Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi-diplomatik addımlardan məharətlə istifadə edir

 

 

 

 

 

 

 

 

 

 

 

 


Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir. Bunun üçün də yeganə yol var. Bu yol ondan ibarətdir ki, bizim işğal edilmiş torpaqlardan işğalçı qüvvələr qeyd-şərtsiz və dərhal çıxmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin
ordumuzun aprel qələbələrinin ildönümü ilə əlaqədar
bir qrup hərbçimizlə görüşdəki nitqindən

Bakı, 31 mart 2017-ci il


Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması dünyanın hər yerində artıq münaqişədə olan bu iki ölkənin deyil, bütün regionun inkişafına ciddi maneə törədən amil kimi qəbul edilir. Bəşəri dəyərlərə, humanizm və ədalət prinsiplərinə yüksək önəm verən siyasətçilər, dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və hətta əksər beynəlxaq təşkilatların ali orqanları bu münaqişənin həll edilməmiş qalmasından ciddi narahatlıq ifadə edirlər. Ancaq, görünür, Xeyirlə Şərin min illər boyu davam edən mübarizəsində müvəqqəti də olsa, Şərin üstün gəldiyi dövrü yaşayırıq. Elə olmasaydı, dünyanın aparıcı dövlətləri və sözü keçən siyasətçiləri ikili standartlardan əl çəkər, ədalətin zəfər çalması üçün konkret addım atardılar.

Görünür, bu münaqişənin ədalətli həlli yolunun “tapılmaması” kimlərəsə sərf edir. Çünki işğalçı da göz qabağındadır, işğala məruz qalan ölkə də, Azərbaycan və Ermənistanın BMT-yə üzv olduqları zaman təqdim edilmiş  xəritələr də. Üstəlik, BMT Təhlükəsizlik Şurası başda olmaqla ona qədər  beynəlxalq təşkilat Azərbaycanın ərazi bütövlüyünü tanıyan qərar, qətnamə, bəyanat və digər rəsmi sənəd yayıblar. Amma münaqişənin həlli uzanır ki, uzanır.

Son zamanlar dünyanın müxtəlif ünvanlarından  ölkəmizin  haqq işinə dəstək verən qüvvələrin konkret fikrini eşidirik: “Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla həll etmək hüququna malikdir”. Yəni bizim öz torpaqlarımızı işğaldan azad etmək üçün hərbi yolu seçmək haqqımızı hamı tanıyır. Ancaq  bütün bunlara baxmayaraq, rəsmi Bakı münaqişənin həlli üçün siyasi-diplomatik mübarizəni israrla davam etdirir. Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” adlı sənədin  BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin sənədi kimi yayılması da bu istiqamətdə atılmış konkret addımlardandır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, sözügedən hüquqi rəy Azərbaycan tərəfinin müraciəti əsasında məşhur beynəlxalq hüquqşünas, 1997-ci ildə BMT-nin Beynəlxalq Hüquq Komissiyasının sədri, 1990–2011-ci illərdə üzvü olmuş, “Universite Paris Ouest Nanterre La Defense”in fəxri professoru Alan Pelle tərəfindən hazırlanıb.

Məlumat verilir ki, Azərbaycan Ermənistanın qeyri-qanuni əməllərini ört-basdır etmək və beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif edərək üzərinə düşən öhdəlik və məsuliyyətdən yayınmaq cəhdlərini nəzərə alaraq,  münaqişənin həlli, ölkəmizin ərazilərinin işğalına son qoyulması və işğalçı  təcavüzündən əziyyət çəkən qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün beynəlxalq hüququn aliliyinin təmin olunmasını tələb edir.  Çünki indiyədək Azərbaycan tərəfindən münaqişənin hüquqi aspektləri ilə bağlı çoxsaylı hesabatlar hazırlanıb, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində yayılaraq, dünya  ictimaiyyətinin diqqətinə çatdırılıb. Xüsusilə, Azərbaycan Respublikası tərəfindən BMT baş katibinə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün hüquqi nəticələri, dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququnun fundamental normaları, Azərbaycan ərazilərinin hərbi işğalçısı kimi Ermənistanın beynəlxalq hüquqi məsuliyyətləri, azərbaycanlı məcburi köçkünlərin hüquqları və Ermənistanın məsuliyyəti üzrə hesabatlar təqdim edilib.

BMT üzvü olan ölkələrin hamısının diplomatik qurumlarına məlumdur ki, bir müddət əvvəl ölkəmizin Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı müfəssəl hesabat BMT-nin baş katibinə təqdim edilmişdi. Hesabatda faktlar, rəqəmlər və statistik məlumatlarla sübut edilirdi  ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yürütdüyü siyasət və həyata keçirdiyi əməllər beynəlxalq hüququ pozmaq deməkdir, münaqişənin siyasi həllinə nail olmaq cəhdlərini pozur,  regionda sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhdiddir.

Xatırladaq ki, həmin ciddi təhdiddən ən çox zərərdidə olan elə Ermənistanın özüdür. Azərbaycan Prezidenti İlham Əliyev, təxminən, iki ay əvvəlki nitqlərindən birində bu məsələyə olduqca prinsipial münasibət bildirmişdi: “Ermənistan öz müstəqil həyatını, bax, bu işğala qurban verdi. Çünki əgər bu işğal olmasaydı, əgər onlar Azərbaycan ilə münasibətləri normal qura bilsəydilər, bu gün Ermənistan müstəqil ölkə kimi bəlkə də özünü göstərə bilərdi. Ancaq bu gün hamı bilir ki, Ermənistan müstəqil dövlət deyil. Onlar bu işğala görə müxtəlif ölkələrdən, müxtəlif xarici dairələrdən, beynəlxalq maliyyə qurumlarından, demək olar ki, tam asılı vəziyyətə düşüblər. Çünki bunların iqtisadiyyatı iflic vəziyyətindədir, xarici borc kritik həddə çatıb, yoxsulluq, demək olar ki, 40-50 faiz səviyyəsindədir, heç bir perspektiv yoxdur. Bunlar öz xalqını nə qədər aldadacaqlar? Ona görə də bu vəziyyətə düşmələrinin əsas səbəbi onların işğalçı siyasətidir. Bu gün bu yolu seçmiş Ermənistan rəhbərliyi öz xalqını uçuruma aparır”.

Azərbaycan nümayəndəliyinin BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin sənədi kimi yaydığı   “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” adlı sənəd əsaslı və bitərəf baxış təmin edərək, münaqişənin həlli ilə əlaqədar mövcud hüquqi öhdəlik və məsuliyyətin daha yaxşı başa düşülməsinə töhfə verilməsi istiqamətində   konkret təkliflərlə çıxış edir. Məsələn, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri konkret  istiqamətlər üzrə təsnif edilir, Ermənistanın əməllərinin qeyri-qanuniliyinin hüquqi əsaslandırılması və üçüncü tərəflərin hüquqi məsuliyyətinə dair hüquqi rəy təmin edilir. Sənəddə işğal olunmuş ərazilərdə məskunlaşmanın aparılması, Azərbaycanın təbii sərvətlərinin istismarı və ticarəti, həmin ərazilərdə işğalçıların iqtisadi və maliyyə fəaliyyətləri, infrastruktur dəyişiklikləri və telekommunikasiya şəbəkəsinin istismarı, işğal edilmiş ərazilərin mədəni xarakteri və irsinin dəyişdirilməsi,  ərazilərin turizm məkanı kimi təşviq edilməsi, qeyri-qanuni səfərlərin təşkili və digər fəaliyyətlər barədə dünya ictimaiyyətinin məlumatlandırılması tələb olunur.

Hüquqi rəydə göstərilir ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərin həyata keçirilməsinə məsuliyyət daşıyan tərəfdir. Bu qeyri-qanuni əməllərin bir qismi beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulmasıdır. Məsələn, Ermənistan tərəfindən BMT Nizamnaməsinin pozularaq, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər rayonlarının de-fakto ayrılmasını təmin etmək üçün gücdən istifadə etməsi, bu xüsusda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulması, işğal olunmuş ərazilərdə etnik təmizləmənin aparılması, məskunlaşma məntəqələrinin yaradılması və əhalinin köçürülməsinin təmin edilməsi, bu ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, hərbi işğala dair hüququn, xüsusilə “Quruda müharibənin aparılması qanunları və adətləri” haqqında 1907-ci il Haaqa Konvensiyası ilə bağlı Qaydaların 43-cü bəndi, 1949-cu il “Müharibə zamanı mülki şəxslərin müdafiəsi”nə dair Cenevrə Konvensiyasının 49-cu maddəsinin kobud şəkildə pozulması, işğaldan əvvəl həmin ərazidə yaşayan insanların maraqlarının aliliyini nəzərə almadan işğal olunmuş ərazilərin təbii resurslarının istismar edilməsi, eləcə də, ərazinin mədəni irsinin dəyişdirilməsi kimi faktlar bütün beynəlxalq hüquqların ayaq altına atılmasıdır. 

Həm təmas xəttində, həm də siyasi – diplomatik müstəvidə təxribatları davam etdirən Ermənistan rəhbərliyi son günlər daha absurd olan bir təxribat variantı düşünüb. Bildirirlər ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərindəki Xocalı hava limanından, guya turizm səyahətləri adı altında Ermənistan tərəfindən uçuşların həyata keçirilməsi planlaşdırılır. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki,  Ermənistanın qəsdən həyata keçirməyə çalışdığı bu kimi təxribat əməlləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi zərbə vurur və məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

XİN nümayəndəsi bildirib ki, Azərbaycan Respublikasının işğal olunmuş əraziləri üzərindəki hava məkanı Azərbaycanın suveren ərazisidir. Xocalı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycan Respublikasının mülkiyyəti kimi təsbit olunub. Ona görə də Azərbaycan Respublikası tərəfindən işğal olunmuş ərazilər üzərində hava məkanı uçuşlar üçün qadağan edilib. Belə ki, Azərbaycanın suveren hava məkanının bu hissəsində təhlükəsizliyi təmin etmək mümkün deyil. Azərbaycanın bu mövqeyi Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı tərəfindən dəstəklənir.

Bundan başqa, Ermənistanın Xocalı hava limanından istifadə etmək və qanunsuz uçuşlar həyata keçirmək cəhdləri “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununun, beynəlxalq hüququn imperativ norma və prinsiplərinin, Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının, Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimat və qaydalarının kobud şəkildə pozulmasıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanın bütün iyrənc təxribatlarına baxmayaraq, Azərbaycan tərəfi yenə də münaqişənin danışıqlar yolu ilə, diplomatiya müstəvisində həllinə ümid edir. Ona görə də Xarici İşlər Nazirliyinin Xocalı hava limanından qeyri-qanuni istifadə ilə bağlı verdiyi məlumatda bildirilir ki, münaqişənin həllinə məsul tərəf kimi ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistanın bu növbəti təxribatının qarşısının alınması üçün ciddi münasibət bildirməyə və tədbirlər görməyə çağırırıq.

Ümumiyyətlə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz əməlləri, o cümlədən iqtisadi fəaliyyəti, təbii resursların talan olunması, maddi-mədəniyyət nümunələrinin məhv edilməsi, məskunlaşdırma apararaq, demoqrafik vəziyyətin dəyişdirilməsi, Xocalı hava limanının istifadəsi cəhdləri, qanunsuz seçkilərin keçirilməsi münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqı məqsədi daşıyır.

Sonda qeyd edək ki, Ermənistanın və erməni havadarlarının çoxsaylı fitnə-fəsadlarına, terror və  təxribatlarına baxmayaraq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcək, doğma yurd-yuvalarımıza qayıdacağıq. Çünki Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mövqeyi qəti, məqsədi aydın, məramı konkretdir: “Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır”.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında