Heydər Əliyevin islahatlar strategiyası: dərin tənəzzüldən heyrətamiz yüksəlişə aparan yol

Tarix ulu öndər Heydər Əliyevin üzərinə taleyüklü iki missiya qoymuşdu: xilaskarlıq və quruculuq missiyası. O, müdrik, qətiyyətli siyasi lider və bənzərsiz dövlət xadimi olaraq, hər iki missiyanın öhdəsindən heyrətamiz məharətlə gəldi. Azərbaycanı dərin böhrandan, xaos və anarxiyadan, vətəndaş müharibəsi, separatizm və müstəqilliyi itirmək kimi dəhşətli təhlükələrdən xilas etdi. Həmin dövrü görənlər, yaşayanlar bunun nəyin bahasına başa gəldiyini yaxşı xatırlayırlar.

Ulu öndər eyni vaxtda iki cəbhədə mübarizə aparırdı. Bir tərəfdən keçmişin ağır mirası ilə çarpışır, digər tərəfdən keçilməmiş yolla gedərək milli dövlətçiliyin, milli iqtisadiyyatın əsaslarını yaradırdı. Azərbaycan yolayrıcında idi, hər şeyi yenidən başlamaq lazım gəlirdi. Heydər Əliyev dühası yollardan ən düzünü seçməyə, dağılmış binanı səbirlə, kərpic-kərpic yenidən ucaltmağa imkan verdi. Ölkə həyatının bütün sahələrini əhatə edən köklü islahatlar strategiyası işlənib hazırlandı və bunun sayəsində Azərbaycan dərin tənəzzüldən rəvan inkişaf yoluna çıxdı.

 

İslahatçı Heydər Əliyev

 

Ulu öndər Heydər Əliyevin islahatlar strategiyasının həyatiliyi, davamlı xarakteri, uğurlu nəticələri onu böyük islahatçı və strateq adlandırmağa əsas verir. Yəni, əsas olan heç də təşəbbüslər, qanunlar və qanunvericilik aktları deyil, hər bir islahatın nəticəsini öncədən görmək, hesablamaq bacarığıdır. Fenomen şəxsiyyət olan Heydər Əliyev islahatların ilkin mərhələsində tələsməməyi tövsiyə edərək deyirdi: “Biz islahatları bir gündə yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən həyata keçiririk”.

Təbii ki, əvvəl yolu, hədəfi müəyyənləşdirmək və yalnız bundan sonra islahatlar barədə düşünmək olar. Heydər Əliyevin hədəfi xalqı firavan həyata qovuşdurmaq, demokratik və hüquqi milli dövlət qurmaq, müstəqilliyi əbədi etmək, Azərbaycanı dünyada söz və nüfuz sahibinə çevirmək idi. Azərbaycan bir-birinin ardınca mötəbər beynəlxalq qurumlara üzv olur, dünya birliyinə inamla inteqrasiya edirdi. “Avropa Şurasına üzv olmaq bal yemək deyil, bəlkə də istiot yeməkdir”, – deyən ulu öndərin bu fikirlərinin arxasında gizlənən həqiqəti anlamaq vaxt tələb edirdi. İstiotun ağız yandırmasına baxmayaraq, Azərbaycan inteqrasiya yolundan dönmədi. Hərçənd, dünyada, o cümlədən Avropada ikili standartlar siyasəti bu gün də davam edir, bizi incidir. Lakin biz çətinliklərdən keçərək, xarici təzyiqləri dəf edərək ulu öndərin 20-25 il əvvəl müəyyənləşdirdiyi hədəflərə doğru inamla irəliləyirik.

Heydər Əliyevin başladığı və bu gün də davam etdirilən, inkişafın müasir mərhələsinə uyğunlaşdırılan, daim təkmilləşdirilən islahatların uğurunu təmin edən əsas amil onların dünya təcrübəsinə əsaslanması ilə yanaşı, milli mentaliteti, milli düşüncə tərzini nəzərə almasıdır. Bu islahatlar öz başlanğıcını birmənalı olaraq 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamızdan götürür. Konstitusiyamızın qəbulu bütün sahələrdə islahatlar üçün hüquqi baza yaratdı. Həyatımızın necə dəyişdiyini, yeni dəyərlərlə zənginləşdiyini, haradan-haraya gəlib çıxdığımızı indi – aradan uzun illər keçdikdən sonra daha aydın görə bilirik.

Heydər Əliyev ideyalarından qaynaqlanan islahatlar olduqca çoxspektrli və çoxşaxəlidir, zəngin irs və məktəbdir. Bu irs yəqin ki, hələ zaman-zaman araşdırılacaq, tədqiq və təhlil olunacaq, ondan gələcək üçün nəticələr çıxarılacaq. Mən isə xüsusi diqqət çəkən bir neçə məqama toxunmaq, şəxsi müşahidələrimi, fikir və mülahizələrimi bölüşmək istərdim.

 

Heydər Əliyevin torpaq islahatı və aqrar sektorun inkişafının Azərbaycan modeli

 

Hər hansı yenilik, xüsusən transformasiya xarakterli islahatlar adətən birmənalı qarşılanmır, polemika doğurur. Ulu öndərin torpaq islahatı bu qəbildən olan radikal addım idi. Heydər Əliyevin torpağı kəndliyə vermək təşəbbüsünü alqışlayanlarla yanaşı, şəkkaklar da tapıldı. Bəziləri vay-şivən qoparırdılar ki, kənd təsərrüfatı dağılıb gedəcək, ölkədə ərzaq qıtlığı yaranacaq. Heydər Əliyev hesab edirdi ki, bu taleyüklü məsələdə son sözü xalq deməlidir. Ona görə də layihə ümumxalq müzakirəsinə çıxarıldı və bəyənildi. Sonra müvafiq proqram hazırlandı və hüquqi baza yaradıldı. İslahatların birinci mərhələsinin yekunları barədə danışan ulu öndər deyirdi: “Biz torpaq islahatlarının aparılmasında radikal tədbirlərə əl atmışıq. Deməliyəm ki, nəticə idealdır. Özü də bu, hələlik başlanğıcdır”.

Təbii ki, proses çətin gedirdi. Torpaqların bölünməsi həssas məsələ olduğundan mübahisələr yaranır, bəzi vəzifəli şəxslər sui-istifadə hallarına yol verirdilər. Bütün çətinliklərə baxmayaraq, kəndli torpaq sahibi oldu. Keçmiş SSRİ məkanında torpaq islahatı ilk dəfə məhz Azərbaycanda həyata keçirildi.

Bir neçə xarakterik fakta diqqət yetirək. Torpaq islahatı nəticəsində 2 mindən çox kolxoz və sovxoz ləğv edildi. Kollektiv təsərrüfatlara məxsus münbit torpaqların bir hissəsi 870 min ailəyə – təxminən 3,5 milyon subyektə paylandı. Ölkədə torpaq mülkiyyətinin üç forması – dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları tətbiq olundu. Ulu öndər böyük uzaqgörənliklə deyirdi ki, Azərbaycanda aqrar sahənin inkişafı torpaq islahatlarının nəticələrindən asılı olacaq. Həyat onun bu qənaətini təsdiqlədi.

Aqrar-torpaq islahatları birdəfəlik kampaniya deyil. Yəni, torpağı kəndliyə verməklə, yaxud dövlət və bələdiyyə mülkiyyətinə ayırmaqla iş bitmirdi. İlk vaxtlar insanlar pay torpaqlarından necə istifadə etmək barədə konkret təsəvvürə malik deyildilər. Digər tərəfdən, torpağı əkib-becərmək üçün texnika və maliyyə vəsaiti lazım gəlirdi. Axı, heç də hamı bu imkana malik deyildi.

İllər keçdi, Azərbaycan gücləndi və dövlət kəndlinin köməyinə yetişdi: Aqrolizinq yaradıldı, istehsalçılara güzəştli şərtlərlə texnika, gübrə, cins mal-qara təklif olundu. Bir müddətdir ki, onlara subsidiyalar və güzəştli kreditlər ayrılır, yanacaqda, sürtkü yağlarında, vergilərdə güzəştlər edilir. Bütün bunlar Heydər Əliyevin ötən əsrin 90-cı illərində başladığı aqrar-torpaq islahatlarının Prezident İlham Əliyev tərəfindən müasir inkişaf mərhələsinə uyğun davam etdirilməsindən xəbər verir.

Hazırda postneft dövrünü yaşayan Azərbaycanda aqrar sahə qeyri-neft sektorunda aparıcı mövqeyə çıxıb və onun ümumi daxili məhsulda payı ildən-ilə artır. İndi qarşıya sahənin ixrac potensialını artırmaq kimi vacib vəzifə qoyulub. Neft gəlirlərinin azalması bu məsələni xüsusilə aktuallaşdırıb. Prezident İlham Əliyev aqrar sektorun ixractutumlu sahələrinin – pambıqçılıq, tütünçülük, baramaçılıq və fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı müvafiq dövlət strukturlarına ciddi tapşırıqlar verib və onların icrasını şəxsən nəzarətdə saxlayır.

Azərbaycan neftin qiymətinin aşağı düşməsi nəticəsində itirdiyi valyutanın yerini qeyri-neft sektorunun, xüsusən aqrar sahənin hesabına doldura bilər və bu, artıq günün reallığıdır. “Made in Azerbaijan” brendi ekoloji təhlükəsiz məhsul kimi dünyanın diqqətini cəlb etməyə başlayıb. Prezident İlham Əliyevin qeyri-neft ixracatçılarının bu yaxınlarda keçirilmiş respublika müşavirəsindəki nitqi aqrar sektorun ixrac potensialının aydın mənzərəsini yaradır: Azərbaycan fındıq istehsalı və ixracına görə dünyada dördüncü yerdədir. Fındıq ixracı ölkəyə 105 milyon dollar valyuta gətirib. Prezident bu sahənin perspektivlərini təhlil edərək deyib ki, “biz o 105 milyonu 200 milyona rahatlıqla çatdıra bilərik”. Digər ixrac göstəriciləri belədir: pomidor 94 milyon dollar, xurma 68 milyon dollar, şəkər 62 milyon dollar, pambıq 24 milyon dollar. Daha bir neçə maraqlı fakt: bu ilin üç ayında pambıq lifi ixracı 700 faizdən çox, süd məhsulları ixracı 260 faiz, alma və nar ixracı müvafiq olaraq 144 və 125 faiz artıb.

Heydər Əliyev 20 il əvvəl aqrar islahatlara başlayarkən, torpağı kəndliyə verərkən yəqin ki, illərin arxasından bu günü görür, postneft dövrünü, ölkənin ərzaq təhlükəsizliyini düşünürdü.

Digər mühüm hədəf ölkənin özünü kənd təsərrüfatı məhsulları ilə tam təmin etməsidir. Özünütəminat üzrə əsas göstəricilərə nəzər salsaq, mənzərə yetərincə aydınlaşar. Məsələn, Azərbaycan bu gün özünü mal əti ilə 92 faiz, qoyun əti ilə 99 faiz, quş əti ilə 98,6 faiz, yumurta ilə 99,6 faiz, süd və süd məhsulları ilə 80 faiz təmin edir. Bu göstəricilər fonunda 1990-cı illərin əvvəllərində dondurulmuş əti talonla, uzun növbələrə dayanaraq aldığımız günlər yada düşür. Taxılçılıq, meyvəçilik, tərəvəzçilik sahələrində də özünütəminat səviyyəsi yüksəlir, idxaldan asılılıq azalır. Bu, ərzaq təhlükəsizliyi ilə yanaşı, valyuta ehtiyatlarına qənaət deməkdir.

Aqrar sektorun inkişafının keyfiyyətcə yeni mərhələsinə bizi ulu öndərin 1996-cı ildə başladığı, müasir dövrdə Prezident İlham Əliyevin zamanın çağırışlarına uyğun davam etdirdiyi islahatlar silsiləsi gətirib çıxarıb. Bu, eyni zamanda, qlobal iqtisadi-maliyyə böhranının ölkəmizə mənfi təsirini maksimum azaltmağa imkan verib. Beləliklə, aqrar sektorun inkişafının dünyanın marağına səbəb olan Azərbaycan modeli yaranıb.

 

Senzuranı aradan qaldıran Heydər Əliyev mətbuata yaşıl işıq yandırdı

 

Demokratiyanın inkişafı, demokratik cəmiyyət quruculuğunun yolu söz, fikir və mətbuat azadlığından keçir. Təsadüfi deyil ki, ötən əsrin 90-cı illərində Azərbaycan mətbuatının qarşılaşdığı problemlər Heydər Əliyevi dərindən düşündürür, mümkün həll yolları axtarışına sövq edirdi. Xüsusən senzura media üçün ağır buxova çevrilmişdi. Ulu öndər mətbuat sahəsində islahatlara başlamaq üçün münasib vaxt və şərait yaranmasını gözləyirdi. Bu, 1998-ci ildə baş verdi.

O dövrün ictimai-siyasi, hərbi mənzərəsinə nəzər salsaq, Heydər Əliyevin senzuranı niyə hakimiyyətə gəldikdən beş il sonra ləğv etdiyi aydın olar. Ermənilər bütün cəbhəboyu hücuma keçmişdilər, cənub bölgəsində separatçılıq hərəkatı baş qaldırmışdı, müəyyən xarici qüvvələr ölkəmizə qarşı açıq təxribatlar törədirdilər. Media işçilərinin özlərinə gəldikdə isə, onların arasında səriştəsiz, bəzi hallarda isə hətta separatçıların və təxribatçıların əlində alətə çevrilmiş insanlar az deyildi. Belə bir şəraitdə mətbuata hüdudsuz azadlıq verilməsi hələ çox kövrək olan müstəqilliyin əleyhinə işləyə bilərdi.

Heydər Əliyev təhlükələri bir-bir aradan qaldırdı, ölkə üçün həyati əhəmiyyət daşıyan ictimai-siyasi sabitliyi bərqərar etdi. Artıq mətbuat sahəsində də köklü islahatlara başlamaq olardı. Ulu öndərin “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli fərmanının cəmiyyətdə necə güclü reaksiya doğurduğu yaxşı xatirimdədir. Əgər torpaq islahatı iqtisadi sahədə inqilabi addım sayılırdısa, bu fərmanla senzuranın ləğv olunması eyni dərəcədə radikal qərar kimi qarşılanmışdı.

Sonra nə baş verdi? Həmkarlarım “Qlavlit”in ləğvini bayram edirdilər. Bununla eyni vaxtda müxalifətin nəzarətində olan qəzetlər məmurlara hücuma keçdilər. Bəzi hallarda tənqid təhqir və böhtanla qarışdırılır, mətbuat-məmur münasibətlərinin gərginləşməsinə gətirib çıxarırdı. KİV-lə bağlı məhkəmə çəkişmələri adi hal almışdı. Heydər Əliyev keçid dövrünün doğura biləcəyi problemləri əvvəlcədən görür və bunun labüd olduğunu bilirdi. Müşavirələrin birində məmurlara müraciətlə deyirdi: “Görürsünüz, məndən də yazırlar. Amma mən heç kimi məhkəməyə vermirəm”.

 

Ajiotaj tədricən ötüb keçir, hər şey zamanın axarında yoluna düşürdü

 

Çox keçmədən institusional islahatlar başladı. Haqqında danışdığımız fərmandan iki il sonra Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. 2002-ci ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanuna bir sıra dəyişikliklər və əlavələr olundu. Bununla da mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə aradan qaldırıldı. Artıq qəzet buraxmaq üçün bir ərizə kifayət edirdi.

Bir qədər sonra, 2003-cü ildə Azərbaycan Jurnalistlərinin birinci qurultayında Mətbuat Şurasının yaradılması ilə mətbuatın özünütənzimləmə metoduna başlanıldı və beləliklə, cəmiyyət-media münasibətləri tədricən normallaşmağa başladı.

Bu, Heydər Əliyevin islahatlar strategiyasının həyatiliyinə və uzaqgörənliyinə daha bir nümunədir. Həyat bir yerdə dayanıb durmadığı kimi, hər hansı islahat da özünə zamanın çağırışına uyğun yanaşma tələb edir. Biz indi 20 il əvvələ nisbətən tam fərqli bir dövrdə yaşayırıq. 2003-cü ildən başlayaraq Azərbaycanı dinamik inkişaf mərhələsinə çıxaran Prezident İlham Əliyev söz və mətbuat azadlığının genişləndirilməsi istiqamətində analoqu olmayan addımlar atır. Dünyanın heç bir yerində dövlət mətbuata birbaşa yardım etmir, yaxud hansısa qəzetin nəşriyyata borcunu ödəmir. Bunu bəlkə də ilk dəfə Azərbaycan dövləti etdi. Prezidentin 2006-cı ilin fevralında imzaladığı sərəncama əsasən, qəzetlərin nəşriyyata yaranmış borclarının ödənməsini dövlət öz üzərinə götürdü.

Sonrakı illərdə Prezident İlham Əliyev KİV-ə birdəfəlik maddi yardım göstərilməsinə qərar verdi, medianın inkişafında dövlət dəstəyi konsepsiyası müəyyənləşdirildi. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı.

Yaxud jurnalistlərə dövlət vəsaiti hesabına mənzil tikilib verilməsi də dünya praktikasında rast gəlinməyən hadisədir. Bu dəstək, diqqət və qayğı KİV-in iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılmasında, vətəndaş cəmiyyəti quruculuğunda medianın rolunun gücləndirilməsində müstəsna əhəmiyyət daşıyır. Üstəlik, Azərbaycanda internet hamı üçün əlçatandır, sosial şəbəkələrdə hər kəs öz fikrini sərbəst şəkildə ifadə etmək imkanına malikdir.

Söz və mətbuat azadlığının bundan yaxşı modeli dünyanın harasında var?

 

Ölüm hökmünün ləğvi və cəza siyasətinin humanistləşdirilməsi

 

Bu ilin əvvəllərində Prezident İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzaladı. Bununla da ulu öndər Heydər Əliyevin hələ 1990-cı illərin ortalarında start verdiyi məhkəmə-hüquq islahatları keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.

1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olundu. Bu, humanizm, insanpərvərlik, insan hüquqlarına hörmət prinsiplərinə əsaslanan çox cəsarətli addım idi. Ölüm cəzasının ləğvi Heydər Əliyevin fəlsəfi-hüquqi düşüncələrindən, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa söykənən mövqeyindən irəli gəlirdi. “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideyalara sadiq qalaraq, ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”, - deyə ulu öndər vurğulayırdı.

Bundan düz 19 il sonra – 2017-ci il fevralın 10-da Prezident İlham Əliyev yuxarıda qeyd etdiyimiz tarixi sərəncamı imzaladı. Bəlkə də ay və günlərin üst-üstə düşməsi sırf təsadüfdür. Mahiyyət baxımından isə, ilk növbədə, islahatlarda varislik, ulu öndərin müəyyənləşdirdiyi strateji xəttin məntiqi davamı diqqət çəkir.

Ölüm cəzası indinin özündə də dünya miqyasında tez-tez gündəmə gətirilir. Azərbaycanda da sərt cəza siyasəti yeridilməsinin tərəfdarları yox deyil. Bəs, ölüm cəzası və digər sərt cəzalar cinayətin qarşısını almaqda nə dərəcədə effektlidir?

Bu barədə söhbət düşəndə sovet dövründə Azərbaycanın ucqarlarında məhkəmənin çıxardığı bir hökmü xatırlayıram. Rayonlardan birində meşə təsərrüfatı idarəsinin rəisinə 10 rubl rüşvət üstündə 10 il həbs cəzası verilmişdi: bir rubla görə bir il həbsxana! Yaxud külli miqdarda dövlət əmlakını mənimsəyənlər, rüşvət alanlar ölüm cəzasına məhkum edilir, hökmlər soyuqqanlılıqla icra olunurdu.

Sərt cəza siyasəti yeridilməsinə baxmayaraq, nə cinayətkarlığın səviyyəsi, nə də miqyası azalırdı. Bu gün bəzi ölkələrdə, o cümlədən ABŞ-ın bir sıra ştatlarında ölüm cəzası qüvvədədir. Lakin bu, zorakılığı, qətl və qarətləri dayandırmağa kömək etmir. Kaliforniya ştatında cinayətkarlıq elə bir səviyyəyə çatıb ki, federal hökumət hadisələrin qorxulu gedişinə müdaxilə etmək barədə düşünür. Yaxud qonşumuz İranda dar ağacı narkotik qaçaqmalçılığı ilə məşğul olanları bu yoldan çəkindirə bilmir. Ölüm cəzasının ləğv olunduğu, cəza siyasətini humanistləşdirmək yolu tutan Azərbaycanda isə cinayətkarlığın səviyyəsi, xüsusən ağır cinayətlərin sayı ildən-ilə azalır. Bu, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının müsbət nəticələrə gətirib çıxardığını təsdiqləyən real faktdır.

Korrupsiya ilə mübarizəyə gəlincə, Azərbaycan “ASAN xidmət” kimi nadir model yaradıb. Prezident İlham Əliyevin təşəbbüsü olan bu model məmur-vətəndaş təmaslarını minimuma endirərək, korrupsiya və rüşvətxorluqla mübarizədə uğurlu alət kimi özünü tam doğruldur. Təsadüfi deyil ki, “ASAN xidmət” brendi bu gün dünyanın hətta inkişaf etmiş ölkələrini maraqlandırmağa başlayıb. Bu model yüksək xidmət mədəniyyəti ilə fərqlənir, süründürməçiliyin, bürokratiyanın, rüşvətxorluğun aradan qaldırılmasına misilsiz töhfələr verir. Bütün bunlara sərt cəza tədbirləri ilə nail olmaq mümkün idimi?

Budur, Prezident daha bir tarixi addım atdı. Cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncamı təqdir edən mütəxəssislər yekdil fikirdədirlər ki, bu sənəd cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların keyfiyyətcə yeni mərhələsinə keçidin başlanğıcını qoyub. Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov AZƏRTAC-a müsahibəsində sənədin əhəmiyyətini belə xarakterizə edir: “Sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini təmin edəcək. Qeyd edilən hər bir istiqamətdə növbəti islahatlar dalğasının həyata keçirilməsinə təkan verəcək”.

Məhkəmə-hüquq islahatlarının davamı olan bu tədbirlər istər əhatə dairəsinə və miqyasına, istərsə də humanistliyinə və hədəflərinə görə diqqəti cəlb edir. Prezident İlham Əliyevin cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətinə, şəxsin cəmiyyətdən təcrid olunmadan islah edilməsinə, cinayətə şərait yaradan amillərin aradan qaldırılmasına xüsusi önəm verdiyini göstərir.

 

Uğur formulu: islahatlarda varislik və ardıcıllıq

 

Azərbaycanın islahatlar təcrübəsində diqqəti, ilk növbədə, varislik və ardıcıllıq cəlb edir. Yuxarıda qeyd etdiyimiz nümunələrdə bunun uğur formulu olduğunu yəqinləşdirmək mümkündür. İslahat, eyni zamanda, konkret dövr və şərait daxilində, mərhələlərlə aparıldıqda real nəticələr verir.

Bu qənaətin doğruluğunu təsdiq edən bir neçə xarakterik misal çəkmək yerinə düşər. Ulu öndər 20 il əvvəl torpağı kəndlilərə verməklə aqrar islahatların əsasını qoydu. Bilirdi ki, iş bununla bitmir. Torpağı əkib-becərmək, yüksək məhsul götürmək üçün kəndliyə texnika, gübrə, toxum və maliyyə vəsaiti lazımdır. Amma o vaxt büdcə kasad olduğundan dövlətin kəndliyə kömək etmək imkanı yox idi. İllər keçdi, Azərbaycan gücləndi, büdcə vəsaitləri artdı. Bax, onda islahatlarda varislik və davamlılıq prinsipini rəhbər tutan Prezident İlham Əliyev aqrar sektorun inkişafını təmin edən tədbirlər görməyə başladı. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, dövlət indi fermerə hərtərəfli dəstək verir: texnika, toxum, gübrə ilə təminatda, yanacaq və vergidə güzəştlər edilir. Prioritet layihələrə və istehsal sahələrinə kreditlər ayrılır.

Azərbaycanın son 14 ildə keçdiyi inkişaf yolu, qazandığı heyrətamiz uğurlar ulu öndərin ideyalarının, müəyyənləşdirdiyi yolun və strategiyanın Prezident İlham Əliyev tərəfindən sistemli şəkildə, zamanın çağırışlarına adekvat olaraq yaradıcılıqla davam etdirilməsi ilə üzvi surətdə bağlıdır. Prezidentin demokratiya ilə bağlı baxışları orijinallığı və məntiqliliyi ilə diqqəti cəlb edir: əsl demokratik cəmiyyət formalaşdırmaq üçün, ilk növbədə, maddi baza yaratmaq lazımdır. İqtisadiyyatı zəif olan ölkələrdə demokratiya da zəifdir. İqtisadi islahatlar siyasi islahatlarla paralel getməli, bir-birini tamamlamalıdır. Əks təqdirdə hər hansı uğur müvəqqəti olacaq.

Bu baxışların, fikirlərin doğruluğunu həyat özü təsdiqləyir. Hazırda Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə dünyanın qabaqcıl ölkələrindən biridir. Bu da, öz növbəsində, vətəndaş cəmiyyəti quruculuğunun daha ardıcıl xarakter almasına, milli həmrəylik əldə olunmasına yol açır. Ümummilli maraqlarla bağlı məsələlərdə siyasi qüvvələr arasında normal dialoqun formalaşması, siyasətdə radikalizm təzahürlərinin öz yerini liberalizmə verməsi meyli bu baxımdan xüsusilə xarakterikdir. Prezidentin son dövrlərdə vətəndaş cəmiyyəti quruculuğu, söz və mətbuat azadlığının genişləndirilməsi, fikir müxtəlifliyinin təmin edilməsi istiqamətində atdığı qətiyyətli addımlar məhz yaranmış münbit mühitdən qaynaqlanır.

Yəqin xatırlayırsınız, Heydər Əliyev özəl sektoru, sahibkarları inzibati orqanların müdaxiləsindən, əsassız yoxlamalardan qorumağa necə böyük səy göstərirdi. Hətta keçirdiyi müşavirələrdən birində dəhlizə qutu qoydurmuşdu ki, iş adamları şikayətlərini, narazılıqlarını elə oradaca yazıb qutuya atsınlar. İqtisadi islahatların davamı olaraq sonrakı mərhələdə Prezident İlham Əliyev daha radikal qərarlar qəbul etdi: özəl sektorda bütün yoxlamalar iki il müddətində dayandırıldı, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatında “bir pəncərə” sistemi tətbiq olundu. Daha sonra sahibkarların vergi yükü azaldıldı, onlara zəruri hüquqi-texniki yardım, informasiya, logistika və digər xidmətlər göstərən strukturlar, apellyasiya şuraları yaradıldı.

Beləliklə, 1993-2017-ci illərin siyasi-iqtisadi yekunları belə bir nəticəyə gəlməyə tam əsas verir: ulu öndər Heydər Əliyevin ideyaları, başladığı islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla, yaradıcılıqla davam etdirilərək Azərbaycanı tənəzzüldən böyük və heyrətamiz inkişaf yoluna gətirib çıxardı.

Fransız politoloqu Jan Blondel siyasi liderliyi belə xarakterizə edir: “Siyasi liderlik bir və ya bir neçə fərdin həyata keçirdiyi elə bir hakimiyyətdir ki, bununla millətin nümayəndələri hərəkətə gətirilir”. Xarizmatik, müdrik, qətiyyətli lider olan Heydər Əliyev bütün xalqı hərəkətə gətirməyə, səfərbər etməyə nail oldu. Ağır və ziddiyyətli şəraitdə, ölkənin dərin siyasi-iqtisadi sarsıntılardan keçdiyi vaxtda, çox qısa zaman çərçivəsində həyatın, demək olar, bütün sahələrində uğurlar qazanıldı, Azərbaycan dünya iqtisadi sisteminə inamla inteqrasiya olunmağa başladı. Müstəqil dövlət quruculuğu ilə eyni vaxtda islahatların mahiyyət etibarilə tam yeni modeli – Azərbaycan modeli yarandı.

2003-cü ildən etibarən yeni liderin – Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatların ikinci mərhələsinə start verildi. İslahatlarda varislik və ardıcıllıq prinsipinə əsaslanan bu mərhələ Azərbaycana yeni-yeni uğurlar gətirməkdə, qarşıda daha geniş üfüqlər açmaqdadır.

Aslan Aslanov,
AZƏRTAC-ın baş direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında