Heydər Əliyevin dövlətçilik fəaliyyəti və inkişafın Azərbaycan modeli

Tarixdə elə nadir şəxsiyyətlər olur ki, onlar yalnız zamanın gərgin və təlatümlü məqamlarında meydana çıxır, bütöv bir ölkənin “olum, ya ölüm” dilemması qarşısında qaldığı anlarda böyük bir məsuliyyəti öz üzərlərinə götürməkdən çəkinmirlər. Onlar bu missiyanı şərəflə yerinə yetirərək “xilaskar” adını qazanırlar. Belə nadir insanlar dünya tarixində o qədər də çox deyil və Tanrının bəxş etdiyi xoşbəxtlikdir ki, onlardan biri XX əsrdə Azərbaycan xalqının tarixinə adı qızıl hərflərlə həkk olunan ulu öndər Heydər Əliyevdir.  14 iyul 1969-cu ilin Azərbaycanın yeni tarixində müstəsna yeri vardır. Həmin gün ümummilli liderimiz Heydər Əliyev respublikanın siyasi rəhbərliyinə yüksəlmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Bununla da sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlamışdır. Məhz həmin tarixdən etibarən respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoymuşdur. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmişdir. 

Zəngin idarəçilik təcrübəsi olan ümummilli lider Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmışdır. Bu böyük şəxsiyyət dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlamış və onların icrasına nail olmuşdur. Nəticədə 1969-1982-ci illər sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq illəri kimi yazılmışdır. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş başlamışdır. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə sənayenin inkişaf səviyyəsinə görə bütün respublikanın proporsional inkişafı üçün mühüm tədbirlər görülmüşdür. Sənaye müəssisələrinin tikintisi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, XIX əsrdən 1969-cu ilədək Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə - cəmi 14 ildə onların sayı 1048-ə çatdırılmışdır. Mütərəqqi texnologiyaların istehsalata tətbiqi sürətləndirilmişdir. Bunun da nəticəsində 1969-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmış, 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunmuşdur. 

Dahi şəxsiyyət 1970-ci illərdə neft sənayesinin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin modernləşdirilməsini təmin etmişdir. Bununla da neft sənayesinin inkişafında yeni mərhələ başlanmış, “qara qızıl”ın Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsinin əsası qoyulmuşdur.

Həmin illərdə Azərbaycan nəhəng tikinti meydanını xatırladırdı. Yüzlərlə yaşayış binaları, mehmanxanalar, xəstəxanalar, elmi-tədqiqat mərkəzləri, məktəblər, mədəniyyət sarayları, neçə-neçə yollar, o cümlədən yurdun şimal-qərb ucqarını paytaxta bağlayan Bakı-Balakən dəmir yolu və minlərlə digər tikili ulu öndər Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, varlığına hopmuş Vətən sevgisinin nəticəsi idi.

1969-1982-ci illərdə Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Həmin dövrdə keçmiş SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərilmişdir. Bu illərdə hərbi təhsilin inkişafına da xüsusi diqqət yetirilmişdir. Ümummilli lider Heydər Əliyev qətiyyətinin nəticəsində çətinliklə də olsa, Bakıda milli zabit kadrları hazırlayan məktəblər fəaliyyətə başlamışdır.

Artıq ötən əsrin 80-ci illərinin sonlarına yaxın Azərbaycan bu sahədə keçmiş İttifaqın strateji respublikaları ilə rəqabət apara biləcək bir səviyyədə idi. Sonradan isə bu peşəkar kadrlar müstəqillik dönəmində müasir Azərbaycan ordusunun əsasını təşkil etdi. Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işləri ulu öndər Heydər Əliyev şəxsən xüsusi nəzarətdə saxlayırdı.

Dahi şəxsiyyət hələ o zaman ötən əsrin 90-cı illərinin əvvəllərində qovuşduğumuz müstəqilliyimizi görür, doğma Vətənimizi bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi yeni - bugünkü dinamik inkişaf yolu keçən Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdı. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə keçmiş SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ikinci respublika kimi tanınırdı. Bu isə, əslində, müstəqilliyin siyasi və iqtisadi əsaslarını gündəmə gətirirdi.

Ulu öndərin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz dəhşətli fəlakətlərdən xilas olmuş, əbədi və dönməz xarakter almışdır. Məhz ümummilli liderin müdrik siyasəti ilə Azərbaycan müasir inkişaf yoluna çıxmış, dünya tarixinə öz imzasını atmışdır.

1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi öndər   ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Qısa müddət ərzində bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər üçün müvafiq addımlar atıldı.

Ümummilli liderin dərin iqtisadi islahatlar strategiyasında ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi faktı xüsusi yer tutur. Ulu öndərin 1994-cü ilin sentyabrında daxili və xarici təzyiqlərə baxmayaraq 13 şirkətdən ibarət beynəlxalq konsorsiumla Azəri-Çıraq-Günəşli neft yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olunması Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. Düşünülmüş iqtisadi siyasət sayəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi nailiyyətlər əldə edildi.

Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri infrastrukturun inkişaf etdirilməsi olmuşdur və müasir Azərbaycanın qurucusu bu sahədə də çox mühüm işlərə imza atmışdır. Bu baxımdan ulu öndərin rəhbərliyi ilə reallaşdırılan nəqliyyat  siyasətinin mərkəzində ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və yolların, ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun inkişafı, eləcə də milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası dururdu. Bu məqsədlə TRACECA, Şimal-Cənub Nəqliyyat Dəhlizinin, İNOGEYT Proqramının həyata keçirilməsinə başlanıldı. Nəticədə Azərbaycan Xəzər regionunda əsas multimodal nəqliyyat qovşağına və beynəlxalq əhəmiyyətli neft-qaz tranziti ölkəsinə çevrildi.

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, sovxoz və kolxozlara məxsus torpaqların, mal-qaranın və əmlakın kəndlilərə paylanması, qiymətlərin sərbəstləşdirilməsi və s. tədbirlər aqrar bölmənin inkişafına təkan vermiş, kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri aparılmış, yeni sahələr yaranmış, məzmunca fərqli münasibətlər formalaşmışdır. Ulu öndərin memarı olduğu və uğurla reallaşdırdığı torpaq islahatı kənd təsərrüfatını 1990-cı illərin əvvəllərindəki böhranlı vəziyyətdən xilas etdi və gələcək inkişafının əsasını qoydu.

Özəlləşdirilmiş torpaqlarda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmin olunması məqsədilə ümummilli liderin təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, onlara uzunmüddətli vergi tətillərinin verilməsinə başlandı və bu proses hazırda da davam edir. Bu gün də kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azaddırlar.

Qəbul olunmuş dövlət proqramlarının sahibkarlığın tərəqqisində xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və bu sahədə müvafiq dövlət proqramları təsdiq olundu.

Bu gün 1995-2003-cü illərin sosial-iqtisadi göstəricilərinə baxanda aparılan iqtisadi islahatların müsbət nəticələrini görə bilərik. Belə ki, həmin dövrdə ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olunmuşdu.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün başladığı siyasi və iqtisadi kursu davam etdirə biləcək bir siyasi lider kimi İlham Əliyevi görürdü. O deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və inkişaf etdirilir. Qətiyyətlə deyə bilərik ki, hazırda respublikamızın əldə etdiyi nailiyyətlər elmi təməl üzərində reallaşdırılan uğurlu siyasətə əsaslanır. Azərbaycanın gələcəyini təbii resurslara bağlamayan ölkə rəhbərliyi neft-qaz gəlirlərinin insan kapitalına çevrilməsi yönümündə məqsədyönlü və ardıcıl siyasət yürüdür.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan islahatlar, həyata keçirilən kompleks tədbirlər, sosial-iqtisadi və mədəni-mənəvi inkişaf sahəsində qazanılan nailiyyətlər Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını daha da yüksək səviyyədə təmin etməyə, respublikamızın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və bütövlükdə dövlətimizin və xalqımızın yeni inkişaf mərhələsinə qədəm qoymasına xidmət edir.

2003-cü ilin oktyabrında xalqın iradəsi əsasında müstəqil Azərbaycanın Prezidenti seçilən cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasət strategiyasının müəyyənləşdirdiyi əsas hədəflərdən biri kimi ölkə regionlarının inkişafında yeni mərhələnin əsası qoyuldu. Başqa sözlə, regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən birinə çevrildi. Sənaye sahəsinin dirçəldilməsi prioritet vəzifə olaraq qarşıya qoyuldu və müsbət göstəricilər əldə edildi.

Hazırda ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövrün tələbləri nəzərə alınaraq daim təkmilləşən, çevik, qətiyyətli və uzaqgörən iqtisadi siyasəti sayəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa vurmuş, liberal bazar iqtisadiyyatına keçid təmin edilmişdir.

İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulan tədbirlərin sistemli və ardıcıl reallaşdırılması, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2013-cü illər ərzində iki beşillik Dövlət Proqramı həyata keçirilmişdir.

Proqramların icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır. Reallaşdırılan tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enmişdir. Azərbaycan iqtisadiyyatına 130 milyard dollardan artıq investisiya qoyulmuş, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artmışdır.

Bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manatdan artıq güzəştli dövlət kreditləri verilmişdir. Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaratmışdır. Dövlət büdcəsinin gəlirləri 14,2 dəfədən, vergi daxilolmaları 7,3 dəfədən, dövlət büdcəsinin xərcləri 13,9 dəfədən, əhalinin əmanətləri 24 dəfədən, bank aktivləri isə 18 dəfədən çox artmışdır. Hazırda ümumi daxili məhsulda özəl bölmənin payı 83 faiz, məşğulluqda isə 73,9 faizdir.

Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların, aparıcı reytinq agentliklərinin qiymətləndirmələrində öz əksini tapır. Belə ki, “Doing Business” hesabatına görə 2009-cu ildə ölkəmiz dünya ölkələri arasında “Ən islahatçı ölkə” kimi qiymətləndirilmişdir.

Cənab İlham Əliyevin rəhbərliyi ilə 2015-ci ildən etibarən Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Qlobal iqtisadi çağırışların milli iqtisadiyyata transformasiyası ilə bağlı yeni iqtisadi islahat istiqamətləri müəyyən edilmişdir. Belə ki, 2016-cı ildən etibarən dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilmiş və sistem xarakterli dərin iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyənləşdirilmişdir.  

Hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın kökündə sosial problemlərin aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir ölkə vətəndaşının rifahının artırılmasına imkan verən mühitin yaradılması məqsədi dayanır. Belə bir mühitin yaradılması isə dayanıqlı iqtisadi inkişafın reallaşdırılması, maliyyə sisteminin, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilə bilər.

Azərbaycan Respublikası Prezidentinin dərin iqtisadi islahatlar paketi çərçivəsində biznes mühitinin yaxşılaşdırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsi, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayının təqribən 4 dəfə azaldılaraq 330-dan 87-yə endirilməsi ilə bağlı mühüm qərarlar qəbul olunmuşdur.

Bu işlərin davamı olaraq 2016-cı ildən etibarən dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilmiş və sistem xarakterli iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyənləşdirilmişdir. Belə ki, cənab Prezidentin 2016-cı ilin əvvəlində imzaladığı müvafiq fərmanlarla ölkədə sahibkarların şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuraları yaradılmışdır.

“İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 2016-cı il 18 yanvar tarixli sərəncamı ilə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına geri ödəmə dəstəyinin verilməsi ilə bağlı hüquqi baza yaradılmışdır.

Azərbaycan Prezidentinin 2016-cı il 1 mart tarixli “Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” daha bir fərmanı ilə 2016-2020-ci illərdə respublika ərazisində istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac edilən həmin məhsulların növündən asılı olaraq, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulmuşdur.

2016-cı il aprel ayının 20-də ölkə başçısının müvafiq fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, İnvestisiya təşviqi sənədini almış sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamları ilə sahibkarlıq sahəsində son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə komissiyanın, habelə makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi məqsədilə Maliyyə Sabitliyi Şurasının yaradılmasının da əhəmiyyəti böyükdür.

Aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsinin təmin edilməsi üçün cənab Prezident tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi yaradılmışdır.

Ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin
etmək məqsədilə dövlət başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən   milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrası da qarşıya qoyulan mühüm vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaqdır. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Bu strateji yol xəritələrinin sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar istisna olmaqla 2015-ci il 1 noyabr tarixindən sahibkarlıq sahəsində aparılan bütün yoxlamalar iki il müddətinə dayandırılmışdır.

Sahibkarlığa verilən dəstəyin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 sentyabr tarixli “İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanını da qeyd edə bilərik. Bu fərman icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində səmərəliliyi artırmaqla yanaşı, ölkədə sahibkarlıq fəaliyyətini genişləndirmək, habelə biznes və investisiya mühitinin əlverişliliyini və rəqabətqabiliyyətini daha da artırmaq məqsədi daşıyır. Əminliklə qeyd edə bilərik ki, bu fərman idxalın əvəzlənməsi, eləcə də ixracın artırılması üçün Azərbaycan sahibkarlarına yeni imkanlar açır.

Azərbaycana bu gün inamla rəhbərlik edən Prezident İlham Əliyev ulu öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti daha da möhkəmləndirmiş, onun müstəqil siyasət yeritməsini təmin etmuişdir. “Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir. Azərbaycan azad ölkədir. Azərbaycan dünyəvi ölkədir. Eyni zamanda, Azərbaycan inkişaf edən ölkədir. İqtisadi cəhətdən əldə edilmiş bütün uğurlara baxmayaraq, biz hələ də inkişaf edən ölkəyik. Bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq. Biz inkişaf etmiş bütün ölkələrin təcrübəsini bilirik, öyrənirik və biz o istiqamətdə inkişaf edirik. Eyni zamanda, Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəliyə gedir”, – deyən Azərbaycan Prezidenti İlham Əliyevin son illərdəki fəaliyyətinin təhlilinə nəzərən əminliklə demək olar ki, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi ictimai zərurət olmaqla yanaşı, Azərbaycanın dövlət müstəqilliyinə əbədi təminatdır.

Elşad ABBASOV,
“Embawood” şirkətinin Müşahidə Şurasının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında