Barak Obama administrasiyası erməni lobbisinin qabağından qaçdıqca öz nüfuzunu itirir

Ancaq itən təkcə nüfuz deyil, strateji tərəfdaşların Ağ evə inam və etimadı da azalır
Artıq Qərbin politoloqları və media ekspertləri açıq şəkildə yazırlar ki, nəinki dünya ictimaiyyəti, heç sıravi amerikalı da Barak Obamadan gözlədiklərini ala bilmədi. Çünki "xalq ona etimad göstərəndə Birləşmiş Ştatların milli maraqlarının daha əhatəli şəkildə təmin olunacağına inanırdı. O isə bəzi siyasi dairələrin və lobbi qruplarının təsiri altından çıxa bilməyərək özünün daha dar çərçivələrə düşməsinə səbəb olur". Təsadüfi deyil ki, beynəlxalq aləmdəki ictimai təşkilatlarla yanaşı ABŞ-ın özündə fəaliyyət göstərən sorğu mərkəzləri də cənab Obamanın öz nüfuzunu sürətlə itirdiyini bildirirlər. ABŞ-dakı yazılmamış qanunlara görə isə dövlət başçısının nüfuzunun itməsi dövlətin nüfuzunun böyük zərbə alması deməkdir.
Biz Azərbaycanın timsalında Birləşmiş Ştatlara olan inam və etimadın azaldığının canlı şahidiyik. Əvvəla ona görə ki, biz uzun illər Vaşinqtona demokratiyanın ünvanı, Ağ evə isə demokratiyanın təminatçısı kimi baxmışıq. Bəlkə də səhv etməmişik. Çünki həmin gözləntilərdə bir həqiqət də olub. Ancaq son zamanlar biz başqa həqiqətlərin şahidi oluruq. BMT üzvü olan müstəqil dövlətin ərazilərinin 20 faizini işğal etmiş, 1 milyon insana qaçqın-köçkün taleyi yaşadan, BMT Təhlükəsizlik Şurasının məlum qərarlarına açıqcasına məhəl qoymayan ABŞ, Rusiya və Fransa kimi vasitəçilərin timsalında dünya ictimaiyyətini ələ salan rəsmi İrəvan Ağ ev tərəfindən dəstəklənir.
Vaşinqtonun son 20 ildə ən etibarlı, strateji tərəfdaşlarından biri olan Azərbaycanın mənafelərini qoruyacağı, rəsmi Bakının maraqlarının təmin edilməsi üçün lazım olan bütün addımları atacağı barədə gözləntilər, təəssüf ki, özünü doğrultmur. Osmanlı imperiyasının ərazisində baş vermiş (yalan-gerçək, başqa məsələdir) hadisələrə görə bütün türk dünyası ilə düşmənçilik edən Ermənistan öz xəstə təxəyyülünün nəticəsində regiondakı iqtisadi layihələrdən məhrum olaraq iqtisadi tənəzzüllə üzləşib. Nə qədər əcaib və inanılmaz olsa da, demokratiyanın təminatçısı kimi özünü qələmə vermiş Ağ ev bu gün Ermənistanı həmin tənəzzüldən çıxarmağa çalışır. Vaşinqtonda unudurlar ki, terrorçuların məşhur 11 sentyabr əməllərindən dərhal sonra beynəlxalq antiterror koalisiyaya qoşulan ilk ölkələrdən biri məhz Azərbaycan olmuşdur. Beynəlxalq mütəşəkkil terror şəbəkəsini yaradanlardan biri isə Ermənistan və ermənilərdir. Azərbaycan sülhməramlıları Əfqanıstanda və İraqda ABŞ hərbçiləri ilə çiyin-çiyinə döyüşəndə erməni terrorçuları Los-Anceles, Moskva, London, Bakı və başqa şəhərlərdə növbəti terror planları hazırlayırdılar. İndi belə çıxır ki, beynəlxalq terrora qarşı mübarizə aparan ABŞ Ermənistanın timsalında terrorçuları dəstəkləyir. Biz inanırıq ki, bu, ABŞ-ın dövlət siyasəti deyil, sadəcə indiki administrasiya erməni lobbisinin təsirindən çıxa bilmir.
Başqa bir məqam. Heydər Əliyev diplomatiyasının çoxgedişli nəticələrindən sonra ABŞ, Rusiya və Fransa başda olmaqla beynəlxalq ictimaiyyət Ermənistanı başa salırdı ki, regionun iqtisadi inkişafı və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. İrəvan bu arqumentə inanmaq üzrə olan anda Ermənistan parlamenti hökumət və dövlət adamları ilə birlikdə gülləbaran edildi. Son 50 ildə belə hal ancaq Afrikanın ən geridə qalmış ölkələrində baş vermişdi. Bu vandal aksiyadan sonra ABŞ rəsmiləri yenə də Azərbaycana nisbətən Ermənistana daha çox maddi yardım edildiyinin fərqinə varmadılar. Halbuki Azərbaycanda bir müxalifət təmsilçisi gecə vaxtı əyyaşlıqdan qayıdarkən özünə tay adamlar tərəfindən döyüləndə Birləşmiş Ştatların bütün hüquq müdafiəçiləri ayağa qalxmışdı. Elə isə "Azadlıq evi"nin demokratiyası harada qaldı? Üstəlik, Azərbaycanda hansısa seçki zamanı qanun pozuntusuna yol verilərkən (Mərkəzi Seçki Komissiyası həmin hallara görə adı çəkilən dairədə seçkinin nəticələrini ləğv edir, dövlət başçısı isə seçkiyə müdaxilə edən məmurların işdən çıxarılması kimi cəzalara əl atır) seçki demokratiyasından dəm vuran ABŞ rəsmiləri Serj Sarkisyanın son seçkisi zamanı törətdiyi qanlı mart hadisələri barədə heç nə "eşitmədilər". Nə üçün? Çünki qərəzçilikdən, ikili standartlardan əl çəkə bilmirlər.
Başqa məqam. Azərbaycan beynəlxalq ictimaiyyətin haqqı, ədaləti sevən nümayəndələrinin dəstəyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi məsələsini Birləşmiş Millətlər Təşkilatının müzakirəsinə çıxaranda biz əmin idik ki, qərar qəbul edilməsi zamanı ABŞ Bakının yanında olacaq. Tamamilə əksinə oldu. Həmin prosesdə Vaşinqton təmsilçisinin heç olmazsa bitərəf qalmaması, Azərbaycanın əleyhinə səs verməsi o demək idi ki, Ağ ev Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edərkən səmimi deyil. Məhz həmin günlərdə ABŞ-ın dövlət rəsmiləri bəyan edirdilər ki, Azərbaycan bizim strateji tərəfdaşımızdır. Bədnam 907-ci düzəlişdən üzü bəri dövri olaraq ABŞ rəsmilərinin Azərbaycana münasibətlərdə oynadığı ikibaşlı oyunlar heç zaman heç kəsin nəzərindən yayınmayıb. Sadəcə, Azərbaycan xalqı və dövlətimiz istənilən tərəf-müqabillə münasibətdə səmimi olduğuna görə qarşı tərəfdən də səmimiyyət görəcəyinə inanıb.
Bu ikili standartlar son zamanlar daha çox qabardı. Özü üçün haqqın, ədalətin carçısı imici formalaşdırmağa çalışan Vaşinqton son zamanlar məhz öz əliylə özünü ifşa edir. Dağlıq Qarabağ münaqişəsi başlanandan bəri əli azərbaycanlıların qanına bulaşan, prezident seçiləndən sonra isə bilavasitə öz xalqına qənim kəsilən, qarət, talan, korrupsiya və saxtakarlıqda ad çıxaran Serj Sarkisyan Ağ ev tərəfindən dəstəklənirsə, Ağ evin üz qaralıqları başlanır. Çoxsaylı terrorçu dəstələrindən və xəstə təxəyyüllü saxta tarixçilərindən başqa heç nəyi olmayan Ermənistan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi rolu olan Azərbaycandan üstün tutulursa, Ağ evin lap ağ etməsi tamamilə şübhə altına alınmırmı?
Bir sözlə, bugünkü ABŞ administrasiyasının ermənipərəst siyasəti nəinki bu ölkənin strateji tərəfdaşlarının, hətta, ABŞ-ın özünün də milli maraqlarına uyğun gəlmir. Ona görə də prezident Obamanın ölkədəki əvvəlki reytinqi yarıbayarı azalıb. Bəs bu, son həddirmi? Bilmək olmaz.{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında