Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında danışarkən, əvvəlcə diqqəti bir məqama yönəltmək istərdim. Belə ki, 1918-ci ildə qabaqcıl ziyalılar təbəqəsinin formalaşması müstəqil dövlətimizin yaranmasında müstəsna rol oynamışdır. Xaricdə yüksək təhsil alan, Avropa və dünya mədəniyyəti ilə yaxından tanış olan bu insanlar öz intellektual potensialı, millətinə olan sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə fəal iştirak etmiş, ictimai-siyasi, fəlsəfi və maarifpərvər yaradıcılıqları ilə xalqımızın milli oyanışına mühüm töhfələr vermişlər. Onlar Xalq Cümhuriyyətinin yaradıldığı mürəkkəb tarixi şəraitdə isə birləşərək Azərbaycanın “İstiqlal Bəyannaməsi”ni elan etmiş və respublikamızın müstəqilliyinin əsasını qoymuşlar.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, qısa müddət ərzində həyata keçirdiyi tədbirlər tariximizdə böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyənləşdirilməsi, dövlətçilik atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması, hakimiyyət strukturunun və onun fəaliyyət mexanizminin formalaşdırılması müstəqil dövlətin böyük uğurları idi. İqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılan addımlar da Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir.
Həmin dövrdə Qərb dövlətləri ilə əlaqələr yaradıldı. Dünya sivilizasiyasına qovuşmaq üçün parlament üsul-idarəsi təsis edilərək, Azərbaycanda yaşayan bütün xalqların və siyasi partiyaların nümayəndələrinin parlamentdə təmsil olunmaları reallaşdı. Həm kişi, həm də qadınların seçki hüququ qanunla təsbit olundu. Xalq Cümhuriyyəti zamanında Azərbaycan Şərqdə qadınların seçki hüququ əldə etdiyi ilk ölkə idi. Halbuki o vaxt qadınların seçki hüququ, hətta hazırda inkişaf etmiş Qərb ölkələrində belə tanınmırdı.
Ulu öndər Heydər Əliyev 1998-ci il mayın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi münasibətilə Milli Məclisin təntənəli iclasında çıxışında deyib: “Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşayıbdır. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyubdur. Məhz buna görə də Azərbaycanın bütün vətəndaşları - biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, onun fəaliyyətini və Xalq Cümhuriyyətini yaradanları, o dövrdə qəhrəmanlıq nümunələri göstərən insanları böyük minnətdarlıq hissi ilə yad edirik”.
Azərbaycan Xalq Cümhuriyyəti öz başlıca tarixi missiyasını şərəflə yerinə yetirdi. Ən əsası, Cümhuriyyətin mövcudluğu ilə vaxtilə itirilmiş dövlətçiliyimiz bərpa edildi, Azərbaycanın müstəqil gələcəyinin əsası qoyuldu. Bu, xalqımızın milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərdiyi üçün bolşevik işğalından sonar da müstəqillik hissləri azərbaycanlıları tərk etmədi.
Sovet hakimiyyəti illərində Azərbaycan 15 müttəfiq respublikadan biri idi. Ölkə formal olaraq müstəqil, əslində isə əsarətdə idi. Bütün milli-mənəvi dəyərlərimizə qadağa qoyulmuşdu. Lakin 1969-cu ildə Heydər Əliyevin rəhbərliyə gəlməsindən sonra respublikada siyasi, sosial-iqtisadi mühit tamamilə dəyişdi. Mənəvi dəyərlərimiz buxovdan xilas oldu, ölkə xammal bazasından istehsalçıya, geridə qalmış kənd təsərrüfatı diyarından qabaqcıl sənaye mərkəzinə çevirildi. Bakıda və respublikamızın rayonlarında yüzlərlə zavod və fabrik tikildi. Gənclərin təhsilinə xüsusi diqqət yetirildi. 1969-1982-ci illərdə xalqın gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması bunun bariz ifadəsi idi. Həmin illərdə SSRİ-nin 170 qabaqcıl ali məktəbinə minlərlə azərbaycanlı gənc göndərilmişdi. Hər il təhsil almaq üçün Azərbaycanın hüdudlarından kənara orta hesabla 800 tələbə yola salınırdı.
O illərdə hərbi təhsilin inkişafına da xüsusi diqqət yetirildi. Ümummilli lider Heydər Əliyev qətiyyətinin nəticəsində çətinliklə də olsa, Bakıda milli zabit kadrları hazırlayan məktəblər fəaliyyətə başladı.
Heydər Əliyevin təşəbbüsü ilə sovet dövlətinin qadağalarına baxmayaraq, Bakıda Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin, ədəbiyyat, mədəniyyət və elm xadimlərinin abidələri ucaldıldı ki, xalqın milli ruhu Moskvanın “qardaşlıq” siyasəti ilə məhv edilməsin. Bütün bunlar isə Azərbaycan xalqını totalitar rejimin diktəsi altında məhv olmaqdan xilas etdi.
Bütün bunlara görə də Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü haqlı olaraq ölkəmizin intibahının, gələcək müstəqilliyinin təməlinin qoyulduğu dövr adlandırılır.
Nəhayət, 70 illik fasilədən sonra Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdi. Xalq Cümhuriyyətinin ideyaları davam etdirilərək bu tarixi varislik üzərində yeni Azərbaycan dövləti yaradıldı. Lakin müstəqilliyimizin ilk illərində idarəçilikdə buraxılan ciddi səhvlər nəticəsində dövlətimizin 1920-ci ildəki aqibəti təkrarlana bilərdi. Müstəqilliyimizi yenidən itirmək təhlükəsi 1993-cü ilin iyununda, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə aradan qaldırıldı. Ümummilli lider xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirdi. Dahi şəxsiyyətin rəhbərliyi ilə qısa müddətdə dövlətçiliyin təməl prinsipləri yaradılaraq, möhkəmləndirildi, müstəqil Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevirildi.
Ulu öndər müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısıdır. Dövlət quruculuğunda onun ən yaxm silahdaşı məhz Azərbaycan xalqı idi. Hakimiyyətə yenidən qayıdışının ilk günündən Heydər Əliyev milli birlik və vətəndaş həmrəyliyinə nail olmağa var qüvvəsi ilə çalışır, xalqı məhz buna çağırırdı: “İndi Azərbaycan üçün bir amal var, bir məqsəd var: Azərbaycanı bu ağır vəziyyətdən xilas etmək, onun ərazi bütövlüyünü təmin etmək. Kimin əlindən nə gəlirsə, bu amal, bu məqsəd naminə etməlidir. Hamımız üçün bir böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhum ətrafında hamı birləşməlidir”.
Öz liderinə, dahi siyasi xadimə məhəbbət bəsləyən xalq bu müraciətlərə biganə qalmadı və sonrakı proseslər də göstərdi ki, xalqın iradəsi qarşısında hər hansı bir silahlı qruplaşma, siyasi qüvvə acizdir. Özünün azərbaycanlı olmağı ilə daim qürur duyan ulu öndər: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır, bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”, – deyərək, bunu milli məfkurəyə çevirdi və təkcə respublikanı yox, bütün dünya azərbaycanlılarını bu məfkurə ətrafında birləşdirdi.
Ümummilli liderimizin bəşəri xidmətləri sırasında milli neft strategiyasının işlənib hazırlanması və tətbiqi olduqca mühüm yer tutur. Zaman-zaman artan neft gəlirləri, sərmayə axını ölkəmizin iqtisadi mənzərəsini dəyişdi və Azərbaycanı regionun qüdrətli dövlətinə çevirdi. Böyük İpək Yolunun bərpası və onun mərkəzi kimi Azərbaycanın seçilməsi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin reallaşmağa başlaması ölkənin mövqeyini gündən-günə möhkəmləndirdi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi. Bilavasitə ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. Şərqdə ilk dəfə olaraq, Azərbaycanda ölüm cəzasını ulu öndər ləğv etdi.
Şübhəsiz ki, Heydər Əliyev 1993-cü ildə xalqın çağırışına səs verməsəydi, müasir müstəqil Azərbaycan da olmayacaqdı. Ulu öndər xalqı darda qoyub getmədi. Qayıtdı və Azərbaycanı məhv olmaqdan xilas edərək onu qüdrətli dövlətə çevirdi. Bu gün Azərbaycan xalqı firavan yaşadığına görə ulu öndər Heydər Əliyevə borcludur. Müdrik xalqımız dahi Heydər Əliyevi hər zaman xatırlayacaq və onun ölməz irsini gələcək nəsillərə ötürəcəkdir.
Heydər Əliyevin dühası, qüdrəti və zəngin dövlətçilik təcrübəsi xalqımızı vahid milli ideya ətrafında birləşdirdi. Beləliklə, müstəqil Azərbaycan dövləti ulu öndərin şah əsəri kimi dünya birliyində özünün layiqli yerini tutdu. Dahi rəhbər dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus yeri olduğunu nəzərə alaraq, 2003-cü ilin fevral ayında Bakı şəhərində Xalq Cümhuriyyətinin xatirəsinə abidə ucaldılması haqqında sərəncam imzaladı. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ili xarakterizə edərək deyib: “1993-2003-cü illər, sözün əsl mənasında, sabitlik və inkişaf illəri olmuşdur. Məhz o illər ərzində Azərbaycanda dövlətçiliyin əsasları quruldu. Sözün əsl mənasında, müstəqil dövlət quruldu. O illərdə başlanmış və bu gün uğurla davam etdirilən həm siyasi, həm iqtisadi islahatlar Azərbaycanın dünya birliyinə inteqrasiya etmək istiqamətində atılmış addımlarını təmin etdi. O illərdə ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyamız bu gün Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, ölkəmizin müstəqil dövlət kimi yaşamasına xidmət edir. O illərdə hüquqi islahatlar aparılmışdır. Bir sözlə, 1993-2003-cü illər Azərbaycanın müstəqil dövlət kimi inkişaf etdirilməsində həlledici rol oynamışdır. Bu gün biz Heydər Əliyev siyasətinə sadiq qalaraq bu siyasəti davam etdiririk, onu yaşadırıq. Bu illərdə biz Heydər Əliyev siyasətinin təntənəsini görürük”.
Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın dövlət qayğısı ilə yüksək səviyyədə nəşri bunun parlaq təzahürüdür. Hər il 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbullar təşkil olunur, bu əlamətdar günlə bağlı dövlət başçısı xalqı təbrik edir. Bakıda Cümhuriyyətin şərəfinə ucaldılan abidənin açılması Azərbaycan hakimiyyətinin dövlətçilik tariximizə verdiyi qiymət kimi olduqca diqqətəlayiqdir. İstiqlaliyyət küçəsində qoyulan bu abidə adları Azərbaycan dövlətçiliyi ilə birgə tarixə düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsinə ən böyük ehtiramdır.
Müstəqil siyasətin fəlsəfəsində müstəqil qərarların qəbul edilməsi dayanır. Azərbaycanda dövlət adından qəbul edilən bütün qərarlar yalnız Azərbaycanın öz müstəqil qərarlarıdır. Ölkəmizin siyasi, sosial- iqtisadi həyatına kiçicik bir məsələnin diktə edilməsi Azərbaycan dövləti üçün qəbulolunmazdır. Bununla bağlı kifayət qədər və beynəlxalq səviyyədə öz təsdiqini, dəstəyini tapan faktlar ortaya qoymaq mümkündür. Azərbaycanın enerji siyasəti, sosial-iqtisadi inkişafı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində prinsipial mövqeyi bu barədə kifayət qədər aydın fikir bildirməyə əsas verir.
Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan bu gün təkcə regionda deyil, eyni zamanda, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin dövlətimizin milli maraqlarını bütün sahələrdə inamla təmin etməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət göstərir.
Müstəqil siyasət yeridən Azərbaycanın beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasət, qazandığımız bütün uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir. Bu müstəqilliyi Azərbaycanın əlindən ala biləcək hər hansı bir bir qüvvə yoxdur.
Təbii ki, qısa zaman kəsiyində əldə edilən bu möhtəşəm uğurlar öz-özünə, boş yerdən yaranmamışdır. Bunun bir səbəbi ulu öndərimizin zərgər dəqiqliyi ilə işləyib hazırladığı ümumi strategiyada, müdrik siyasi kursun mahiyyətindədirsə, digər səbəbi isə cənab İlham Əliyevin şəxsiyyətində, onun müstəsna bacarıq və qabiliyyətində, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsində, nüfuzlu siyasətçi və dövlət xadimi kimi yetişməsində, bir sözlə, dünyada tanınan, sevilən lider səviyyəsinə yüksəlməsindədir.
Yeri gəlmişkən, sonda bir məqama da toxunmaq istərdim. Məktəbimizin kollektivi cənab İlham Əliyevin hər bir uğurunu hədsiz sevinc və qürur hissi ilə qarşılayır. Çünki dünya şöhrətli liderimiz, dövlətimizin başçısı cənab İlham Əliyev məhz bu məktəbdə təhsil alıb, özünün dəfələrlə bildirdiyi kimi, 6 saylı məktəb onun üçün hər zaman doğma və əzizdir.
Gülşən ORUCOVA,
Bakının Səbail rayonundakı
Tofiq İsmayılov adına 6 saylı tam orta məktəbin direktoru,
Əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.