Rusiya Azərbaycana münasibətdə strateji tərəfdaşlığa kölgə salan addımlara yol verməməlidir

Təzyiq və təhdid yolu ilə heç bir qüvvə Azərbaycanı müstəqil siyasət yeritməkdən çəkindirə bilməz!

Azərbaycan ilə Rusiya münasibətlərinin çox dərin kökləri var. Əlaqələrimiz qarşılıqlı hörmət və səmimi dostluğa əsaslanır. Ölkələrimiz arasında dialoq bütün sahələr üzrə inkişaf edir. Münasibətlərimizin ən yeni tarixi 1992-ci ilin aprel ayından başlayır. Bu il diplomatik münasibətlərimizin 25 ili tamam olmuşdur. İki ölkə arasında imzalanmış çoxsaylı müqavilələr əlaqələrimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. Bütün bu faktlar belə deməyə əsas verir ki, Azərbaycan-Rusiya münasibətlərində inkişaf xüsusi dinamikaya malikdir və xalqlarımız arasında mehriban dostluq münasibətlərinin daha da güclənməsi üçün münbit şərait vardır.

Bu gün iki ölkə arasında əlaqələrin daha sıx qurulmasında, gücləndirilməsində ümummilli lider Heydər Əliyevin rolu danılmazdır. Dahi şəxsiyyət siyasi hakimiyyətə gələndən sonra sözügedən sahədə vəziyyət sürətlə yaxşılığa doğru dəyişmişdir. Ulu öndər 1993-cü ilin yayında müstəqil Azərbaycana rəhbərlik etməklə, Rusiya ilə dostluq münasibətlərinin nizamlanmasında çox mühüm rol oynamış və ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoymuşdur. 2000-ci ildə Vladimir Putinin Rusiya Prezidenti seçilməsi isə Rusiya-Azərbaycan münasibətlərini daha da gücləndirmişdir. İki ölkənin liderləri zamanın sınağından çıxmış tarixi əlaqələri bərpa etməyə və sabit, mehriban qonşuluq münasibətləri qurmağa nail olmuşlar. Çoxşaxəli və çoxplanlı olan əlaqələrimiz həyatın, demək olar, bütün sahələrini əhatə edir. Ən əsası, Azərbaycan - Rusiya münasibətləri səmimiliyin və qarşılıqlı etimadın yüksək dərəcəsi ilə də səciyyələnir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "bizim ikitərəfli münasibətlərimizdə təxirəsalınmaz həllini tələb edən hər hansı məsələ yoxdur".

Lakin mayın 15-də şimal qonşumuzun paytaxtında iki ölkə arasındakı münasibətlərə, eləcə də Rusiyanın Cənubi Qafqaz regionunda mövqelərinə təsir göstərə biləcək qərarın qəbul olunması barədə xəbər yayılmışdır. Belə ki, Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən, Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etmişdir. Səbəblər obyektivdirmi? Əsla, onların tam subyektiv olması ortadadır. Məsələn, “təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi”, yaxud “rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması”...Bunları hər hansı qurumun ləğvi üçün yetərli “dəlillər” hesab etmək olarmı? Əlbəttə ki, yox! Mütəxəssislər də qərarda subyektivlik amilinin olduğunu vurğulayırlar.

Milli Məclisin deputatı  Elman Nəsirov “Trend” agentliyinə açıqlamasında bildirmişdir ki, Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə bu ölkənin Ali Məhkəməsi qarşısında iddia qaldırması anlaşılmaz addımdır. Onun sözlərinə görə, bu addım Rusiya-Azərbaycan strateji tərəfdaşlığının yüksələn xətlə inkişafına kölgə salır: "İki ölkə arasında münasibətlər çox parametrlərlə inkişaf etməkdədir. Fundamental məsələlərdə Azərbaycanla Rusiyanın mövqeyi üst-üstə düşür. Bəzi ölkələrin, xüsusən də Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara Azərbaycan heç vaxt qoşulmayıb. Hətta həmin ölkələr tərəfindən Azərbaycana bununla bağlı təzyiqlər də edilib. Amma buna baxmayaraq, Azərbaycan heç vaxt Rusiyaya qarşı sanksiyalara qoşulmayıb".

Milli Məclisin deputatı Fəzail İbrahimli də eyni fikirdə olduğunu bildirmişdir. Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycan-Rusiya münasibətlərinə daim müdaxilə edən, bu münasibətləri kəskinləşdirmək üçün bütün vasitələrdən istifadə edərək dövlətlərarası münasibətlərə xələl gətirən qüvvələrin fəaliyyətinin nəticəsidir. İki ölkə arasındakı münasibətlərin həmişə yüksək səviyyədə olacağını bildirən F.İbrahimli qeyd etmişdir ki, Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə almışdır, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirmişdir: “ÜAK Rusiya-Azərbaycan münasibətlərini tənzimləyən bir konqres deyil. Bu qurum Rusiyadakı azərbaycanlıları birləşdirir. Azərbaycan-Rusiya münasibətləri yalnız konqres müstəvisində qurulmayıb ki, qurumun ləğvinin nəticəsində münasibətlər korlansın, zəifləsin”.

Milli Məclisin deputatı Elman Məmmədov da düşünür ki, Rusiya Ali Məhkəməsinin məlum qərarı Rusiya hökumətinin mövqeyi deyil, müəyyən dairələrin məqsədli sifarişidir: “Bu, Azərbaycana qarşı növbəti təzyiq addımıdır". “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin məsələ ilə bağlı mövqeyi belədir ki, ÜAK-ın qeydiyyatının ləğvinə cəhdə göstərilən səylər Rusiyanın milli maraqlarına uyğun gəlmir. Ə.Nuriyev hesab edir ki, ÜAK-ın qeydiyyatının ləğvi cəhdləri ilə Rusiyadakı bəzi dairələr Azərbaycan-Rusiya münasibətlərinə zərər vurmaq istəyirlər.

Rusiyalı mütəxəssislər də ÜAK-ın ləğvi ilə bağlı qərarın mənfi nəticələri olacağını gizlətmirlər. Belə ki, Rusiya Siyasi Təhqiqatlar İnstitutunun direktoru Sergey Markov APA-nın Moskva müxbirinə müsahibəsində bildirmişdir ki, Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərarı səhv addımdır. Bu qərarın mənfi nəticələri mütləq olacaq. Onun sözlərinə görə, ÜAK Rusiyada yaşayan yüz minlərlə azərbaycanlını öz ətrafında birləşdirir: “Həmin azərbaycanlılar Rusiyaya münasibətdə çox loyal və vətənpərvər mövqedədir. Onlar hər zaman Rusiya Prezidenti Vladimir Putini dəstəkləyiblər. Ona görə də, Rusiya bu addımı atmamalı idi. Məncə, Moskva lazım olanı etməlidir ki, bu qərar ləğv olunsun. Ümumrusiya Azərbaycanlıları Konqresinə normal fəaliyyət göstərmək üçün şərait yaradılmalıdır”. Ekspert ÜAK-ın ləğvini böyük səhv adlandırmışdır: “Fikrimcə, ÜAK-ın qeydiyyatının ləğv edilməsi böyük səhvdir. Bu qərar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının ruhuna uyğun deyil və ikitərəfli münasibətlərə kölgə salır. Məncə, iki dövlətin başçıları arasında qarşılıqlı inamın və dostluq münasibətlərinin olması problemin konstruktiv həllinə kömək edə bilər”. Sergey Markov ümid edir ki, ÜAK-la bağlı qərar ləğv ediləcək. Belə ki, dövlət başçıları arasındakı münasibətlər buna ümid etməyə imkan verir. 

Göründüyü kimi, Rusiya Ali Məhkəməsi iki ölkənin münasibətlərinə təsir göstərə biləcək bir qərar qəbul etmişdir. Bu gün Azərbaycan postsovet ölkələri arasında rus dilinə və rus mədəniyyətinə ən çox diqqət yetirən və hörmət edən  ölkə kimi tanınır. Bundan başqa, hər iki ölkədə xalqlarımızın çoxsaylı nümayəndələri də yaşayırlar. Rusiyanın, demək olar ki, bütün bölgələrində yaşayan azərbaycanlılar şimal qonşumuzun siyasi-iqtisadi, eləcə də humanitar-mədəni həyatında fəal iştirak edir, yaşadıqları ölkənin tərəqqisinə öz töhfələrini verirlər. Bununla yanaşı, Azərbaycanda böyük rus icması yaşayır, Vətənimizin inkişafında  və tərəqqisində yaxından iştirak edirlər. Bəs Rusiyada belə yanlış addım atmaqla, münasibətlərin ciddi zərər ala biləcəyini düşünürlərmi?

Maraqlıdır, bu yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanın 60 illik yubileyində Rusiyanın bütün hakim elitası, o cümlədən  Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov iştirak etmiş, həmçinin Prezident Vladimir Putin ona təbrik məktubu göndərmişdir. Digər tərəfdən isə Rusiya hökuməti Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etdirir. Belə birtərəfli və əsassız yanaşmanın səbəbi nədir? Halbuki Rusiyanın siyasi liderləri yüksək tribunalardan həmişə bəyanat verirlər ki, hər iki ölkənin iqtisadiyyatı fəal inkişaf edir, çox böyük  potensialımız var. İqtisadi əlaqələrin mineral-xammal sahəsində deyil, həm də intellektual, sənaye, elmi sahələrdə də inkişaf etdiyini diqqətə çatdırırlar. İki ölkə arasında hərbi-texniki sahədə də sıx əməkdaşlığın olduğunu da məmnuniyyətlə qeyd edirlər.

Bundan başqa, Rusiya ilə Azərbaycanın səmərəli qarşılıqlı fəaliyyətini regionda ciddi sabitlik amili kimi qiymətləndirən rusiyalı siyasətçilər xüsusilə vurğulayırlar ki, hər iki ölkənin beynəlxalq və  regional  problemlərin çoxuna dair mövqeləri ya yaxındır, ya da üst-üstə düşür. Rusiyalı politoloqlar Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin 25 ildir strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini vurğulayırlar. Hər tərəfdə də Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında möhkəm dostluq əlaqələrinin mövcudluğunu gözəl bilirlər. Bu əlaqələrin ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət təsir göstərdiyini də gözəl anlayırlar. Vladimir Putin də Azərbaycan Prezidentinə ünvanladığı məktubda bu amilə xüsusi diqqət ayırmışdı : “...Ötən iyirmi beş il ərzində biz Rusiya və Azərbaycan xalqlarını ənənəvi şəkildə bir-birinə bağlayan dostluq və qarşılıqlı hörmət münasibətlərini qoruyub saxlamağa, yeni, dövlətlərarası əsasda inkişaf etdirməyə nail olmuşuq”.

Bəs Rusiya Ali Məhkəməsi Azərbaycana birbaşa təsir edən belə hörmətsiz qərar qəbul etməklə rəsmi Moskvanın siyasi xəttinə qarşı çıxdığının fərqinə varırmı? Görünür, şimal qonşumuzun ermənipərəst dairələri şəxsi maraqlarını dövlət siyasətindən üstün tutur və Rusiyanın ədalət sistemini də çirkli əməllərinə bulaşdırırlar. Aydındır ki, belə bir addım həm Rusiyadakı erməni lobbisinə diqqətin gücləndirilməsi, həm də  Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, deməli, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə düşür. Qərblə münasibətlərinin ağır dövrünü yaşayan Rusiyanın Azərbaycan kimi prinspial tərəfdaşına belə hörmətsiz yanaşmasının məntiqi izahını tapmaq çətindir və bu qərarın qəbul edilməsinin Rusiyanın regiondakı fəaliyyətinə problem yaradacağı və onun bitərəf mövqeyinə kölgə salacağı şəksizdir.

Hələ vaxt var. Rusiya yanlış addımını düzəldə bilər. Şimal qonşumuz strateji müttəfiqi adlandırdığı Azərbaycandakı rus icmasının, Azərbaycan diaspor təşkilatlarının, ölkə ictimaiyyətinin, media qurumlarının və QHT-lərin Rusiya hökumətinin düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməmək barədə çağırışlarını eşitməlidir. Əks-təqdirdə, uzun illərdir sürətlə inkişaf edən Azərbaycan-Rusiya əlaqələri dərin yara alacaq və bunun da xalqlarımızın dostluq və mehriban qonşuluq münasibətlərinə təsirsiz ötüşməyəcəyi qaçılmaz olacaq.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında