Siyasi naşılığa yol vermək olmaz

Kimsə Azərbaycana təzyiq göstərməklə onu müstəqil siyasət yeritməkdən çəkindirəcəyini düşünürsə, böyük səhv edir

Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərarı təkcə Azərbaycan və Rusiyada yaşayan azərbaycanlılar tərəfindən deyil, bütün dünya azərbaycanlıları tərəfindən çox pis qarşılandı. Çünki hamımız bu münasibətin fərqindəyik. Biz azərbaycanlılar həmişə Rusiyaya yaxın qonşu, rus xalqına isə dost münasibəti bəsləmişik. Ancaq təəssüflər olsun ki, həlledici  məqamlarda  bunun qarşılığını görməmişik.

Məlumdur ki,  ikitərəfli münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır. Belə olanda həmin münasibətlər daha normal və uzunömürlü olur. Ancaq biz müstəqillik illərində dəfələrlə şimal qonşumuz tərəfindən ikili standartlarla qarşılaşmışıq. Bu, yolverilməzdir.  Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı dövlətə bizimlə strateji əməkdaşlıq edən şimal qonşumuzun sərgilədiyi münasibət Azərbaycan dövlətini heç cür qane edə bilməz. Lakin bütün bunlara baxmayaraq, Qərbin Rusiyanı təcrid etdiyi bir dönəmdə Azərbaycan  dost  saydığı dövlətə zərər vura biləcək ciddi bir addım  atmır. Çünki Azərbaycan dostluqda sədaqətlidir və Rusiyanı özünə yaxın dost və etibarlı tərəfdaş bilir.

Bu gün hər iki dövlətin siyasi rəhbərlikləri arasında mövcud  münasibət ən yüksək səviyyədədir. Bəs, belə olan halda Azərbaycan– Rusiya münasibətlərində çat əmələ gətirmək istəyənlər hansı məzhəbə qulluq edirlər? Bax, Rusiyanın siyasi rəhbərliyi hakimiyyətdə kök salmış bu xəyanətkar qüvvələri axtarıb tapmalı və onları ifşa etməlidir. Şübhə yoxdur ki, son illərdə  başqa qonşu dövlətlərlə Rusiya arasında yaranmış xoşagəlməz münasibətlərin də müəllifləri elə Rusiya siyasi elitasında möhkəmlənmiş həmin ermənipərəst qüvvələrdir. 

Azərbaycan bu gün bölgənin ən nüfuzlu bir dövlətidir. Onun xarici siyasətinin fəlsəfəsinin kökündə bütün qonşuları ilə  dostluq və qardaşlıq əlaqələri yaratmaq və onu daha da möhkəmləndirmək məqamı dayanır. Şimal qonşumuza münasibət də belədir. Hazırda Azərbaycanda məskunlaşmış  rus icmasının üzvləri  Rusiyadakı həmvətənlərindən daha yaxşı yaşayırlar. Multikulturalizmin nümunəsinə çevrilmiş ölkəmizdə etniklərə göstərilən dövlət qayğısının yüksək səviyyədə olduğunu rusların özləri də dəfələrlə etiraf ediblər. Bu gün Azərbaycanda rus dilli orta və ali məktəblər,  uşaq bağçaları, Sovetlər dönəmində olduğu kimi, fəaliyyət göstərir. Müstəqillik illərində onların sayı daha da artıb. Azərbaycan xalqının, Azərbaycan dövlətinin qonşuluqda yerləşən dost dövlətə, dost xalqa olan münasibəti belədir. 

Rusiya siyasi dairələrində ermənilərin təhriki ilə Azərbaycana qarşı belə qərəzli mövqe tutanlar  bu reallıqların fərqində olmalıdırlar.  Ermənistan deyilən bir dövləti süni nəfəs verməklə yaşadan Rusiya siyasi dairələri unutmamalıdırlar ki, Sovetlər birliyi dağıldıqdan sonra Ermənistanda  bir rus məktəbi və bir uşaq bağçası belə qalmayıb. Ümumiyyətlə, Ermənistan mono ölkədir və orada ruslar yaşamır. Ermənistanda Rusiya hərbi bazasının olması hələ orada rusların yaşaması demək deyil.

Ukrayna ilə münaqişədən sonra beynəlxalq təzyiqlərlə üz-üzə qalan Rusiyanı biz ən çətin  məqamlarda dəstəkləmiş və bir dost ölkə kimi öz köməyimizi göstərmişik. Möhkəm qətiyyət göstərərək Rusiyaya tətbiq olunan sanksiyaların iştirakçısı olmaqdan imtina etmişik və bunun əvəzində Qərbin bizə qarşı çoxsaylı təzyiqləri ilə üzləşmişik.  Bu da həqiqətdir ki, Azərbaycanla münasibətlərin hər hansı bir formada pisləşməsi  Rusiya dövlətinin maraqlarına xidmət edə bilməz. Təəssüf ki, Rusiya siyasi dairələrində bunu düşünmək qabiliyyətini itirmiş destruktiv qüvvələr mövcuddur və onlar fürsət düşdükcə  Rusiya – Azərbaycan münasibətlərinin korlanmasına yönəlmiş addımlar atmaqdan çəkinmirlər.

 Azərbaycan Rusiyaya ən sadiq ölkələrdəndir. Yaxın keçmişə nəzər salaq. Sovetlər birliyinin çöküşündən sonra bu birliyə daxil olan Baltikyanı ölkələr Rusiyadan tamam  üz döndərdi, Gürcüstan və Ukrayna MDB-dən çıxaraq praktiki olaraq Rusiyaya düşmən mövqe tutdular. Belarus ilə ittifaq dövləti yaradılmasına baxmayaraq kritik məqamlarda bu ölkə ilə də münasibətlər tez-tez kəskinləşir. Qazaxıstan və Özbəkistan kimi Orta Asiya dövlətləri Rusiyaya  loyal münasibət göstərir, Türkmənistan isə yaxın əlaqələr qurmağa tələsmir. Bir qədər loyal münasibət görən kimi Ermənistan Rusiyanın  səfirliyini yumurta atəşinə tutur. Sual olunur: belə bir dönəmdə Rusiya – Azərbaycan münasibətlərinin gərginləşməsinə çalışan  siyasi oyunbazlar nəyə xidmət etdiklərinin fərqindədirlərmi?

Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiyada yaşayan yüz minlərlə azərbaycanlını öz ətrafında birləşdirən bir təşkilatdır. Bu təşkilat vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Onun ləğvi Azərbaycanın Rusiyadakı diasporuna qarşı deyil, Rusiya – Azərbaycan münasibətlərinə qarşı təxribatdır. Belə nüfuzlu  təşkilatı ləğv etməyi hədəfləyənlər müxtəlif bəhanələr gətirməklə atdıqları qərəzli addımlara bəraət qazandırmağa çalışırlar. Hər bir qurumun, hər bir ictimai təşkilatın fəaliyyətində nöqsanların olması mümkündür. Konqresin fəaliyyətində hər hansı bir nöqsan mövcuddursa  bu, onun bağlanması üçün əsas ola bilməz. Ən azından, siyasi nöqteyi-nəzərdən belə səhvlərə yol vermək düzgün deyil. Başqa sözlə desək, siyasi naşılıqdır.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında