Yaxın Şərqdə dəyişən geosiyasi şərtlər: İranda prezident seçkiləri və Trampın Şərq səfəri fonunda

İranda prezident seçkisinin nəticələrini ekspertlər maraqla təhlil edirlər. Onlar Həsən Ruhaninin yenidən seçilməsinin verə biləcəyi geosiyasi nəticələr haqqında proqnozlar ifadə edirlər. Lakin mütəxəssislər yekdil mövqedə deyillər. Belə ki, bir sıra ekspertlərə görə, H.Ruhaninin yenidən dövlətin başına keçməsi İranın daha yumşaq mövqe tutmağa çalışacağını göstərir.

Bu siyasi lider bütövlükdə islahatçıdır. Ölkənin dünyaya daha geniş açılması tərəfdarıdır. Digər qrup isə əksini söyləyir. Onlar İranın dünya iqtisadi sistemində rəqabəti daha da gücləndirəcəyini deyirlər. Yəni Tehran, faktiki olaraq, Qərbə sərt rəqibdir. Bu səbəbdən, Tehranla münasibətlərdə risklər qala bilər. Bunlardan başqa, məsələyə İranın daxili siyasi reallıqları prizmasından baxmağa üstünlük verənlər də az deyil. Bu ölkədə islahatların aparılması vəziyyəti dəyişə bilər. O halda İranın beynəlxalq miqyasda fəallığı artar ki, bu da yekunda daha sabit vəziyyətin yaranmasına səbəb olar. Hər bir halda, bu məsələlər Donald Trampın Yaxın Şərq turnesi fonunda düşündürücü görünür. Həmin kontekstdə regionda geosiyasi mənzərənin necə dəyişə biləcəyini analiz etmək maraqlıdır.

 

Seçkinin nəticəsi:  Vaşinqton-Tehran münasibətlərini  nələr gözləyir?

 

İslam Respublikasında prezident seçkisinin nəticəsi iki aspektdən aktual hesab olunur. Birincisi, ölkənin daxili siyasi mühitindəki real vəziyyətin qiymətləndirilməsidir. İkincisi, seçkinin nəticəsinin dünya siyasətinə mümkün təsirlərindən ibarətdir. Ekspertlər hər iki aspektlə bağlı fərqli fikirlər söyləyirlər. Ancaq onlar bir məqamda həmfikirdirlər: İranda prezident seçkisinin daxili mühitə və dünya siyasətinə təsiri vardır!

Lakin onu Yaxın Şərqdə və qlobal miqyasda cərəyan edən geosiyasi proseslər kontekstindən kənarda analiz etmək real vəziyyətə uyğun görünmür. Belə ki, son zamanlar Qərb, Rusiya, Türkiyə, Aİ, Səudiyyə Ərəbistanı və İran həmin regionla bağlı təsirli addımlar atıblar. Bu proses davam edir. Daha çox isə Amerika Birləşmiş Ştatları fəallıq göstərir.

Deməli, İrandakı seçki özlüyündə maraqlı hadisədir, eyni zamanda, qlobal geosiyasət aspektində də onun təsirini mütləq nəzərə almaq lazımdır. Amerikalı ekspertlər bu bağlılıqda Həsən Ruhaninin 57 faiz səslə qalib gəlməsinin mümkün nəticələrini qiymətləndiriblər. Onların fikirləri müəyyən məqamlarda bir-birindən fərqlənir. Bəzi ekspertlər hesab edirlər ki, H.Ruhaninin seçilməsinin dünya siyasi-iqtisadi mühitinə təsiri mənfi ola bilər. "Rays" (Texas) Universitetinin icraçı direktoru Çarlz Makkonnell hesab edir ki, İrana qarşı sərt siyasət davam etməlidir.

O, bununla bağlı deyib: "İran bizim müttəfiqimiz deyil, mən onu öz gücünü bazarda nümayiş etdirmək istəyən xarici rəqibdən başqa bir rolda görmürəm. Mən ABŞ üçün təhlükəsizliyi və iqtisadiyyatın sabitliyini təmin etmək məqsədi ilə qlobal energetik müstəqilliyi möhkəmləndirmək və inkişaf perspektivlərini daha da artırmalı olduğunu şərtləndirən çoxlu səbəblər görürəm" (bax: Эксперты разделились в оценке влияния выборов в Иране на мировую экономику / "РИА Новости", 23 may 2017).

"Smith's Research & Gradings" şirkətinin baş məsləhətçisi Skott Makdonald isə əksini düşünür. Onun fikrincə, H.Ruhaninin qələbəsi ABŞ və dünya iqtisadiyyatı üçün müsbət faktordur. Eyni zamanda, o, hesab edir ki, İran-ABŞ münasibətlərində problemlər qalacaq (bax: əvvəlki mənbəyə). S.Makdonald deyib: "O (Ruhani), ola bilsin ki, bazarda sabitlik nöqtəsini tapmaq üçün daha uyğun liderdir..." (bax: əvvəlki mənbəyə). Bundan başqa, amerikalı ekspert H.Ruhaninin ölkəni təcridçiliyə sürükləyən daxili güclərlə də mübarizə aparmalı olduğunu vurğulayıb.

"Navigator Principal Investors LLC" Fondunun başçısı Kayl Şostakın mövqeyinə görə, məsələyə İranın daxili və xarici siyasətinin sintezində baxmaq lazımdır. Bir tərəfdən, seçki göstərdi ki, cəmiyyətin müxtəlif təbəqələri islahatlara hazırdır və bunu müsbət qiymətləndirmək lazımdır (bax: əvvəlki mənbəyə).

Başqa tərəfdən isə, Donald Tramp və Dövlət Departamenti İranla bağlanan müqaviləyə yenidən baxmaqda qərarlıdır. Deməli, həmin istiqamətdə vəziyyət müqaviləyə nə dərəcədə dəyişiklik edilməsi ilə bağlı olacaq. Bu məsələdən neftin qiyməti və qlobal iqtisadiyyatın durumu çox asılı olacaq (bax: əvvəlki mənbəyə).

Bütün bunların ortaq nöqtəsi tapıla bilər. Lakin H.Ruhani açıqca işarə verir ki, hər şeyin bir sərhədi var və onun üçün təhlükəsizliyin təmini çox önəmlidir. Bu məqamda ziddiyyətlərin şiddətlənməsi mümkündür.

 

Regionda böyük oyun: geosiyasi dinamikadakı risklər

 

Sonuncu tezis Donald Trampın Ər-Riyad və Təl-Əviv səfərləri fonunda daha inandırıcı görünür. ABŞ prezidenti Səudiyyə Ərəbistanı və İsraildə anti-İran əhval-ruhiyyəli fikirlər söyləyib. Ekspertlər isə əmindirlər ki, Səudiyyə Ərəbistanı ilə imzalanan 110 milyard ABŞ dolları həcmində hərbi müqavilə ilk növbədə Tehrana xəbərdarlıqdır. İsrail rəhbərliyinin də İrana münasibəti sirr deyil. Belə çıxır ki, Vaşinqton daha mötədil H.Ruhaninin seçilməsindən razı olsa da, Tehrana qarşı sərt mövqeyini dəyişmək fikrində deyil.

Bu halda Yaxın Şərqdə geosiyasi mühitin gərginləşməsinə ABŞ-İran, İsrail-İran və Səudiyyə Ərəbistanı-İran münasibətlərinin ciddi təsir edə biləcəyi qənaətini əldə edirik. Bütün tərəflər daha çox yerlərdə terror qruplarına yardım etməklə rəqibini zəiflətməyə cəhd edir. Vaşinqton bir neçə dəfə bəyan edib ki, İran Yaxın Şərqdə terrora dəstək verir. Konkret olaraq, Tehran bunu Suriya, İraq və Yəməndə edir. Bu ölkələrdə İran radikal şiə qruplarını maliyyələşdirir və silahlandırır.

Eyni ittihamla Tehran Amerikaya qarşı çıxış edir. Vaşinqtonun Yaxın Şərqdə terrora yardım etdiyini, hətta əsas radikal qrupları İsraillə birgə ABŞ-ın yaratdığını vurğulayır. Bu əsasda da İran öz hərəkətlərini terrora qarşı mübarizə kimi təqdim edir.

Belə çıxır ki, H.Ruhaninin prezident seçilməsi Yaxın Şərq geosiyasətində İran-Amerika qarşıdurmasını yumşalda bilməyəcək. Əksinə, İran prezidenti dərhal bəyan edib ki, Tehran İraq və Suriyada terrorla mübarizəni davam etdirəcək. Yəməndə də insan haqlarının müdafiəsi üçün çalışacaq.

Yuxarıdakı müqayisələrin fonunda Yaxın Şərqdə bir tərəfdən, anti-İran geosiyasi koalisiyasının yaranmaqda olduğu, digər tərəfdən isə Tehranın mövqeyini dəyişmək fikrində olmadığı aydın olur. Bu isə o deməkdir ki, yaxın perspektiv üçün Yaxın Şərqdə silahlı toqquşmalar, terror və sair şiddətli hadisələr özünü göstərə bilər. Burada onu vurğulayaq ki, Tehrana Rusiya və Çin də dəstəyini davam etdirəcəklər. Xüsusən Moskva İranla Yaxın Şərqdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib.

Çox güman ki, Avropa İttifaqının böyük dövlətləri Yaxın Şərqdə Amerikanın yanında olmağa üstünlük verəcəklər. Ayrıca, Ər-Riyad 10 il müddətində Vaşinqtondan 350 milyard ABŞ dolları həcmində silah alınması ilə əlaqəli müqavilə imzalayıb. Bu isə onu göstərir ki, Səudiyyə Ərəbistanı ilə İranın hərbi qarşıdurması aradan qalxmaq əvəzinə yeni səviyyəyə yüksələ bilər. Təbii ki, regionun digər böyük dövlətləri bu prosesdən kənarda qala bilməzlər.

Lakin burada geosiyasi aspektdə bir incə məqam mövcuddur. Məsələ ondan ibarətdir ki, Amerikanın yeni prezidenti açıqca İsrailə regionda daha çox üstünlük verdiyini nümayiş etdirir. D.Tramp hətta ənənəni pozaraq yəhudilərin kipini başına qoyub, Qüdsdə ibadət edib. Bunu ekspertlər təəccüblə qarşılayıblar. Onlar hesab edirlər ki, həmin hərəkət Yaxın Şərqdə yəhudi faktoruna Vaşinqtonun ifrat bağlılığının əlaməti kimi qəbul edilə bilər.

Hər bir halda, bu reverans Yaxın Şərqdə Amerikanın müsəlman dövlətçiliyinə münasibətində hansısa düzəlişlərin olub-olmaması sualını meydana gətirir. O cümlədən regionda ABŞ-ın yeni dövlətlər yaratmaq planları barədə fikirlər formalaşdırır. Amerikanın İraq və Suriyada kürdlərə xüsusi diqqət yetirməsi bu aspektdə təsadüfi görünmür. Bu isə Vaşinqtonun Yaxın Şərqdə qərəzli mövqe tutduğunu, ikili standartlar siyasəti yeritdiyini təsdiqləyir. O halda Amerikaya qarşı koalisiyanın meydana gələ bilməsi ehtimalını istisna etmək olmaz. Çünki söhbət birbaşa Suriya, İraq, İran və Türkiyənin ərazi bütövlüyünün pozulmasından gedir. Əlavə olaraq, həmin dövlətlərin ərazisində onlara heç də dost olmayan yeni bir dövlətin yaradılması ehtimalı mövcuddur.

Deməli, nə Donald Trampın Yaxın Şərqə səfəri, nə də Həsən Ruhaninin yenidən prezident seçilməsi bütövlükdə Yaxın Şərqdə gərginliyi azalda bilməyəcək. Vəziyyətin gərginliyi nəinki saxlana bilər, hətta yeni səviyyəyə yüksəlməsi mümkündür. Bunun fonunda regionda terrorun səngiməsi çox çətin olacaq. Üstəlik, meydana yeni qruplar çıxa bilərlər. "Əl-Qaidə" və İŞİD missiyalarını yerinə yetirən kimi görünürlər. Onları bir qədər fərqli vəzifələri yerinə yetirən qrupların əvəz etməsi gözlənilir. Lakin yenə də hədəf müsəlman ölkələri, həlak olanlar isə müsəlmanlardır.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında