Heydər Əliyevin Azərbaycan tarixinin aktual problemlərinə dair tövsiyələri

 

 

 

 

 

 

 

 

 

 

 


“XX əsrdə Azərbaycan xalqı bir sıçrayış dövrü keçib. Ən böyük nailiyyətlərimizdən biri odur ki, XX əsrdə ilk dəfə Azərbaycanda demokratik respublika yarandı. O, süqut etsə də, Azərbaycan xalqı öz inkişafında davam edib. Azərbaycanın Sovetlər İttifaqı tərkibində olduğu 70 illik dövr onun inkişaf dövrüdür. Bu dövrə qara yaxmaq olmaz, bu dövrü qiymətləndirmək lazımdır. Bu dövrdə Azərbaycan xalqının elmi, təhsili, mədəniyyəti sürətlə inkişaf edibdir. Müstəqil Azərbaycanın təməli, özəyi, əsası həmin dövrdə yaranmış iqtisadiyyat, o dövrdə yaranmış elmi potensial, o dövrdə yaranmış mədəni potensialdır. Bunu biz qiymətləndirməliyik”



1920-30-cı illərdə nə qədər repressiyalar olub, insanlar öz yer-yurdundan sürgün ediliblər... O dövrdə SSRİ-nin heç bir yerində Azərbaycanda olduğu qədər adam sürgün edilməyibdir.


Ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti və xidmətləri haqqında çox deyilib, yazılıb. Müasir dünyanın ən mötəbər siyasətçiləri, nüfuzlu dövlət xadimləri, məşhur elm və sənət adamları Heydər Əliyev fenomenini ən müxtəlif rakuslardan səciyyələndirərək bu dahi şəxsiyyətin örnək ola biləcək keyfiyyətləri barədə mülahizə və fikirlərini bildirmişlər.

Müstəqil Azəbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin əməli fəaliyyətinin ayrı-ayrı aspektləri, o cümlədən, onun konkret elm sahələri ilə bağlı fəaliyyəti, düşüncə və tövsiyələri, bütövlükdə, elmə və elm adamlarına münasibəti xüsusi araşdırma tələb edən kifayət qədər geniş bir tədqiqat mövzusudur. Son vaxtlar ayrı-ayrı elm sahələrini təmsil edən görkəmli alimlərin bu istiqamətdə araşdırmalarının nəticəsi olaraq neçə-neçə sanballı tədqiqat əsəri, monoqrafiya və məqalələr işıq üzü görüb.

Heydər Əliyevin bəyanat, müsahibə və çıxışlarından, elm adamları ilə görüş və söhbətlərindən də hiss olunduğu kimi, o, əksər elm sahələrini, xüsusilə də,  humanitar elmləri çox mükəmməl bilirdi. Bu, əlbəttə, hər şeydən öncə, ulu öndərin iti təfəkkürə, möhkəm məntiqə, fenomenal yaddaşa, geniş və zəngin dünyagörüşünə malik olduğundan, ən nəhayət, onun yorulmaq bilmədən mütaliə etdiyindən xəbər verirdi. O, ixtisasca tarixçi olduğundan, şübhəsiz, tarixi və onun problemlərini digər elmlərdən daha yaxşı və daha dərindən bilirdi.

Ulu öndər Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alarkən və dövlət təhlükəsizliyi orqanlarında çalışarkən, daha sonra isə respublika partiya təşkilatına rəhbərlik edərkən Azərbaycan tarixinin problemlərinə və Azərbaycanda tarix elminin durumuna daha dərindən bələd olub.

Maraqlıdır ki, 1969-cu ildə respublika rəhbərliyində fəaliyyətə başlayarkən, onun gördüyü ilk tədbirlərdən biri Azərbaycan ərazisindəki tarix və memarlıq abidələrinin uçotunun dəqiqləşdirilməsi və onların yenidən qeydiyyata alınması işi oldu. Bu məqsədlə, dahi şəxsiyyətin birbaşa tapşırığı ilə bölgələrə akademiyanın alimləri və Mədəniyyət Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupları göndərildi. Nəticədə, əvvəllər dövlət qeydiyyatında olmayan bir çox yeni abidə aşkar edilərək qeydiyyata alındı. O da müəyyən olundu ki, əvvəllər dövlət qeydiyyatına alınmış bəzi abidələr ötən əsrin 50-60-cı illərində müəmmalı şəkildə yoxa çıxıb. Bəzi abidələrin isə üzərindəki kitabələrin qoparıldığı, yazılarının məhv olunduğu, yaxud da onlara məqsədli şəkildə bu və ya digər saxta əlavələr edildiyi üzə çıxdı. Sən demə, biz erməniləri özümüzə dost və qardaş bilərək süfrəmizin başında oturdanda onlar da bizim sadəlövhlüyümüzdən sui-istifadə edərək Azərbaycana məxsus tarixi-mədəni dəyərləri oğurlayaraq Ermənistana aparmış, yaxud da onları sındırıb məhv etməklə, onun əvəzində isə özlərinə saxta tarix yaratmaqla məşğul olmuşlar.

Beləliklə də, ulu öndərin rəhbərliyi ilə həyata keçirilən tədbirlər sayəsində, bir tərəfdən, ermənilərin iç üzü açıldı, digər tərəfdən isə xalqımıza məxsus tarix və memarlıq abidələrinin mühafizəsinə və təbliğinə münasibət dəyişdi. Yeri gəlmişkən, ulu öndərin tarixi-mədəni irsə münasibəti ilə bağlı daha bir prinsipial və ibrətamiz məqamı da yada salmaq istərdim. 1977-ci ilin sonlarında hərbçilər Mingəçevirdən Qəbələ RLS-ə yüksək gərginlikli elektrik xətti çəkərkən qədim Qəbələ şəhər yerində dağıntılara yol vermişdilər. O zaman ulu öndərin göstərişi əsasında Ali Sovetin Rəyasət Heyətinin sədri Qurban Xəlilovun sədrliyi ilə Dövlət Komissiyası Qəbələyə ezam edildi. Komissiyanın araşdırması nəticəsində bəlli oldu ki, Qəbələ RLS-in tikintisi layihə institutlarının birində işləyən milliyyətcə erməni qadın tərəfindən layihələşdirilib və Azərbaycanın qədim paytaxt şəhəri olan Qəbələ ərazisində tikilməli imiş.

Bir neçə gündən sonra Dövlət Komissiyasının arayışı Heydər Əliyevin tapşırığı ilə MK-nın büro iclasının müzakirəsinə çıxarılıb. Büro iclasında tarixi-mədəni irsimizin dağıdılması faktına görə çox yüksək çinli məmurlar sərt şəkildə tənqid olunub. Bu məsələyə münasibətdə seyrci mövqe tutduqlarına və prinsipsizlik göstərdiklərinə görə akademiyanın və Qəbələ rayonunun bir neçə məsul işçisi MK bürosu tərəfindən çox ciddi qaydada cəzalandırılıb. Aradan bir neçə gün keçəndən sonra isə məhz Heydər Əliyevin tapşırığı ilə Qəbələ şəhərinin ərazisi tarix və mədəniyyət qoruğu elan edilib, orada çox genişmiqyaslı tədqiqat və bəndsalma işlərinə başlanılıb.

Ulu öndərin keçmişimizin yadigarı olan İçərişəhərdəki abidələrin konservasiyası və qorunması, Şirvanşahlar sarayı, Atəşgah, Möminəxatun türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Şabran şəhərinin arxeoloji tədqiqi ilə bağlı tarixi əhəmiyyətli sərəncam və göstərişləri də, sözün həqiqi mənasında, hər bir dövlət və hökumət rəsmisi üçün tarixi-mədəni irsə qayğıkeş münasibət nümunəsidir.

Gəlin, etiraf edək ki, bu və ya digər rəhbər vəzifədə çalışan ayrı-ayrı məmurlar zaman-zaman tarixi yadigarlara vandal hərəkətlərin yanından çox soyuqqanlıqla ötüb keçiblər. Belələiklə, elə özümüzün biganəliyimiz ucbatından zaman-zaman tariximizə, mədəniyyətimizə sağalmaz yaralar vurulub.

Ulu öndərlə təmasda olan tarixçi alimlərin də etiraf etdikləri kimi, Heydər Əliyev Azərbaycan tarixinin bütün dövrləri ilə maraqlanırdı və bu problemləri kifayət qədər yaxşı bilirdi. Təsadüfü deyildir ki, o, hər dəfə alimlərlə görüşündə çoxcildlik  “Azərbaycan tarixi”, “Azərbaycan şəhərlərinin tarixi”, “Azərbaycan xalqının hərb tarixi”, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətini əks etdirən fundamental əsərlərin yazılması zərurətini dönə-dönə xatırladırdı.

Məlum olduğu kimi, 1991-ci ilə qədər Azərbaycanda tarixi tədqiqatlar SSRİ-nin digər respublikalarında olduğu kimi, marksist-leninçi metodologiya əsasında aparılmış və əsasən, sosializm-kommunizm quruculuğu problemlərinin tədqiqinə istiqamətləndirilmışdir. Bu səbəbdən də tarixi tədqiqatlarda birtərəflilik hökm sürmüş, repressiyalar və təzyiqlər ört-basdır edilmişdir. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra isə tarix elmimizdə nihilizim və diletantlıq meyilləri baş qaldırdı. 1920-ci ildən 1991-ci ilə qədər olan dövr bir çoxları tərəfindən, demək olar ki, inkar edildi. Heydər Əliyev hər iki meyilin əleyhinə idi. Onun 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyindəki nitqi bu cəhətdən mövqelərə aydınlıq gətirdi: “Bəzi yeni siyasətçilər deyəndə ki, Nəriman Nərimanovdan başlanan və indiyə qədər, bizə qədər olan dövr tarix deyildir, mən dəhşətə gəldim. Belə ədalətsizliyə yol vermək olmaz. Bunu etmək istəyənlər tarixinə xor baxan, tarixinə düşmən çıxan adamlardır”.

Heydər Əliyev tariximizin yazılmasında populizmə, diletantlığa, nihilizmə yol verənlərə qarşı qəti mübarizə aparırdı. Onun Azərbaycan Respublikası gənclərinin birinci forumundakı nitqi bu cəhətdən bir növ proqram sənədidir. Görün, ulu öndər nəyi tövsiyə edirdi: “Tariximizin hər mərhələsi bizim üçün qiymətlidir: ən qədim dövr də, orta əsrlər də, sonrakı dövr də”.

Ulu öndər XX əsrin Azərbaycan tarixində tutduğu yeri ümumi şəkildə belə qiymətləndirirdi: “XX əsrdə Azərbaycan xalqı bir sıçrayış dövrü keçib. Ən böyük nailiyyətlərimizdən biri odur ki, XX əsrdə ilk dəfə Azərbaycanda demokratik respublika yarandı. O, süqut etsə də, Azərbaycan xalqı öz inkişafında davam edib. Azərbaycanın Sovetlər İttifaqı tərkibində olduğu 70 illik dövr onun inkişaf dövrüdür. Bu dövrə qara yaxmaq olmaz, bu dövrü qiymətləndirmək lazımdır. Bu dövrdə Azərbaycan xalqının elmi, təhsili, mədəniyyəti sürətlə inkişaf edibdir. Müstəqil Azərbaycanın təməli, özəyi, əsası həmin dövrdə yaranmış iqtisadiyyat, o dövrdə yaranmış elmi potensial, o dövrdə yaranmış mədəni potensialdır. Bunu biz qiymətləndirməliyik”.

Uzun illər təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışdığından o, ayrı-ayrı dövrlərdə günahsız insanlara qarşı törədilmiş repressiyalarla bağlı tarixçilərdən daha artıq məlumatlı idi. Müstəqillik illərində aparılmış araşdırmalar nəticəsində bəlli olub ki, həqiqətən, repressiya illərində xalqımızın başına olmazın fəlakətlər gətirilib. Məsələn, təkcə 1937-ci ildə Azərbaycanda 29 min nəfər “xalq düşməni” adı altında güllələnib, ya da Sibirə sürgün edilib. 1937-ci il dekabrın sonunadək təkcə Xəzər Dənizçiliyi İdarəsindən 200 nəfər rəhbər partiya işçisi, 19 gəmi kapitanı repressiyaya məruz qalıb, İsmayıllı rayonunun Kürdmaşı kəndinin bütün kolxozçuları, demək olar ki, kütləvi şəkildə həbs edilib və onlardan 63 nəfəri yeni ilə kimi güllələnib.

Ulu öndərin təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaqdakı nitqi repressiyalarla bağlı tariximizi doğru-dürüst öyrənmək baxımından, xüsusilə çox gərəkli mənbədir. “Təhlükəsizlik orqanlarında işlədiyim vaxtlar mən arxiv materialları ilə, xüsusən, 1937-38-ci illərin, ondan sonrakı dövrün materiallrı ilə tanış olarkən daim öz-özümə sual vermişəm: bu antisovet qruplar, Sovet hakimiyyətini devirmək istəyən qruplar, filanlar kimlərdir, hansılardır? Onların bir qismi həbs edilmiş, öldürülmüş, yaxud da uzaq Sibirdə həlak olmuşdur. Bir qismi isə həbs olunmamışdı... Bu faktlar nə qədər ədalətsizliklər, uydurmalar, quraşdırmalar, əsassız materialları toplandığını sübut edir və bunlar tarixçilər tərəfindən dərindən öyrənilməlidir”.

Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında söylədiyi nitqində ulu öndər bir daha repressiyalara toxunaraq demişdir: “1920-30-cı illərdə nə qədər repressiyalar olub, insanlar öz yer-yurdundan sürgün ediliblər... O dövrdə SSRİ-nin heç bir yerində Azərbaycanda olduğu qədər adam sürgün edilməyibdir”.

Sovet hakimiyyətinin ilk illərində, lap elə 30-40-cı illərdə Azərbaycanda milli tarixçi kadrlar, demək olar ki, yox dərəcəsində idi. Yalnız 50-60-cı illərdən başlayaraq milli tarixçi kadrların sıraları bir qədər genişləndi. Bütün bunlara görə də Heydər Əliyev Azərbaycan tarixinin yeni dövrün tələbləri səviyyəsində yazılmasına çox ciddi önəm verirdi. 1993-cü il sentyabrın 21-də Elmlər Akademiyasında ziyalılarla keçirdiyi görüşdə o, bu məsələ üzərinə bir daha qayıdaraq demişdir: “Tarixçilərimizin xatirində olmalıdır ki, mən Azərbaycanda işləyən dövrdə – 70-ci illər və 80-ci illərin əvvəllərində dəfələrlə onlara müraciət etmişdim ki, bizim tariximiz – həm qədim tariximiz, həm orta əsrlər tariximiz, həm də son dövrlərin, yəni XVIII, XIX, XX əsrlərin tarixi istənilən səviyyədə yazılmayıb”.

Tariximizin ayrı-ayrı dövrlərinin yazılmasında birtərəfliliyə yol verilməsi, bir sıra hadisə və faktların məqsədli şəkildə təhrif olunması və bu kimi neqativ hallar Heydər Əliyevi daim düşündürür, narahat edirdi. Odur ki, ziyalılarla görüşündə ulu öndər bu məsələ üzərində xüsusi olaraq dayandı, özünün irad və tövsiyələrini bildirdi: “Ötən 70 illik dövrdə tariximiz təhrif edilmişdir. Həm XX əsrin, həm XIX əsrin, həm də ondan əvvəlki dövrlərin tarixi təhrif olunmuşdur. Demirəm ki, tamam təhrif edilmişdir, amma tarixə dair əsərlərimizdə təhrif ünsürləri var. İndi isə bir qütbdən o biri qütbə keçmək meyli görünür. O nədən ibarətdir? Ondan ibarətdir ki, deyirlər: bütün bu 70 ildə olanların hamısı yaramazdır, pisdir, Azərbaycan xalqı üçün bəladır”.

Bu cür düşüncələrin əleyhinə olan dahi rəhbər tarixçilərə tövsiyə edərək bildirirdi ki, tariximizin bütün dövrləri bizim üçün əzizdir:  “Ona görə də heç bir dövrü, heç bir şəxsi ideallaşdırmaq lazım deyildir. Təəssüf ki, bu ideallaşdırma xəstəliyi 70 ildir beynimizə girmişdir. Bundan xilas olmaq lazımdır. Əgər 70 il müddətində bütün ideoloji sistemimiz marksizm-leninizm elmini, onun prinsiplərini, Marksı, Lenini ideallaşdırmışdırsa, indi də ancaq Məmmədəmin Rəsulzadəni ideallaşdırırlar. Mən yenə də deyirəm: Məmmədəmin Rəsulzadə və onunla bərabər Azərbaycan Respublikasının böyük şəxsiyyətləri XX əsrin əvvələrində və xüsusən, 1918-ci ildə, Azərbaycan Demokratik Respublikası qurarkən böyük şücaət göstərmişlər, böyük iş görmüşlər. Bu şəksiz-şübhəsizdir. Ancaq gəlin, açıq danışaq: belə çıxır ki, tariximizdə Məmmədəmin Rəsulzadədən başqa heç kim yoxdur. Bəs Fətəlixan Xoyski, Nəsibbəy Yusifbəyov, Hacinski, Əlimərdanbəy Topçubaşov, Behbudbəy Şahtaxtinski və başqaları?!”

Heydər Əliyev zaman-zaman Azərbaycan xalqı içərisindən yetişən görkəmli şəxsiyyətləri, onların Vətən və xalq qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirirdi. Hakimiyyətdə olduğu illərdə ulu öndərin təqdimatı əsasında xalqımızın ən layiqli elm və sənət adamları yüksək fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunub. Elə bir klassikimiz, elə bir canlı korifeyimiz olmayıb ki, onların yubileyləri və ya ad günləri rəsmi səviyyədə, həm də böyük təntənə ilə qeyd olunmasın: “Bizdən ötrü Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev də, Məmmədəmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Ancaq son zamanlar Nəriman Nərimanovdan başlayaraq bütün siyasi xadimlərin Azərbaycana düşmən olmaları barədə deyilən fikirlərlə heç cür razılaşmaq olmaz. Bunu deyən adamların Nəriman Nərimanov səviyyəsinə qalxmaları üçün bəlkə də on illərlə siyasi fəaliyyət göstərmələri lazımdır... Bütün bunlarla mən öz fikrimi açıq demək istəyirəm: tarixi təhrif etmək olmaz. Tarixi təhrif edənlər xalqa xəyanət edir, onu çaşdırırlar. Buna son qoymaq lazımdır”.

Ümummilli liderin 1997-ci il yanvarın 31-də Azərbaycan Milli Elmlər Akademiyyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşdə səsləndirdiyi fikirlər, tarixçi alimlərə verdiyi tövsiyə və məsləhətlər Azərbaycan tarixi və tarixşünaslığının milli konsepsiyasının formalaşmasında çox mühüm və həlledici məqam kimi dəyərləndirilməlidir. Çünki ulu öndərin həmin çıxışında tarix elminin digər elmlər sırasında yeri, rolu və əhəmiyyəti, onun problemləri və inkişaf perspektivləri ilə bağlı konkret fikir və istiqamətlər öz əksini tapmışdır.

Heydər Əliyev tarixçi alimlərə heç vaxt göstəriş vermirdi. O, daha çox öz təkliflərini, məsləhət və tövsiyələrini bölüşürdü: “Mən bir məsələ barəsində konkret təklifimi bildirmək istəyirəm. Bu da Azərbaycanın tarixi ilə bağlıdır. Məlumdur ki, geniş kütlə, xalq, millət üçün ən çox təsirlisi humanitar elmlərdir və xüsusən millətin, xalqın tarixidir. Bu indi bizim üçün xüsusi ilə lazımdır. Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya, yaxud başqa fənlərin hamısı inkişaf etməlidir. Bunların hərəsinin özünəməxsus çərçivəsi var. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq ömrünün sonuna qədər lazımdır. Ona görə də, biz indi xalqımızın tarixinin yazılması işini gərək diqqət mərkəzinə alaq. 70-ci illərdə mən dəfələrlə Elmlər Akademiyası qarşısında vəzifə qoymuşdum ki, Azərbaycan tarixi yazılmalıdır. Amma... tarixçilərimiz bu vəzifəni yerinə yetirmədilər”.

Ulu öndər bir çox tarixi məsələlərin yenidən, həm də yeni dövrün tələbləri səviyyəsində yazılmasını tövsiyə edirdi: “Azərbaycan tarixi yazılmalıdır... Alimlərimizin, tarixçilərimizin günahından yox, o vaxtkı ümumi ideologiyanın təsiri, yaxud da ideologiyanın tələbi ilə yazılan tarix də, şübhəsiz ki, indi bizi qane edə bilməz”.

Heydər Əliyev müstəqillik dövrünün tələblərinə uyğun tarix dərsliklərinin yazılması işinə də xüsusi önəm verirdi: “Məktəbə gedən gənc gərək Azərbaycan tarixini bilsin, oxusun, öyrənsin. Amma o, köhnə dərsliklərdən bunu öyrənə bilməz. Dərsliyi də hərə öz istədiyi kimi yazmamalıdır. Gərək bizim xalqımızın tarixi yazılsın. Orta və ali təhsil məktəbləri üçün tarix dərslikləri yazılsın”.

Azərbaycan tarixininin yazılması işinin bəzi subyektiv səbəblər ucbatından ləngidilməsi Heydər Əliyevi xüsusilə çox narahat edirdi. Ona görə də akademiyadakı sözügedən görüşdə o, bu narahatlığını bir daha tam ciddiliyi ilə bəyan etmişdi: “İndi vəzifə ondan ibarətdir ki, Azərbaycanın tarixi yazılmalıdır. Mən bunu bir neçə dəfə demişəm. Ancaq təəssüflər olsun ki, mənim bu təkliflərim müqabilində Elmlər Akademiyası tərəfindən konkret bir təklif almamışam”.

Artıq qeyd olunduğu kimi, ulu öndər XX əsrin tarixinin yazılmasına xüsusi önəm verirdi: “XX əsrdə yaşadığımız ideologiyaya və onun konsepsiyasına görə bizim tariximiz təhrif olunmuşdur. Ona görə də mən çox çalışdım ki, biz XX əsrin tarixini yazaq. Çünki, tariximiz, bir tərəfdən təhrif olunub, digər tərəfdən isə, bəziləri keçmişdə nə varsa, götürüb qəzetlərdə, kitablarda qaralamağa, pisləməyə başlayıblar. Vaxtilə hamımız gənc idik, o vaxtki ideologiya bizə nə verirdisə, onu da qəbul edirdik. Biz Kommunist Partiyasının, Oktyabr İnqilabının tarixini, Azərbaycanda Sovet hakimiyyəti qurulmasının, 26 Bakı komissarlarının tarixini öyrənirdik. Bunun üçün indi günahkar axtarmaq düzgün deyil”.

Heydər Əliyev böyük siyasətçi və dövlət xadimi olmaqla bərabər, həm də son dərəcə obyektiv və ədalətli bir insan idi. O, sovet hakimiyyəti illərində Azərbaycan tarixinin yazılmasında yol verilən təhriflərə və birtərəfliliyə görə heç zaman tarixçi alimləri ittiham etməyib.

Dahi rəhbəri narahat edən o idi ki, tariximizin yazılmasında kommunist üsul-idarəsi dövründə yol verilən səhvlər bir qədər başqa formada müstəqilliyimizin ilk illərində də təkrar olunmaqda idi: “Kommunist ideologiyası vaxtında buraxılan səhvlər indi də təkrar edilir. Həmin səhvlər o vaxtlar bir istiqamətdə, indi başqa istiqamətdə buraxılır”. Problemin dərindən bələd olan ulu öndər akademiyadakı çıxışında onun aradan qaldırılması yolları ilə bağlı təklifini də bildirmişdir: “Mən bilirəm ki, indi tariximizin hamısını yazmaq çətindir. Bunun üçün illərlə vaxt lazımdır... Belə hesab edirəm ki, indi akademiyanın qarşısında duran vəzifələrdən biri Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin yazılmasıdır. Bunun üçün mən bu gün konkret bir təklif vermək istəyirəm. Siz bir müəllif kollektivi yaradın və onun tərkibini mənə təqdim edin. XIX-XX əsrlər tarixinin yazılması üçün mən xüsusi vəsait ayıracağam. Bəli, mən Azərbaycanın XIX-XX əsrlər tarixinin yaranmasına qrant verirəm. Mən bunu dövlətin büdcəsindən ayırıram. Çünki bu, dövlət üçün ən vacib bir məsələdir”.

Bu gün məmnunluq hissi ilə bildirməliyik ki, ulu öndərin Azərbaycan tarix elminin gələcəyi ilə bağlı narahatlığı, qayğı və düşüncələri, məsləhət və tövsiyələri nəticəsiz qalmadı. Son illər tariximizin həm qədim, həm orta əsrlər, həm də XIX-XX əsrlər dövrünə aid yüksək peşəkarlıqla hazırlanaraq nəfis şəkildə çap olunan və bir sıra xarici dillərə tərcümə edilən çoxsaylı sanballı əsərlər tarixçi alimlərimizin fədakar əməyinin və gərgin elmi axtarışlarının bariz nümunəsi kimi dəyərləndirilə bilər. Ulu öndər Azərbaycan tarixçilərindən məhz belə əsərlər gözləyirdi.

Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə tarixinin tədqiq olunmasında Heydər Əliyevin məruzə və çıxışları, bəyanat və məktubları çox qiymətli ilk mənbə kimi olduqca mühüm elmi əhəmiyyət kəsb edir. Ulu öndər tərəfindən, bir qayda olaraq, tarixi hadisələrin müfəssəl izahı və təhlili verilməklə səbəb və nəticələri ətraflı şəkildə təqdim olunur, hadisə və faktlar kifayət qədər obyektiv, həm də ədalətli elmi-tarixi və siyasi cəhətdən qiymətləndirilir. Bütün bunlar isə həm müasir, həm də gələcək tarixçilər nəsli üçün son dərəcə qiymətli hesab oluna biləcək elmi- metodoloji və siyasi əsasdır.

Ulu öndərin söhbətlərində, məruzə və çıxışlarında tez-tez eşitdiyimiz belə bir kəlam var: “Dağıtmaq asan işdir, amma yaratmaq çox çətindir. Tarix də, insanlar da həmişə quranları, yaradanları qiymətləndirir”. Heydər Əliyev də dünyanın tanıdığı, qəbul etdiyi quran, yaradan dövlət xadimlərinin ön cərgələrində duran böyük tarixi şəxsiyyət idi. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi dünya miqyasında tanınan çox görkəmli dövlət xadimi - ümummilli lideri olub. Azərbaycan xalqı bir də ona görə xoşbəxt xalqdır ki, ölkəmizdə ümummilli lider tərəfindən əsası qoyulmuş dövlət quruculuğu siyasəti bu gün möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurla davam etdirilməkdədir.

Qafar CƏBİYEV,
Milli Televiziya və Radio Şurasının sədr müavini,
tarix elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında