Azərbaycanda həyata keçirilən nəhəng quruculuq işləri ulu öndər Heydər Əliyevin Vətən sevgisi ilə bağlı idi

 

 

 

 

 

 

 

 

 

 


Heç vaxt fikirləşməyin ki, Vətən sizə nə verib. Həmişə ­öz-özünüzdən soruşun ki, siz Vətən üçün nə etmisiniz?..

Heydər ƏLİYEV
Ümummilli lider


Tarixdə elə nadir şəxsiyyətlər olur ki, onlar yalnız zamanın gərgin və təlatümlü məqamlarında meydana çıxır, bütöv bir ölkənin “olum, ya ölüm” dilemması qarşısında qaldığı anlarda ölçüyəgəlməz bir məsuliyyəti öz üzərinə götürməkdən çəkinmirlər. Onlar bu böyük missiyanı şərəflə yerinə yetirərək “Xilaskar” adını qazanırlar. Belə nadir insanlar dünya tarixində o qədər də çox deyil və Tanrının bəxş etdiyi xoşbəxtlikdir ki, onlardan biri XX əsrdə Azərbaycan xalqının tarixinə öz adını qızıl hərflərlə yazdıran ulu öndər Heydər Əliyevdir.

1969-cu ilin iyulun 14-də ümummilli liderimiz Heydər Əliyev respublikanın siyasi rəhbərliyinə yüksəlib, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Bununla da sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlanıb. Məhz həmin tarixdən etibarən respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirib. Azərbaycanın müasir tarixinin böyük bir dövrü ulu öndər Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır.

O zaman zəngin idarəçilik təcrübəsi olan ümummilli lider Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atdı. Bu böyük şəxsiyyət dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırladı və onların icrasına nail oldu. Nəticədə 1969-1982-ci illər sovet Azərbaycanının tarixinə ən parlaq tikinti-quruculuq illəri kimi yazıldı. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş başladı. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə sənayenin inkişafı diqqət mərkəzində saxlanılıb. Mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqelərə çıxıb. Ümummilli liderimizin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən pambıqçılıq və üzümçülük diyarına çevrilib. Azərbaycanın hər bir kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparılıb. Respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılıb, çoxsaylı iri sənaye müəssisəsi işə salınıb.

Həmin illərdə Azərbaycan nəhəng tikinti meydanını xatırladırdı. Yüzlərlə yaşayış binaları, mehmanxanalar, xəstəxanalar, elmi-tədqiqat mərkəzləri, məktəblər, mədəniyyət sarayları, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, Kür su kəməri, yollar, o cümlədən yurdun şimal-qərb ucqarını paytaxta bağlayan Bakı-Balakən dəmir yolu və adını çəkmədiyimiz minlərlə digər tikililər ulu öndər Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, varlığına hopmuş Vətən sevgisinin nəticəsi idi.

1969-1982-ci illərdə Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Həmin dövrdə SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 3500 azərbaycanlı gənc göndərilmişdi. Hər il təhsil almaq üçün respublikamızın hüdudlarından kənara orta hesabla 800 tələbə yola salınırdı.

Ulu öndər hələ o zaman qovuşacağımız müstəqilliyimizi görür, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Bəli, böyük düha sahibi yeni - bugünkü Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdı. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ikinci respublika kimi tanınırdı. Bu isə, əslində, müstəqilliyin siyasi və iqtisadi əsaslarını gündəmə gətirirdi.

Ulu öndərin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz dəhşətli fəlakətlərdən xilas oldu, əbədi və dönməz xarakter aldı. Məhz ümummilli liderin müdrik siyasəti ilə Azərbaycan müasir inkişaf yoluna çıxdı, dünya tarixində öz imzasını uğurla atdı.

Yeri gəlmişkən, Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində diqqətçəkən bir məqama da nəzər salmaq istərdim. Metro tikintisi sahəsində uzun illər çalışan bir şəxs kimi deyə bilərəm ki, bu gün paytaxt sakinlərinin və qonaqların geniş istifadə etdikləri Bakı Metropoliteninin tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Təsadüfi deyil ki, paytaxtda metro tikintisi ideyası ötən əsrin 40-cı illərində ortaya çıxsa da, bu iş yalnız 60-cı illərdə reallaşıb, amma bununla belə yeraltı ictimai nəqliyyatın əsas inkişaf mərhələsi 70-80-ci illərdə – Azərbaycana Heydər Əliyev kimi uzaqgörən liderin rəhbərlik etdiyi dövrdə baş verib. Belə ki, 1970-1980-ci illərdə metronun “Ulduz” “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Qara Qarayev”, “Neftçilər”, “Nizami” “Bakmil” stansiyaları istifadəyə verilib. Keçmiş SSRİ rəhbərliyində yüksək vəzifə tutduğu 1983-1987-ci illərdə də dahi öndər Bakı Metropoliteninin tikintisini daim diqqətdə saxlayıb, qarşıya çıxan problemlərin həllinə nail olub. 1985-ci ildə “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi” stansiyaları, 1989-cu ildə “Xalqlar dostluğu” və “Əhmədli” stansiyalarının tikintisinin uğurla başa çatdırılması kimi nəhəng işlər məhz ümummilli liderin şəxsi nüfuzu sayəsində reallaşıb.

“Bakı Metropoliteni xalqımızın milli sərvətidir”, -- deyən ümummilli lider Heydər Əliyev dövlət müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə də metro tikintisinə xüsusi diqqət yetirib. Məhz onun böyük nüfuzu sayəsində Avropa İttifaqı tərəfindən ayrılan qrant hesabına Bakıda metro tikintisinin bərpasına başlanılıb, “Həzi Aslanov” stansiyasının inşası sona çatdırılıb, “28 May” stansiyası üçün yeni çıxış işə salınıb.

Ümumiyyətlə, burada təkcə bir faktı xatırlatmaq yetər ki, Bakı metropoliteninin 14 stansiyası, başqa sözlə, ümumi uzunluğu 35,6 kilometr olan metro xətlərinin 22,3 kilometri məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə istifadəyə verilib.

Xatırladım ki, hələ 2002-ci ildə Bakı metropoliteninin 35 illik yubileyində ümummilli lider perspektivlərdən söz açarkən, gələcək nəsillərə müdrik nəsihətini vermişdi: “Biz metro inşaatını davam etdirməliyik....Məndə hələ o illərdən metronun tikintisinin birinci, ikinci, üçünçü növbələrinin cədvəli var. Onu o vaxtdan saxlamışam. İndi onları təzələyəcəyik. İnşaallah, qarşıdan gələn 3-4 ildə Azərbaycanın gəlirləri xeyli artacaqdır. Mən sizə bildirmək istəyirəm ki, bu gəlirlərdən Bakı metrosunun inşasının davam etdirilməsi üçün mütləq istifadə etmək lazımdır. Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər”.

Ulu öndərin bu sözləri söylədiyi vaxtdan ötən müddətdə ümummilli liderin şanlı quruculuq epopeyasının, müstəqil dövlətçiliyimizin yeni, parlaq səhifələrini yazan ölkə Prezidenti cənab İlham Əliyev Bakıda metro şəbəkəsinin daha da genişləndirilməsinə xüsusi diqqət və qayğı ilə yanaşıb. Bir-birinin ardınca “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül” stansiyaları, “28 May” stansiyasının ikinci çıxışı sərnişinlərin istifadəsinə verilib.

Onu da deyim ki, Azərbaycan Prezidentinin 2011-ci il martın 18-də imzaladığı sərəncamla metropoliten xətlərinin konseptual inkişaf sxemi təsdiq olunmaqla, perspektiv planın “2011-2015-ci illər üçün Dövlət Proqramı” təsdiq edildi və müvafiq işlərə başlanıldı.

“Bu gün yeni texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda, Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki təcrübə çox qiymətlidir. Ancaq bugünkü təcrübə, əlbəttə ki, həm işlərin daha da böyük səmərə ilə görülməsinə xidmət göstərəcək, həm də maksimum keyfiyyət təmin olunacaqdır”, -- deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri metro tikintisində həm də istismar zamanı ən müasir və qabaqcıl texnologiyaların tətbiqidir.

Möhtərəm dövlət başçımızın qarşıya qoyduğu həmin vəzifəyə uyğun olaraq, “Avtovağzal” və “Memar Əcəmi-2” olan stansiyalarının xətt inşası zamanı metropolitendə ilk dəfə müasir tunelqazma qurğuları tətbiq edildi və hər biri bir tunel üçün nəzərdə tutulmaqla, iki müasir qazma maşını “Avtovağzal” stansiyasından işə başladı. Bu avadanlıqlar əvvəlki mexaniki üsuldan ən azı 8-10 dəfə məhsuldar olmaqla qarşıya qoyulan vəzifənin sürətlə yerinə yetirilməsinə xüsusi təkan verdi.

Yeri gəlmişkən, son illərdə metro tikintisi ilə yanaşı, istismarda olan metro şəbəkəsinin maddi-texniki bazasının gücləndirilməsi, yenidənqurma və bərpa işlərinin aparılması, təhlükəsizliyin artırılması istiqamətində tədbirlər də diqqət mərkəzində saxlanılıb. “İçərişəhər” stansiyasının tam yenidən qurulması ilə metropolitendə daha bir istiqamətdə yeniləşmə dövrü başlanılıb. Bunun ardınca, “Məşədi Əzizbəyov” stansiyası yenidən qurularaq, “Koroğlu” adı ilə sərnişinlərin istifadəsinə verilib. Bu stansiyalarda, eləcə də yeni inşa olunan “Azadlıq prospekti” və “Dərnəgül” stansiyalarında Almaniya istehsalı olan müasir, daha təhlükəsiz və asanlıqla xidmət göstərilən eskalatorlar quraşdırılıb. Bütün işarəvermə vasitələri müasir mikroprosessor sistemləri ilə əvəzlənib, rabitə və elektrik təchizatında müasir texnologiyalardan istifadə olunub.

Son illərdə Azərbaycanda metro tikintisi ilə bərabər, sosial-iqtisadi həyatın digər sahələrində də mühüm uğurlar əldə edilib. Respublikamız sürətli inkişaf yolu keçərək, dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib, Cənubi Qafqazın lider dövləti kimi tanınıb. Bu isə beynəlxalq təşkilatların hesabatlarında, sosioloji mərkəzlərin rəy sorğularında, eləcə də kütləvi informasiya vasitələrində təqdir edilib, respublikamızın davamlı tərəqqi yolunda olduğu xüsusi vurğulanıb. Məsələn, ABŞ-ın nüfuzlu eksperti Hilları Kreymerin sözlərinə görə, geniş infrastruktur, texnoloji inkişaf və yeniliklər son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin neft kapitalını böyük məharətlə insan kapitalına çevirə bilməsi sayəsində mümkün olub.

Respublikamızda son illərdə həyata keçirilən tədbirlərə nəzər salanda, görülən işləri təhlil edəndə yuxarıda qeyd edilən fikirlər bir daha öz təsdiqini tapır. Bu dövrdə neft gəlirləri əsasında yaradılan möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı və ölkə iqtisadiyyatının diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli dövlət dəstəyi, regionların tarazlı inkişafı, keyfiyyətli insan kapitalının formalaşdırılması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya və son nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət dəyişikliklər baş verib.

Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi görülən işlərin uğurlarından xəbər verir.

Bir sözlə, ümummilli liderin müəyyənləşdirdiyi inkişaf kursunu hazırda onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına mütləq əminlik yaradır.

Qasım ABDULLAYEV,
texnika elmləri doktoru, Əməkdar mühəndis


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında