ÜAK Rusiya Prezidentinin rəhbərlik etdiyi “Rusiya Naminə Xalq Cəbhəsi” Hərəkatına daxil olan ilk təşkilatlardan biridir

Azərbaycan icmasının ən böyük ictimai birliyinin ləğv edilməsi Rusiya cəmiyyətinin xarakterinə ziddir

Təxminən 6-7 il əvvəl Rusiyanın məşhur politoloqlarından biri postsovet məkanındakı çoxmədəniyyətli ölkələrdən söz açarkən Moskva, Astana və Bakının adını xüsusilə vurğulamış, bu üç ölkənin bütün xalqların üzünə açıq olduğunu fəxrlə yazmışdı. Bu gün isə biz çox təəssüflə qeyd edirik ki, həmin üç ölkədən birində, özü də ən böyüyündə və son iki yüz ildə bütün xalqların bərabərhüquqlu vətəndaş kimi yaşadığı Rusiyada həddən artıq üzücü olan bir tendensiya təzahür etməkdədir.

Söhbət son zamanlar Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin azərbaycanlılara qarşı törətdiyi qərəzli və məkrli planının reallaşmasından gedir. Məlum olduğu kimi, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etmişdir. Birmənalı şəkildə qeyd edə bilərik ki, bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır. Həmin qərəzli addımın atılmasından sonra Azərbaycandakı rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırırlar. Birmənalı şəkildə bildirilir ki, Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərində körpüdür, bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhnidir. Çünki bu icma xalqımızın bir parçası olaraq öz mövcudluğu dövründə təkcə ruslarla münasibətdə deyil, eləcə də bütün xalqlarla əməkdaşlıq zamanı daim sədaqət və səmimiyyət kimi dəyərlərə üstünlük verib.

Sədaqət və səmimiyyət deyəndə nələri nəzərdə tuturuq? Birinci, Azərbaycan xalqı və dövləti hələ 1941-45-ci illərdə – faşist Almaniyasına qarşı aparılan ölüm-dirim mübarizəsində daim min illər boyu varlığında yaşatdığı alicənablığı ortaya qoymuşdu. Rus tarixçiləri dəfələrlə yazıblar ki, Azərbaycan nefti olmasaydı, Qələbə bizim üçün əlçatmaz olardı. İkinci, müharibədən sonra sürətlə tərəqqi edən Sovet elm və texnikasının inkişafında general Kərim Kərimov kimi kosmos dahisi rus elminə böyük baş ucalığı gətirmişdir. Üçüncü, postsovet məkanında ən böyük rus icmasının formalaşdığı və rus dilinin ikinci dil kimi geniş miqyasda tətbiq edildiyi, rusdilli kadrların ən çox hazırlandığı ölkə məhz Azərbaycandır. Dördüncü, Azərbaycan bu gün Rusiyada istehsal olunan silah və hərbi sursatların əsas alıcılarından biridir. Dərin iqtisadi böhran içərisində olan Rusiya üçün bu, az əhəmiyyət kəsb etmir. Bu qəbildən olan arqumentlərin sayını əlliyə, altmışa da çatdıra bilərik. Amma həmin sayı artırmadan Moskvadakı dostlarımıza sual veririk: -- Bütün bu faktların fonunda mayın 15-də verilmiş qərar nə dərəcədə ədalətli və humanistdir?

Ortaya qoyulmalı başqa arqumentlərimiz də var. Məsələn, ötən il yay boyu Rusiyadakı həmkarlarımızın yazıları da daxil olmaqla, regionun bütün mətbuat vasitələrində “Yerevanda antirusiya mitinqlərinə start verildi”, “Ermənistanda Rusiya bayrağı yandırıldı”, “Ermənistanda antirus əhval-ruhiyyəsi güclənir”, “Gümrüdə rus əsgərləri təhqir edildi”, “İrəvanda ruslardan erməni dilində danışmaq tələb olundu” - kimi sərlövhələr altında verilmiş xəbərlər oxuyurduq. Yəni bu xəbərlər Ermənistanda ruslara, rus dilinə və Rusiyaya münasibətin güzgüsü kimi qəbul edilirdi. Moskvada isə ermənilərin bütün həyasızlığını, qeyri- insani rəftarını heç kəs “görmürdü”.

İndi isə başqa bir zamanda, digər güzgüdə görünənləri yada salaq . Rusiyanın və Azərbaycanın kütləvi informasiya vasitələrinin əksəriyyəti Moskvada keçirilmiş bir tədbir haqqında xəbəri eyni sərlövhə ilə vermişdilər: “Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresi Vladimir Putinə dəstək aksiyası keçirib”. Bildirilirdi ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Rusiya prezidentliyinə namizəd Vladimir Putinə dəstək konserti keçirilib. “Lujniki” idman konsert kompleksində keçirilən həmin konsertdə Rusiyanın tanınmış azərbaycanlı iş adamları, Rusiyanın Azərbaycandakı keçmiş səfiri Vasili İstratov, İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman, Rusiya Dövlət Dumasının deputatı Ramzan Abdullatipov və Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

“Rusiyada yaşayan azərbaycanlılar Vladimir Putini seçir” – şüarı altında keçirilən konsertdə bu ölkənin estrada ulduzları, SSRİ Xalq artisti İosif Kabzon, Dmitri Malikov, “Respublika” qrupu, “Bolşoy teatr”ın solistləri Elçin Əzizov və Dinara Əliyeva, “Fabrika”, “Slivki”, “Nepara”, “Lazurnly bereq” qrupları, Aleksey Çumakov, “Eurovision-2011”in qalibləri Nigar Camal və Eldar Qasımov, “Eurovision-2010”un iştirakçısı Safura Əlizadə və Aygün Kazımova çıxış ediblər. Üç min tamaşaçının iştirak etdiyi konsertdə “Rusiyada azərbaycanlılar Vladimir Putini seçir”, ”Rusiyanın bütün azərbaycanlıları – Putin üçün birləşin!”, “Rusiya azərbaycanlıları Vladimir Putinin milli siyasətinin tərəfdarıdır” şüarları səsləndirilib.

Bunlar kütləvi informasiya vasitələrinin arxivində yaşayan, hamının əli çatan tarixi faktlardır. Digər bir fakta nəzər salaq. Bu yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanın 60 illik yubileyində Rusiyanın bütün hakim elitası, o cümlədən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov iştirak etmiş, həmçinin Prezident Vladimir Putin ona təbrik məktubu göndərmişdir. Digər tərəfdən isə Rusiya hökuməti Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etdirir. Bu birtərəfli və əsassız yanaşmanın səbəbi nədir? Bu sualın cavabını Moskvada kimsə verə biləcəkmi?

Xatırladaq ki, müstəqilliyin bərpasının ilk illərində Rusiyada pərakəndə fəaliyyət göstərən Azərbaycan təşkilatları ulu öndər Heydər Əliyev uzaqgörən siyasəti sayəsində bir təşkilatda birləşdirilmişdi və ümumi məqsədə – Rusiya ilə Azərbaycan arasında münasibətlərin bütün sahələrdə möhkəmləndirilməsi və inkişaf etdirilməsi işinə xidmət edirdi. Rusiyada yaşayan azərbaycanlılar Rusiya dövlətinin həyata keçirdiyi siyasi xətti daim dəstəkləmişlər. ÜAK Rusiya Prezidentinin rəhbərlik etdiyi “Rusiya Naminə Xalq Cəbhəsi” Hərəkatına daxil olan ilk təşkilatlardan biridir.

Bu qurumun daimi prinsipi belə olub ki, Rusiya azərbaycanlıları Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ətrafında sıx birləşsinlər. Son illər Rusiyada keçirilən parlament və prezident seçkilərində həmvətənlərimiz Rusiya xalqının iradəsini dəstəkləmiş, səsvermədə fəal iştirak etmiş, demokratik dəyərlərə, Rusiyanın hazırkı Prezidenti Vladimir Putinə səs vermişlər.

Ermənistanda isə antirus əhval-ruhiyyəli mitinqin iştirakçıları Rusiya hakimiyyəti ilə yanaşı, rus millətinə qarşı da təhqiredici ifadələr işlədib, ruslara qarşı aqressiv davranışlarla yadda qalıblar. “Biz ölkəmizin sahibiyik!” adlı aqressiv əhval-ruhiyyəli erməni millətçilərindən ibarət qrupun üzvləri Rusiyanı bu ölkənin düşməni kimi görürlər.

Çox maraqlıdır ki, onlar Rusiyanı nə qədər söysələr də, rusların ürəyindəki “erməni sevgisi” tükənmək bilmir. Doğrudur, bəzi hallarda ermənilərə nələrisə xatırladan rus ekspertləri də tapılır. Ancaq bu faktlar olduqca müstəsna hallarda qeydə alınır. Məsələn, “Biz ölkəmizin sahibiyik!” adlı millətçi erməni qrupuna cavab verən “Reqnum” informasiya agentliyinin baş redaktoru, daim Kremlə və ermənilərə yaxınlığı ilə seçilən Modest Kolerov Ermənistanda Rusiyaya qarşı olan mitinqçilərə sadəcə tarixi xatırladıb: “Ermənilər unutmamalıdır ki, Rusiya olmasaydı, onları öz qonşularından heç kim qorumazdı”.

M.Kolerov deyib ki, tarix hələ də heç bir erməni imperiyası tanımır: “Əgər 1918-ci ilə qədər Qafqazda erməni dövləti olubsa, o zaman onun hara itməsindən tarixçilər indiyə qədər baş çıxara bilmir. Ermənilər 19-cu əsrdə meydana çıxan Xaçatur Abovyana qədər heç bir yazıçıya sahib deyildilər. Yüzillər ərzində xalqı idarə edənlər zorla ermənilərin başına yeridirlər ki, “siz ən qədim və ağıllı xalqsız”, amma özləri Ermənistandan qaçaraq sərhədlərini qorumağı ruslardan xahiş edirlər”.

Çox təəssüf ki, ruslar və Rusiya dövləti əsrlərdən bəri parazit kimi bu dövlətin canına daraşan ermənilərin konkret cavabını heç zaman verməyiblər. Məhz həmin astagəlliyin nəticəsidir ki, Rusiya kimi güclü dövlətin mühüm qurumlarında kök salmış ermənilər və ermənipərəstlər Kremlin nüfuzuna xələl gətirəcək addımların atılmasına nail olurlar. Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi kimi absurd və qərəzli qərarın qəbul olunması da məhz həmin məkrin nəticəsidir. Azərbaycan xalqı əmindir ki, Rusiya rəhbərliyi həmin təxribatçı planın qarşısını tezliklə alacaq və bütün proseslər öz əvvəlki məcrasına qayıdacaqdır.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında