Milli maraqlarımızı təmin edən xarici siyasət kursu Azərbaycanın mövqeyini beynəlxalq səviyyədə daha da möhkəmləndirir

2010-cu ilin yekunları da bunu təsdiqləyir
Azərbaycanın regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması istiqamətində göstərdiyi səylər 2010-cu ildə də uğurlu olmuşdur. Baxmayaraq ki, getdikcə artmaqda olan qlobal problemlər beynəlxalq münasibətlər müstəvisində inkişaf edən hadisələrə ciddi təsir göstərmiş, lakin Azərbaycan bütün sahələr üzrə öz inkişaf tempini qoruyub saxlamışdır. Milli maraqlarımızın təmin edilməsinə yönəlmiş xarici siyasət kursunun uğurla davam etdirilməsi müstəqil dövlətimizin dünya miqyasında mövqeyini daha da möhkəmləndirmiş, nüfuzunu xeyli artırmışdır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirib. Dövlətimizin başçısı özünün xarici siyasət xəttində beynəlxalq aləmdə qəbul edilmiş norma və prinsiplərə uyğun olaraq milli maraqlarımızı qoruyaraq dövlətlərarası əlaqələr qurmuş, ölkəmizin regionda və bütövlükdə dünyada müttəfiqlərinin sayını xeyli artırmışdır. 2010-cu ilin yekunları göstərdi ki, dövlət başçımızın yüksək diplomatik fəaliyyəti sayəsində dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən inkişaf etmiş dövlətlərlə və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ötən ilin xarici siyasət kursunun uğurları nəticəsində Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanına qadir olduğunu təsdiqləyib. Cənubi Qafqaz regionunda əsas söz sahibi olan Azərbaycanın iştirakı olmadan hər hansı bir layihənin reallaşdırılması qeyri-mümkündür. Azərbaycan 2010-cu ildə də sülhsevər xarici siyasətini uğurla davam etdirmiş və bunun da sayəsində yenə də dünyanın diqqət mərkəzində olmuşdur.
Prezident İlham Əliyev Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində də 2010-cu ildə xarici siyasət sahəsindəki fəaliyyəti uğurlu hesab edərək demişdir: "Xarici siyasət sahəsində 2010-cu ildə böyük uğurlara nail olduq. Bizim dostlarımızın, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz həm ikitərəfli müstəvidə, həm regional formatda, həm çoxtərəfli formatda uğurlu xarici siyasət aparırıq. Beynəlxalq təşkilatlarla bizim əlaqələrimiz artıq oturuşmuş əlaqələrdir, qarşılıqlı hörmət, qarşılıqlı inam, qarşılıqlı maraqlar üzərində qurulmuş münasibətlərdir".
Azərbaycanın diplomatik nümayəndəliklərinin əhatə dairəsinin genişlənməsi və bir sıra dövlətlərin Azərbaycanda diplomatik korpuslar təşkil etmələri ölkəmizin xarici siyasət kursunun yüksələn xətt üzrə inkişafından xəbər verir. Qeyd etdiyimiz kimi, ötən il də artmaqda olan qlobal problemlər Azərbaycanın diplomatik fəaliyyətinə bir o qədər də ciddi təsir göstərə bilməmişdir. Nəzərə alsaq ki, ötən il ərzində beş xarici dövlətdə Azərbaycanın səfirlikləri, Rusiyanın Yekaterinburq və Gürcüstanın Batumi şəhərində isə baş konsulluğu, həmçinin Almaniyanın Ştutqart və ABŞ-ın Santa Fe şəhərlərində fəxri konsulluğu açılmışdır, ölkəmizin yeritdiyi xarici siyasət xəttinin nə qədər uğurlu olduğunu açıq şəkildə görərik. Bununla yanaşı, bir sıra dövlətlər də səfirliklərin açılması barədə müvafiq qərarlar qəbul olunmuşdur.
Onu da qeyd edək ki, hər hansı bir ölkədə diplomatik korpusların açılması o qədər də asan deyil. Bundan ötrü ilk növbədə beynəlxalq aləmdə nüfuz sahibi olmalı, diplomatik missiyanı yerinə yetirmək üçün təcrübə qazanmalı və iqtisadi qüdrətə, gücə yiyələnmək əsas şərtlərdəndir. Azərbaycanın son illər iqtisadi yüksəlişi, dövlət büdcəsinin ildən-ilə artması, güclü valyuta ehtiyatına malik olması dünya miqyasında da qiymətləndirilir. Nüfuzlu beynəlxalq təşkilatların apardıqları rəy sorğularına görə, Azərbaycan iqtisadiyyatın sürət tempinə görə, dünyada lider dövlətlərdən biridir. Dünya Bankının qənaətinə görə isə Azərbaycan ən islahatçı dövlət hesab olunub. Xarici siyasət kursundakı sülhsevərlik, qonşu dövlətlərlə isti münasibətlərin qurulması, əməkdaşlığa səy göstərilməsi dövlət başçımızın qeyd etdiyi kimi, beynəlxalq təşkilatlarla əlaqələrimizi getdikcə möhkəmləndirmiş, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayını artırmışdır. Ötən il Avstriya, Niderland Krallığı, Fələstin və İndoneziyanın Azərbaycanda səfirliklərinin yaradılması, Gəncə şəhərində Türkiyənin baş konsulluğunun fəaliyyətə başlaması ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun getdikcə artmasının təzahürüdür.
Azərbaycan Prezidentinin xarici dövlətlərə rəsmi və işgüzar səfərləri 2010-cu ildə də zəngin olmuşdur. Bu səfərlər zamanı ikitərəfli əməkdaşlıq barədə müxtəlif sənədlərin imzalanması ölkəmizin beynəlxalq sahədə əlaqələrini daha da genişləndirmişdir. Xarici dövlətlərin başçılarının, nümayəndə heyətlərinin Azərbaycana rəsmi səfərləri, ölkəmizin ayrı-ayrı dövlətlərlə müxtəlif sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyaların iclasları, habelə yüksək səviyyəli digər tədbirlərdə 50-yə yaxın dövlətlə 100-dək ikitərəfli beynəlxalq sənədin imzalanması da təsdiqləyir ki, ötən il Azərbaycanın xarici siyasət sahəsindəki fəaliyyəti yüksək qiymətə layiqdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi bütün illərdə dövlət başçımızın yeritdiyi siyasətin prioritetini təşkil edib. Ötən il də bu sahədə Azərbaycanın tutduğu mövqe birmənalı olmuşdur. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Yola saldığımız ildə də münaqişənin dinc vasitələrlə nizamlanması üzrə aparılan danışıqlar məhz bu prinsiplərdən irəli gələn detalların razılaşdırılmasına yönəldilmişdi. Aparılan danışıqlar prosesində Ermənistan tərəfinin münaqişənin nizamlanması istiqamətində "Praqa prosesi", yəni "mərhələli həll" variantı ilə razılaşmaq məcburiyyətində qalması Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nailiyyətlərindən biridir. Dövlət başçımızın dəfələrlə qətiyyətlə "Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz" - fikrini səsləndirməsi ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla münaqişənin ədalətli şəkildə həlli ilə bağlı ümidləri daha da artırıb.
Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində diplomatik hücum taktikasına üstünlük verməsi Ermənistan prezidenti Serj Sarkisyanı çıxılmaz vəziyyətə salıb. Onun bir-birinin ardınca diplomatik uğursuzluğu Ermənistanda da ciddi təşviş yaradıb. İşğalçı ölkədə əhalinin sürətlə xarici dövlətlərə köçüb getmələri, gənclərin hərbi xidmətdən açıq şəkildə imtina etmələri, hakimiyyətin istefası tələbilə etiraz aksiyalarının getdikcə daha geniş vüsət alması Ermənistanın həm də beynəlxalq aləmdəki növbəti rüsvayçılığıdır. Mötəbər beynəlxalq tədbirlərdə Ermənistan prezidenti Serj Sarkisyanın yalan üzərində köklənmiş çıxışına heç kimin əhəmiyyət verməməsi də Azərbaycanın apardığı uğurlu diplomatik fəaliyyətin nəticələri kimi dəyərləndirilməlidir. Bu fakt ötən ilin dekabrında Qazaxıstanın paytaxtı Astanada keçirilmiş ATƏT-in VII sammitində də özünü büruzə verdi. Qonşu dövlətin ərazisinin 20 faizini işğal etmiş, bir milyona yaxın insanı öz doğma ev-eşiklərindən, ata-baba torpaqlarından didərgin salaraq qaçqın və məcburi köçkün vəziyyətinə salmış bir dövlətin başçısının çıxışında hansı həqiqət, hansı reallıq özünü əks etdirə bilərdi? Ona görə də sammitin iştirakçıları olan dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri təcavüzkar Ermənistan dövlətinin prezidentinin çıxışına əhəmiyyət vermədilər. S.Sarkisyan çıxış edərkən zalda oturanların mürgü vurmaları da bunu təsdiqləyirdi. Bu da ötən ilin yaddaqalan hadisələrindən biri idi.
2010-cu ildə Azərbaycanın ən böyük diplomatik uğurlarından biri də Qarabağ ərazisinin "zəbt olunmuş zona" kimi təsdiq edilməsi oldu. ATƏT-in VII sammiti çərçivəsində qəbul edilmiş Astana Bəyannaməsi Dağlıq Qarabağ haqqında qəbul edilmiş sənədlərin təsdiqini tapdı. Bununla da Ermənistan öz işğalçılıq siyasətini ört-basdır edə bilmədi.
Azərbaycanın xarici siyasətinin uğurları digər dövlətlərlə yanaşı, Rusiya və İranla münasibətlərində də xeyli irəliləyişin olmasında da özünü büruzə verdi. Rusiya ilə bağlanan qaz və digər iqtisadi müqavilələr buna əyani sübutdur. Ermənistan prezidenti artıq dərk etdi ki, Rusiya bu ölkəyə görə Azərbaycanla münasibətlərinə heç vaxt xələl gətirməyəcək. Çünki Azərbaycan Rusiya üçün çox əlverişli və zəruri strateji tərəfdaşdır. 2010-cu ildə Azərbaycan-İran münasibətlərində daha çox yaxınlaşma müşahidə olunmuşdur.
Xarici siyasət və diplomatiya hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ümumi problemlərin həllinə yönəlir. Dövlətçiliyin, müstəqilliyin, milli təhlükəsizliyin qorunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Azərbaycanın dövlət başçısının 2010-cu ildə həyata keçirdiyi xarici siyasət məhz bu əsaslar üzərində qurulmuşdur. Müstəqil xarici siyasət yeridən Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmişdir. Məhz bu diplomatik reallıqlar fonunda ölkəmizin Avropaya və dünya birliyinə inteqrasiyası xeyli sürətlənmişdir. Dövlət başçımızın məntiqli xarici siyasəti, uğurlu diplomatik fəaliyyəti deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq, ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcək.

{nl}


Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında