Heydər əliyev ideyaları əsasında həyata keçirilən islahatlar strategiyası azərbaycanın hərtərəfli inkişafını təmin edib

Müasir müstəqil Azərbaycan hazırkı inkişaf mərhələsinə asanlıqla çatmayıb. Müstəqillik əldə etdikdən sonra çoxsaylı siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə çoxsaylı problemlərlə - mürəkkəb kataklizmlərlə üzləşən ölkəmiz 1993-cü ildən, yəni Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra siyasi sabitlik və iqtisadi inkişaf istiqamətində mühüm nailiyyətlər əldə edib. İlk növbədə həyata keçirilən quruculuq və inkişaf strategiyasının fonunda siyasi sistemin təşəkkülü və tərəqqisi yönündə fundamental işlər görüldü.

Belə ki, ümumxalq səsverməsi - referendum vasitəsilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi, qarışıq seçki sistemi əsasında parlament seçkiləri keçirildi, ictimai-siyasi institutlaşma prosesinin əsası qoyuldu və bunların fonunda milli inkişaf strategiyasının mühüm ünsürü kimi səciyyələndirilən siyasi-hüquqi islahatlar həyata keçirildi. Bunlarla yanaşı, milli inkişafı təmin edəcək iqtisadi islahatların reallaşdırılması fonunda konseptual əsaslar formalaşdırıldı. Ulu öndər Heydər Əliyev milli iqtisadiyyatın formalaşdırılmasını və ədalətli sosial cəmiyyətə keçidi məhz ilk növbədə liberal iqtisadiyyatın təmin edilməsində görürdü. Bu məqsədlə 1994-cü ildən planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün strateji qərarlar qəbul edildi.

Məlum olduğu kimi, iqtisadiyyatın liberallaşdırılması özündə çoxsistemli tədbirləri ehtiva edir və islahatların dinamikliyini təmin etmək üçün kompleks tədbirlər həyata keçirilməlidir. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank-maliyyə sisteminin formalaşdırılması, torpaq və aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin təmin edilməsi reformaların əsas komponentləridir. Liberal bazar iqtisadiyyatının bütün komponentlərini həyata keçirməyi islahatların başlıca hədəflərinə çevirən Azərbaycan hökuməti 1994-cü ildən başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atdı. Dövlətin tabeliyində olan torpaq mülkiyyəti kəndlilərə verildi ki, bu sahədə respublikamız MDB-də islahat aparan ilk ölkə hesab olunur.

Digər sahələrdə də özəlləşdirmənin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və liberal iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yarandı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, əhalinin həyat səviyyəsi yaxşılaşmağa başladı. İqtisadi transformasiyanın sürətləndirilməsi sayəsində planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün münbit şərait formalaşdı. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlıq sinfi formalaşdı.

Bunlarla yanaşı, neft-qaz sektorunda həyata keçirilən genişmiqyaslı işlər iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

İqtisadi islahatların və liberal bazar münasibətlərinin genişlənməsi və sürətlənməsi ilk növbədə bu sahədə müvafiq qanunların, baza sənədlərinin mövcudluğu, onların təkmilləşdirilməsi ilə sıx bağlıdır. Buna görə də Azərbaycan hökuməti iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi, yeni iqtisadi qanunların hazırlanması ilə bağlı bir sıra ciddi addımlar atdı. 1992-1997-ci illərdə "Sahibkarlıq fəaliyyəti haqqında", "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Maliyyə sənaye qrupları haqqında" qanunlar qüvvəyə mindi. Bununla yanaşı, qanunvericilik bazasının genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı bir sıra işlər görüldü. Həmin illərdə xarici investorların ölkəyə axınını sürətləndirmək, onlara iş fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, sahibkarlığı inkişaf etdirmək üçün bir sıra qanunlar qəbul edildi, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə uyğunlaşdırılmasını təmin edən qanunvericilik bazası yaradıldı.

İqtisadi sahədə yeni qanunların qəbul olunması, Azərbaycanın iqtisadi qanunlarının Avropa standartlarına uyğunlaşdırılması və digər qanunvericilik təşəbbüsləri respublikamızın milli inkişafını təmin etməklə bərabər, dünya ölkələri ilə sıx inteqrasiyasını dərinləşdirdi, Avropa bazarlarına çıxış üçün əlverişli imkanlar yaratdı. Bazar iqtisadiyyatının tənzimlənmə mexanizmləri və iqtisadi subyektlərin fəaliyyətinə dövlət nəzarət sisteminin gücləndirilməsi, yeni iqtisadi münasibətlərin hüquqi əsaslarının möhkəmlənməsi, yeni iqtisadi təfəkkürün formalaşması milli iqtisadiyyatın inkişafını sürətləndirdi. 1995-ci ildən başlayaraq iqtisadiyyatın artım tempi hər il əhəmiyyətli dərəcədə yüksəlməyə başladı.

Ümummilli lider Heydər Əliyevin bu uzaqgörənliyi bir neçə ildən sonra tamamilə öz təsdiqini tapdı. İqtisadiyyatın real inkişaf tempi məhz özəl sektorun payının artması, milli sahibkarlığın aparıcı qüvvəyə çevrilməsi sayəsində mümkün oldu. 1999-cu ilin dekabrında Azərbaycanın ilk neft tankerinin dünya bazarlarına çıxarılması isə respublikamızın maliyyə ehtiyatlarının formalaşmasının əsasını qoydu. Bununla da ölkəmizdə islahatların dinamikliyini daha da artırmaq, irimiqyaslı layihələr həyata keçirmək, əhalinin sosial vəziyyətini daha da yaxşılaşdırmaq üçün davamlı və etibarlı maliyyə rezervləri mənbəyi formalaşdı. Azərbaycan hökuməti mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsini, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini başlıca prioritetləri hesab etdiyini ilk gündən atdığı addımlarla sübut etdi.

İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə artaraq, 4,6 trilyon manata (köhnə manatla) çatdı. Beləliklə, tam əminliklə demək olar ki, həyata keçirilən islahatlar sayəsində 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoydu.

Bunlarla yanaşı, siyasi-hüquqi istiqamətdə həyata keçirilən islahatlar da Azərbaycan Respublikasının milli gücünün artmasında öz ifadəsini tapdı. Qeyd etdiyimiz kimi, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi.

Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da xüsusi vurğulanmalıdır.

2003-cü ildən sonra isə Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi varislik prinsipi əsasında həyata keçirilən milli inkişaf strategiyası bütün sahələrdə mütəmadi yüksəlişlə müşayiət olunan inkişafın mənbəyi və qarantı qismində çıxış etdi. Qısacası, siyasi, hüquqi, iqtisadi, sosial, mədəni, ideoloji və digər sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanı müasir, müstəqil və güclü milli dövlətə çevirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Bu faktor ölkəmizin davamlı inkişafının fundamental əsası qismində çıxış edib.

Ölkəmizdə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Azərbaycan yaradılan möhkəm bazaya əsaslanaraq ölkədə liberal, rəqabətədavamlı, ixrac tutumu böyük olan diversifikasiya edilmiş iqtisadiyyat quruculuğu ilə bağlı yeni hədəflər müəyyənləşdirib. Son 13 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. 2004-cü ildən bəri respublikamıza 200 milyard dollardan çox sərmayələr yönəldilməsi Azərbaycanın investisiya cəlbediciliyi kifayət qədər yüksək olan bir ölkəyə çevrildiyini göstərir. 2004-cü ildən bəri 71 min yeni müəssisənin  yaradılması və təxminən 1,5 milyon yeni iş yerlərinin açılması da xüsusi vurğulanmalıdır. Bu, ölkədə iqtisadi aktivliyin kifayət qədər yüksək olmasından xəbər verir.

Əldə edilən inkişaf göstəriciləri əsasında Azərbaycanın Cənubi Qafqazın ən güclü dövlətinə - lider ölkəsinə çevrilməsini də vurğulamaq gərəkdir. 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdi, hazırda isə region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev ideyaları əsasında həyata keçirilən islahatlar hazırda Azərbaycan iqtisadiyyatının öz dayanıqlığını qoruyub saxlamasını təmin edib, dünya miqyasında ortaya çıxan neqativ tendensiyaların ölkəmizə təsiri minimuma endirilib. Bəllidir ki, hazırda dünyada çox mürəkkəb proseslər baş verməkdədir. Qlobal aktorlar öz imperialist maraqlarının təmin olunması üçün mübarizə aparırlar. Bu mübarizə özünü iqtisadi proseslərdə, xüsusilə enerji resursları bazarında ifadə edir. Üstəlik, indi müşahidə olunan iqtisadi böhran və onun gətirdiyi maliyyə-pul böhranı təkcə neft amili ilə də məhdudlaşmır. 2008-ci ildən başlayaraq Avropada istehsal münasibətlərinin və əməyin qiymətləndirilməsinin obyektiv kriteriyaları pozulduğu üçün bu qitədə iqtisadi böhranın şahidi olduq. Müəyyən problemlərin ortaya çıxması ilə Avropa dövlətlərində vergilər kəskin artırıldı. Ona görə də iri vergi ödəyiciləri öz fəaliyyətlərini uzaq Asiyaya və ofşor zonalara köçürməyə məcbur oldular.

Bu iqtisadi böhrandan sonra özünə gəlməyən yeni iqtisadi münasibətlər bir daha siyasi qərarların nəticəsində meydana çıxan neft qiymətləri problemi ilə üzləşdi. Bu iqtisadi problem isə bir çox ölkələrdə, şübhəsiz ki, yeni iqtisadi və pul-maliyyə problemləri yaratdı. Bütün bu proseslər bir-biri ilə bağlıdır. Ona görə də iqtisadi, maliyyə, habelə neft faktorundan asılı olmayan ticarət münasibətlərinin hamısının bir-biri ilə qarşılıqlı şəkildə mənfi tendensiya istiqamətində getməsi, eyni zamanda, burada siyasi faktorların da təsiredici amil kimi özünü göstərməsi  bu sektorun qısa müddətdə güclənməsi və inkişafına mane olacaq.

Əslində, indi dünyada hətta qeyri-neft sektorunda da ciddi böhran müşahidə edilir. Neftin qiyməti isə iqtisadi proseslərin nəticəsi səbəbindən deyil, siyasi qərarların nəticəsi olaraq ortaya çıxıb. Beləliklə də, ənənəvi və obyektiv iqtisadi münasibətlər sisteminin keyfiyyətinə siyasi qərarlar təsir edir. Nə qədər ki siyasi müstəvidə sabitlik yaranmayacaq, o vaxta qədər də iqtisadi müstəvidə sabit qiymətlər və münasibətlər müşahidə edilməyəcək. Bu isə, qeyd etdiyimiz kimi, Yaxın Şərqdə baş verən hadisələrin və üfüqlərin aydınlaşması ilə paralel başlayacaq. Burada toqquşan imperialist maraqlar sabitləşib və hər kəs öz yerini müəyyən edəndən sonra iqtisadiyyatda müsbət keyfiyyət dəyişiklikləri baş verəcək.

Dünyada bu proseslərə start veriləndən bu yana Azərbaycan ən düzgün yolu və mövqeni seçib. Azərbaycanın xarici və daxili siyasətinin əsas məqsədi ölkədə mövcud olan daxili sabitliyi qorumaq və bu problemlərdən mümkün qədər kənarda qalmaqdır.  Azərbaycanın özünəməxsus iqtisadi sistemi var. Ötən zaman kəsiyində dünya miqyasında baş verən maliyyə hadisələri göstərdi ki, Azərbaycanı iqtisadiyyatı davamlı və dayanıqlıdır.

Ən əsası odur ki, Azərbaycan hazırda strateji məhsullarla özünü təmin edə bilər. Digər tərəfdən, qlobal maliyyə-iqtisadi problemlərin təsirini Azərbaycan minimuma endirməyi, özünü neqativ tendensiyalardan mümkün qədər qorumağı bacarıb. Bu nailiyyətin birinci səbəbi Azərbaycan Prezidentinin siyasi iradəsi və aldığı effektiv qərarlardır. İkincisi, uzun müddətdir həyata keçirilən səmərəli iqtisadi siyasət sayəsində milli təhlükəsizliyin tərkib hissəsi olan ərzaq təhlükəsizliyi ilə bağlı vaxtında effektiv tədbirlərin görülməsi bu prosesdə mühüm rol oynayıb. Üçüncüsü, idarəetmədə müxtəlif səmərəli tədbirlərin görülməsi, o cümlədən bir sıra lisenziyaların ləğv olunması, əlverişli biznes mühitinin yaradılması ilə bağlı addımların atılması xüsusi əhəmiyyət daşıyır. Dördüncüsü, siyasi komandanın vahid mövqedən çıxış edərək verilən tapşırıqları vaxtında və səmərəli yerinə yetirməsidir. Nəhayət, Prezidentin fəaliyyətinin xalq tərəfindən dəstəklənməsi, xalqla Prezidentin birliyi Azərbaycanı baş verə biləcək daha mürəkkəb kataklizmlərdən xilas edib.

Bunlarla yanaşı, Prezident İlham Əliyev tərəfindən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərmanın imzalanması da perspektiv inkişaf kontekstində müstəsna əhəmiyyət daşıyır. Strateji Yol Xəritəsi milli iqtisadiyyatımızın yaxın, orta və uzunmüddətli dövrdə dinamik inkişafına real zəmin yaradır. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Fərmana əsasən, milli iqtisadiyyat perspektivi və onun 11 prioritet sektoru üzrə strateji yol xəritələrinin müəyyənləşdirilməsi Azərbaycanın yaxın, orta və uzunmüddətli perspektivdə inamlı inkişafını təmin edəcək. Milli iqtisadiyyat və onun 11 sektoru üzrə strateji yol xəritələri müəyyənləşdirilərkən real çağırışlar və strateji prioritetlər əsas götürülüb. Strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə ölkə iqtisadiyyatında ayrı-ayrı sektorlar üzrə davamlı inkişaf göstəricilərinin əldə edilməsi strateji hədəf kimi müəyyənləşdirilib.

Azərbaycanda Heydər Əliyev ideyaları əsasında həyata keçirilən reformalar sırasında siyasi-institusional islahatlar xüsusi yer tutur. Siyasi və hüquqi xarakterli islahatlar, əsas etibarilə, siyasi sistemin təkmilləşməsinə, idarəetmənin effektivliyinin artırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə və digər strateji məqsədlərə xidmət edir. Xüsusilə də 2016-cı il ərzində həyata keçirilən institusional islahatlar - siyasi-hüquqi reformalar isə sabitlik, təhlükəsizlik və inkişaf kontekstində Azərbaycanın tərəqqi strategiyasının tərkib hissəsi kimi xarakterizə olunur. Konstitusiya islahatları da məhz bu sırada yer alır. 2016-cı ilin sentyabrın 26-da ölkəmizdə keçirilən ümumxalq səsverməsinə çıxarılan və vətəndaşlar tərəfindən birmənalı şəkildə qəbul edilən məsələlər islahatlar kursunun siyasi-hüquqi müstəvidə də qətiyyətlə davam etdirildiyini göstərdi. Təsadüfi deyil ki, siyasi-hüquqi və institusional məsələlər kontekstində vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasının, dövlət qurumlarının məsuliyyətinin artırılmasının, idarəetmə mexanizminin daha da təkmilləşdirilməsinin və digər məsələlərin referenduma çıxarılması dövlətin siyasi islahatları davam etdirmək əzmində və niyyətində olmasının ifadəsidir.

Siyasi-hüquqi xarakterli islahatlardan bəhs edərkən Konstitusiya islahatlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə 24 avqust 2002-ci il, 18 mart 2009-cu il tarixlərində baş tutmuş ümumxalq səsverməsi–referendumlar nəticəsində həyata keçirilən Konstitusiya islahatları bir çox sahələrdə mühüm irəliləyişlərin, inkişafın hüquqi əsasını təşkil edib. Amma zaman keçdikcə yeni reallıqların və tələblərin meydana çıxması yeni Konstitusiya islahatlarını şərtləndirib. 26 sentyabr 2016-cı il tarixli ümumxalq səsverməsi – referendum nəticəsində qəbul edilən əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının liberallığı, demokratik səciyyə daşıması ilə seçilir. Respublikamızda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqi və siyasi islahatların da genişləndirilməsinə təminat yaradan konstitusiya islahatı həm də xalqın hakimiyyətə olan inamının bariz təcəssümü kimi diqqəti çəkir.

Ən əsası, Prezident İlham Əliyevin təşəbbüsü ilə ümumxalq səsverməsinə çıxarılan məsələlərin dəstəklənməsi məhz bu təkliflərin cəmiyyətin sosial sifarişini əks etdirdiyini göstərdi. Təsadüfi deyil ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin vətəndaşlar tərəfindən birmənalı şəkildə dəstəklənməsi həm ölkəmizdə yüksək seçki və seçici mədəniyyətinin olduğunu təsdiq etmiş oldu, həm də seçicilərin bu məsələlərə intellektual yanaşmasını əks etdirdi.

Digər tərəfdən, ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyub. Burada daha çox bir-birini təkrarlayan, bənzər funksiyalar yerinə yetirən qurumların işinin tənzimlənməsi, idarəetmədə islahatların davamlılığına nail olunması, o cümlədən neqativ hallara qarşı ictimai nəzarət mexanizminin formalaşdırılması nəzərdə tutulub. Bütövlükdə, davam etdirilən islahatlar hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsi, idarəetmənin daha da təkmilləşdirilməsi istiqamətində strateji önəm kəsb edir. Həmçinin ardıcıl institusional islahatlar idarəetmədə yeni keyfiyyət dəyişikliklərinin baş verməsini şərtləndirir.

Həyata keçirilən reformalar qarşıdakı dövrdə həyata keçiriləcək islahatların hüquqi və siyasi bazası qismində çıxış edəcək. Ümumiyyətlə, müstəqillik dövründə ölkəmizin iqtisadiyyatın tərəqqisi, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazandığı uğurlar qanunvericilik sisteminin, eləcə də hüquqi və siyasi bazanın təkmilləşdirilməsi zərurətini ortaya çıxarıb. Hazırda ölkəmizdə milli inkişafa hədəflənən bir sıra tədbirlərin görülməsi Azərbaycanın milli tərəqqisini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent qismində çıxış edir. Davamlı inkişaf naminə müəyyən olunmuş strateji hədəflərə çatmaq üçün böyük işlərə start verilməsi isə islahatların davamlı olacağına dəlalət edir.

2016-cı il dərin islahatlar ili kimi yadda qaldı. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə özünü göstərəcək. Şübhəsiz ki, atılan bütün bu addımlar və həyata keçirilən islahatlar gələcəyə hesablanıb. Bu islahatların nəticəsi qarşıdakı dönəmdə özünü göstərəcək. Ekspertlərin proqnozlarına görə, 2017-ci il Azərbaycanda iqtisadi sabitləşmə ili kimi yadda qalacaq, 2018-ci ildən etibarən isə ölkədə ciddi iqtisadi artım müşahidə olunacaq və bu da əsas etibarilə qeyri-neft sektorunun inkişafı hesabına baş verəcək. Çünki bu islahatlar istər idarəetmədə, istərsə də iqtisadiyyatda mövcud reallıqlar nəzərə alınmaqla həyata keçirilir və növbəti illərdə iqtisadi inkişaf üçün çox ciddi zəmin yaradacaq.

Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi-hüquqi istiqamətdə həyata keçirilən islahatlar Azərbaycanın tərəqqisinə və milli gücünün artmasına xidmət edir, Azərbaycanın inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfələr verir.

Nəticə etbarilə, bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edərək uğurlu gələcəyə doğru irəliləyir. Ümummilli liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu, o cümlədən çoxşaxəli islahatlar strategiyası Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır. Bütövlükdə, Heydər Əliyev ideyaları əsasında həyata keçirilən islahatlar strategiyası Azərbaycanın hərtərəfli inkişafını təmin edib və gələcəyə optimist baxmağa imkan verir.

Hikmət Babaoğlu,
“Yeni Azərbaycan” qəzetinin
baş redaktoru,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında