Heydər Əliyevin liderlik fəaliyyətində azərbaycançılıq məfkurəsi və varislik

Zaman keçdikcə biz ümummilli lider Heydər Əliyevin çağdaş Azərbaycan tarixində oynadığı misilsiz rolu, onun çoxcəhətli fəaliyyətinin  məntiq və mahiyyətini daha dərindən və əhatəli dərk etməyə başlayırıq. Müstəqil Azərbaycan ulu öndər əbədiyyətə qovuşandan sonrakı 14 illik müddətdə onun ən layiqli davamçısı İlham Əliyevin öz dahi sələfinin siyasi kursunu məharətlə davam etdirməsi sayəsində yüksək və hərtərəfli inkişaf yoluna qədəm qoyub.

Ötən dövrdə ölkəmizdə böyük quruculuq işləri həyata keçirilib və xalqın güzəranı əvvəlki dövrlərlə müqayisə olunmayacaq qədər yüksəlib. Qazanılan bu uğurlar bütün sferalarda özünü göstərir. Təbii ki, bütün bu nailiyyətlər və bundan sonrakı dövrlərdə qazanacağımız uğurlar da ulu öndər Heydər Əliyevin yaratmış olduğu möhkəm bünövrəyə söykənir. Ümummilli lider Heydər Əliyevin ideyaları çağdaş tərəqqinin yollarına gur işıq salır.

 Dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyev heç bir işini yarımçıq qoymurdu. O, hansı işə başlayırdısa, yüz ölçüb bir biçib, öz ideyalarını tələsmədən və gecikmədən həyata keçirirdi. Bu, ən müxtəlif sahələrə aid olan məsələlərdə-- cəmiyyətdə möhkəm intizam yaradılmasından, insanların önəmli ideyaların gerçəkləşdirilməsinə mütəşəkkilliklə səfərbər edilməsindən başlanmış, təsərrüfat həyatının qaydaya salınmasına və davamlı nailliyyətlər qazanılmasınadək zəruri olan bütün amillərdə özünü göstərirdi. Bu, ancaq böyük dövlət adamlarına aid xüsusiyyətdir. Heç də təsadüfi deyil ki, nadir liderlərdən olan Heydər Əliyev bu fəaliyyət tipologiyası ilə dünyanın ən böyük dövlət xadimləri ilə müqayisə olunur.

Azərbaycan tarixində çox nadir şəxsiyyətlər, dövlət xadimləri tapmaq mümkündür ki, onların fəaliyyətini Heydər Əliyevin milli dövlətçiliyin inkişafı sahəsindəki fəaliyyəti ilə müqayisə etmək mümkün olsun. XI-XII əsrlərdə Azərbaycan dövlətçiliyində böyük bir inkişaf, mədəniyyətində əhatəli bir intibah baş vermişdi. Atabəy dövlət xadimləri mədəniyyətin inkişafına nə qədər böyük diqqət göstəriblərsə, Heydər Əliyevin də bu sahədəki fəaliyyətini elə həmin dövrlə və ya Səfəvilər dövründə Şah İsmayıl Xətainin gördüyü işlərlə müqayisə etmək olar. Yəni, Heydər Əliyevin fəaliyyəti bu səviyyələrdə müqayisə edilə bilər.

Xalqımızın qüdrətli oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ömür yolunu və xalqımız qarşısında misilsiz xidmətlərini Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün tarixi fəaliyyəti ilə də müqayisə edirlər. Mən Heydər Əliyevin bir fikrini həmişə xatırlayıram. O, Atatürkün xidmətlərindən danışarkən demişdir ki, Türkiyə Cümhuriyyəti Atatürkün, sadəcə, fəaliyyətinin nəticəsi deyildi. Türkiyə Cümhuriyyəti həm də Atatürkün mübarizəsinin, cəsarətinin nəticəsi idi. Eynilə, Azərbaycan dövlətinin yaranması, müstəqilliyinin möhkəmlənməsi, sadəcə, bir dövlət başçısı kimi Heydər Əliyevin fəaliyyətinin yox, həm də onun mübarizəsinin, cəsarətinin, böyük siyasi iradəsinin nəticəsidir.

Böyük rəhbər Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi dövrdən Azərbaycan mədəniyyətinin intibah dövrü başlayıb və bunu təsdiq edən və səciyyələndirən çoxlu sayda fakt və  hadisələr var. Ötən əsrin 70—80-ci illərində ulu öndərin məqsədyönlü fəaliyyəti ilə Azərbaycan ədəbiyyatına və incəsənətinin müxtəlif sahələrinə, Azərbaycan dilinə çox böyük diqqət yetirilib, bu yöndə ciddi və davamlı təşkilatçılıq işləri görülüb.

Həyatının mənasını Vətəninin hərtərəfli tərəqqisində görən Heydər Əliyevin formalaşdırdığı və müstəqillik dövründə də davam etdirilən mədəniyyət siyasətinin ən mühüm hissəsini indiyə qədər xalqın yaratmış olduğu mədəniyyətə xüsusi qayğının göstərilməsi təşkil edir. Yəni tarix boyu Azərbaycan xalqının yaratdığı mədəniyyətin qorunması, təbliğ olunması, klassiklərin xalqa tanıtdırılması istiqamətində müxtəlif tədbirlər və s. keçirilir. Bu, çox vacibdir, çünki xalq bəzən yaratdığı mədəniyyəti unuda da bilir.

 Misal üçün, Dədə Qorqud eposunun yubileyinin keçirilməsini götürək. Əsrlər boyu bu nəhənglikdə əsər ya unudulub, ya da ortaya çıxandan sonra dövlət tərəfindən qadağan olunub. Amma Heydər Əliyev onu tam səviyyəsi və gücü ilə Azərbaycan xalqına qaytardı. Nizami, Füzuli, Vaqif kimi söz ustadlarının, eləcə də mədəniyyətimizin və incəsənətimizin ən müxtəlif sahələrinə aid abidələrin xalqa tanıtdırılması Heydər Əliyevin mədəniyyət siyasətinin əsasını təşkil edir.

Ulu öndər Heydər Əliyevin mədəniyyət quruculuğu sahəsində gördüyü ikinci mühüm iş müasir dövrdə yaşayan mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət yetirilməsidir. Çünki incəsənəti, mədəniyyəti, ədəbiyyatı böyük istedadlar yaradır və yaşadırlar. Heydər Əliyevin dövründə yaşayan bütün mədəniyyət xadimlərinə, istedadlara qayğı göstərilib, onlara mükafatlar verilib, yaradıcılıqlarının inkişafı üçün işlər görülüb, cəmiyyətdə nüfuzları yüksəldilib.

Başqa bir mühüm məsələ isə Azərbaycan mədəniyyətinin müasir şəraitdə həm inkişafı, həm dünyada tanıdılması, həm də dünya mədəniyyətinin Azərbaycanda tanıdılması idi. Yəni bugünkü bazar münasibətləri şəraitində mədəniyyəti qorumağın prinsiplərinin hazırlanması da çox mühüm məsələdir. Çünki müasir dövr tamamilə fərqli iqtisadi münasibətlər sistemində özünün yeni prinsiplərini diktə edir. Azərbaycan mədəniyyətinin buna uyğunlaşdırılması, müasir dünya ilə ayaqlaşa bilməsi üçün prinsiplərin işlənib həyata keçirilməsi də Heydər Əliyevin mədəniyyət quruculuğu siyasətinə məxsusdur.

Müstəqil dövlətimizin dil siyasətinin də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hələ keçən əsrin 70-ci illərinin əvvəllərində, yəni Sovetlər Birliyi dövründə, olduqca mürəkkəb tarixi şəraitdə Heydər Əliyev Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ilə bağlı tarixi əhəmiyyətli xidmətlər göstərib. Doğrudur, Heydər Əliyevə qədər də Azərbaycan dilinin statusu ilə bağlı müəyyən təşəbbüslər göstərilib. Amma bu təşəbbüslər, çox təəssüf ki, lazımi siyasi, ideoloji və diplomatik bacarıqla aparılmamışdır. Heydər Əliyev görkəmli dövlət xadimi olduğuna görə, o, bu məsələni lazımi diplomatiya ilə, tədricən və əsaslandıraraq həll etmişdi.

Keçən əsrin 90-cı illərinin ortalarında müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunarkən dövlət dili öndə olan bir məsələ idi. Dilə nüfuz qazandırmaq, dil məsələsinin nə qədər əhəmiyyətli olduğunu göstərmək üçün ümummilli lider Heydər Əliyev bu məsələnin ayrıca müzakirəsini və referendumda səsə qoyulmasını təklif etdi. Müzakirələrdə dilçilər, ədəbiyyatçılar, tarixçilər, yazıçılar, filosoflar - bütün ziyalılar iştirak etdilər və hər kəs o zaman bu məsələ ilə bağlı öz fikrini bildirirdi.

Ulu öndər Heydər Əliyev 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Mən bu sənədi, ümumiyyətlə, dilçiliyimizin və dilimizin tarixində ən mühüm hadisələrdən biri hesab edirəm. Çünki bu sənəddə taleyüklü bir sıra məsələlər ortaya qoyulub.

Müasir qloballaşma şəraitində Azərbaycan dünyaya sürətlə inteqrasiya olunur. Azərbaycan yalnız regionda deyil, eyni zamanda, dünyada maraqlı bir dövlətdir. Ona görə də ölkənin mədəniyyət siyasəti, o cümlədən dil siyasəti də dünya üçün maraqlıdır. Azərbaycan dilinin, eyni zamanda, türk dilləri miqyasında mövqeyi get-gedə sürətlə yüksəlir.

Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin də çıxışlarında dil, ədəbiyyat məsələlərinə daim xüsusi diqqət göstərilir. Müasir beynəlxalq münasibətlər şəraitində ana dilini həm inkişaf etdirmək, həm də qorumaq, həqiqətən də, çox əhəmiyyətli məsələdir. Dövlət başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamında qarşıya ulu öndərin dil siyasətinin əsasında dayanan yeni və çox önəmli vəzifələr qoyulub.

Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu başqa bir siyasətin – Dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsini müasir mərhələdə Azərbaycan  dövlətinin uğurla davam  etdirməsi heç bir alternativ qəbul eləməyən zərurət olub, milli dövlətçilik ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, onun məzmununu bütövləşdirən bir məsələdir. Hər şeydən əvvəl, ona görə ki, dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, kiçik istisnaları nəzərə almasaq, azərbaycanlılar eyni etnik mənşəyə, dinə mənsub olub, eyni mental  xüsusiyyətlərin, adət- ənənələrin daşıyıcısıdırlar. Üstəlik, onların eyni bir dili-- Azərbaycan dili, yaxud Azərbaycan türkcəsi mövcuddur.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev tarixi ənənələrə istinad edərək multikulturalizmi Azərbaycan dövlətinin siyasəti səviyyəsinə yüksəltməklə bu bəşəri dəyərin geniş perspektivlərini, potensial imkanlarını da müəyyənləşdirib. Beynəlxalq aləmdə get-gedə iqtisadi, ictimai-siyasi və mədəni nüfuzu güclənən Azərbaycanın əsas müəlliflərindən biri olduğu multikulturalizm siyasətini və ideologiyasını müasir dünyaya daha geniş miqyasda çatdırmasına böyük ehtiyac var. Multikulturalizm bəşəriyyət və hər bir bəşər övladı üçün genetik baxımdan  təbii bir hadisə olmalıdır. Bu gün bəşəriyyəti  fərqləndirən mədəni xüsusiyyətlər tarixi diferensiasiyanın nəticəsidir. Həmin fərqliliklərin genetik əsasında kifayət qədər güclü eynilik dayanır ki, bu da müasir dövrdə sürətlə gedən inteqrasiya  proseslərinin ümumi məntiqində  əks olunur.

Fikrimizcə, Azərbaycanın multikulturalizmin tarixi vətəni olması özünü, ilk növbədə, aşağıdakı sferalarda və ya birgəyaşayış münasibətlərində  göstərir: etnoqrafik münasibətlər; dil-ünsiyyət münasibətləri; dinlərarası münasibətlər; sosial-siyasi münasibətlər. Məlum olduğu kimi, Azərbaycanda ən qədim dövrlərdən həm Qafqaz, həm İran, həm də türk etnosları məskunlaşmışlar. Bu məskunlaşma prosesinin çoxspektrli yekunu müasir Azərbaycan cəmiyyətidir ki, müxtəlif etnosların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamasının klassik təcrübələrindən birini nümayiş etdirir.

Multikulturalizmin Azərbaycan təcrübəsi sübut edir ki, müxtəlif mənşəli etnoslar eyni, yaxud oxşar etnoqrafik məkan yaratmaq  imkanlarına malikdirlər, öz dillərinin ünsiyyət sferasını qorumaq şərtilə regionda daha geniş yayılmış Azərbaycan dilindən ümumi ünsiyyət vasitəsi kimi rahat istifadə edirlər, hər bir din təmsilçisi digər dinlərə mənsub olan azlıqlara tamamilə dözümlü yanaşır və eyni sosial-siyasi münasibətlərin subyekti olmaqla Azərbaycan Respublikasının vətəndaşıdırlar. Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu siyasətində yerli etnoqrafik mühitlərin qorunması və inkişaf etdirilməsi həmişə  əsas olub. Bu gün isə yeni tarixi imkanlar şəraitində bu siyasət daha yüksək texnologiyalar səviyyəsində davam etdirilməkdədir.

Eyni zamanda, bugünkü Azərbaycan  xalqı dünyaya açıq, müasir dünyanın iqtisadi, sosial-siyasi və mədəni texnologiyalarını inamla mənimsəyən, onun qlobal  idarəçiliyində get-gedə güclənən imkanları səviyyəsində iştirak edən xalqdır. Türkçülük, müsəlmançılıq və müasirlik triadası bu gün  Azərbaycanda klassik formulunda və tipologiyasında tətbiq edilməklə qalmayıb, mərhələnin və dövrün tələblərinə  uyğun olaraq yaradıcılıqla  yaşanır ki, bu da Azərbaycan dövlətinin yürütdüyü  tarazlaşdırılmış, humanist və uzaqgörən, mövcud problemlərin tezliklə həllinə  yönəlmiş perspektivli siyasətin nəticəsidir.

Beynəlxalq “dialoq”lara ev sahibliyi edən Azərbaycan indiyə qədər görünməmiş  miqyasda müxtəlif ideyaların, ideologiyaların həmsöhbət olmasına inamla münsiflik etdikcə azərbaycançılıq məfkurəsi də zənginləşir, beynəlxalq nüfuzunu gücləndirir, yüksək standartlı paradiqmalara yiyələnir.

Hər bir xalq tarix səhnəsinə çıxa-çıxa  öz milli  ideologiyasının etnoqrafik əsaslarını da yaradır, bunu şah əsərləri olan eposlarında, dahi mütəfəkkirlərinin yaradıcılığında, böyük qəhrəmanlarının, xüsusilə, dövlət xadimlərinin fəaliyyətində əks etdirir. Azərbaycançılıq  Azərbaycan xalqının, əvvəla, dərin etnoqrafik kökləri olan, ikincisi, müəyyən tarixi dövrdə – XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşan və ya formulə olunan, nəhayət, kifayət qədər  mürəkkəb və zəngin bir təkamül tarixi keçən milli ideologiyasıdır. Bu ideologiya  türkçülük, islamçılıq və müasirlik kimi üç üzvi tərkib hissədən ibarətdir.

Hər hansı milli ideologiya o zaman mükəmməl hesab oluna bilər ki, o xalqın ruhundan, mentalitetindən, tarixi “tərcümeyi- hal”ından irəli gəlsin. Azərbaycançılıq ideologiyası məhz bu baxımdan, həqiqətən, müasir dünyanın ən mükəmməl ideologiyalarından biridir. Bu ideologiyanın min illərlə ölçülən çox dərin etnoqrafik köklərilə yanaşı, kifayət qədər əsaslı və mütəşəkkil  metafizikası da mövcuddur. Belə ki, azərbaycançılıq ideologiyasının mahiyyətində, fəlsəfəsində üç tamamilə humanist və insan cəmiyyətinin təbii şəkildə, “müdaxiləsiz” yaratdığı dəyərlər komponenti və ya kompleksi ifadə olunur: etnik mənsubiyyət; dini mənsubiyyət; dünyəvi mənsubiyyət.

Bu ideologiyada öz əksini tapmış fəlsəfə və ya metafizikada, eləcə də onu yaradan xalqın təfəkküründə etnik məhdudluq, dini dözümsüzlük, antihumanizm yoxdur. Yalnız o var ki, Azərbaycan xalqı da digər normal xalqlar kimi, müəyyən bir etnik mənşəyə, dini dünyagörüşünə mənsubdur və müasir dünyanın üzvi tərkib hissəsidir. Azərbaycançılıq ideologiyasının tarixi məzmununu, fəlsəfəsini aydın dərk və ya ən azından, təsəvvür etmək üçün,  fikrimizcə, üç mühüm məqama diqqət yetirmək lazım gəlir: birincisi,  etnoqrafik qaynaqlar; ikincisi, təşəkkül dövrü; üçüncüsü, təkamül mərhələləri.

Azərbaycançılıq ideologiyasının təkamülü baxımından ən mühüm hadisə  ondan ibarətdir ki, XX əsrdə “Azərbaycan” anlayışı həm siyasi, həm də intellektual-mədəni baxımdan kütləviləşib. Təhsilin, maarifin təşviq edilməsi, yayılması bunda böyük rol oynayıb. Lakin sovet dövründə kommunist ideologiyası ilk iki mərhələdə: türkçülüyə qarşı mübarizə mövqeyindən  antitürkçülük səviyyəsinə qalxıb; ateizm hərəkatı gücləndiyindən müsəlmançılıq “dindarlıq” səviyyəsində inkar olunub;  müasirlik dedikdə “yeni” – sosialist həyat tərzi başa düşülüb.

Azərbaycançılıq  ideologiyasının təkamül  tarixində nəzəri-praktik baxımdan önəmli olan ən mühüm mərhələ XX əsrin 70-ci illərinin əvvəllərindən başlayır, 80-ci illərinin sonlarında başa çatır. Bu, Heydər Əliyev mərhələsidir. Öz rəhbərlik fəaliyyəti və mübarizəsi ilə Azərbaycan xalqının lideri səviyyəsinə yüksələn Heydər Əliyev “mərkəz”in bütün gözəgörünən və görünməyən yasaqlarına baxmayaraq ittifaq miqyasında “yumşalma” dövründən gələn inersiyanı Azərbaycanda milli özünüdərk və özünütəsdiq prosesinin daha da  güclənməsinə istiqamətləndirib. O, həqiqi milli lider olaraq, xalqın gələcək müstəqilliyi üçün hər cür–iqtisadi, siyasi, mədəni-mənəvi potensialın yaranmasını təmin edib.

Azərbaycançılıq ideologiyasının təkamül tarixinin növbəti mərhələsində Sovetlər Birliyinin dağılması, ümumən, dünyada gedən qlobal ictimai-siyasi proseslər Azərbaycanı müstəqillik yollarına çıxardı. İlk illərdə – 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində ölkədə böyük faciələr, dağıntılar baş versə də, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsilə respublika, sözün geniş mənasında bəlalardan xilas oldu.

Azərbaycan xalqının ümummilli lideri azərbaycançılıq ideologiyasının təkamül tarixində onu adı ilə bağlı birinci mərhələdə başladığı işləri yeni mərhələdə - müstəqillik illərində daha inamla davam etdirdi. Ən mühüm tarixi hadisə o oldu ki,  ulu öndər azərbaycançılığı müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyasına çevirdi. Ümumiyyətlə, müstəqil dövlətimizin memarı və qurucusu azərbaycançılıq ideologiyasının həm həyata keçirilməsi, həm də zənginləşməsi üçün qlobal perspektivlər müəyyənləşdirdi.

Azərbaycançılıq ideologiyasının təkamül tarixində çağdaş mərhələ--bizim günlərdə xüsusi inam və böyük enerji ilə davam edən Prezident İlham  Əliyevin adı və fəaliyyəti ilə bağlı mərhələdir.  Müşahidələr və araşdırmalar göstərir ki, müasir mərhələdə azərbaycançılıq ideologiyasının İlham Əliyev mərhələsinin təkamülünü bir sıra mühüm əlamətlər şərtləndirir. Bunlar əsasən aşağıdakılardır:

Məlum olduğu kimi, istər təşəkkül dövründə, istərsə də müxtəlif təkamül mərhələlərində, xüsusilə XX əsrin 20-ci illərinin əvvəllərindən 70-ci illərinin əvvəllərinə, yəni Heydər Əliyev dövrünə qədər  azərbaycançılıq ideologiyası həm ölkə daxilində, həm də mühacirətdə biri digərindən, demək olar ki, təcrid olunmuş halda fəaliyyət göstərmişdir. Ölkə daxilində bu ideologiya get-gedə məhdudlaşdırılmış, hətta tamamilə unutdurulması üçün hər  cür cəhdlər edilmiş, az-çox, təzahürləri isə müxtəlif mənəvi-ideoloji istiqamətlərə, məsələn, liberal vətənpərvərliyə yönəldilməklə, amorflaşdırılmış və ya simasızlaşdırılmışdır.

Heydər Əliyev azərbaycançılıq  ideologiyasının bir-birindən əsaslı şəkildə fərqli olan iki təkamül  mərhələsinin müəllifi və lideri olmaqla yanaşı, bu gün davam edən beşinci mərhələsinin perspektivlərini də müəyyənləşdirmişdir. Heydər Əliyevin tarixi xidmətlərinin həm ölkə, həm də dünya miqyasında yüksək qiymətləndirilməsi, geniş təhlil və təbliğ olunması azərbaycançılıq ideologiyasının, milli ideallarımızın təntənəsi deməkdir. Heç də təsadüfi deyil ki, bugünkü siyasi  leksikonda “heydər əliyevçilik” anlayışı “azərbaycançılıq” anlayışının yeni tarixi şəraitdəki məzmununu və mahiyyətini ifadə edir.

İstər sovet  dövrünün məlum və mürəkkəb şərtləri daxilində, istərsə də  müstəqillik dövrünün ondan da mürəkkəb və ziddiyyətli illərində ümummilli lider Azərbaycanı – Azərbaycan və Azərbaycan xalqını – Azərbaycan xalqı  edəcək bütün milli-mənəvi enerji mənbələrinin  tam gücü ilə işləməsi üçün zəruri tədbirləri görməklə azərbaycançılıq ideologiyasını legitimləşdirə, reallaşdıra, beləliklə də, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətlə və  qürurla “bizim siyasətimiz - bizim  işimizdir” deməsinə əsas verə bildi.

Prezident İlham Əliyevin siyasi-ideoloji fəaliyyətində türkçülük Azərbaycan xalqının öz mənşəyi etibarilə türk etnosundan yaranması həqiqətinin milli ictimai dərkindən başlayıb müasir türk dünyasının üzvi tərkib hissəsi olması, beynəlxalq aləmdə türk dünyasının ortaq maraqlarının cəsarətlə müdafiəsinə qədər gedir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz  sahibidir.

İslam dünyasına mənsubluq da bugünkü Azərbaycanın həm mənəvi-mədəni, həm də ictimai-siyasi xarakterində bütün parlaqlığı ilə təzahür edir. İlham Əliyevin müsəlman  xalqlarına qarşı müəyyən  beynəlxalq dairələrdə aparılan mürtəce, antihumanist kampaniyalara dəfələrlə ən yüksək  tribunalardan öz etirazını bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi olaraq inkişafı buna sübutdur.

Azərbaycan xalqı və dövlətçiliyi azərbaycançılıq  ideologiyasının tətbiqini, müdafiəsini və inkişaf etdirilib təkmilləşdirilməsini dünya miqyasında qaynar ideoloji proseslər kontekstində gerçəkləşdirir. Bu  proseslər azərbaycançılığı birmənalı inkar edə bilmədiyi kimi, təsdiq də edə bilməz.

Azərbaycançılıq ideologiyasının çağdaş təkamül mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki  mövqelərini inamla yüksəltməkdədir.

Ümummilli lider Heydər Əliyevin həyatının son illərində və aylarında Azərbaycan cəmiyyətini, eləcə də ölkəmizi diqqət mərkəzində saxlayan beynəlxalq dairələri  dövlətə gələcəkdə kimin rəhbərlik edəcəyi, ulu öndərin hakimiyyət irsini və siyasi kursunu kimin davam etdirəcəyi ciddi düşündürürdü. İki əsrin və minilliyin qovşağında bu barədə düşünəndə hamının ağlına, birinci növbədə, ümummilli liderin ən yaxın silahdaşı və ən sadiq məsləkdaşı, onun həyat və mübarizə yolunun ən istedadlı yetirməsi  İlham Əliyev gəlirdi.

Ümummilli lider Heydər Əliyevin timsalında rəhbərin öz xalqının arzu-ideallarına sadiqliyinə inanan xalq romantik ideallarını belə gerçəkləşdirmiş əfsanəvi liderin ətrafında görünməmiş bir vüsət və coşqu ilə səfərbər olunmuş, mərkəzəqaçma impulsu ilə toparlanmışdı. Bu, xalqın tarixi arzu-istəklərindən yoğrulmuş liderin--xalqa xidmət arealının hüdudsuzluğu ilə ucalmış Heydər Əliyevin şəriksiz və misilsiz qələbəsi idi. Həmin qələbə isə ulu öndərin gerçək siyasi varisi kimi qəbul edilən İlham Əliyevin qarşısında yüksək fəaliyyət perspektivləri, yeni siyasi-iqtisadi, mənəvi-ideoloji üfüqlər açırdı. Azərbaycan dövlətçiliyi uğrunda mübarizənin gənc qəhrəmanına belə geniş meydan, təbii ki, hava-su kimi lazım idi.

 Belə bir tarixi şəraitdə  ümummilli lider 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə canından artıq sevdiyi xalqına müraciətlə bildirdi: “Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Xalq 1993-cü ildə Heydər Əliyevi yenidən özünün alternativsiz rəhbəri olaraq ali hakimiyyətə tələb edəndə nə qədər ağıllı, təkidli hərəkət etmişdisə, üçüncü minilliyin üçüncü ilində İlham Əliyevin şəxsində öz yeni Prezidentini - yeni liderini seçəndə də o səviyyədə mübarizlik və müdriklik göstərdi.

Müstəqil dövlətin yenicə qurulmuş, nizamlanmış hakimiyyətinin yeni siyasi varisə ötürülməsi kimi taleyüklü bir keçid mərhələsində İlham Əliyevin böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilməsi göstərdi ki, əvvəla, Azərbaycan xalqı ümummilli liderin milli dövlət quruculuğu siyasətinin perspektivliliyinə dərindən inanır; ikincisi, İlham Əliyevi məhz həmin siyasətin daşıyıcısı (və davamçısı!) kimi qəbul edir; nəhayət, gələcəkdə milli dövlət quruculuğu qarşısına çıxa biləcək qaçılmaz problemlərin həllində onun siyasi intellektinə, uzaqgörənliyinə və iradəsinə şübhə etmir.

Prezident İlham Əliyevin müasir azərbaycanlı təfəkküründə Vətən və Xalq təəssübkeşliyi, Şərqin müsbət ənənələri, türk mənəvi-əxlaqi dəyərləri, Qərb və Avropa modellərinə münasib intellekt möhkəm bir özüldür. Yeni şəraitdə Azərbaycanı modern inkişaf yolu ilə dünyanın inkişaf etmiş ölkələri sırasına çıxartmağı qarşısına baş məqsəd kimi qoyan Prezident İlham Əliyev ötən dövrdə qəbul etdiyi siyasi ənənəyə sadiq qalmaqla yanaşı, novator düşüncəni də gerçəkliyə uyğunlaşdırmışdır.

Ümummilli lider Heydər Əliyevin-- tarixən, özünüdərk və təkamül məfkurəsi kimi formalaşmış azərbaycançılıq baxışlarını dövlət ideologiyası səviyyəsinə qaldırmış ulu sələfinin ideya- nəzəri irsini müstəqil dövlətin rəhbəri kimi İlham Əliyev yeni məzmun və çalarlarla zənginləşdirir. Azərbaycançılıq ideologiyasının təkamülündə  İlham Əliyev mərhələsi onun siyasi varisliyi qəbul etdiyi  vaxtdan başlayır, bizim günlərdə həm  inamla, böyük enerji ilə, həm də miqyasını genişləndirərək və təkmilləşərək davam etməkdədir.

Müstəqil Azərbaycan dövlətinin yeni lideri İlham Əliyevin əsaslı və zəruri islahatları ölkənin real iqtisadi, sosial, siyasi vəziyyətini dəqiqliklə nəzərə almaqla yanaşı, cəsarətliliyi ilə də seçilir. Onun məhz yenilikçi idarəetmə texnologiyalarına ardıcıl, inamlı müraciətinin nəticəsidir ki, respublikanın iqtisadi inkişafı indiyə qədər görünməmiş bir sürət və miqyas almış, ölkədə sağlam sosial- siyasi, mənəvi- mədəni əhval- ruhiyyə güclənmişdir. Bu gün ən qərəzkar, ən aqressiv, hətta ən dağıdıcı bir müxalif qüvvə belə dövlət başçısı İlham Əliyevin qazandığı çoxspektrli uğurları görməmək, yaxud inkar etmək gücündə deyil.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 14 illik bir müddətdə xalqın böyük etimadını qazanaraq bir daha sübut etdi ki, Azərbaycanı həm daxili, həm də beynəlxalq miqyasda yalnız o təmsil edə bilər. İlk gündən hər bir azərbaycanlının prezidenti olacağını vəd edən, verdiyi sözü uğurla yerinə yetirən dövlət başçısı İlham Əliyev öz fəaliyyəti ilə ümummilli liderin başladığı işi davam etdirməyə qadir olduğunu sübut etməklə yanaşı, həm də özünü yeni zamanın yeni lideri kimi göstərdi.

Azərbaycan xalqının tarixi müxtəlif səciyyəli və taleli liderlərin obrazları ilə kifayət qədər zəngindir. Ümummilli lider Heydər Əliyevə qədər neçə-neçə dövlət başçısı, ictimai-siyasi xadim yetirmiş bir xalqın XXI əsrdə də zamanın məzmunu, sürəti, enerjisi və miqyası səviyyəsində siyasi lider yaradacağı heç bir şübhə doğura bilməzdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən 14 ildə mənsub olduğu xalqın və dünyanın gözləri qarşısında belə bir lider kimi yüksəlib, qəbul olunub. Bütün bunlar ümummilli lider Heydər Əliyevin ideya və əməllərinin alternativsizliyini və əbədiyaşarlığını bütün dünyaya nümayiş etdirir.

Nizami CƏFƏROV,
Milli Məclisin deputatı,
AMEA-nın həqiqi üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında