Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir.
Heydər Əliyev
Ümummilli lider
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin görkəmli dövlət xadimi kimi fəaliyyəti ictimai həyatın bütün sahələrində – iqtisadiyyatda, mədəniyyətdə, elm və təhsildə, təsərrüfatda, ictimai şüurda sərbəstlik, azadlıq və müstəqillik ideyalarının formalaşdırılmasına yönəlmişdir. Bu ideyaların həyata keçməsi Azərbaycanın müstəqil dövlət kimi formalaşmasının ideya bazasını təmin etmişdir. Ulu öndərin zəngin nəzəri irsində və fəaliyyətində təhsil məsələləri də önəmli yer tutur.
Böyük rəhbər bütün fəaliyyəti boyu təhsil sahəsinə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışmışdır. Görkəmli dövlət xadimi deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.
Təsadüfi deyildir ki, Heydər Əliyevin respublikaya birinci dəfə rəhbərlik etdiyi 1969–1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Ulu öndərin şəxsi təşəbbüskarlığı, qətiyyəti və iradəsi nəticəsində həmin illərdə 700-dən artıq məktəb binası tikilərək istifadəyə verilmişdir. Bu illərdə respublikada ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatmışdır. Böyük rəhbərin 70-ci illərdə minlərlə azərbaycanlı gəncin respublikamızın hüdudlarından kənarda yüksək ali təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının bariz ifadəsidir. Respublikaya birinci rəhbərliyi dövründə 10 mindən artıq gənci keçmiş SSRİ respublikalarının ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev yüksək ixtisaslı və peşəkar kadrların hazırlanması, dövlət idarəçiliyi sisteminin sağlamlaşdırılması məsələlərinə ciddi fikir vermişdir.
O illərdə Heydər Əliyev Azərbaycanda bir sıra yeni ixtisaslar üzrə – informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya və s. mütəxəssis hazırlayan ali məktəblərin olmadığını nəzərə alaraq minlərlə azərbaycanlı gəncin Moskva, Kiyev, Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə göndərilməsini təmin etmişdir.
Ümummilli lider Heydər Əliyev həmişə təhsilə, tərbiyəyə strateji sahə kimi baxmışdır: “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”. Heydər Əliyev insan hüquq və azadlıqlarının təminatı baxımından vətəndaşların təhsil hüququnun reallaşdırılmasına böyük önəm vermişdir. Təhsil hüququ 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada təsbit edilmişdir. Dövlət vətəndaşların pulsuz icbari, ümumi və orta təhsil almaq hüququnu təmin edir. Konstitusiyanın bu müddəası Azərbaycan Respublikasında təhsil fəaliyyətinin əsas prinsipidir.
Ulu öndər Heydər Əliyev hər bir şagirdin fənləri mükəmməl bilməsini vacib sayırdı. O deyirdi: “Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki, ixtisaslaşmaq istəyir, onu daha da yaxşı bilməlidirlər... Amma orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər”. Təhsilin məzmunca milli müstəqilliyimizin prinsiplərinə uyğunlaşdırılmasında humanitar fənlərin, xüsusən Azərbaycan dilinin, tarixinin və ədəbiyyatının tədrisinin mahiyyətcə yeniləşməsini də dahi rəhbər çox vacib şərt saymışdır.
Milli təhsilimizin böyük hamisi ilk gündən bu sistemdə islahatların təkamül yolu ilə aparılması tərəfdarı kimi çıxış etmişdir: "Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri, tədrici dəyişikliklər xarakteri daşıyır…Təhsil qanunu elə bir qanundur ki, təhsil islahatları elə islahatlardır ki, iqtisadiyyatdan, maliyyədən, başqa sahələrdən fərqli olaraq, bunda bütün cəmiyyətin iştirakı lazımdır”.
1998-ci ildə imzaladığı "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında” sərəncamda müstəqil Azərbaycanın təhsil sistemində beynəlxalq standartlara uyğun islahatların həyata keçirilməsi, təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi, Avropa təhsil məkanına inteqrasiyanın təmin edilməsi kimi mühüm vəzifələr önə çəkilmişdir. 15 iyun 1999-cu il tarixdə ulu öndər tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında Təhsil İslahat Proqramı”nın əsas mahiyyətini isə təhsil sistemində islahatların təkamül yolu ilə getməsi, dünya təhsil sisteminin Azərbaycanın milli xüsusiyyətləri ilə əlaqələnməsi məsələləri təşkil edir.
Dövlət başçısı kimi Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2003-cü il tarixli fərmanı isə təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, onun beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratmışdır. Ulu öndərin layiqli davamçısı Prezidentimiz İlham Əliyev təhsil sahəsində yeniliyə, inkişafa nail olmaq və intellektuallığı artırmaq üçün bir çox fərmanlar, sərəncamlar imzalamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunması ilə müstəqilik yolunda ilk addımlarını atan Azərbaycan bütün sahələrdə, o cümlədən təhsil sahəsində ümumi siyasətin zəruri prioritet istiqamətlərini müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyev ölkənin təhsil sahəsində milli siyasətin müəyyənləşdirilməsi ilə bağlı öz töhfələrini verdi. O, Azərbaycanın inkişaf etdirilməsi və müasir dünyadakı mövqeyinin möhkəmləndirilməsi məqsədilə Təhsil İslahatı Komissiyasının iclasında çıxış edərək bildirdi ki, “İndi bizdə təhsil sistemində islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartları ilə uyğunlaşsın”.
Həmin dövrdə qəbul olunmuş İslahat Proqramında bu fikir prioritet istiqamət kimi əsas götürülməklə fəaliyyətlərin əsasına gətirildi. Artıq ilk dəfə olaraq dövlətin islahatçılıq fəaliyyətinin didaktik əsasını təşkil edən prinsiplər qəbul edildi. “Demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə, humanitarlaşdırma prinsiplərinə əsaslanmaq yeni təhsil sisteminin” mühüm vəzifələrindən biri kimi İslahat Proqramına daxil edildi və islahatların aparıldığı dövrdə praktik olaraq həmin prinsiplərin reallaşdırılması istiqamətində işlər görüldü. Bu ideya aparıcı bir xətt kimi davam etdirilməklə 2009-cu ildə Təhsil Qanununda bir daha təsbit olundu.
Təbii ki, hər bir milli təhsilin mərkəzində məktəb, təhsil sektorları dayanır. Bu baxımdan ümummilli liderimiz Heydər Əliyevin məktəb haqqında fikirlərini xatırlatmaq yerinə düşər: “Məktəbdə insanın dünyagörüşünün bünövrəsi qoyulur, onun xarakteri formalaşır, ideya dayaqlarının, mənəvi və əxlaqi dayaqların təməli yaradılır. Məktəbin təsiri altında əqidəliliyi, əməyə məhəbbət, yüksək mənəviyyat və humanizm, vətənpərvərlik və beynəlmiləlçilik kimi zəruri keyfiyyətləri tərbiyə edilir. Məktəbdə insanın baxışları, arzu və istəkləri formalaşır, onun rəhbər tutduğu mənəvi meyarlar bir çox cəhətdən müəyyənləşir”.
Nadir zəka sahibi olan Heydər Əliyev həmişə yeniliyin, qabaqcıl təcrübənin öyrənilməsinə maraq göstərmiş, müdrik kəlamları ilə onu təsdiqləmişdir: “Dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olan prinsiplər, qaydalar, təhsil sistemimizə tətbiq edilməlidir. Biz dünyanın bütün ölkələrində – Qərbdə də, Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən öyrənməli və onlardan Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil sisteminə tətbiq etməliyik”.
Azərbaycan təhsilinin inkişafı, yüksəlişi orta məktəb üçün pedaqoji kadrlar hazırlayan ADPU-nun professor-müəllim və tədris yardımçı heyətinin üzərinə böyük yük qoyur, əsas hədəflərə doğru getməyin vacibliyini qətiləşdirir. 2015-ci ilin noyabrından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu ADPU-ya birləşdirildikdən və Azərbaycan Dövlət Pedaqoji Kolleci universitetin tərkibinə verildikdən sonra bu ali məktəbin həyatında zamanın tələblərinə uyğun yeniləşmə işlərinin aparılması zərurəti aydın duyulurdu. Odur ki, universitetdə aparılacaq islahat işlərinin əsas istiqamətləri belə müəyyənləşdirildi: təhsilin təşkili və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi; elmi işlərin təkmilləşdirilməsi və inkişafı istiqamətində lazımi tədbirlər görülməsi; insan resurslarının inkişafı, kadr və struktur islahatlarının həyata keçirilməsi; maddi-texniki bazanın təkmilləşdirilməsi və infrastrukturun inkişafı.
Nəzərdə tutulan islahat işlərinin səmərəli şəkildə həyata keçirilməsini təmin etmək, idarəçiliyi təkmilləşdirmək üçün universitetdə təxirəsalınmaz struktur dəyişiklikləri həyata keçirildi. Çağdaş idarəçilik prinsiplərinin tələblərinə uyğun olaraq, keçmiş kadrlar şöbəsinin əvəzinə, funksiya və səlahiyyətləri xeyli genişləndirilmiş insan resursları şöbəsi, tədris hissəsinin əvəzinə isə tədrisin idarə olunması və təhsil texnologiyaları mərkəzi yaradıldı.
Ali məktəblə orta məktəblər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu əlaqələrin keyfiyyətinin yüksəldilməsi, pedaqoji təhsil sahəsində təlim-tərbiyənin və tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmaq üçün Azərbaycan Dövlət Pedaqoji Universitetində Bakı şəhərinin ümumtəhsil məktəblərinin direktorları ilə görüşlər keçirilir. Bilikli, savadlı, bacarıqlı gənclərin ADPU-ya cəlb edilməsinə nail olmaq üçün ADPU-da “Açıq qapı günü” keçirilir.
Azərbaycan Dövlət Pedaqoji Universitetində tədris prosesinin təkmilləşdirilməsi, təhsilalanların və təhsilverənlərin birgə fəaliyyətinin yeni metod və vasitələrlə keyfiyyətli nəticələr əldə edilməsinə istiqamətləndirilməsi məqsədilə bir sıra layihələr həyata keçirilir. Belə layihələrdən biri də “Ustad dərsləri” layihəsidir. ADPU-da həyata keçirilən “Ustad dərsləri” layihəsində ümumtəhsil məktəblərində çalışan, iş təcrübəsi və tədris nəticələri ilə fərqlənən müəllimlərin tədris etdikləri fənlər üzrə ADPU-da uyğun fənnin tədrisi metodikasından ustad dərsləri aparmaları nəzərdə tutulur. Hazırda həyata keçirilən bu layihəyə qabaqcıl təcrübəsi, yaradıcı fəaliyyəti, innovativ düşüncə tərzi ilə ölkə pedaqoji mühitində tanınan, orta ümumtəhsil məktəbi müəllimlərinin mövcud bazasında adları yer alan əməkdar müəllimlər, 2008-2015-ci illərdə keçirilmiş “Ən yaxşı müəllim” müqabiqəsinin qalibləri, orta məktəb müəllimlərinin diaqnostik qiymətləndirilməsi zamanı yüksək nəticələr əldə edən, müxtəlif təltiflərə layiq görülən, həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil üzrə Dövlət Proqramı” üzrə təhsil almış müəllimlər cəlb ediliblər.
Təhsil Nazirliyinin “Twining” layihəsi çərçivəsində hazırlanan yeni akkreditasiya qaydalarının pilot qiymətləndirilməsinin həyata keçirilməsi üçün seçilən 3 ali təhsil müəssisəsindən biri Azərbaycan Dövlət Pedaqoji Universitetidir. Bu məqsədlə tədris ilinin sentyabr, oktyabr və noyabr aylarında universitetdə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin əməkdaşları, layihə üzrə Finlandiyadan və Estoniyadan gəlmiş ali təhsil ekspertlərinin iştirakı ilə təlimlər keçirilmiş və sonda ADPU-nun özünüqiymətləndirmə sənədi hazırlanaraq layihə rəhbərliyinə təqdim olunmuşdur. Plana əsasən, cari ilin 11-13 aprel tarixlərində ADPU-da Özünütəhlil hesabatı üzrə Qiymətləndirmə Qrupu fəaliyyətə başlamış və ADPU-nun özünüqiymətləndirmə sənədi xarici ekspertlərin də cəlb olunacağı qrup tərəfindən dəyərləndirilmişdir.
Bütün bunlardan başqa, “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində sağlam təhsil prinsiplərinin inkişafı üçün Azərbaycan Dövlət Pedaqoji Universitetində “Sabah qrupları”nda və həmçinin universitetin İbtidai təhsil fakültəsində ibtidai siniflər üçün pedaqoji kadr hazırlığında sağlam təhsil prinsiplərinin nəzərə alınması və zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində işlər görülür. Belə ki, “Sağlam təhsil – sağlam millət” layihəsinə uyğun olaraq gələcək ibtidai sinif müəllimlərini Sağlam təhsil sinifləri ilə əyani şəkildə tanış etmək məqsədilə İbtidai təhsil fakültəsinin nəzdində “Sağlam təhsil pedaqogikası mərkəzi” və “Sağlam təhsil auditoriyası” yaradılmışdır.
Təhsil Nazirliyinin “Sağlam təhsil – sağlam millət” layihəsinin tədqiqi vəziyyətinin monitorinqinin nəticələrinə dair hesabat ibtidai təhsil fakültəsində “Uşaq anatomiyası, fiziologiyası və gigiyenası”, “Həyat bilgisi və onun tədrisi metodikası”, “Fiziki tərbiyə və onun tədrisi metodikası”, “Pedaqogika”, “İbtidai təhsilin pedaqogikası”, “Tibbi biliklərin əsasları” fənlərini tədris edən müəllimlərin iştirakı ilə müzakirə olunmuş, tədqiqatın nəticələrindən müvafiq mühazirə və praktik məşğələlərdə istifadə etmək tövsiyə olunmuşdur. “İbtidai sinif müəllimliyi” ixtisasında həmin fənlərin tədrisində gələcək ibtidai sinif müəllimlərinə məktəblilərin sağlamlığı və sağlam təhsil texnologiyaları ilə bağlı daha geniş məlumatların verilməsi nəzərdə tutulmuşdur.
Gələcəyin qurucuları olan yeni nəsilin milli ideologiyaya yiyələnməsi məktəbdən başlayır və bu işin düzgün təşkili ölkə üçün həyati əhəmiyyətə malikdir. Ona görə də ümummilli liderimiz tövsiyə edirdi: “Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır. Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər”. Eyni ciddi vəzifələri ulu öndər Azərbaycanın dövlət atributlarının, dilinin, ədəbiyyatının, mədəniyyətinin öyrənilməsi sahələrinə də aid etmişdir.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsil sisteminin inkişafı üçün məqsədyönlü işlər görülür. Əminliklə deyə bilərik ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində aparılan islahat zəngin ənənəyə, ümumbəşəri dəyərlərə və beynəlxalq təcrübəyə əsaslanır. Kollektivimiz təhsil quruculuğu işini uğurla başa çatdıracaq, ümummilli lider Heydər Əliyevin müdrik tövsiyələrini bütünlüklə həyata keçirəcək.
Cəfər CƏFƏROV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.