İlk respublikamız demokratik dəyərlərə, insan hüquqlarına, sülh və əmin-amanlığa zəmin yaradan dövlət kimi tarixə düşmüşdür

 

 

 

 

 

 

 

 

 

 


1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında
16 may 2017-ci il tarixli sərəncamından


Tarixdə müxtəlif dövrlərdə güclü Azərbaycan dövlətləri mövcud olsa da, xalqımız son yüzilliklərdə müxtəlif imperiyaların tərkibində yaşamaq məcburiyyəti ilə üz-üzə qalmışdır. Ancaq bu fikir və əməl məhdudiyyətləri nə milli-mənəvi dəyərlərimizin zəifləməsinə, məhvinə, nə də milli dövlətçilik ideyalarının , azadlıq uğrunda mübarizənin beyinlərdən silinməsinə səbəb olmuşdur. Xalqın öndə gedən ziyalıları azadlıq, milli dövlətçilik arzularına çatmaq üçün məhz maarifləndirməni çıxış yolu kimi seçmiş və zaman-zaman bu istiqamətdə kifayət qədər uğurlu addımlar atmışlar.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə imzalanan Prezident sərəncamının preambulasında bu barədə konkret və aydın fikirlər vardır: “XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər”.

Məhz həmin hazırlığın və dünyada gedən köklü ictimai – siyasi dəyişikliklərin nəticəsində yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi yol milli tariximizin ən şərəfli səhifələridir. Son 25-30 ildə ilk müstəqil dövlətimizin adı bir çox hallarda Azərbaycan Demokratik Respublikası kimi də işlədilir ki, bu da uzun illər boyu imperiyaların cəngində yaşamış xalqımızın bəşər tarixinə demokratik dövlət bəxş etdiyini göstərmək istəyən bəzi ziyalılarımızın məqsədyönlü addımları idi. Əslində, buna ehtiyac yox idi. Çünki ilk müstəqil dövlətimizi yaradan babalarımız ona Xalq Cümhuriyyəti adı verəndə məhz dövlətimizin demokratik dəyərlərlə idarə ediləcəyini sübut etmişdilər. Tarix də bunu təsdiqləmişdi.

Dövlət başçımızın sərəncamında qeyd edilir ki, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin ilyarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq, bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi.

Bu barədə danışan ulu öndər Heydər Əliyev qeyd edirdi ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir insanları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.

İlk müstəqil dövlətimizin fəaliyyətində demokratik dəyərlərə nə qədər önəm verildiyi barədə təəssürat yaratmaq üçün Prezident Kitabxanasının elektron resurslarında göstərilən bəzi məqamlara nəzər salmaq kifayətdir. Məsələn, göstərilir ki, o zaman istər geopolitik, istərsə də iqtisadi baxımdan olduqca mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli iclasda qeyd olundu ki, Azərbaycan ərazisində yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurası ölkə əhalisinin (2 milyon 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğuna görə parlament seçkilərində iştirak etmək hüququ olmadığı halda, gürcülər və polyaklar da hər etnosa bir deputatla parlamentdə təmsil olunmalı idilər.

Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən dövlətdir. Bu faktın şərhə ehtiyacı olmasa da, xatırladaq ki, bu baxımdan xalqımız hətta dünyanın inkişaf etmiş demokratik dövlətlərinin də böyük əksəriyyətini qabaqlayır.

Qəzetimizin ötən saylarında da qeyd etdiyimiz kimi Cümhuriyyət dövründə ölkəmizdə çoxsaylı qərarlar qəbul və icra olunmuşdu ki, bunlar da milli dövlətçilik ənənələri baxımından müstəsna əhəmiyyət kəsb edirdi. Məsələn, 1918-ci il 27 iyun tarixli qərara əsasən, Azərbaycan dili dövlət dili elan olunmuşdu. Bundan başqa, təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Hökumətin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. 

Başqa bir mühüm qərarı yada salaq. Məsələn, ölkə ərazisində dövlət suverenliyini təmin etmək, erməni-bolşevik təhdinin qarşısını almaq məqsədilə 1918-ci il iyunun 26-da Silahlı Qüvvələr yaradılmağa başlanmışdı. Həmin il iyulun 2-də isə Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölüyünün yaradılması barədə əmr vermiş və bununla da Azərbaycan polis orqanlarının əsası qoyulmuşdu. Eləcə də, həmin il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edilmişdi. Yəni uzun onillərdən bəri başqa dövlətlərin tərkibində yaşamaq məcburiyyətində qalmış xalqımız öz dövlət müstəqilliyinə qovuşandan sonra qısa müddətdə müstəqil dövlət üçün lazım olan bütün addımları atmağa macal tapmışdır.

Ancaq çox təəssüf ki, həmin dövrün reallıqları gənc müstəqil Azərbaycan dövlətinin uzunömürlü olmasına imkan verməmiş, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğramışdır. Bununla belə, ilk Cümhuriyyətimizin şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmamış, Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bilmişdir. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 may gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 25 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev demişdir: “Hələ 1990-cı ildə ulu öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlar atmışdır. 20 Yanvar faciəsindən sonra o, birinci şəxs idi ki, sovet rəhbərliyini pislədi, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürdü, onları ittiham etdi, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda birinci addımlar idi. Ondan sonra, artıq Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, “Sovet Sosialist” sözlərini oradan çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, burada da bu addım atılsın. Əfsuslar olsun ki, bunu etmədilər. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Digər tərəfdən, bütün bu addımlar onu göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir”.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında