir.

Kənd sakini Qubad Hüseynov nikbin əhval-ruhiyyədədir. O, xoş günlər nəsibimizdir, ağ günlərə çıxmışıq deyir.

Gəlin hər birimiz özümüzə belə bir sualla müraciət edək: 1995-ci ilin Naxçıvanı ilə indiki Naxçıvan arasında fərqi nədə görürük? Hər birimiz dayandılğımız məkanda, istər şəhər olsun, istərsə də kənd, istər ucqar bir yer olsun və yaxud muxtar respublikamızın istənilən bir güşəsi, bir anlığa ətrafa nəzər salaq və günün reallıqlarına qiymət verək. Görün nə qədər dəyişikliklər baş verib, yeniliklər olub. İnsanların yaşayışında, həyat tərzindəki nikbinlik, sevinc hissləri doğma Naxçıvanımızın hər bir yerində hiss olunur. Ana təbiət də yenilənib, yaşıllığı artıb  bu yerdə.

  Bu gün  5 min illik yaşı olan doğma Naxçıvanımızda, onun paytaxtında quruculuq işləri davam etdirilir, sosial yönümlü obyektlər, səhiyyə, mədəniyyət, təhsil ocalqarı inşa olunur, inkişafdan intibaha qovuşan diyarımızda daha işıqlı sabahlara doğru mətin addımlar atılır. Muxtar respublikamızın tanınmış ziyalısı, şair Asim Yadigarın “Dünyanın bəzəyi-Naxçıvan” şeirində deyildiyi kimi:

...Bu gün təzə naxış vurulur

Torpağına, daşına.

                Qurub-yaradan əllər

Sığal çəkir başına.

               Gözümdə işıqsan,
       damarımda qan,

              Ey dünyanın bəzəyi-
       Nəqşi-cahan,

             Naxçıvan, Naxçıvan!

Bəli, paytaxt şəhərimizin günü-gündən gözəlləşməsi, inkişaf etməsi onun hər bir sakinini sevindirir, qürurlandırır, fərəh hissi yaradır. Şəhər sakini Rövşən Hüseynovun nikbinliklə söylədiyi  fikirlər hər bir naxçıvanlının ürək sözü, həyati reallıqlardır. O, deyir ki, doğma Naxçıvanımızın inkişaf və tərəqqisi Heydər Əliyev yoluna sədaqətin bariz nümunəsidir.

Heydər Əliyev yolu quruculuq, inkişaf və tərəqqi yoludur. Bu yol bizi daha işıqlı sabahlara, parlaq gələcəyə doğru aparır. Bu gün Naxçıvan öz inkişafının yeni mərhələsini yaşayır, müasir tariximizin şanlı səhifəsini yazır. Naxçıvanın sosial-iqtisadi inkişafı düzgün idarəetmənin, Vətənə, doğma ocağa olan bağlılığın, ən başlıcası isə ümummilli lider Heydər Əliyev yoluna sədaqətin nəticəsidir.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvana səfərləri zamanı muxtar respublikamızın inkişafını yüksək qiymətləndirərək demişdir: “Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq, quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir”.

Məhəmməd Fərəcov, 
Naxçıvan Dövlət Televiziyasının baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında