Xilaskarlıq missiyası

Bu, bir həqiqətdir ki, şəxsiyyətləri tarix yetişdirir. İsbata ehtiyacı olmayan digər həqiqət isə ondan ibarətdir ki, şəxsiyyətlər də öz növbəsində tarix yaradırlar. Burada qarşılıqlı asılılıq mövcudur. Bu asılılığın unikallığı ondadır ki, tarix özünün mürəkkəb çağlarını yaşayarkən daha səxavətli olur, dühalar doğulur, onlar da tarixə borclu qalmırlar. Missiyaları Xilaskarlıq olur. Tarixin, dövlətin və millətin xilaskarı misiyası. Həmin missiyanı müasir Azərbaycan dövlətçiliyi tarixində ümummilli lider Heydər Əliyev yerinə yetirmişdir. Ulu öndər ilk növbədə Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni permanent xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə milli barışığa nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi illər  görkəmli filosof, akademik Ramiz Mehdiyevin təbirincə desək, əsl “Milli intibah dövrü” olmuşdur. Bu dövr bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənən iki mərhələ ilə (1969-1982 və 1993-2003-cü illər) xarakterizə olunsa da, əslində, ulu öndərin Vətənə fədakar xidməti və hakimiyyətinin hər iki mərhələsində ölkəmizin nəhəng miqyasda nailiyyətlər qazanması baxımından onlar oxşardır. Başqa sözlə, eyni missiyanın, sadəcə, iki mərhələsidir.

Ötən əsrin 70-ci illərinin əvvəllərində “Literaturnaya qazeta”ya verdiyi məşhur müsahibəsində “Qoy ədalət zəfər çalsın!”-- deyən Heydər Əliyev özünün milli intibah missiyasının 1969-1982-ci illər tarixi çərçivəsində, sözün həqiqi mənasında, ədalətin zəfər çalmasına nail oldu. Ölkədə həmin illərdə 213 yeni sənaye müəssisəsi istismara verildi. Bakı məişət kondisionerləri, Salyan plastmas emalı zavodu, Sumqayıtda kompressor zavodu, üst trikotaj fabriki, Bakıda tikiş, ayaqqabı hissələri fabrikləri, şampan şərabı zavodu, Gəncədə Ət kombinatı, qənnadi fabriki, Əlvan metallar emalı zavodu, Lənkəranda konserv zavodu, çay fabriki, Naxçıvanda şüşə qablar zavodu, Kəlbəcərdə “İstisu” mineral su zavodu, Yevlaxda Yunun ilkin emalı fabriki və s. kimi böyük iqtisadi potensialı olan müəssisələr məhz həmin illərdə tikilib istifadəyə verildi. Qeyd edilən 13 il ərzində istehsal olunan sənaye məhsulu öz həcminə görə əvvəlki 50 ilə bərabər idi.

1969-cu ildən sonra Azərbaycanda geniş tikinti-quruculuq işlərinə start verildi. Respublika sanki tikinti meydanını xatırladırdı. 1975-1985-ci illərdə ümumi sahəsi 22, 2 milyon kvadratmetr olan mənzil inşa edildi ki, bu göstərici Azərbaycanda bütün əvvəlki illərdə tikilmiş mənzillərin 70 faizini təşkil edirdi. Yeni iş yerlərinin yaradılması nəticəsində iqtisadiyyatda çalışanların ümumi sayı 1985-ci ildə 2,4 milyon nəfərə çatmışdı. Bu, 1970-ci ilin müvafiq göstəricisindən 1,5 dəfə çox idi. 1969-cu ildə orta aylıq əməkhaqqının səviyyəsinə görə Azərbaycan 15 müttəfiq respublika arasında axırıncı yerdə dayandığı halda, 1980-ci ildə 4-cü yerə çıxdı.

Həmin dövrdə kənd təsərrüfatının dirçəldilməsi və sonrakı inkişafı sahəsində də böyük islər görüldü. Möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə 70-ci illərin əvvəllərində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində qısa müddət ərzində qidalılıq balansını itirmiş torpaqlar əsl məhsuldar torpaqlara çevrildi. İlk növbədə kənd təsərrüfatının su təchizatı yaxşılaşdırıldı. Bu məqsədlə Yuxarı Qarabağ, Yuxarı Şirvan və Samur-Abşeron kanallarının tikintisi başa çatdırıldı, Naxçıvan Muxtar Respublikasında “Arpaçay”, Lənkəranda “Xanbulançay”, Masallıda “Viləşçay”, Şəkidə “Əyriçay”, Şəmkir və Ağstafa su dəryaçaları, “Bəhramtəpə” suvarma şəbəkəsi, İsmayıllıda “Aşıq Bayramlı” gölü istifadəyə verildi.

Əvvəllər əsassız olaraq azaldılmış taxıl, pambıq, meyvəçilik sahələri, habelə qoyunçuluq və quşçuluq yenidən bərpa olundu. Kənd təsərrüfatı üçün yüksək ixtisaslı kadrların hazırlanması sahəsində də ciddi addımlar atıldı. Yalnız Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunda 1970-1975-ci illərdə 40 min nəfərə yaxın ali təhsilli, respublikanın orta ixtisas məktəblərində isə 86, 4 min nəfər orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssisi hazırlandı.

Ümummilli lider Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsi olaraq, 1981-ci ildə respublika tarixində ilk dəfə 402 min ton taxıl, 1 milyon 151 min ton pambıq, 1 milyon 616 min ton üzüm, 644 min ton tərəvəz, 41 min ton bostan məhsulları, 26 min ton yaşıl çay yarpağı, 125 min ton mal-qara və quş əti, 340 min ton süd, 294 milyon ədəd yumurta və 12 min ton yun tədarük edildi.

 “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”-- deyən ulu öndər Heydər Əliyevin  Azərbaycana rəhbərlik etdiyi dövrdə təhsil, səhiyyə, mədəniyyət, incəsənət və milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı sahəsində də ciddi və əhəmiyyətli addımlar atıldı.

Məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş ali məktəblərədək bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə qalxdı, bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynadı.

70-ci illərdə və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyuk işlər görüldü. Ölkə rəhbərinin təşəbbüsü və qayğısı ilə ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikildi.

Heydər Əliyevin 1970-80-ci illərdə Azərbaycanda ali təhsilin inkişafı yolundakı böyük xidmətlərindən biri də yeni ali təhsil ocaqlarının yaradılması idi. Ümumiyyətlə, 1970-82-ci illərdə Azərbaycanda 5 yeni ali məktəb yaradıldı, çoxlu ixtisas, kafedra və laboratoriyalar açıldı. Əgər 60-cı illərin sonlarında respublikada 12 ali məktəb, bunlarda 105 fakültə, 450 kafedra var idisə və burada 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Bütün bu uğurlar da möhtərəm Heydər Əliyevin ali təhsilin inkişafına, respublikanın kadr potensialının gücləndirilməsinə vətəndaş qayğısının nəticəsində mümkün olmuşdur.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında müstəsna xidmətlərindən biri də 1970-1980-ci illərdə şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və xüsusi ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaratması olmuşdur. Onu da qeyd edək ki, Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların sayı 1970-ci ilədək 40 faiz təşkil edirdisə, ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində 1976-cı ildə müvafiq göstərici 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 97, 6 faizə yüksəlmiş oldu. Bu addımlar öz xarakteri etibarilə strateji məzmun kəsb edirdi. Daha dəqiq desək, bir tərəfdən Azərbaycanın yüksək ixtisaslı kadrlara olan ehtiyacını təmin edirdi, digər tərəfdən potensial Azərbaycan diasporunun formalaşması prosesinin konturları cızılırdı. Təsadüfi deyildir ki, bu gün MDB məkanında Azərbaycan diasporunun sosial tərkibinin böyük bir hissəsini məhz həmin illərdə ulu öndərin xeyir-duası ilə təhsil almış insanlar təşkil edir və onlar müstəqil dövlətimizin maraqlarını təmsil olunduqları ölkələrdə şərəflə qoruyurlar.

“Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür,” -- deyən ümummilli liderin qənaətinə görə, milli özünüdərkə xalqın yaratdığı və yaşatdığı mədəni sərvətlərə dərindən yiyələnməklə çatmaq olar. Ulu öndər başqa bir fikrində isə qeyd edirdi ki, məşhur filosof Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom Nəsrəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi Abbasqulu ağa Bakıxanovun və realist yazıçı Mirzə Fətəli Axundovun, görkəmli satiriklərdən Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqa korifeylərin adları bu mədəniyyətin çoxəsrlik tarixini bəzəyir. Biz Azərbaycan xalqının bu və ya digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşınalıq şəraitində Azərbaycan xalqının ictimai fikrini, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar.

Vətənsevər hər bir azərbaycanlı isə Heydər Əliyevə xalqımızın həmin görkəmli simalarının bizə miras qoyduqları mizilsiz ədəbi irsə olduqca böyük dəyər verdiyinə və onları yaddaşlarda əbədiləşdirdiyinə görə minnətdar olmalıdır.

Heydər Əliyev böyük siyasi ustalıqla 59 yaşında pantürkist-millətçi ittihamı ilə Sibirə sürgün edilən dahi Hüseyn Cavidin nəşini şairin 100 illiyində Vətənə gətirməklə, əslində, milli hissə və duyğuya malik olan şəxsiyyətlərin hamısının cənazəsini, ruhunu öz doğma vətənlərinə -- Azərbaycana qaytarmış oldu.

Danılmaz həqiqətdir ki, 1930-cu illərdə SSRİ-nin dövlət mükafatı “Rusca-azərbaycanca lüğət”ə verilirdisə, məhz Heydər Əliyevin qətiyyəti sayəsində 1970-ci illərdə “Azərbaycan dili” dərsliyi eyni etimada layiq görüldü. Bu mükafatların arxasında böyük siyasi mətləblər gizlənirdi. Başqa sözlə, birinci halda rus dilinin (ruslaşdırma) təbliğinə, ikinci halda isə doğma dilimizin (milliləşmənin) inkişafına görə ali mükafat verilmişdi. Bu, ulu öndərin millətin genetik kodunun mühüm komponenti hesab etdiyi milli dilə verdiyi əvəzsiz dəyər idi. Elə bu məntiqlə də Heydər Əliyev böyük səylər hesabına 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdu.

Bütün bu və digər xidmətləri ilə Heydər Əliyev ədəbi-mədəni irsimizin, dilimizin, ziyalılarımızın, ən başlıcası isə milli özünüdərk və kimliyimizin əvəzsiz himayədarı və hamisi zirvəsinə yüksəlmiş oldu.

Təbii ki, fitri istedadı və iti fəhmi hesabına ölkəmizin perspektiv müstəqilliyini proqnozlaşdıran Heydər Əliyev suveren dövlətçiliyimizin sosial-iqtisadi, ictimai-siyasi və xüsusilə də təhlükəsizlik sahəsində hansı ciddi problemlərlə sınağa çəkiləcəyini də görməyə bilməzdi. Bu baxımdan ümummilli liderin hələ sovet dövründə respublikamız üçün milli hərbi kadrların hazırlanması sahəsində atdığı uzaqgörən addımların ölkəmizin Ermənistanın təcavüzünə məruz qaldığı zamanda necə misilsiz əhəmiyyət daşıdığının bir daha şahidi olduq.

Bu, bir həqiqətdir ki, Sovet dövlətində bütün sahələr kimi, ordu quruculuğu prosesi də məlum siyasi-ideoloji prinsiplərə əsaslanırdı. Rəsmi Moskva milli respublikalarda, ələlxüsus müsəlman dövlətlərində milli hərbi kadrların hazırlanması yönündə cəhdləri, bir qayda olaraq, qısqanclıqla qarşılayır və buna mane olurdu. Müttəfiq respublikalarda hərbi tədris məktəbləri əsasən Rusiya, Ukrayna və Belarusda fəaliyyət göstərirdi.

“Bunları görəndə, düşünürdüm ki, yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq?” -- bu sözləri mərhum Heydər Əliyev 2003-cü il aprelin 21-də, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin 30 illik yubileyi təntənəsində çıxış edərkən demişdi.

Ulu öndər Heydər Əliyev 1973-cü ildə böyük səylər nəticəsində belə bir məktəbin yaradılmasına nail olmuşdu. Həmin dövrdə Azərbaycan ildə təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Ancaq onların tam əksəriyyəti inşaat batalyonlarında xidmət keçirdi. Hərbi hissələrdə azərbaycanlı zabitləri isə, necə deyərlər, barmaqla saymaq olardı. Əlbəttə, indi bəziləri 1973-cü ildə Bakıda belə bir hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilərlər. Amma buna nail olmaq üçün həqiqətən böyük siyasət və uzaqgörənlik lazım idi. Sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına rəsmi Moskva laqeyd yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Bakıya təşrif buyuran çeşidli komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını “əsaslandırmağa” çalışırdılar. Amma Heydər Əliyev bu cəhdlərin qarşısını qətiyyətlə almağı bacardı. Həmin vaxtdan illər ötdü və Heydər Əliyevin yaratdığı hərbi məktəb müstəqil Azərbaycanda ordu quruculuğu üçün əsas bazalardan birinə çevrildi. 70-ci illərdə həmin məktəbin müdavimləri olan zabitlər artıq müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin komandirləri, generallarıdır.

Beləliklə, Heydər Əliyev 1969-1982-ci illərdə Sovet İttifaqı çərçivəsində perspektiv müstəqil Azərbaycan dövləti üçün xidmət edə biləcək bütün zəruri addımları atmağa nail oldu.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov “Azərbaycanın geosiyasəti” adlı fundamental tədqiqat əsərində haqlı olaraq qeyd edir: “Heydər Əliyevin Azərbaycanın gələcək müstəqil milli inkişafı ilə bağlı siyasi dünyagörüşü və konseptual yanaşması ilk dəfə hələ SSRİ dağılmamışdan qabaq -- 1991-ci ilin əvəllərində Azərbaycan parlamentinin tribunasından səsləndirdiyi fikirlərində öz əksini tapmışdır”. Daha sonra professor Əli Həsənov yazır:  “Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin milli inkişafı ilə bağlı praktiki addımları da SSRİ-nin dağılmasından bir qədər əvvəl, 1991-ci ilin sentyabr ayında Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi ilə başlanmış və 1993-cü ildən Azərabaycan Respublikasının Prezidenti kimi davam etdirilmişdir.  Bu siyasətin təməlində dayanan platforma ulu öndərin banisi olduğu bütöv bir xalqın -- ölkəmizdə və bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla bağlılığı olan soydaşlarımızın və həmvətənlərimizin birləşdirici ideologiyası olan müasir azərbaycançılıqdır. Əgər Heydər Əliyevə qədər bu ideya əsasən etnolinqvistlik, etnoqrafik, ədəbi, mədəni-estetik, fəlsəfi və mənəvi dəyər kimi mövcud idisə, onun dövründə ciddi sosial-siyasi məzmun kəsb edərək, ümumi və birləşdirici ideyalar sisteminə -- dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrildi.”

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası, əslində, real suverenliyinə 1993-cü ildə nail oldu. Həmin il xalqın israrlı tələb və xahişindən sonra Heydər Əliyevin siyasi  hakimiyyətə qayıdışı baş verdi və bununla da Azərbaycanda milli intibah dövrünün ikinci mərhəsi (1993-2003-cü illər) başlandı. Bu dövr ulu öndərin təbirincə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan, onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın siyasi-hərbi elitasında formalaşmış mövqeyə görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin uzağagedən planları üçün birbaşa təhlükə mənbəyi rolunu oynayırdı. Həmin mərhələdə hakimiyyətdə olan Müsavat-AXC cütlüyünün həyata keçirdiyi səbatsız daxili və onun davamı olan xarici siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında az rol oynamadı. Nəticədə məhz həmin illərdə bəzi bədxahlarımızın himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi.

Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə bağlı ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi siyasətin nəticəsində bu dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və buna imkan verilmədi. Akademik Ramiz Mehdiyev Heydər Əliyev fenomeni ilə bağlı tədqiqatlarında çox düzgün olaraq qeyd edir ki, “akademik Aqanbekyanın M.Qorbaçovun Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə ilkin razılıq verilməsi barədə bəyanatı və bununla da münaqişənin ilkin qığılcımının közərməsi məhz Heydər Əliyevin Siyasi Büro üzvlüyündən istefasından cəmi üç həftə sonra baş verdi”.

Bundan savayı, Müsavat-AXC cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda “Cənubi Azərbaycan” problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. Bu siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. ABŞ Konqresi isə Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən “907-ci əlavə”ni qəbul etdi.

Bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüzün  növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi. Erməni işğalçılarının aramsız hücumları, Cənubda “Talış Muğan Respublikası”nın elan edilməsi, Şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin üsyan etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində, respublikamız real vətəndaş müharibəsi astanasında idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. Yuxarıda qeyd etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz xilaskar missiyasını yerinə yetirdi.

Burada bir haşiyə çıxmaq istəyirik. Məlum olduğu kimi, 1997-ci ildə Prezident Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı ona bu dövlətin ən məşhur 4 prezidentindən biri olan (C.Vaşinqton, T.Cefferson F.D. Ruzveltlə birlikdə) Avraam Linkolnun büstü bağışlanmışdı. Bu, təsadüfi olmayıb, rəmzi mənası olan bir hadisə idi. Prezident A.Linkoln ABŞ-ın bütövlüyünün qorunması naminə separatçı Cənub ştatları ilə mübarizə aparmalı olmuş və nəticədə ölkə miqyasında 600 mindən artıq itkilərin verilməsinə baxmayaraq, dövlətçiliyin məhvinin qarşısını ala bilmişdi. Amerikalılar indiyədək seçdikləri bütün prezidentlər içərisində yalnız 4-nə heykəl qoyublar. Həmin prezidentlərdən biri də məhz A.Linkolndur. Zənnimizcə, amerikalıların Heydər Əliyevlə Avraam Linkoln arasında paralel aparmalarının motivi gün kimi aydındır. Hər ikisi öz xalqları və dövlətlərinin xilaskarıdır.

Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insana şamil edilən amnistiya verildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi.

Bu prosesdə-demokratik dövlət quruculuğu istiqamətində ümummilli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir.

Bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, -- qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur.

Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 14 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Dövlət başçısı tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürülmüşdür. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün tapılması nəticəsində Azərbaycan hətta dünya iqtisadi-maliyyə böhranı illərində belə analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola bilmişdir. Son 14 ildə ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirmiş, sosial-iqtisadi, siyasi-diplomatik və hərbi quruculuq sahələrində çox böyük uğurlara imza atmışdır.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevi “dünya siyasətinə təsir gücünə malik beynəlxalq aktor statusunda dövlət başçısı” adlandırmışdır. “Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcı olan Prezident İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur. Həmin “siyasi şahmat lövhəsi”ndə siyasət qrossmeysterinin – Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür”, – bu fikirlər də akademik Ramiz Mehdiyevə məxsusdur.

Əgər əvvəllər Azərbaycan beynəlxalq koordinatlar sisteminin subyekti idisə, indi onun fəal aktoruna çevrilmişdir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan Respublikasının 2011-ci il oktyabr ayının 24-də BMT Təhlükəsizlik Şurasına  2012-2013-cü illər üzrə qeyri-daimi üzv seçilməsi bu həqiqəti bir daha təsdiqləmişdir. 155 ölkənin Azərbaycanın lehinə səs verməsi, əslində, dünya ictimaiyyətinin ölkəmizə olan münasibətinin ifadəsidir, respublikamızın həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının, eyni zamanda, sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir.

Beynəlxalq arenada qazanılan bu möhtəşəm uğurun əsasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi balanslı və çevik xarici siyasət strategiyası və onun dünyanın yeni geosiyasi reallıqları nəzərə alınmaqla, Prezident İlham Əliyev tərəfindən novatorcasına davam etdirilməsi kursu dayanır.

Elman Nəsirov,
Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında