Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur.
Heydər ƏLİYEV
Ümummilli lider
Azərbaycan dövləti xalqımızın və bəşəriyyətin tarixindəki bütün unudulmaz hadisələrə daim hörmət və ehtiramla yanaşmaq ənənəsini davam etdirir. Ötən əsrin 30-cu illərindən etibarən Avropanın və bütün dünyanın başı üzərində ölüm saçan, qan-qada gətirən qara buludlar kimi əsən faşizm üzərində 9 may 1945-ci il tarixli qələbənin bütün ildönümlərinin qeyd edilməsi də məhz həmin ənənənin tərkib hissəsidir.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev bu möhtəşəm Qələbənin qazanılmasında xidmətləri olmuş insanlara qayğı göstərilməsi üçün daim xüsusi sərəncamlar imzalayır. Dövlət başçımızın bu il aprelin 24-də imzaladığı “1941-1945-ci illər İkinci dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncamı da məhz müharibə veteranlarına və onlara tay tutulan şəxslərə göstərilən dövlət qayğısının tərkib hissələrindəndir.
Sənəddə deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941-1945-ci illər İkinci dünya müharibəsində Qələbənin 72-ci ildönümü ilə əlaqədar qərara alıram: “1941-1945-ci illər İkinci dünya müharibəsi iştirakçılarına 1000,0 (min) manat məbləğində, İkinci dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında qeyd edilir ki, dövlət başçısının sərəncamı, ümumilikdə, 13 min 312 nəfər şəxsə şamil olunub. Onlardan 1941-1945-ci illər İkinci dünya müharibəsi iştirakçıları olan 763 nəfərin hər birinə 1000 (min) manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Qalan 12 min 549 nəfər isə İkinci dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarıdır. Həmin vətəndaşların hər birinə isə 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilib.
Xüsusilə qeyd edilməli daha iki fakt vardır. Birinci, sərəncamda nəzərdə tutulan şəxslərə birdəfəlik maddi yardımlar avtomatlaşdırılmış qaydada onların pensiya üzrə plastik kart hesablarına köçürülüb. İkinci fakt isə ondan ibarətdir ki, Azərbaycanda İkinci dünya müharibəsi iştirakçılarına verilən birdəfəlik maddi yardımın məbləği MDB-yə üzv ölkələrdə həmin insanlara ödənilən müvafiq yardım məbləğlərindən ən yüksəyidir.
O ki qaldı xalqımızın qəhrəman övladlarının faşizm üzərindəki Qələbənin qazanılmasındakı roluna, qətiyyətlə deyə bilərik ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr vermişdir. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 680 min oğul və qızını yola salmış, onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmamışdır. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycanlılardan formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları şanlı döyüş yolu keçmişdir. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı yüzlərlə digər yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşmüşlər. Həmyerlilərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak etmişlər.
Təsadüfi deyil ki, İkinci dünya müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş azərbaycanl əsgər və zabitlərin keçdiyi hərb yolu Avropanın bütün ölkələrində hörmət və ehtiramla anılır. Çünki həmin ölkələrdə davam edən partizan hərəkatlarında iştirak edən soydaşlarımız saysız-hesabsız qəhrəmanlıq nümunələri göstərmişlər. Ona görə də şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının qəhrəmanlıq və şücaəti heç vaxt yaddaşlardan silinmir, gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.
Adıçəkilən müharibə haqqında hazırlanmış ensiklopediya materiallarında göstərilir ki, Azərbaycan xalqı faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl şücaət və əzmkarlıq göstərmişdir. Belə ki, Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanda istehsal olunmuşdu.
Böyük Qələbənin qazanılmasında Azərbaycan qadınının da kifayət qədər rolu olmuşdur. Çünki həmin illərdə iqtisadiyyatı başdan-başa müharibə dövrünün tələblərinə uyğun qurulmuş respublikamızda orduya səfərbər edilmiş işçilərin əvəzinə qadınlar və yeniyetmələr cəlb olunmuşdular. Müharibənin ilk ilində neft sənayesində işləməyə 11 min qadın gəlmişdi. Gənclərdən ixtisaslı kadrlar hazırlanması üzrə böyük işlər görülürdü. Müəssisələrdə və kolxozlarda işləyənlərin təxminən 70 faizi qadınlar idi.
Çox təəssüf ki, Azərbaycan öz dövlət müstəqillini bərpa edəndən sonra ölkəmizə rəhbərlik edən siyasət naşıları 9 May – Qələbə Gününün ölkə miqyasında qeyd olunmasını qadağan etmişdilər. Məhz ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra İkinci dünya müharibəsi iştirakçılarının mənəvi haqları özlərinə qaytarılmışdır və 1994-cü ildən başlayaraq Azərbaycanda Qələbə Günü qeyd olunur. Ölkəmizdə müharibə veteranlarına qayğının və onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Sevindirici haldır ki, Azərbaycanın daha da qüdrətləndirilməsi üçün Heydər Əliyev siyasətinin bütün incəliklərindən məharətlə və yaradıcılıqla istifadə edən Prezident İlham Əliyev də İkinci dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Bu həssaslıq barədə yuxarıda söz açdıq. Əlavə edilməli məqam isə ondan ibarətdir ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dövlət siyasətinin insan amilinə söykənməsi və humanist mahiyyət kəsb etməsinin bariz nümunəsidir.
Bəli, müharibə illərində bütün azərbaycanlılar faşizm üzərində Qələbənin yaxınlaşdırılmasına öz töhfələrini verirdilər. Hamı bilirdi ki, Hitler Almaniyasının planlarında Azərbaycanı da işğal etmək var idi. Fürer hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsini hazırlamaq barədə tapşırıq da vermişdi. Tarixi mənbələrdə göstərilir ki, Qafqaza hücum planında Bakının tutulmasının dəqiq vaxtı belə göstərilmişdi.
Dəfələrlə qeyd etdiyimiz kimi, həmin əsrin son onilliyində daha bir faşist, Hitlerdən də betər qaniçənlik etmiş Serj Sarkisyan da Azərbaycanın Xocalı əhalisini qırmış, şəhəri xarabazara çevirmişdir. Amma yaxşı ki, tarix təkrar olunur. Məhz o təkrar nəticəsində biz 1945-ci il mayın 9-dakı Qələbənin sevincini Sarkisyanın burnunu sındıraraq Xankəndiyə, Şuşaya Azərbaycan bayrağını sancanda da yaşayacağıq... Ötən ilin aprel döyüşləri göstərdi ki, həmin gün uzaqda deyil.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.