Azərbaycan İslam sivilizasiyasının mühüm mərkəzlərindən birinə çevrilir

Son illər keçirdiyi qlobal əhəmiyyətli tədbirlərlə regionun əsas iqtisadi və siyasi güc mərkəzlərindən biri olduğunu təsdiq etmiş müstəqil Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi etməyə hazırdır: bu gündən start götürən IV İslam Həmrəyliyi Oyunları respublikamızın bütün sahələrdə əldə etdiyi nailiyyətlərin və mövcud iqtisadi-siyasi potensialının təbliği baxımından əhəmiyyətli olmaqla yanaşı, ümumən unikal təbliğat platforması kimi diqqəti çəkir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 4 iyun tarixli sərəncamı ilə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır. 2013-cü il iyulun 21-dən 25-dək isə Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci hesabat-seçki Baş Assambleyası keçirilmiş və orada səsvermə zamanı tam yekdilliklə respublikamızın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi haqqında qərar qəbul olunmuşdur. Mərasim iştirakçıları Azərbaycanın idman uğurlarını yüksək qiymətləndirmiş və ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda yüksək səviyyədə təşkil ediləcəyinə əminliklərini bildirmişlər.

Bu qərar iqtisadi qüdrətini getdikcə artıran Azərbaycanda son illər idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini bir daha nümayiş etdirmişdir. Ölkəmizin dünyada Olimpiya məkanı kimi tanınması, dünya miqyaslı yarışlara, ilk Avropa Oyunlarına ev sahibliyi etməsi, idmançılarımızın beynəlxalq turnirlərdə qazandıqları uğurlar IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı tarixi qərarın qəbul olunmasına təsir edən mühüm amillər sırasındadır.

Şübhəsiz, bu idman tədbirinin keçiriləcəyi məkan seçilərkən, ilk növbədə, respublikamızın mötəbər yarışlara ev sahibliyi etmək üçün zəruri siyasi sabitliyə, iqtisadi potensiala, müasir şəhər infrastrukturuna, gözəl təbiətə və turizm imkanlarına malik olması, habelə qlobal beynəlxalq tədbirlərin keçirilməsi sahəsində formalaşmış uğurlu təcrübəsi ciddiliklə nəzərə alınmışdır. Məlum qərar həm də respublikamızın Avropa məkanında siyasi nüfuzu, demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına, tolerantlıq prinsipinə sadiqliyi ilə şərtlənir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, son 14 ildə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir dövlət yoxdur. Ötən illər, ilk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Xüsusən də enerji və kommunikasiya layihələrinin əksəriyyətinin region hüdudlarını aşaraq bilavasitə Avropanın strateji maraqları ilə bağlı olması da respublikamızın bu geosiyasi arealdakı mövqeyini və siyasi nüfuzunu artıran mühüm amillər sırasındadır.

Bununla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir. Dinamik iqtisadi inkişaf tempinə görə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan hazırda həm də dünyanın aparıcı idman ölkələrindən biri kimi tanınır. Bu müsbət imicin əsasında Azərbaycanda gənclərin dövlət tərəfindən hərtərəfli  qayğı ilə əhatə olunması, həmçinin gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün atılan addımlar dayanır. Bu mənada, idmançılarımızın nailiyyətləri, dövlətin idmanın inkişafına ardıcıl dəstəyi, mövcud idman infrastrukturu da nəzərə alınaraq IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi qərara alınmışdır.

Şübhəsiz, bu məqamda Azərbaycanın təşkilatçılığının beynəlxalq miqyasda yüksək dəyərləndirildiyi faktını da xüsusi qeyd etmək lazımdır. Azərbaycan hələ 2012-ci ildə "Evrovizion" musiqi yarışmasını yüksək səviyyədə keçirməklə müəyyən yanlış tərəddüdləri olan ölkələri, sözün həqiqi mənasında, heyrətləndirmiş, qərəzli, ölkəmizə düşmən mövqeyi bəsləyən şəbəkəni fakt qarşısında qoymuşdur. Sonrakı mərhələdə – 2015-ci ildə ilk Avropa Oyunları, 2016-cı ildə keçirilmiş “Formula-1” yarışları zamanı respublikamız nümayiş etdirdiyi yüksək təşkilatçılıq və qonaqpərvərliklə Avropanın təkcə iqtisadi deyil, mənəvi-intellektual, mədəni baxımdan zəngin, multikultural ölkəsi olduğunu sübuta yetirmişdir. Ən başlıcası, xalqımıza xas milli kaloriti, mətbəxi, ədət-ənənələri və incəsənət nümunələrini Avropaya təqdim etmişdir. Şübhəsiz, bu tədbirlərin hər birinin yüksək səviyyədə keçirilməsi ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı, kreativ idarəetmə üslubu, ən başlıcası, Azərbaycanı dünyaya sivil, müasir, inkişaf edən dövlət kimi təqdim etmək məramının nəticəsi olmuşdur.

Bu da təsadüfi deyildir ki, dövlətimizin başçısının 18 sentyabr 2015-ci il tarixli sərəncamı ilə IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həmin qurumun sədri təyin edilməsi mötəbər idman oyunlarının yüksək səviyyədə keçirilməsinə xidmət edən obyektiv qərar kimi qarşılanmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik ilə - "Evrovizion" musiqi yarışmasında və ilk Avropa Oyunlarında olduğu kimi - İslam Həmrəyliyi Oyunlarına hazırlıq da xüsusi plan üzrə, sistemli və ardıcıl şəkildə, yüksək təşkilatçılıq və zövqlə həyata keçirilir.

İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbulu zamanı Azərbaycanda tarixən müxtəlif etnosların dinc yanaşı yaşadıqları, xalqımızın yüksək dini və milli tolerantlıq səviyyəsi, qonaqpərvərliyi, zəngin mədəni irsi, tarixi abidələri və s. sadalamadığımız bir çox həssas məqamlar da ciddiliklə nəzərə alınmışdır.

Son illər bir sıra Avropa ölkələrində baş verən dözümsüzlük, ksenofobiya, islamofobiya meyilləri Avropanın özünün bəzi postsosialist dövlətlərindən tolerantlıq örnəyi götürməsinə ehtiyac olduğunu göstərir. Bu baxımdan, Azərbaycanda milli və etnik tolerantlıq baxımından mövcud vəziyyəti xüsusi qeyd etmək lazımdır. Tarixən müxtəlif din, məzhəb, dil və mədəniyyətə malik insanların ümumi Vətəninə çevrilən Azərbaycanda tolerantlıq düşüncəsi yüksək inkişaf etmişdir. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımından zəngin olan Azərbaycanda indiyədək dini və milli zəmində heç bir qarşıdurma baş verməmişdir. Əksinə, Azərbaycan tarixən dinlərin həmrəyliyinə çalışan bir ölkə kimi tanınmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə 2017-ci ilin "Azərbaycanda İslam Həmrəyliyi ili" elan edilməsi də, bu mənada, obyektiv reallıqlara söykənir. Dövlətimizin başçısının "2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan edilməsi haqqında" sərəncamında bildirilir: "Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.

Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır".

Bütün bunlar respublikamızın İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsindəki əzmkar fəaliyyətinin müsəlman dünyası və İslam Konfransı Təşkilatı (İKT) səviyyəsində yüksək dəyərləndirildiyinə dəlalət edir. Son 25 ildə İKT və bu təşkilata daxil olan ölkələrlə çoxşaxəli və ikitərəfli əməkdaşlıq sahəsində əldə olunan pozitiv nəticələri xüsusi vurğulamaq lazımdır. Hazırda 60-a yaxın dövlətin üzv olduğu İKT dünya siyasətində sözü eşidilən, mövqeyi nəzərə alınan mötəbər təşkilat sayılır. Təşkilatın əsas məqsədi müsəlman aləmini birləşdirərək, həmrəyliyi təmin etmək, dövlətlər arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı gücləndirmək, müsəlman xalqlarının mənafelərini, milli hüquqlarını, müstəqilliyini qorumaq üçün səmərəli fəaliyyət göstərməkdir.

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müsəlman dövlətlərinin nüfuzlu təşkilatı olan İKT ilə münasibətlərin genişləndirilməsinə mühüm önəm verərək,  bunu xarici siyasətdə vacib istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. Beləliklə, respublikamız təşkilatın maliyyə, informasiya və siyasi dəstək göstərmək imkanlarından daha səmərəli istifadə etmişdir.  İKT-yə üzv ölkələrin dövlət və hökumət başçılarının 1994-cü ilin dekabrında keçirilən VII konfransı ümummilli lider Heydər Əliyev qatıldığı ilk sammit olmaqla yanaşı, Azərbaycanın problemlərinin müsəlman dövlətlərinin diqqətinə dolğun surətdə çatdırmaq baxımından da ilk geniş imkan idi. Ulu öndər bu konfransda geniş məzmunlu nitq söyləyərək, Ermənistanın Azərbaycana təcavüzü və onun dəhşətli nəticələri barədə fikirlərini sammit iştirakçılarının diqqətinə çatdırmışdır. İKT xarici işlər nazirlərinin 1996-cı ildə Cakartada keçirilmiş XXIV konfransında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” adlı növbəti qətnamə qəbul olunmuşdur.

İKT dövlət və hökumət başçılarının 2003-cü ilin oktyabr ayında Putraçiyada keçirilmiş X zirvə toplantısının qəbul etdiyi qətnamələr təşkilatla Azərbaycan arasında genişmiqyaslı əlaqələrə təkan vermişdir. Həmin toplantıda “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında” qətnamə qəbul edilmiş, Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinin işğalı, bir milyonadək əhalinin öz yurdundan zorla qovulması ilə müşayiət olunan əməlləri pislənmişdir.

Ulu öndər Heydər Əliyevin xarici siyasət kursunu inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev İslam Konfransı Təşkilatı və onun müxtəlif ölkələrdə yerləşən mərkəzləri ilə əlaqələrin genişləndirilməsini vacib saymış, bunun üçün zəruri tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar vermişdir. 2008-ci ildə təşkilata üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyası Bakıda keçirilmişdir. İlk dəfə keçirilən bu mötəbər tədbirdə müsəlman dünyasının bir sıra aktual problemləri, o cümlədən terrorizmə qarşı mütəşəkkil mübarizə, qlobal münaqişə ocaqlarının həlli yolları və digər vacib məsələlər ətrafında müzakirələr aparılmışdır.

Bu gün İslam həmrəyliyini zəruri edən amillərdən biri də Qərbdə islamafobiya meyillərinin getdikcə genişlənməsi, İslamın nüfuzuna qərəzli olaraq xələl gətirilməsi cəhdləri ilə şərtlənir. Halbuki, İslam dini hər cür zorakılığı və cinayətkar əməlləri yolverilməz sayır. İKT və müsəlman dövlətləri mütəşəkkil cinayətkar fəaliyyəti, xüsusilə onun ən sarsıdıcı təzahür formalarından olan terrorizmi bütün ölkələrin maraqlarına toxunan qlobal təhlükə hesab edirlər. Dünya ictimaiyyəti, xüsusilə İslam dünyası bu təhlükədən daha çox əziyyət çəkir, sivilizasiyalararası toqquşmanın təzahürü kimi İslam dininin gerçək mahiyyətinin təhrif olunmasına, onun terrorizmlə əlaqələndirilməsinə uğursuz cəhdlər edilir. Erməni terrorizmi ilə üzləşmiş Azərbaycan bu ümumbəşəri bəla ilə mübarizədə beynəlxalq birliyin səylərini tam müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərindən asılı olmayraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı birmənalı mövqe tutur.

İKT-nin Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun 2008-ci ilin avqustunda daimi qərargahının Türkiyə Respublikasında keçirilən açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu tədbiri də mühüm tarixi hadisə kimi dəyərləndirmişdir. İslam ölkələri gənclərinin ümumi məqsəd və məramlar uğrunda səfərbər olunması vacibliyini önə çəkən cənab İlham Əliyev bu mütəşəkkilliyin qarşıya qoyulan perspektiv məqsədlərin gerçəkləşməsinə müsbət təsir göstərəcəyini vurğulamışdır. Azərbaycan dövlətinin qurumun təşkilatlanması üçün 100 min ABŞ dolları məbləğində maliyyə yardımı göstərməsi də Prezident cənab İlham Əliyevin İKT-yə daxil olan gənclərin monolit qüvvəyə çevrilməsində nə dərəcədə maraqlı olduğunu təsdiqləmişdir. İKT-nin Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun xətti ilə Qarabağ həqiqətlərini əks etdirən ilk kitabın nəşr olunmasını və ərəb dilinə tərcümə edilməsini yüksək dəyərləndirən dövlət başçısı qurumun fəaliyyətinin praktik nəticələr verdiyini də razılıqla bildirmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti və Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “Xocalıya ədalət!” kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır. Bu kampaniya İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilir. Tunisdə İSESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol “Xocalıya ədalət!” beynəlxalq məlumat təşviqat kampaniyasına dəstək verilməsini və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Aksiyanın əsas məqsədi beynəlxalq birliyi Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaqdır. Bu məqsədlə dünyanın son illərdə bir çox ölkələrində “Xocalıya ədalət!” veb-saytının təqdimetmə mərasimləri keçirilmişdir.

Son illər Azərbaycanla İKT ölkələri arasında humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Respublikamızın müsəlman dövləti kimi, İslam dəyərlərinə hörmətlə yanaşması, eyni zamanda, tarixi ənənələrini qoruyub saxlaması bu əməkdaşlıq üçün ciddi zəmin yaratmışdır. Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyirxah, nəcib və savab əməlləri müsəlman dünyasında yüksək dəyərləndirilir. İslami inanclara və milli-mənəvi dəyərlərə yüksək həssaslıq nümayiş etdirən Azərbaycanın birinci xanımının fəaliyyəti İslam Konfransı Təşkilatına üzv dövlətlər tərəfindən alqışlanır. Mehriban xanım Əliyevanın İslam Ölkələrinin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) xoşməramlı səfiri adına layiq görülməsi də, bütövlükdə Azərbaycanın qazandığı böyük nailiyyətdir. Qürur doğuran haldır ki, İSESCO-nun xoşməramlı səfiri adı qadınlar arasında ilk dəfə məhz Mehriban xanım Əliyevaya verilmişdir.

Xatırlatmaq lazımdır ki, İSESCO-ya üzv dövlətlərin mədəniyyət nazirlərinin 21-23 noyabr tarixində Liviyanın Tripoli şəhərində keçirilən beşinci konfransında Bakı şəhəri 2009-cu ildə "İslam mədəniyyətinin paytaxtı" seçilmiş, il çərçivəsində ölkəmizin zəngin İslam mədəniyyətinə verdiyi töhfələr, habelə İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsindəki əzmkar səyləri beynəlxalq miqyasda yüksək dəyərləndirilmişdir. 2009-cu ildə, həmçinin Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin 6-cı konfransı keçirilmişdir.

May ayının 12-dən 22-dək Bakıda "Həmrəylik bizim gücümüzdür" şüarı altında keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkədən 3000-dək idmançının iştirakı gözlənilir. İnanırıq ki, IV İslam Həmrəyliyi Oyunları mahiyyətcə Azərbaycanın malik olduğu turizm və idman potensialının, siyasi və iqtisadi qüdrətinin, zəngin mədəniyyətinin beynəlxalq səviyyədə təbliğinə xidmət etməklə yanaşı, respublikamızın mədəniyyət və sivilizasiyaların qovşağındakı unikal coğrafi mövqeyini, mədəni və etnik rəngarəngliyini bütün dünyaya nümayiş etdirəcəkdir.

İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında