Aprelin 24-ü yaxınlaşdıqca dünyadakı erməni lobbisi qondarma "soyqırımı" ətrafında hay-küy salır, hadisənin ildönümünü qeyd etmək və onun müxtəlif ölkələrdə tanınmasını təmin etmək üçün silsilə tədbirlər keçirirlər. Bütövlükdə yalana söykənən bu iddialarını gücləndirmək üçün saxta arqumentlərdən istifadə etməkdən belə çəkinmirlər. Son dövrlərdə ermənilərin irəli sürdükləri əsassız arqumentlərdən biri də, guya, 1915-ci ildə baş verən hadisələrin faşistlərin yəhudilərə qarşı törətdikləri gerçək soyqırımı ilə bənzərlik təşkil etməsi ilə bağlıdır. Bu azmış kimi onlar həyasızcasına faşist Almaniyasının yəhudi soyqırımını Osmanlı imperiyasının "təcrübəsindən" istifadə edərək həyata keçirdiyini iddia edirlər. Bu sahədə geniş araşdırmalar aparan Türkiyənin tanınmış tarixçi-alimi, ordinarius-professor Türkkaya Ataövün "Xalq qəzeti"nin oxucuları üçün hazırladığı məqalə də həmin məsələ ilə əlaqədardır. Məqaləni ixtisarla oxucularımıza təqdim edirik:
Yəhudilərin soyqırıma məruz qalması bütün dünya tərəfindən qəbul olunur. Çünki bu barədə kifayət qədər fakt var. Sobalarda yandırılan insanların bədənlərinin, üst-üstə yığılmış cəsədlərin və ölüm kameralarını yoxlayan SS başqanının və s. fotoşəkilləri bu gün də fakt kimi qəbul olunur. Almaniya məğlubiyyətə uğradıqdan sonra 1945-ci il noyabrın 15-də keçirilən ilk beynəlxalq məhkəmədə 40 nəfər faşist bu məsələ ilə bağlı mühakimə edildi, onların 36-sı edama məhkum olundu. Sonrakı proseslərdə isə 426 alman zabitinə ölüm cəzası verildi. Yəni II Dünya müharibəsi illərində yəhudilərin kütləvi şəkildə qətlə yetirilmələri məhkəmə qərarlarında, hüquqi sənədlərdə öz əksini tapıb. Ancaq ermənilərin iddiasına dair bu qəbildən olan heç bir sənəd yoxdur, ola da bilməz. Halbuki, I Dünya müharibəsinin sonunda Osmanlı imperiyası da Almaniya kimi məğlubiyyətə uğramışdı və ortada real faktlar olsaydı, onlar dərhal bu faktlardan Türkiyənin əleyhinə istifadə edərdilər.
1915-ci və ondan sonrakı illərdə baş verən hadisələr Osmanlı imperiyasının həmin il aprelin 24-də aldığı təhcir, yəni azlıqda olan ermənilərin daha təhlükəsiz ərazilərə köçürülməsi barədə qərarın həyata keçirilməsi ilə bağlıdır. Təhcirdə məqsəd erməniləri öldürmək deyil, qorumaqdı. Bunun real səbəbləri var idi. Belə ki, Fransa, İngiltərə və çar Rusiyası Osmanlı imperiyası daxilində çaxnaşma yaratmaq və onun hərbi qüdrətini zəiflətmək məqsədi ilə daşnak dəstələrini silah-sursatla təmin edir, onlara "Böyük Ermənistan" dövlətinin qurulmasına kömək edəcəklərini vəd edirdilər. Bu vədlər mayası xəyanətlə yoğrulmuş bəzi ermənilərin vəhşi hisslərini yenidən oyatdı. Bir müddətdən sonra onlar Xəzərdən Qara dənizədək geniş ərazidə yaşayan bütün millətləri məhv etmək və ya buradan qovmaqla monoetnik bir cəmiyyət yaratmaq və erməni hakimiyyətini qurmaq naminə silahlı fəaliyyətlərə başladılar. Həmin dəstələr bölgədə qarşılarına çıxan bütün kəndlərin əhalisini qılıncdan keçirir, vəhşicəsinə qətlə yetirirdilər. Təbii ki, quldurlara, qaniçənlərə qarşı tədbir görülməli idi və Osmanlı imperiyası da məhz bu tədbirləri həyata keçirdi. Hətta millətlərarası münaqişənin qarşısını almaq üçün erməniləri təhlükəsiz ərazilərə köçürdülər. İndi sual olunur, II Dünya müharibəsi illərində Almaniyadakı yəhudilər belə bir iddiaya düşmüşdülərmi, daşnaklar kimi qətllər törətmişdilərmi? Əlbəttə, yox. Əksinə, 1915-ci ildə Osmanlı imperiyası dinc erməniləri qoruduğu halda, alman faşistləri dinc yəhudilərə divan tutdu. Belə olan halda bu iki hadisə arasında hansı oxşar cəhətlər ola bilər?
Həmin dövrlərdə Osmanlı imperiyasının 3-cü, 4-cü və 6-cı ordu birlikləri imperiyanın Cənub və Şərq bölgələrində düşmən qüvvələri ilə aramsız döyüşlər aparırdı. Antanta dövlətləri həmin hərbi birləşmələri zəiflətmək və diqqəti başqa istiqamətə yönəltməklə üstünlük əldə etmək üçün erməni silahlı dəstələrinin "xidmətlərindən" geniş istifadə etdilər. Həmin dəstələr, onsuz da maddi-texniki təminatı xeyli zəifləmiş türk ordusuna arxadan zərbə vurur, ərzaq və silah anbarlarını qarət edir, teleqraf xətlərini sıradan çıxararaq hərbi birləşmələr arasında rabitə əlaqəsinin qurulmasına mane olur, arxa cəbhədəki səyyar xəstəxanalara gətirilən yüzlərlə yaralını yoldaca qətlə yetirirdilər. Bununla bərabər tez-tez əhali arasında çaxnaşma salır, dinc sakinlərə olmazın işgəncələr verirdilər.
İngiltərənin tarixi mənbələrini araşdırarkən həmin dövrdə Londona göndərilən belə bir məlumat ilə qarşılaşdım: "Osmanlı imperiyası hələ səfərbərlik elan etməmişdən əvvəl ermənilər Şərq vilayətlərində əslən erməni olmayan 120 min insanı qətlə yetirdilər". Bəli, bu xəbəri bir türk deyil, ingilis verib. Əgər biz tarixçilərin dediklərinə inanmayan varsa, buyursun, xarici ölkələrin arxivlərindəki faktları araşdırsın. Onu da nəzərə almaq lazımdır ki, səfərbərlikdən öncə daşnak dəstələri hələ tam fəallaşmamışdılar. Bununla belə qısa zamanda 120 min insan qətlə yetirilmişdi. Məntiqlə düşünəndə belə çıxır ki, hadisələrin sonrakı sürətli inkişaf dövründə bu rəqəm rahatlıqla 500 minə çata bilərdi.
Ermənilərin Anadolunun cənub-şərqində törətdikləri çaxnaşmalar o dövrdə Türkiyədə olan ABŞ rəsmiləri tərəfindən də təsdiq olunub. Amerikanın İstanbuldakı səfiri Henri Morgenthau yazırdı: "1915-ci il aprelin 15-də 25 min silahlı erməni Osmanlı şəhəri olan Vanı ələ keçirdi və buranın imperiyadan ayrı müstəqil bir ərazi olduğunu elan etdi". Diqqət yetirsəniz, görərsiniz ki, Osmanlı İmperiyasının Daxili İşlər Nazirliyi məhz səfirin qeyd etdiyi tarixdən sonra təhcir barədə qərar qəbul edib. Sonrakı illərdə ermənilərin çap etdirdikləri jurnallarda və kitablarda bu məsələlərə geniş yer verilmişdi. Həmin kitablarda qeyd edilirdi ki, ermənilər 200 mindən çox silahlı dəstələrinin köməyi ilə türk ordusuna ağır zərbə vurmağa nail olublar. Vaxtilə Osmanlı Məclisi Məbusanının üzvü olmuş general Qaro Pasdırmacıyan isə yazırdı ki, müttəfiqlər türkləri məğlub etmək məsələsində erməni silahlı dəstələrinə borcludurlar. O, rus çarının, ingilis və fransız generallarının da vaxtilə ermənilərə ünvanladıqları məktublarda və təbrik mesajlarında onlara sıx-sıx təşəkkür etdiklərini də xatırladır. Maraqlıdır ki, hətta qeyri-obyektiv olmaları ilə seçilən Ermənistan tarixçiləri də bu faktları təsdiq edirlər. Ancaq bəzi maraqlı dövlətlər atdığı addımlarla reallıqları qəbul etmədiklərini göstərirlər.
Təəssüf doğuran məqam odur ki, hər il aprelin 24-ü yaxınlaşanda dünyanın müxtəlif ölkələrində antitürk kampaniyası daha da genişlənir. Hər il bu günlərdə ABŞ ilə Türkiyə arasında isə sözün əsl mənasında gərginlik yaşanır. Ötən ay Amerika Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqırımı" ilə bağlı qərar qəbul olunduqdan sonra gərginlik daha da artıb. Baş nazir Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri zamanı bu məsələ geniş müzakirə olunsa da, Türkiyədə ABŞ Prezidenti Barak Obamanın ermənilərə ənənəvi müraciətində "soyqırımı" sözünü işlədib-işlətməyəcəyi məsələsində tam əminlik yoxdur. Ancaq burada bir məsələni də qeyd etməyi lazım bilirəm. Amerikalılar əgər həqiqətən də tarixi gerçəkliklərə aydınlıq gətirmək istəyirlərsə, onda Türkiyənin arxivləri bütün tarixçilərin üzünə açıqdır, buyursunlar, araşdırsınlar. Yox, əgər söhbət Ermənistan sərhədlərinin açılması və digər məsələlərdən gedirsə, onda çox yanlış bir yoldadırlar. Görünür, onlar ən azından Türkiyəni və türk xalqını hələ də yaxşı tanımayıblar. I Dünya müharibəsi illərində məğlubiyyətə uğrayan Türkiyənin üzərinə 5 imperiya hücum etdi. Ölkəmizi aralarında bölmək istəyirdilər. Ancaq türk xalqı onlara həddini bildirdi. Bu, Türkiyəni, türk xalqını tanımaq istəyən bütün dövlətlər üçün dərs olacaq bir hadisədir. Bu baxımdan qondarma "soyqırımı"nın mahiyyətini dəyişdirmək üçün biri-biri ilə uzlaşmayan hadisələr arasında oxşarlıqlar tapmağa çalışmaq və bu yolla nəyəsə nail olmaq birmənalı şəkildə mümkün deyil.
{nl}
Təqdim etdi: Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.