Yenilməzlik rəmzi

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara əbədi həkk olunmuşdur. Məhz həmin yorulmaz fəaliyyətin, həyata keçirilən zəruri tədbirlərin, uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün ölkəmiz dünya birliyinin layiqli üzvlərindən birinə çevrilməkdədir. Son günlər respublikamızın hər yerində böyük şəxsiyyətin 94 illiyi  yüksək ehtiramla  qeyd edilir, bütün bölgələrdə, idarə və müəssisələrdə, təhsil ocaqlarında yığıncaqlar, konfranslar, digər kütləvi tədbirlər keçirilir. Bu gün hər bir azərbaycanlı ümummilli lider Heydər Əliyevin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini bir daha böyük ehtiram hissi ilə xatırlayır, bugünkü firavan həyata, ictimai-siyasi sabitliyin davamlı olmasına və müstəqilliyə görə ulu öndərə minnətdarlığını bildirir.

İstər 1969-1982-ci illərdə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi müddətdə Heydər Əliyev yalnız respublikamızın tərəqqisi, ana dilimizin qorunub saxlanılması, inkişafı barədə düşünmüş və buna nail olmuşdur. Eyni zamanda, milli özünüdərkin, milli ruhun hədsiz yüksəlişinin təmin olunması yolunda yorulmaz fəaliyyət göstərmişdir. Bu illərdə Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycanda coşqun quruculuq işlərinə başlanılmış, dövlət quruculuğunda yeni mərhələnin əsası qoyulmuş, insan hüquq və azadlıqlarının qorunmasında, demokratik dəyərlərin bərpa olunmasında, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilmişdir. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi irsi tariximizin ən mühüm və silinməz səhifələrini təşkil edir.

Azərbaycan üçün çətin, mürəkkəb vaxtlarda, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükə qarşısında qaldığı anlarda Heydər Əliyevə müraciət edən xalqımız inanırdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan, vətəndaş qarşıdurmasından yalnız Heydər Əliyev xilas edə bilər və xalqımızı, müstəqilliyimizi inkişaf yoluna çıxarar. Azərbaycanda ­1993-cü ilin  iyunundan başlayan quruculuq işləri, dövlət idarəçiliyi sahəsində aparılan islahatlar, Milli Ordunun yaradılması və respublikamızın beynəlxalq aləmə inteqrasiyası  istiqamətində həyata keçirilən tədbirlər müstəqilliyimizi əbədiyyətə çevirdi.

Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ümummilli liderimiz Heydər Əliyev tərəfindən cəmiyyət və dövlət həyatının bütün sahələrində olduğu kimi, hüquqi sahədə də köklü islahatlar aparılmağa başlandı. İnsan hüquq və azadlıqlarının qorunması ulu öndərin qarşıya qoyduğu prioritet vəzifələrdən biri olmuşdur. Müdrik şəxsiyyətin demokratik prinsiplərin inkişafı istiqamətində atdığı  qətiyyətli addımlar özünü insan hüquq və azadlıqlarının müdafiəsi məsələsində də xüsusilə büruzə verdi. Ulu öndər bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur.

İnsan hüquq və azadlıqlarının qorunmasını ali vəzifə kimi qarşıya qoyan ulu öndər hətta bu sahədə riskli və prinsipial addımlar atmaqdan da çəkinmirdi. Bu baxımdan 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv olunmasını xüsusi qeyd etmək lazımdır.

Ölüm cəzasının ləğv edilməsi  insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, həm də nüfuzlu beynəlxalq təşkilatların, əsasən də, Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi əsas tələblərdən idi.  Bu qurumun 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı olaraq əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi, şübhəsiz, bu təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. Bu məsələ müstəqil Azərbaycanın Konstitusiyasında da təsbit olunub.

1995-ci il noyabrın 12-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan milli Konstitusiyamızda əksini tapan maddələrin üçdə bir hissəsi insan hüquqlarının qorunmasına və müdafiəsinə xidmət edir. Həmin vaxtdan başlayaraq ölkəmizdə insan hüquqlarının müdafiəsi, qanunların aliliyinin qorunması məsələsi dövlətçilik fəaliyyətinin  prioritet sahələrindən birinə çevirdi. Ümummilli lider dərin zəkası, qeyri-adi idarəçilik keyfiyyətləri ilə qanunçuluğu, insan hüquqlarının qorunmasını təmin etmək və bu yolla dövlətçilik ənənələrini yeni zirvələrə qaldırmaqla, Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirmək üçün zəruri hüquqi baza formalaşdırmış oldu.  

Müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətimizin ali məqsədi kimi bəyan etmişdir. Bu məqsədə nail olmaq üçün dövlətimizdə ümumbəşəri dəyərlərə və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan qanunvericilik bazası yaradılmışdır. Konstitusiyada ölüm cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı, xüsusilə, ağır cinayətlərə görə müstəsna cəza tədbiri kimi göstərilmiş və daimi cəza növü kimi nəzərdə tutulmamışdır. İnsan ləyaqətinə, bütövlükdə, insan hüquqları ideyasına zidd olan bu cəzanın tətbiqi, hansı dəlillərlə əsaslandırılmasından asılı olmayaraq, demokratik cəmiyyətdə qeyri-insani və amansız tədbir kimi qiymətləndirilmişdir.

Ali Qanunumuzun 54-cü maddəsində insan hüquq və azadlıqlarının qorunması öz əksini tapıb. Bu Konstitusiyanı insan hüquqlarının qorunması, qanunların aliliyinin bərpa edilməsi və dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından “Heydər Əliyevin şah əsəri” adlandırmaq olar. İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin daha geniş şəkildə tətbiqi, əhalinin həyat səviyyəsinin durmadan yaxşılaşdırılması, onların öz fikirlərini sərbəst ifadə etmələri, mitinq, küçə yürüşü və digər aksiyalar keçirmək üçün həyata keçirilən tədbirlər, yaradılan sərbəstlik ölkəmizin beynəlxalq aləmə daha sürətlə inteqrasiyasına böyük zəmin yaratmışdır.

1998-ci il iyun ayının 18-də ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış sərəncamla ölkəmizdə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edildi. Proqramda Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə Elmi-Tədqiqat İnstitutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu istiqamətdə öhdəliklərə riayət edilməsi və digər məsələlər əksini tapdı.

Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə çıxış etmişdir. Bununla bağlı Milli Məclisə müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla, ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Milli Məclis dövlət başçısının ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləmiş, 1998-ci il fevralın 10-da tarixi qərar qəbul etmişdir. Beləliklə, Azərbaycanın adı Şərqdə ölüm hökmü cəzasını ləğv edən  ilk ölkə kimi tarixə düşdü.

Böyük tarixi şəxsiyyət ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirdi. Şərq aləmində ilk dəfə olaraq, ölüm cəzasının Azərbaycanda ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini, demokratik prinsiplərin inkişafına xüsusi önəm verildiyini  bir daha təsdiqləmişdir.  Ölüm cəzasının ləğvi tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addım olmuşdur.

Heydər Əliyevin təşəbbüsü ilə 1998-2002-ci illərdə “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Qanun, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul olunmuşdur. Böyük tarixi şəxsiyyət  ədalətli və müdrik dövlət rəhbəri kimi yaxşı bilirdi ki, hər bir dövlətin gələcəyi yalnız qanunların işləməsindən, insan hüquqlarının qorunmasından asılıdır.  Məhz buna görə də ulu öndər hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali vəzifəsinə çevirdi.

Ümummilli lideri insan hüquq və azadlıqlarının qorunması istiqamətində  böyük şəxsiyyət kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də onun günahkarı cəzalandırmağı,  ona şans verərək, bağışlamağı və islah etməyi də bacarması idi. 1995-ci ildə ölkədə  əfvetmə institutunun bərpası bu istiqamətdə irəliyə doğru atılan qətiyyətli addım oldu. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yaradılması bu baxımdan  böyük əhəmiyyət kəsb edirdi.

Ulu öndərin respublikamızda  hüquq islahatlarının aparılması istiqamətində həyata keçirdiyi işləri saymaqla qurtarmaq mümkün deyil. Azərbaycanda əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən yeni hüquq və qanunun aliliyinin daha yüksək səviyyədə təmin edilməsi məqsədilə  üçpilləli, müstəqil məhkəmə sistemi formalaşdırılması da məhz Heydər Əliyevin müstəsna xidmətlərindəndir.

Bu gün fəxrlə deyə bilərik ali məqsədi insan haqlarının müdafiəsinə xidmət etmək olan Azərbaycanın yeni hüquq sisteminin müəllifi məhz ümummilli liderimiz Heydər Əliyevdir. Ölkəmizdə ədliyyə fəaliyyətinin təşəkkülü və inkişafının təmin edilməsi, ümumiyyətlə, Ədliyyə Nazirliyinin dövlət strukturu kimi təşəkkül tapması da ulu öndərin adı ilə bağlıdır. 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafı diqqət mərkəzində saxlanılmışdır. Azərbaycana rəhbərliyinin bütün dövrlərində Heydər Əliyev ədliyyə sisteminin inkişafına xüsusi diqqət göstərmiş, həyata keçirilmiş hüquqi islahatlar çərçivəsində Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, onun üzərinə əlavə mühüm vəzifələr qoyulmuş, funksiya və səlahiyyətləri genişləndirilmişdir. Məhkəmələrin müstəqilliyinin təmin olunması, fəaliyyətinə müdaxilələrin qarşısının alınması üçün nazirlikdə Məhkəmə Orqanları İdarəsi ləğv edilmiş, məhkəmə qərarlarının icra vəziyyətinin yaxşılaşdırılması məqsədilə məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti yaradılmışdır.

Respublikamızda Konstitusiya Məhkəməsinin təsis edilməsi və fəaliyyətə başlaması da Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olmuşdur. Konstitusiyanın aliliyinin təmin edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə çox geniş səlahiyyətlər verilmiş və bu orqan hüquqi dövlətin və demokratiyanın inkişafında mühüm təsisat olmuşdur.

Ümummilli lider qanunun aliliyini hər şeydən üstün tutur, qanunlarımıza əməl etməyin hər bir kəsin ən ümdə borcu olduğunu bildirirdi. Onun uzaqgörənliklə söylədiyi müdrik fikir hüquqi sahədə çalışanlar, həmçinin dövlət qulluqçularının üzərinə daha böyük məsuliyyət qoyur: “Hər bir şəxs Konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də öz siyasi varisi kimi bu gün ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına çatdıran Prezident İlham Əliyevi dünya siyasi arenası üçün hazırlaması olmuşdur. Azərbaycanın Prezidenti kimi cənab İlham Əliyev ilk gündən Heydər Əliyev siyasi kursunu qəti və prinsipial mövqeyi ilə davam etdirməklə xalqın böyük ehtiramını, inamını  qazanmışdır. Onun ölkəyə rəhbərlik etdiyi dövrdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində müstəsna rol oynayan tədbirlər həyata keçirilmişdir. Azərbaycanda  hər bir vətəndaşın hüququna hörmətlə yanaşılması, ona qayğılı münasibət göstərilməsi həyata keçirilən dövlət siyasətinin prioritetini təşkil edir. Bu siyasi kurs bütün dövlət strukturlarının qarşısında ali məqsəd kimi qoyulmuşdur. Aparılan düşünülmüş və məqsədyönlü strategiya  Azərbaycanı regionda lider dövlətə və dünyada söz sahibinə çevirmişdir.

İlahə ƏLƏSGƏROVA,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Yasamal Rayon Qeydiyyat Şöbəsinin rəisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında