Dünya birliyi artıq bu reallığı qəbul edir
İstənilən liderin idarəçilik dövrünün xarakteristikasını verərkən ondan əvvəlki zamanla müqayisəsinin aparılması, parametrlərin tutuşdurulması mühüm şərtlərdən biridir, çünki bunsuz qərar vermək, nəticə çıxarmaq çətindir. Bu kontekstdə ümummilli lider Heydər Əliyevdən sonra Azərbaycanın dövlət başçısı statusunu daşıyacaq şəxsin üzərinə daha böyük məsuliyyət düşmüş olur və böyük məharət, səriştə, bacarıq tələb edirdi.
Çünki Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik dövründə elə nəhəng işlər görmüşdü ki, özündən sonra gələn siyasi liderlər üçün bu səviyyəni fəth etmək o qədər də asan olmayacaqdı.
Lakin burada bir məsələ oxşarlıq təşkil edirdi. 1993-cü ildən sonra Heydər Əliyevin xilaskarlıq missiyası nə qədər önəmli idisə, 2003-cü ildən sonrakı dövrdə də belə bir gərəklilik ortada idi. Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, Heydər Əliyevdən sonrakı dövr üzərində ən müxtəlif qeyri-müəyyənliklər ətrafında fikir yürüdənlər, proqnoz verənlər və buna yönəlik strategiyalar hazırlayanların ssenarisi tamamilə iflasa uğradı. Cənab İlham Əliyev xalqın iradəsi ilə prezident seçildikdən sonra ümummilli liderin əsasını qoyduğu inkişaf strategiyasını layiqincə davam etdirmək, onu zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirmək, Azərbaycanın sürətli tərəqqi yolunda irəliləməsini təmin etmək iqtidarında olduğunu sübuta yetirdi. Bu mənada Prezident İlham Əliyevin missiyası ulu öndərin həyata keçirdiyi işlərin miqyası qədər vacib xarakter daşımış və onun lider keyfiyyətlərini təsdiqləmişdir. 2003-cü ildən sonrakı dövrdə də ölkənin tərəqqisi, vahid bir siyasi xətt üzrə irəliyə aparılması, milli həmrəyliyin qorunub saxlanması, çevik manevrlər, regionda həyata keçirilən xarici siyasətə yönəlik adekvat reaksiyalar və bu qəbildən olan digər amillər bir daha sübuta yetirdi ki, cənab İlham Əliyevin malik olduğu keyfiyyətlər onun böyük lider olmaq imkanlarını özündə daşıyır.
Məlumdur ki, siyasi liderin portretində mühüm keyfiyyətlərdən biri onun iradəliliyidir. Xüsusən də geostrateji cəhətdən əlverişli mövqedə yerləşən, zəngin enerji ehtiyatlarına malik Azərbaycan kimi ölkələrdə liderin bu keyfiyyəti dövlətin müstəqilliyinin davamı baxımından çox zəruridir. Ərazi və əhalisinin sayı baxımından kiçik dövlətlərin taleyinin müəyyən ağırlıqları var və regionda istənilən küləklər onlara güclü təsir edir. Belə ölkələrdə lider, ilk növbədə özünün böyük siyasi iradəsini, immunitetini göstərməlidir ki, ölkə xarici təsirlər qarşısında tab gətirə bilsin. Azərbaycanın dünyada və regionda etibarlı tərəfdaş statusu məhz bunun hesabına qazanılıb.
Azərbaycanın dövlət başçısının liderlik keyfiyyətləri sırasında yer alan vacib məqamlardan biri də onun qarşıya konkret hədəflər qoyması və xalqı bu hədəflərə çatdımaq bacarığıdır. Bu mənada dövlət başçımızın siyasi idarəçiliyi həm də proqramlı xarakter daşımışdır.
Regional və beynəlxalq miqyasda gedən proseslərin düzgün qiymətləndirilməsi Azərbaycanın uğurunu təmin etdi. Reallıqdır ki, regional və beynəlxalq layihələr uğrunda mübarizə hələ də sona çatmayıb, neft və qaz, yanacaq marşrutları uğrunda qızğın rəqabət günümüzdə də amansız və antoqonist xarakterdə getməkdədir.
Yeni dövrün vacib reallıqlarından biri klassik müharibə modellərinin dəyişməsi və öz yerini daha çox iqtisadi, siyasi, diplomatik, mədəni müharibələrə verməsidir. Dövlət başçımız ölkənin maraq və mənafelərinin etibarlı müdafiəsini təmin etmək üçün beynəlxalq əlaqələrin miqyasını genişləndirmiş, Azərbaycanın tərəfdaşlarının sayını artıraraq onun daha çox müttəfiq qazanmasına nail olmuşdur. Bütün bu proseslərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində yanaşıldıqda, ölkəmizin diplomatik sferada işğalçı dövlət üzərində nə qədər böyük üstünlüklərə malik olduğunu görməyə imkan verir.
Qurduğu beynəlxalq əməkdaşlıq, həyata keçirdiyi balanslı və qarşılıqlı maraqlara əsaslanan siyasət Azərbaycanın nüfuzunun daha da yüksəlməsinə səbəb olmaqla yanaşı, onu nümunəvi müsəlman dövlətinə çevirmişdir.
Müxtəlif beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak etməklə Azərbaycan, sadəcə bir qapalı Şərq ölkəsi olmadığını və dünyaya açıq dövlət kimi çıxış etdiyini göstərmişdir. Ölkəmizdə daxili sabitliyin və başqa uğurların əldə edilməsinin əsas səbəblərindən biri də məhz xarici siyasətin düzgün qurulmasından irəli gəlir. Çünki ölkəmiz xarici təsirlərə çox həssasdır. Azərbaycan ABŞ-ın, Avropanın, eləcə də regiona yaxın digər ölkələrin sabitliyin bərqərar olmasını istədikləri bir məkana çevrilmişdir. Azərbaycanın bütün daxili həyat parametrləri üzrə vəziyyətini təhlil etdikdə onun bir Avropa ölkəsi olduğunu görmək mümkündür və geosiyasətdə də öz rolu var.
Azərbaycanın malik olduğu bu üstünlükləri təmin edən amillərdən biri də onun iqtisadi uğurlara imza atmasıdır. Dünya təcrübəsi göstərir ki, iqtisadi cəhətdən yüksəlmədən demokratik nailiyyətlər əldə etmək mümkün deyil. Adambaşına düşən gəlir 3500 manat və ya təxminən 5000 dollardan aşağı olan ölkələrdə böyük demokratik uğurlar əldə etmək asan deyil. İqtisadi sahədə qazanılan uğurlarda və ölkənin malik olduğu zəngin təbii ehtiyatların ümumi inkişafının təmin edilməsində önəmli rol oynayan amillərdən biri yenə də lider faktorudur. Bu gün dünyada zəngin təbii sərvətlərə, böyük neft ehtiyatlarına malik elə dövlətlər var ki, onların əhalisi olduqca yoxsul səviyyədə yaşayır. Bu mənada hər bir ölkənin liderinin, hakimiyyətinin uğuru ondan ibarətdir ki, ölkənin malik olduğu təbii resursları iqtisadi güc faktoruna çevirsin, sonra onu təhlükəsizlik amili kimi ortaya qoysun, ən nəhayət, beynəlxalq proseslərdə ondan ölkəsinin maraqları üçün istifadə edə bilsin. Prezident İlham Əliyev bunları məharətlə bacarır.
Azərbaycan dövlətinin müstəqillik meydanının geniş olması, heç şübhəsiz, təkcə daxili milli dəyər kimi çıxış etmir, eyni zamanda, xarici aləmdə mühüm bir faktor kimi dəyərləndirilir. Söhbət azadlığını qazanmış ölkələrin müxtəlif iqtisadi-siyasi mərkəzlərdən idarə olunmasından gedir. Politoloji ədəbiyyatlarda satellit, vassal, forpost və sair kimi məfhumlarla ifadə olunan bu hal postsovet məkanı ölkələrinin bir çoxunun real həyatına çevrilmiş, müstəqilliyə formal bir mahiyyət vermişdir. Ötən dövr ərzində regionda yaşanan ən ağir proseslər fonunda Azərbaycan hər hansı bloklara qoşularaq özgürlüyünü onlara tapşırmadı, taleyini keçmiş Kremlə bənzər paytaxtlara etibar etmədi. Hətta müəyyən daxili problemlər məhz bu fonda özünün kəsərliliyini itirir. Çünki min illik arzuların təcəssümü olan müstəqil dövlətin qorunub saxlanması faktı ortadadır. Əlbəttə ki, idarə olunan rəhbər tipi öz ölkəsini beynəlxalq aləmə müstəqil siyasi vahid kimi çıxara bilməzdi. Yalnız idarə edən şəxsiyyətlər fenomeni - Heydər Əliyev - İlham Əliyev rəhbərliyi təmsil etdiyi xalqın gücünü nümayiş etdirməklə geosiyasi proseslərdə hesablaşılan tərəf kimi respublikamıza nüfuz qazandırdı. Nəzərə alsaq ki, bütün bunlar Şərq kimi dövlət qurmaq təcrübəsinin minimallığı şəraitində baş verir, deməli, çəkilən zəhmətin, sərf olunan enerjinin miqyasının böyüklüyünü təsəvvür etmək problem olmur. Bu gün Azərbaycanda sürətlə yeniləşmə gedir. Şübhəsiz ki, ötən əsrin sonlarına doğru qurulmuş iqtisadi infrastrukturu müasir texnoloji sistemlərlə əvəzləmək başlıca vəzifə idi. Əks halda ölkənin dünya rəqabətinə tab gətirməsi sadəcə mümkünsüz idi. Lakin bu, həm də təfəkkür və ideologiyalarda da böyük inqilabi transformasiyalara yol açır. Dəyərlərin - yeni siyasi baxışların nəticəsidir ki, vətəndaş-milli yaşantılar tamam dəyişmişdir və yeni həyat standartlarını meydana çıxarmışdır.
Cənab İlham Əliyevin siyasi xarakterinin ən mühüm tərəflərindən biri onun səmimiliyi və sadəliyidir. Heç bir seçki-siyasi texnologiya ilə bunu qazanmaq olmazdı. Uzun onilliklər boyu formalaşmış bu keyfiyyət ona imkan verib ki, xalqla daha yaxından ünsiyyət qura bilsin, vətəndaş konsensusu əldə etsin və yürütdüyü siyasi kursa böyük ictimai dəstək qazandırsın. Millətilə arasında hər hansı bir məsafənin olmaması cənab İlham Əliyevi təkcə məmurlar ordusunun, yaxud partiyasının deyil, bütövlükdə xalqın liderinə çevirmişdir. Yüksək insani xüsusiyyətlərin daşıyıcısı olmaq ona bəyan etdiyi "hər bir azərbaycanlının prezidenti olacağam" tarixi kəlamını gerçəkləşdirməyə imkan verdi. Bu, istənilən böhran situasiyalarından çıxış və ya inkişaf modellərinə təsir göstərən başlıca şərtdir. Yaxşı Prezident olmaq sözlə yox, əməllə qazanılır və İlham Əliyev millətinin qəlbində bu adı əldə edə bilmişdir. O, qazanılmış iqtisadi uğurları demokratiya quruculuğunun başlıca qarantiyası sayır. O, öz ölkəsini geosiyasətin obyekti olmaqdan çıxarıb onu bərabər hüquqlu subyektə çevirib. "Bölgədə status-kvo bizsiz dəyişə bilməz" deyilərkən məhz bu nəzərdə tutulur. Deməli, milli mənafelər anlayışı məhz bu halda formalaşa bilir. Cəmi bir müqayisə yetər ki, Azərbaycanın beynəlxalq əhəmiyyəti daha qabarıq görünsün. Sovet rejimi dağılarkən bədxahlarımız istəyirdi ki, Azərbaycan böyük hərbi əməliyyatlar meydanına çevrilsin. İndi tam əksinə, bu regionun sabitllik məkanı olması istənilir. Deməli, Cənubi Qafqazın taleyi Azərbaycanda həll olunur. Regionda qüvvələr nisbəti Qafqazın gələcək iqtisadi-siyasi xəritəsi, o cümlədən Qarabağın istənilən statusu halında təhlükəsizliyi də bilavasitə Azərbaycanla bağlıdır. Bu zəruriyyətlər dövlətimizin siyasəti ilə formalaşmışdır.
Dövlətin siyasi kursunun reallaşmasında birinci xanım fenomeninin də rolunu xüsusi vurğulamaq vacibdir. Siyasətin humanistləşməsində, təhsil və səhiyyə sferasında böyük humanitar aksiyaların keçirilməsində, Azərbaycanın dünya üçün mühüm bir dialoq məkanına çevrilməsində Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır. Bəlli səbəblərdən Azərbaycanın keçmiş dönəmində simvollaşmamış birinci xanım statusu indi dövlət idarəçiliyinin ayrılmaz hissəsinə çevrilmişdir. O, bu obrazı ilə Şərq qadınını yeni səviyyəyə qaldırmış oldu və daxili-xarici məkanda böyük etibara sahib etdi.{nl}
Əlihüseyn ƏSGƏROV, "Kənanİnşaat və Ticarət" Birgə Müəssisəsinin baş direktoru
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.